BiRİNCİ HİSSƏ



Yüklə 454,05 Kb.
səhifə34/51
tarix02.02.2022
ölçüsü454,05 Kb.
#114150
1   ...   30   31   32   33   34   35   36   37   ...   51
MÜŞAHİDƏ METODU

11.1. Müşahidə anlayışı

Müşahidə öyrənilən obyekt haqqında ona aid tədqiqatın məqsədləri baxımından əhəmiyyətli olan bütün amillərin bilavasitə qavranılması və birbaşa qeydə alınması yolu ilə ilkin sosioloji məlumatları toplamaq metodudur. Konkret sosioloji tədqiqat metodu kimi müşahidənin səciyyəvi cəhətləri onun sistemliliyi, planlılığı və məqsədyönlülüyündən ibarətdir.

Bir metod kimi müşahidənin bir sıra xüsusiyyətləri vardır. Hər şeydən əvvəl, bu, müşahidəçinin müşahidə obyekti ilə əlaqəsidir. Heç bir digər elmdə tədqiqatçıya özünün də aid olduğu, bir hissəsini təşkil etdiyi və bilavasitə asılı olduğu toplunun öyrənilməsi ilə məşğul olmaq lazım gəlmir. Sosioloq cəmiyyəti, sosial prosesləri və şəraiti müşahidə edir və eyni zamanda həmin cəmiyyətin onunla qırılmaz əlaqədə olan və bütövlükdə cəmiyyətin uğradığı bütün dəyişikliklərə məruz qalan bir hissəsini təşkil edir. Müşahidəçinin müşahidə obyekti ilə bu cür ayrılmaz əlaqəsi onun sosial gerçəkliyi qavramasında, sosial prosesləri, vəziyyətləri, ayrı-ayrı fərdlərin hərəkətlərini necə başa düşməsində, müşahidə etdiyi hadisələrin nə cür izah etməsində iz buraxır.

Sosiologiyada müşahidənin ikinci xüsusiyyəti birinci cəhətlə bağlıdır və ondan irəli gəlir. Bu xüsusiyyət ondan ibarətdir ki, müşahidəçi sırf insani xassədən, emosional qavrayışdan məhrum ola bilməz. Əgər cansız təbiət hadisələri, müşahidəçidə təəssürat doğurmaya bilərsə, sosial hadisələr, onların qavranılması və izahı həmişə emosional səciyyə daşıyar. Müşahidəçi müşahidə obyekti ilə nə qədər sıx surətdə bağlı olarsa, müşahidə nəticələrinin emosional çalarlılığı bir o qədər çox olar.

Hətta bitərəf müşahidəçi kinokameranın çəkdiyi kadrları gözdən keçirdikdə belə unutmaq olmaz ki, kameranı yönəldən insandır. Müşahidənin bu xüsusiyyəti sosiologiyada hər bir tədqiqatda müşahidə məlumatlarının mümkün təhrif mənbələrindən biri kimi nəzərə alınmalıdır.

Müşahidənin üçüncü xüsusiyyətini təkrar müşahidənin çətinliyi təşkil edir. Hətta ən adi, gündəlik sosioloji faktın təkrar müşahidəsi olduqca çətindir, çünki, sosial proseslər külli miqdarda müxtəlif amillərin təsirinə məruz qalır və buna görə də çox nadir hallarda oxşar olurlar. Bu səbəbdən hər hansı bir sosial hadisənin yalnız mükəmməl və təkrarlı müşahidəsi onun haqqındakı informasiyanı etibarlı saymağa və məlumatların təfsirinə keçməyə imkan verə bilər.

Hər bir qavrayış verilmiş andakı duyğuların və artıq toplanmış təcrübənin cəmlənməsinin nəticəsidir. Müşahidəçi qavradığı bütün hər bir şeyi bildikləri ilə müqayisə edir, tutuşdurur, yəni müşahidə və nəticə əslində bir-birindən ayrılmazdır.

Başqa sözlərlə, müşahidənin başlandığı ana qədər müəyyən təcrübəyə (biliklərə) malik olan müşahidəçi qavrayış prosesində duyduğu ilə artıq bildiklərini daim tutuşdurur, müqayisə edir və onun təcrübəsilə uygunlaşan nəticələrə gəlir.

Sosial proses və ya vəziyyətləri müşahidə edərkən, həm müşahidənin özünün aparılması faktı, həm də müşahidəçinin iştirak etməsi faktının doğurduğu müşahidə nəticələrinin mümkün təhriflərini həmişə nəzərə almaq lazımdır.

Müşahidəçinin iştirakı müşahidə olunanlarda xüsusən vəziyyətin onların normal vəziyyət haqqındakı təsəvvürlərilə düz gəlmədiyi hallarda utancaqlıq və sıxıntı doğura bilər.

Müşahidəçinin şəxsi keyfiyyətləri, baş verən hadisələrə göstərdiyi münasibət də həmçinin müşahidəyə məruz qalanların davranışına ciddi təsir göstərə bilər.

Müşahidə nadir hallarda sosial informasiya toplamağın əsas metodu kimi çıxış edir. O, adətən digər metodlarla yanaşı tətbiq olunur və spesifik məqsədlərə xidmət edir. Tədqiqatın yalnız bir hissəsini təşkil edərək müşahidə zəruri surətdə bütün tədqiqatın məqsədlərinə tabe olur. Bu həm tədqiqatda müşahidənin yerini, həm də öyrənilən obyekti və müşahidə prosesinin özünün spesifik məqsədlərini şərtləndirir.

