Piter fəhləsindən xəbərsiz gedir. Biz də (yəni bu monoqrafiyanın müəllifi də) bu fikirdəyik ki, təqdim edilən misraların müəllifi Səməd Vurğundur. Lakin bu gün məlum olur ki, müəllif əslində Xəlil Rzadır.
Mövzu ilə bağlı Elmin Nurinin “Modern.az” saytında (20 İyul 2017, 15:54) dərc etdirdiyi “Xəlil Rzanın xanımı ədəbiyyat qalmaqalına son qoydu: “Ağcaqum çölündə qatar düz gedir” misrası Xəlilindir”” başlıqlı çox maraqlı bir yazısı var. Mandela effektinə ən maraqlı nümunələrdən birinin əks edildiyi həmin yazıda deyilir:
Səməd Vurğunun ölümündən 60 ildən çox vaxt keçib. Amma o şair kimi bu gün də çoxlarından diri, bir şəxsiyyət kimi isə indi də çoxlarından “aktivdir”. Mütəmadi olaraq, Azərbaycanın ilk xalq şairinin həyatının müəyyən dövrü ilə bağlı müzakirələr media və sosial şəbəkələrin “ixtiyarına verilir”. İşinin bilicisi olub faktlara söykənənlərlə yanaşı, hislərdən çıxış edərək diletantlıq cəhdlərində bulunan şəxslər də müzakirədən geri qalmır. Amma bir fakta diqqət edək: Səməd Vurğunun yaradıcılığı, şeiriyyatı heç zaman bir o qədər də müzakirə edilməyib. Onu tənqid edənlər də şairin şeiriyyatının gücünü danmayıblar.