Beləliklə, O, insanı qovdu və həyat ağacına gedən yolu qorumaq üçün Ədən bağının şərqində kərrublar (xerubimlər) və aramsız fırlanan yanar qılınc qoydu (Yaradılış, 3: 24).
Baxıb gördüm ki, kərrubların başı üstündəki fəzadan yuxarıda görünüşcə taxtı xatırladan, göy yaquta bənzər bir şey var. Allah kətan paltarlı adama dedi: “Kərrubların altındakı çarxların arasına gir, kərrubların arasından iki ovuc köz götürüb şəhərin üstünə səp”. Gördüm ki, həmin adam ora girdi.
Adam ora girəndə kərrublar məbədin sağında durmuşdular. Bu vaxt bulud içəri həyətə doldu. Yehovanın calalı kərrubların üstündən qalxıb məbədin astanasına gəldi. Məbəd tədricən buludla doldu. Həyəti isə Yehovanın calalının nuru bürümüşdü.Kərrubların qanadlarının səsi bayır həyətdə eşidilirdi. Bu səs Qadir Allahın səsinə oxşayırdı.
Sonra O, kətan paltarlı adama buyurdu: “Çarxların, kərrubların arasından od götür”. O girib çarxların birinin yanında durdu.Kərrublardan biri əlini uzadıb kərrubların arasından bir az od götürdü və kətan paltarlının ovuclarına qoydu. O da odu götürüb getdi.Kərrubların qanadlarının altında, sanki, insan əli var idi.
Baxıb kərrubların yanında dörd çarx gördüm, hər kərrubun yanında bir çarx. Çarxlar xrizolit daşı kimi bərq vururdu. Çarxların görünüşünə gəlincə, dördü də bir-birinə oxşayırdı, sanki, çarx içində çarx var idi. Onlar hərəkət edəndə sağa-sola dönmədən dörd səmtin hər birinə gedə bilirdilər, çünki baş baxan tərəfə gedirdilər. Gedəndə istiqaməti dəyişmirdilər. Kərrubların bədəni, beli, əlləri, qanadları, eləcə də çarxlar, hər kərrubun yanındakı çarx gözlə dolu idi. Mən çarxlara xitab edən bir səs eşitdim: “Çarxlar, irəli!”