Axtarış planlı tədqiqatlarda, yəni tədqiqat problemi haqqında hələlik aydın təsəvvürün olmamağı və məsələnin problematikasının müəyyənləşdirilməsi, işçi hipotezaların ilkin ifadəsi və onların ilkin yoxlanılmasından ibarət olması şəraitində müşahidə, ədəbiyyatın öyrənilməsi və məntiqi təhlil ilə birlikdə tədqiqatın bütün mərhələlərində tətbiq edilə bilər.

Müşahidə işçi hipotezalar ifadə edilərkən, həmin prosesin əsasını təşkil edir, həmçinin işçi hipotezaların ilkin yoxlanışı aparılarkən xüsusi əhəmiyyət kəsb edir.

Beləliklə, sosioloji tədqiqatda müşahidə müxtəlif məqsədlərə nail olmağa yönəldilə bilər. O, hipotezalar qurmaq üçün informasiya mənbəyi kimi istifadə oluna bilər və başqa metodlar vasitəsilə alınmış məlumatların yoxlanılmasına xidmət edə bilər, onun köməyi ilə öyrənilən obyekt haqqında əlavə məlumatlar əldə etmək olar.

"Müşahidə həmişə tədqiqatın ümumi məqsədinə tabe edilir və bu müşahidə olunanı müəyyənləşdirir, müşahidəni selektiv, seçici səciyyəli edir, yəni müşahidəçini müəyyən faktları qeydə almağa və digərlərini isə nəzərə almamağa məcbur edir.

Tədqiqatın məqsədləri üçün lazım olan informasiyanı əldə etmək üçün, yəni tədqiq olunan obyektin mühüm xarakteristikaları haqqında məlumatları almaq, onun fəaliyyəti ilə bağlı hər hansı əsas faktları və ya onun haqqındakı vacib informasiyanı gözdən qaçırtmamaq üçün əvvəlcədən əsaslı surətdə müşahidənin plan və proqramını işləyib hazırlamaq lazımdır. Planlaşdırma zamanı müşahidənin müddətini, vaxtını aydın təyin etmək, informasiya toplamaq üsullarını müəyyən etmək lazımdır. Bundan başqa, tədqiqatçının malik olduğu imkanlardan (vaxt, maliyyə, köməkçilərin sayı və onların ixtisası və s.) çıxış edərək öz fəaliyyət dairəsinin məhdudlaşdırılması məsələnin həll edilməsi və mümkün maneələrin (inzibati və ya psixoloji çətinlikləri, məlumatların alınması və qeyd edilməsi ilə bağlı çətinliklər və s.) nəzərə alınması vacibdir.

Müşahidə aşağıdakı mərhələlər üzrə aparılır:



  1. Müşahidənin obyekti və predmetinin təyin edilməsi, məqsədinin müəyyənləşdirilməsi, vəzifələrinin qoyuluşu.

  2. Mühitlə əlaqənin təmin edilməsi, müvafiq icazələrin alınması, adamlarla ünsiyyətin yaradılması.

  3. Müşahidə üsulunun (növünün) seçilməsi və əvvəlcədən toplanmış materiallar əsasında proseduranın hazırlanması.

  4. Texniki sənəd və avadanlığın hazırlanması (kartoçkaların, protokolların, təlimatların çoxaldılması, texniki avadanlığın, yazı ləvazimatlarının hazırlanması və s).

  5. Müşahidələrin aparılması, məlumatların yığılması, informasiyanın toplanması.

Müşahidənin nəticələri aşağıdakı şəkildə yazılır:

a) müəyyən məkan və zaman şəraitinin verdiyi imkan daxilində "isti-isti" aparılan qısa müddətli yazılar (qeydlər);

b) müşahidəsi aparılan şəxslərə, hadisə və proseslərə aid məlumatların qeydə alındığı kartoçkalar şəklində;

v) kartoçkanın genişləndirilmiş variantından ibarət olan müşahidə protokolları;

q) bütün lazımi məlumatların, mülahizələrin, ayrı-ayrı şəxslərin davranışının, şəxsi düşüncələrin, çətinliklərin günbəgün müntəzəm olaraq yazıldığı müşahidə gündəliyi;

d) video, foto, kino, səs yazıları.

Müşahidəyə müxtəlif üsullarla həyata keçirilə bilən nəzarət edilir:

a) şərait iştirakçıları ilə söhbətin aparılması ilə;

b) həmin hadisə ilə bağlı olan sənədlərə müraciətlə;

v) öz şəxsi müşahidə nəticələrinin başqa ixtisaslı müşahidəçinin apardığı müşahidə nəticələri ilə yoxlamaqla;

q) müşahidələrin təkrar edilməsi məqsədi ilə müşahidə haqqında başqa sosioloqlara raportların göndərilməsi vasitəsilə.

Müşahidə haqqında hesabata bunlar daxil olmalıdır:

a) aparılmış müşahidənin edildiyi vaxt, yer və şəraiti haqqında dəqiq sənədlər;

b) müşahidəçinin kollektivdə rolu, müşahidə üsulları haqqında informasiya;

v) müşahidə olunan adamların xarakteristikası;

q) müşahidə olunan faktların ətraflı təsviri;

d) müşahidəçinin şəxsi qeydləri və təfsiri.


Yüklə 454,05 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin