Sonra dördüncü mələk kərənayını çaldı. Günəşin, ayın və ulduzların üçdə birinə zərbə vuruldu ki, onların üçdə biri qaralsın, gündüzün də, gecənin də üçdə biri qaranlıqda qalsın.
Sonra mən göy üzündə uçan bir qartal gördüm və onun ucadan dediyi bu sözləri eşitdim: “Qalan üç mələyin çalacağı kərənayların səsinə görə yerdə yaşayanların vay halına, vay halına, vay halına! Çünki onlar kərənaylarını çalmağa hazırlaşırlar”.
Sonra beşinci mələk kərənayını çaldı. Mən göydən yerə düşmüş bir ulduz gördüm. Ona dibsiz quyunun açarı verildi. Ulduz dibsiz quyunu açdı. Quyudan böyük kürədən çıxan tüstüyə bənzər tüstü çıxdı. Həmin tüstüdən günəş və hava qaraldı. Tüstünün içindən yer üzünə çəyirtkələr çıxdı. Onlara yerin əqrəblərinin ixtiyarı kimi ixtiyar verildi.
Çəyirtkələrə deyilmişdi ki, yer üzündəki heç bir bitkiyə, yaşıllığa və ağaca dəyməsinlər, yalnız alınlarında Allahın möhürü olmayan adamlara zərər vursunlar.
Çəyirtkələr görkəmcə döyüşə hazır atlara bənzəyirdilər. Onların başında, sanki, qızıl tac vardı, üzləri insan üzünə oxşayırdı. Saçları qadın saçı kimi, dişləri şir dişi kimi idi. Sinələrində, sanki, dəmir zireh vardı. Qanadlarından çıxan səs atlara qoşulmuş, döyüşə atılan cəng arabalarının səsinə bənzəyirdi. Bundan əlavə, onların quyruqları ilə neştərləri də əqrəb quyruğuna və neştərinə oxşayırdı. Quyruqlarında insanları beş ay ərzində incitmək ixtiyarı vardı. Dibsiz quyunun mələyi onlara padşahlıq edir. İbranicə onun adı Abaddon, yunanca isə Apolliondur. Bir bəla keçdi.