Bismillahir-rəhmanir-rəhim
ON ÜÇ YAŞINDA
İranlı əsir Mehdi Təhanianın xatirələri
Qələmə alan: Gülüstan Cəfərian
Kitаbın аdı:.........................On üç yaşında
Tərcümə edən:.............Zəhra Hüseynzadə
Müəllif:.........................Gülüstan Cəfərian
Çаp tаriхi:............................................2017
Çаp növbәsi:.....................................Birinci
Tirаj:.....................................................1000
Издательство «Свет»
Типография «Махаон», 2017
ISBN 6-18-000518-4
Mündəricat
Birinci fəsil 8
İkinci fəsil 24
Üçüncü fəsil 47
Dördüncü fəsil 74
Beşinci fəsil 92
Altıncı fəsil 109
Yeddinci fəsil 140
Səkkizinci fəsil 159
Doqquzuncu fəsil 182
Onuncu fəsil 195
On birinci fəsil 209
On ikinci fəsil 213
On üçüncü fəsil 232
On dördüncü fəsil 241
On beşinci fəsil 245
On altıncı fəsil 260
On yeddinci fəsil 263
“Var gücümlə dayanmadan qaçırdım. Başım üzərindən güllələr yağırdı. Gah ayaq üstə, gah oturaq halda, gah da sürünə-sürünə irəliləyirdim. Yerdə o qədər ölü var idi ki, tapdayıb keçməyə məcbur idim. Bir dəfə ayağa qalxıb qaçmaq istəyəndə arxadan səs eşitdim: "Mehdi... Mehdi..."
Səsə doğru getdim. Al-qana boyanmışdı. Tanıya bilmədim. Bütün bədəninə bağlanmış sarıqlar qan içində idi. Qırıq-qırıq səslə dedi: "Mehdi, niyə belə qaçırsan?! Özünü sıxma! Təkcə papağını saxla... Sən əsir düşməməlisən..."
O, danışa-danışa ayağa qalxdım, qayışı açıb bel çantamı yerə qoydum... O, sözünə davam etdi: "Sən uşaqsan. Təbliğat məqsədilə səndən sui-istifadə edə bilərlər... Nəyin bahasına olursa-olsun, qaç!"
Şok içində sözlərini dinlədim, dinməz-söyləməz qalxıb getmək istəyirdim ki, arxadan yenidən məni çağırdı: "Mehdi, günəşin şüası çox əziyyət verir, çəfiyələrindən1 birini üzümə at".
Çəfiyəni üzünə sərdim. Bir neçə saniyə içində qıpqırmızı oldu. Birdən bədəni möhkəm silkələndi. Çəfiyəni çəkdim. Gözləri bağlı idi. Şəhid olmuşdu.
Tez qaçmağa başladım. Sanki ürəyim yerindən qopacaqdı. Hər tərəf atəş altında idi. O şəhidin sözləri yadımdan çıxmırdı: "Mehdi, sən əsir düşməməlisən... Əsir düşsən, səndən ölkənə qarşı sui-istifadə etmələrinə imkan vermə!"
Əsirlik haqda heç vaxt düşünməmişdim! Nə olur-olsun, əsir düşmək istəmirdim...”
Ən azı, 15 ildir döyüşçülərin xatirələrini eşidirəm. Bu sahəyə girişdiyim gündən düşünürdüm: On üç yaşlılar - Behişti-Zəhra məzarlığındakı, küçə və prospektlərin girişlərindəki şəkilləri qan donduran azyaşlı yeniyetmələr necə oldu ki, döyüşə getdilər? Necə oldu ki, bu yolu seçdilər?
Bütün bu sualları götürüb Mehdi Təhanianla üz-üzə oturdum. Ortaboylu, arıq adamdır, solğun çöhrəsi, ağıl və mətanət dolu ciddi baxışı var. On üç yaşında cəbhəyə getmiş, Xürrəmşəhrin azadlığına bir neçə gün qalmış elə həmin yaşda da iraqlılara əsir düşmüşdü.
Bu ərdistanlı yeniyetmə ömrünün ən gözəl çağının doqquz ilini İraqın müxtəlif əsir düşərgələrində keçirmiş, erkən yaşında arıq çiyinləri üzərində ağır mübarizə yükünü daşımışdı.
Kiçik cüssəsinə görə yaşından da uşaq görünürdü. İraq tərəfi "iranlılar uşaqları zorla döyüşə gətirirlər" deyib azyaşlı əsirlərdən təbliğat məqsədilə sui-istifadə edirdilər. İraqlıların sui-istifadəsinə qarşı müqavimət qərarı on üç yaşlı uşaq düşüncəsindən böyük idi. Bunu onunla həmsöhbət olandan sonra anladım.
İndi yaşı qırx beşi ötmüş həmin balaca əsirlə söhbətim təxminən iki il sürdü. Birgə qət etdiyimiz yüz iyirmi saatlıq yolda onun imanlı, iradəli və sarsılmaz bir insan olduğunu anladım. Özü bu şəxsiyyətinin həmin yeniyetməlik və gənclik dövründə formalaşdığını düşünürdü. Halbuki həmin dövrdə ağlın yol seçməsi, yaxşı və pisin iradə və şüurla təyin edilməsi qəliz məsələdir.
Onu həyatda daha çox insanların iradəsizliyi incidir və hirsləndirir. Mən onu çox səbirli, sakit və çətinliklərə dözümlü biri kimi tanıdım. O, yalnız insanların iradəsizliyinə qarşı dözümsüz və əsəbi idi. Hər hansı şəxsi tənqid meyarı əqidə və amalını qorumaqda möhkəmlik dərəcəsindən ibarət idi. O, əsirlik zamanı birtəhər yola getdiyi iraqlı əsgərlərdən danışanda da bu meyarı əsas götürürdü.
Mübaliğəsiz deyirəm ki, bütün müsahibə boyu hadisəni danışma üsuluna və təhlili baxışına həssaslığı işimi çox çətinləşdirirdi. Çünki mənim niyyətim xatirələri yazmaq idi, hadisələri təhlil etmək yox.
Məni qane etdi ki, onun və birgə yaşadığı qrupun düşüncə və baxışlarını düzgün və azaltmadan oxucuya çatdırım.
Bəlkə elə Mehdi Təhanianın bu növ təhlilləri səbəbindən kitabı bitirəndən sonra ən azı, dörd dəfə yenidən oxuyub düzəlişlər etdim.
Axırıncı düzəlişdən sora Mehdi Təhanian səbir, hövsələ və özünəinamla mətni oxudu, diqqətlə ona bəzi əlavələr etdi və bəzi insanların şəxsiyyəti qorunsun deyə müəyyən hissələri mətndən çıxardı.
On üç yaşlı yeniyetmənin - cəbhədə əsir düşmüş ən azyaşlı iranlının doqquzillik əsirlik xatirələri artıq başa çatmışdır. O, ömrünün doqquz ilini hər an həyəcan siqnalında yaşadı. Düşmənin sürəkli fiziki və psixoloji işgəncələrinə tab gətirib dini və vətəni uğrunda mübarizəsini qüdrətlə davam etdirdi. İndi isə qırx beş yaşında bu xatirələrini yazmaqla mübarizəsini başa çatdırmış sayılır.
Bu on üç yaşlı iranlının Cənubi-İraqın isti və əlverişsiz düşərgələrində doqquzillik əsarət yolu düşündürücüdür və mənim çoxlu suallarıma cavab verdi. Ümidvaram bu xatirələr bütün oxucularda belə təəssürat yaradacaq. Sonda səbirlə və daimi tövsiyələrlə mətni hazırlamağa kömək edən müəllimim cənab Mürtəza Sərhəngiyə, kitabı həvəslə oxuyub tənqid və təkliflərini bildirən xanım Fəranək Cəmşidiyə və cənab Cəfər Şirəliniyaya minnətdarlığımı bildirirəm.
Gülüstan Cəfərian, 2014
Dostları ilə paylaş: |