Azərbaycan
Qadınlar Azərbaycan əhalisinin 50.7 faizini təşkil edirlər. Kənd əhalisi arasında qadınların kişilərə nisbəti 102.4-dür1. Azərbaycanda qadınlar orta hesabla 76.2 il, kişilərdən 5 il çox yaşayırlar. Kənd əhalisi arasında nəsilartırma səviyyəsi hər qadına 2.5 uşaq təşkil edir. Azərbaycan qadınları yüksək təhsil səviyyəsinə (99.5 faiz) malik olsalar da, kütləvi informasiya vasitələri, hökumət, Birləşmiş Millətlər Təşkilatının agentlikləri və QHT-lər son illərdə qızlar arasında erkən yaşlarda təhsili buraxma ənənəsinin mövcud olduğunu müəyyən etmişlər. 2011-ci ildə Azərbaycanda qadınlar iqtisadi cəhətdən aktiv əhalinin 49.2 faizini təşkil etmişlər. Qadınların əmək bazarında iştirakı məşğulluqla bağlı gender zəminində iki növ ayrı-seçkiliklə səciyyələnir: üfüqi və şaquli
Qadınlara qarşı Ayrı-seçkiliyin Ləğvi üzrə Komitə, özünün 2009-ci ildə buraxılan yekun müşahidələrində, Azərbaycanı, “qadınların tabeçiliyinə və hər iki cins üçün səciyyəvi stereotiplərin artmasına gətirib çıxaran geniş yayılmış müəyyən münasibətlərdə dəyişiklik etməyə, xüsusilə də kənd yerlərində səyləri intensivləşdirməyə” səsləmişdir.2 Yekun müşahidələrdə “eyni zamanda məlumatlandırma və maarifləndirmə kampaniyalarının icma rəhbərlərinə, valideynlərə, vəzifəli şəxslərə və gənc qızlara və oğlanlara da yönəldilməsi” tövsiyə olunur.3
Azərbaycan, qadınların iqtisadi hüquqlarının qorunması üzrə lazımi qanunvericilik bazasına malikdir. Azərbaycan Respublikasının Konstitusiyası həyatın bütün sahələrində öz vətəndaşlarının gender bərabərliyinə zəmanət verir və bütün növ ayrı-seçkilikləri4 qadağan edir. Milli qanunvericilikdə iqtisadi fəaliyyətin bütün növlər ilə məşğul olmaq, varis olmaq, bank kreditləri almaq və ölkə daxilində və ondan kənara səyahət etmək üçün kişi və qadınların bərabər hüquqları nəzərdə tutulur. Azərbaycan 1991-ci ildə suveren müstəqil dövlət statusu əldə edəndən bəri, ölkə insan hüquqlarına dair əsas beynəlxalq sazişləri, həmçinin qadınların hüquqlarının qorunmasına dair konvensiyaları, o cümlədən 1995-ci ildə Qadınlara qarşı ayrı-seçkiliyin bütün növlərinin ləğvinə dair Konvensiyanı ratifikasiya etmişdir.
Bəzi digər ölkələrdən fərqli olaraq, Azərbaycanda ölkənin kənd yerlərində qadınların iqtisadi və vətəndaş həyatında zəif iştirakının səbəbi gender baxımından məhdud qanunvericilik və ya dövlət siyasəti deyildir. 2011-ci ildə Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən qadınların iqtisadi həyatda iştirakı ilə bağlı ehtiyaclarının və maraqlarının dəyərləndirilməsi onu göstərmişdir ki, sınaq ərazidə (Sabirabad rayonu) kənd qadınlarının iqtisadi və icma həyatında iştirak zamanı üzləşdikləri gender xarakterli maneələr bir sıra amillərdən, o cümlədən aşağıdakılardan irəli gəlir:
məhdud sosial-iqtisadi təcrübələr və gender zəminində ayrı-seçkilik; (ailə və icmada qərarların qəbul edilməsində qadınların və qızların təcrid olunması, məişət zorakılığı və zorakılıqla müşayiət olunan nəzarət, gender stereotipləri, ailədəki vəzifələrin və öhdəliklərin gender zəminində sərt şəkildə bölüşdürülməsi, erkən nigah və təhsili buraxma halları)
yerli qadın fermerlər və maliyyə təşkilatları arasında zəif əlaqələr və kənddə qadın sahibkarlara yönələn gender məsələlərinə həssaslıqla yanaşılan maliyyə xidmətlərinin olmaması;
sınaq ərazidə qadınlar və qızlar üçün şəbəkə yaratma və potensialı inkişaf etdirmə imkanlarının olmaması.
Dəyərləndirmə onu göstərmişdir ki, iqtisadi fəaliyyətdə və icma həyatında iştirak zamanı gender bərabərsizlikləri sınaq ərazidə iqtisadi artım və icmanın inkişafı üçün imkanların itirilməsi ilə nəticələnir.
Dostları ilə paylaş: |