Şən üzlü mələklərlə. Hüseyn Cavid isə belə yazmışdır:
Canın nə istərsə, qəlbindən nə keçirsə,
Bir an içində mühəyya olur, mələkim! Cəfər Cabbarlı da belə yazmışdır:
Gözəl mələkim! Mən də fərağında məcnunam. Kəlmənin Avropa dillərindəki qarşılığı olan “angel” sözü qədim yunan dilində “xəbər gətirən”, “xəbər daşıyan”, elçi mənalarını verən “anqelos” (ἄγγελος) sözündən yaranıb. Bu kəlmə də ivrit (qədim yəhudi) dilindəki “malaha” (מלאכא// mələk) sözünün yunan dilinə birbaşa tərcüməsindən başqa bir şey deyildir.
Qədim türk mifologiyasında mələklərin funksiyasını yumuşçilər ifa edirdilər. Əski türkcədə “yumuşçi” (mələk) kəlməsi eyni anlamı (xəbər daşıyan, xəbərçi) ifadə etməkdədir. Eyni mənada işlənmiş “yalmac” (yalvac, yalavac) kəlmsi də olub, fəqət bu kəlmə daha çox “peyğəmbər” anlamında işlənib.
Xristian ortodoks (pravoslav) kilsəsinin təliminə görə, İblis də mələkdir, daha doğrudu qovulmuş mələkdir. Bəzi xristian ilahiyyatçı alimlər belə hesab edirlər ki, haqlarında “Yaradılış” kitabının 6-cı fəslinin 4-cü bəndində söz açılan və insan qızları ilə izdivaca girdikləri bildirilən nəhənglər (nəhəg insanlar, nefilimlər) də məhz mələk idilər:
O günlərdə və sonralar yerdə nəhəng adamlar yaşayırdı. Həmin vaxt Allah oğulları insan qızları ilə yaxınlıq edirdi və onlar oğullar dünyaya gətirirdilər. Bunlar qədim dövrün güclü, məşhur adamları idi. Bu fikirlər Hanokun (Yenoxun) kitabı, eləcə də “Yubileylər” adlı apokrif hesab edilən kitablarda yer almışdır. Yustin Filosof, İrenaeus, Atenaqoras, Alexandria Klement, Tertullian, Ambrose və s. kimi bir çox erkən dövr xristian müəllifi həmin fikrin tərəfdarı olmuşlar. Günümüzdə isə “Yehova şahidləri” eyni fikrin tərəfdarı kimi çıxış etməkdədirlər.
Lakin sözügedən iddia Matta “İncil”inin 22 fəslinin 30-cu bəndində mələklərin evlənməmələri barədə deyilənlərlə ziddiyyət təşkil edir: