On səkkizinci fəsil Bitməyən ağrılar
Səkkiz illik müharibə qurtarmışdı, amma mən hələ də yaralanmalardan əldə etdiyim müxtəlif xəstəliklərlə əlbəyaxa idim. Gözümün sinir müalicəsi və iltihabını müayinə etmək üçün xaricə getmə macərası ilk dəfə 1985-ci ildə ortaya atılmışdı. O vaxt xaricə ezam tibbi komissiyası məndən 27 min tümən pul istəmişdi. Yoxum idi. Bir dəfə şəhidlər cəmiyyətində bu macəranı Rəhbəri ağanın yanında danışdım və o dedi: "Pulunu biz verərik, sən bu işlə maraqlan.” Amma qarşıda Bədr əməliyyatı vardı və mən əməliyyatdan qalmaq istəmirdim. Gözümün sinirləri və iltihabı o həddə idi ki, artıq kor olurdum. Həkimlər məni naümid etmişdilər. Mustafa Xomeyni xəstəxanasının pul istəməsi və digər davranışları da məni incitmişdi. Bu macəra 1989-cı ilə kimi qaldı.
1989-cu ilin əvvəllərində Təbrizin tibb universitetinin işçisi oldum. İki ay keçməmişdi ki, baş nazirin Mirhüseyn Musəvinin Təbrizə gələcəyini eşitdim. Bu xəbəri o vaxtı təlim hərəkatı əməkdaşı olan dostlarım, Kərimi və Sadiqi mənə çatdırdılar. Bir vaxtlar onlar cəbhədə mənim qüvvələrim idilər və müalicə macəralarımı bilirdilər. Dedilər ki, bir məktub yazım. Məktubu yazdım və icra hakimiyyətində döyüşçü və əlillərlə görüşdə onu gördüm. Baş nazir hamı ilə görüşdü. Mən də məktubu verib macəradan qısaca danışdım. Səfərinin sonunda yenidən dostlarla aeroporta getdik. O, hamı ilə görüşdü və mənə çatdıqda dedi: "Müraciətin yadımdadır, məktubunun cavabını verəcəyəm!" Həqiqətən də iki-üç gün sonra baş nazirlikdən nömrəsini verdiyim təlim hərəkatına zəng etmişdilər. Dostlar dedilər ki, səni Tehrana çağırırlar. Sənədlərimi götürüb yola düşdüm. Tehranda baş nazirliyə getdim. Dedilər ki, sizi xaricə göndərmək üçün lazımi əmr verilib. Yenidən Mustafa Xomeyni xəstəxanasına getməyim lazım gəldi. O vaxt xanım Kərrubi oranın rəisi deyildi və onun yerinə doktor Ləşkəriyyə gəlmişdi. Öncədən Kərrubi xanıma bir məktub da yazmışdım ki, qiyamət günü sizdən şikayət edəcəyəm. Çünki siz məndən xaricə getmək üçün pul istədiniz və bir gözümün kor olmasına səbəb oldunuz. Yeri gəlmişkən xanım Kərrubini də orada gördüm. Macəranı bildi və soruşdu: "Siz məndən şikayət etmisiniz?" Olanları yenidən danışdım və əlavə etdim ki, sizə yazdığım məktubu baş nazirə də yazdım və o mənim problemimin həlli üçün lazımi göstərişləri verdi. Xülasə, hər şey - pasport və s iki-üç gündə hazırlandı. Amma bu macəranı bir müddət gecikdirən başqa bir hadisə baş verdi.
İmam Xomeyninin xəstələnməsi və daha sonra isə 1989-cu ilin iyun ayının 4-də dünyadan köçməsi xəbəri baş verə biləcək ən pis hadisə idi. Mən dərin ruhi sarsıntı keçirirdim. İlahi! Hansı ağrı daha çətin idi? Şəhid dostlarımızın ayrılıq acısı? Şəhərdə dözməli olan bu xəstə canın ağrısı? İndi isə sağlığı və həyatı üçün ömrümüzü fəda etməyə hazır olduğumuz, can-başla və ixlasla sevdiyimiz İmamın dünyadan köçməsi.
Müharibə boyunca adım dəfələrlə Suriya və Məkkəyə göndərilmək üçün çıxmışdı. 1984-cü ildə Şələmçə cəbhəsində olan Zeyd postu macərasında Məkkəyə göndərilmək üçün adım çıxmışdı. Qədim qüvvələrdən bir çoxunun adını Məkkəyə göndərilmək üçün vermişdilər. Bəziləri getdilər, bəziləri də mənim kimi bu işi münasib bir zamana saxladılar. Qorxurdum ki, gedərəm və əməliyyatdan geri qalaram. Bir yandan da o vaxtı Məkkəyə qətiyyən getmək istəmirdim ki, sonra mənə hacı desinlər. Bədr əməliyyatından sonra, yenə məni Suriyaya göndərmək istədilər, yenə getmədim. Müharibə boyu cəmi bir-iki dəfə briqada ilə Məşhədə getdim. Məqsədim budur ki, müqəddəs ziyarət səfərlərindən imtina etməyim məni narahat etmirdi. Məni yandıran şey bu idi ki, İmam Xomeyni ilə görüş üçün adım dəfələrlə çıxmışdı, amma getməmişdim. Hər dəfə İmamla görüşmək məsələsi müzakirə olunduqda, o ulu şəxsiyyətin ziyarətinə getməyə utanırdım. Öz-özümə düşünüb deyirdim: "Nə etmişəm ki, gedib İmamın qarşısında dayanım." Bütün o görüşləri qəlbimdən qaynaqlanan bu sadə səbəbə görə əldən vermişdim və indi isə ...
İmam dünyadan köçdükdən sonra əldən verdiyim bu fürsətlərə yanırdım. Niyə İmamı bir dəfə də olsun görə bilmədim. Bu məsələni o qədər düşünüb ağlayırdım ki, yaxınlarım təəccüblənmişdilər. Fikrim-zikrim bu idi ki, Peyğəmbərin (s) və İmam Əlinin (ə) vaxtında döyüşçülərin vəziyyəti necə idi? Peyğəmbərləri və imamları qarşısında, düşmənlə üz-üzə dayanır, döyüşüb şəhid olub, yaralanırdılar və Həzrət onları görürdü və... Sonra isə öz vəziyyətimizi düşünüb deyirdim: "İlahi! Sən şahidsən ki, bu qeyb dövründə biz yalnız İmam Zamanın (ə) naibinin sözü ilə cəbhəyə getdik. Hətta İmamımızı da görmədik. Yalnız səsini eşitdik və bir an da olsun müharibədən geri çəkilmədik. Görüş üçün fürsət də var idi. Amma... Niyə getmədim? Nəyə görə, bilmədim?!”
Bir gecə xeyli ağladıqdan sonra yatdım. Qəribə bir yuxu gördüm. İmam Xomeyni sadə bir otaqda idi. Əmir Maralbaş bir tərəfdə və mən İmamın digər tərəfində oturmuşduq. İmam bəzən əlini mənimlə Əmirin başına çəkərək buyururdu: "Çox da narahat olma, görməmək önəmli deyil, insanın vəzifəsinə əməl etməsi önəmlidir!" Səhər qəribə bir vəziyyətdə oyandım. Sanki yüngülləşmişim. O qədər şad və aram idim ki, sevincimin həddi-hüdudu yox idi. Hiss edirdim ki, müharibə macərasında səhlənkarlıq etməmişəm və Allahın lütfü ilə vəzifəmə əməl etmişəm.
Tehranda və Cəmaranda İmamın vəfatının yeddinci gecəsinin mərasimində iştirak etdikdən sonra, yavaş-yavaş Almaniyaya göndərilməyə hazırlaşdım. Gediş tariximiz iyul ayının 6-7-si idi. Zamanı dəyişmək olmazdı. Yoxsa, bir az gec getmək istəyirdim. Çünki, tezliklə ikinci övladımız dünyaya gələcəkdi və mən düşünürdüm ki, inşallah tez qayıdacağam.
Kirman, Tehran və Həmədan şəhərlərindən bəzi müharibə əlilləri ilə birgə Almaniyaya uçub Köln şəhərində yerləşdik. Ora çatdıqda, anladım ki, hələ çox işim var. Orada olan yaralılardan biri deyirdi ki, on iki aydır oradadır. Digəri deyirdi, on səkkiz aydır orada müalicə alır. Aydın oldu ki, heç olmasa üç-dörd ay qalmalıyam. Döyüşçülər deyirdilər ki, burada əməliyyatdan sonra, qan vurmurlar və bədənin sağalmaq dövrü bir az uzun çəkir. Mənim üçün Halmen adlı bir professordan iki ay sonraya vaxt almışdılar. Mən qətiyyən qalmaq istəmirdim. Hər bir yaralı üçün gündəlik 12, ya 15 mark pul verirdilər. Maddi baxımdan darda deyildik, təkcə evdən ötrü nigaran idim. Almaniyaya təzəcə yerləşmişdik ki, Təbrizdən zəng etdilər. İkinci qızım dünyaya gəlmişdi, amma yoldaşım narahat idi və ağlayırdı. Ona demişdilər ki, uşağın ayağında problem var. Bu xəbər şəraitimi daha da çətinləşdirdi. Tez bir zamanda İrana qayıtmağa çalışırdım. Dostlarla danışdım ki, mən təcili qayıtmalıyam və iki ay gözləyə bilmərəm. Qərara alındı ki, gedib həkimlə danışsınlar. Nəhayət, həkimlə görüş vaxtımı tezləşdirdilər. Professor Halmen iki saat yarımlıq bir növbədə mənim bütün problemlərimlə maraqlandı. Müəyyən olundu ki, mənim əməliyyatımda içərisində göz, qulaq, burun, boğaz, çənə və üz mütəxəssislərindən ibarət bir qrup həkim iştirak etsin. Dedilər ki, gözümün optik siniri bir-birinə qarışıb, amma peyvənd etmək olar. Hədəqə də məhv olub və əməliyyat olmalıdır. Daha böyük problem isə 1983-cü ildən ardıcıl şiddətlənən qədim iltihab idi. Onu müalicə etməli idilər. Nəhayət, xəstəxanada yatırıldım və məni əməliyyat otağına apardılar. Ağır bir əməliyyat idi. Dörd-beş saat yatdım.
Özümə gəldikdə anladım ki, burnumun içini və göz hədəqəmi əməliyyat ediblər və bir ay sonra yenə əməliyyat olmalıyam. Xəstəxanada olduğum günlərdə maraqlı hadisələr baş verirdi. Bizim otaqda tehranlı bir oğlan uşağı yatırdı ki, atası orada bank müdiri idi. Ailəsi hicabsız idi, amma məni nəzərə alırdılar. O uşaq xəstəxanada həmişə televiziya izləyirdi. Mənim təəccübləndiyimi gördükdə, dedi ki, biz evdə pulsuz televiziyaya baxa bilmirik. Orada fürsətdən istifadə edirdi. Otaqda ingiltərəli və amerikalı xəstələrlə yanaşı, türkiyəli bir xəstə də var idi ki, mənə çox yardım edirdi. O, sünni idi və namaz vaxtlarını mənə deyirdi. Dərmanlarımı verir və halal yeməklər seçməkdə mənə məsləhət verirdi. Bir yandan da münafiqlər xəstəxanaya gəlib öz jurnallarını paylayırdılar. Bədbəxt insanlar idilər. Yadımdadır ki, İmam Xomeyninin qırxında “İran evi”nin üzvləri yemək ehsan edirdilər. İrandan qaçmış münafiqlər və şahın adamları da əllərində qazan yemək almaq üçün gəlirdilər! Onların maddi durumu çox pis idi. Hətta Frankfurtda zibillərin arasını axtaran bəzi iranlıları da görmüşdüm. Bu arada, almanların iranlılarla davranışları çox da yaxşı deyildi. Ruslarla müharibədə döyüşüb yaralanmış və müalicə üçün Almaniyaya gəlmiş əfqanlılara daha yaxşı münasibət bəsləyirdilər.
Bir ay sonra məni yenə əməliyyat etdilər. Bu dəfə burnumun içindən gözümə nazik bir boru qoymuşdular ki, üfunətli axıntılar oradan bayıra çıxsın. Onu necə tərpədəcəyimi mənə öyrətmişdilər. Bir daha əməliyyat olunmağım qərara alınmışdı. 65 gündən sonra xəstəxanadan buraxıldım. Məni Kölndə olan İran evinə göndərdilər. Bura Köln və Frankfurtun arasında bir otel idi və müharibə əlillərinin istifadəsi üçün kirayələnmişdi. Gözəl bir yer idi. Dağ kənarında, bağların arasında idi... Orada qurban bayramında anladıq ki, qurbanlıq üçün bir qoyun alıblar, amma heç kim onun başını kəsə bilmirdi. Bundan öncə cəbhədə mən bu işi görmüşdüm. Bəzən batalyona üç-dörd qoyun verirdilər və biz zarafata deyirdik: “Əməliyyatdan sonra üçün saxlayaq. Çünki onda adam az olacaq!” Orada, iki ayağı kəsilmiş bir həmədanlının köməyi ilə həyətdə qoyunun başını kəsdik. Ətindən yemək bişirildi. O otelin yanında İsrail konsulluğu var idi ki, günün 24 saatı ehtiraslı mahnılar yayımlayırdı. Bizim qüvvələr də qarşılıq olaraq, o səmtə bir səs ucaldan qoyub Fələstin mahnıları yayımlayırdılar.
Məhərrəm ayı gəlib çatdı. Ürəyim çox sıxılırdı. Həmiş əzadarlığın ilk on gününü Təbrizdə olmağı çox istəyirdim. Daha demirəm ki, Məhərrəm ayı cəbhədə tam fərqli olurdu və bu mənəviyyat heç vaxt, heç yerdə təkrarlanmadı. Məni müayinə etmək üçün həkimin yanına apardılar. Həkimlər bu nəticəyə çatmışdılar ki, gözümün görmə qabiliyyətinin qayıtması mümkünsüzdür. Daha orada qalmağa çox da həvəsim yox idi. Bununla yanaşı, ailəm və yeni doğulmuş körpəmizdən ötrü nigaran idim və İrana qayıtmağa tələsirdim. Nəhayət, söz verdim ki, müalicəni davam etdirmək üçün iki aydan sonra qayıdacağam.
Təbrizdə aydın oldu ki, qızımın ayağında çox da ciddi bir problem yoxdur və sağalacaq. Mən də bir aya kimi o borunu gözümün içində saxladım. Təbrizdə həkimlərə müraciət etdim və çox da təsiri olmadığı məlum olduqda, borunu çıxardılar. Almaniyaya getmək fikrindən daşındım. Həm çox pul xərclənirdi, həm də ki, əməliyyatlar və müalicə səmərəli olmurdu.
O zamandan indiyədək, xüsusilə soyuq fəsillərdə üzümün yaraları mənə əziyyət verir və muğayat olmasam, soyuq günlərdə yenidən çənəmin qıfıllanmasına dözməliyəm. O günlərdə o qədər ağrı çəkirdim ki, o şəraitdə qidalana bilmək üçün iki dişimi çəkdirmişdim.
“Nur yolçuları” səfəri, illər sonra yeni bir fürsət idi ki, şəhid dostlarımın ayaq izlərini öpüm. Bir neçə dəfə münasib fürsətlərdə, xatirə danışmaq məsələsi açılmışdı. Xatirə danışmağın bu zamanda önəmli olduğunu qətiyyən düşünmürdüm. Hələ müharibə illərinin xatirələri və müsahibələrin söhbəti açılmamışdı. Həqiqət bu idi ki, mən daimi əlillik problemləri ilə məşğul idim. Amma 1995-ci ildə, bir gecə yuxuda gördüm ki, rəhbər Ayətullah Xamenei əlində bəzi vərəqləri tutub, oxuyur və ağlayır. Mən də o otaqda idim. Bir nəfər dedi: “Bu xatirələr 70 faiz əlil olan, 80 ay cəbhələrdə olub və yenə də “müharibədə heç nə etməmişəm” deyən bir şəxsin xatirələridir...” Bu yuxu düşüncələrimi qarışdırmışdı. Hiss edirdim ki, müharibə dövründə camaatın başına gələn bu əhvalatları danışmaqla vəzifəm sona çatır. Beləliklə, səkkiz illik müharibədə yaşadığım xatirələri yenidən danışdım ki, o misilsiz anlar həmişə canlı qalsın. Təhlükəli Kürdüstan gecələrinin xatirəsi, Müslim ibn Əqil əməliyyatının xatirələri, evimizin Sadiqini özü ilə aparan qəlpələrin xatirəsi və mənim taleyimi əbədi yaralarla yazan xatirələr... Bədrin xatirələri, tanklara təkbaşına hücumlar və pak cəsədləri Dəclənin kənarında qalan aşuralı dostların şücaəti... “Vəlfəcr-8”-in xatirələri və Əmirin dərdini ürəyimə həkk edən qürbət dolu gecənin xatirələri... Duz fabrikində məzlumcasına şəhid olan dostlarımız, Şələmçədə rəhimlərin, həbiblərin, məhəmmədlərin xatirəsi... Karun və Ərvənd çayını öz qeyrət və uca ruhları ilə utandıran dalğıcların xatirəsi... Qarlı və buzlu sıra dağların xatirələri... Mənə çətinliklər qarşısında səbr etməyə və həmin günlərin yaralarını canımdan dəyərli bilməyə yardım edən, şəhid olmaq üçün seçilən bütün şücaətli qardaşlarımın gözəl xatirələridir.
Dostları ilə paylaş: |