Sual: 139. Nə üçün Quranda həzrət Mehdinin (ə) dünyaya gəlişi və varlığı məsələsi aşkar bəyan olunmur?
Cavab: Əvvəla, Quranda bir çox əqidə və əməllə bağlı məsələlərə işarə olunmamışdır. Bu iş peyğəmbərin öhdəsinə düşmüşdür. Bununla belə, bütün əqidə və əməllərin qaynağı Qurandır.
İkincisi, Quranın bəzi ayələrindən məlum olur ki, hər bir dövrdə Allahın kamil və məsum bir höccəti mövcuddur. Bu ayələr haqqında növbəti söhbətlərimizdə danışacağıq.
Sual: 140. Nə üçün uzaq gələcək üçün nəzərdə tutulmuş insan uzaq keçmişdə dünyaya gəlməlidir?
Cavab: Bəzən soruşurlar ki, əgər Allah-tәala yer üzündə ədaləti tarixin sonunda bərpa etmək istəyindədirsə, nə üçün ümumdünya ədalət hökumətinə rəhbərlik edəcək şəxsi xeyli müddət əvvəl yaratsın? Nə üçün həmin şəxs ehtiyac duyulan zamanda xəlq olunmamalıdır?
Uyğun iradları cavablandıraq:
1. Əqli və nəqli dəlillərdən aydınlaşır ki, dövr heç vaxt ilahi höccətsiz, imamsız olmur. Burada həm şəri, həm də yaranış amilləri rol oynayır. Bu məsələni qarşıdakı söhbətlərimizdə isbat edəcəyik.
2. Artıq alimlər tərəfindən qəbul olunmuşdur ki, varlıq tədrici hərəkət üzərində qurulmuşdur. İstisnasız olaraq hər şey tədrici hərəkətdədir. Bu tədricilik Allahın qüdrətinə zidd deyil. Çünki Allah-tәala göyləri və yeri bir anda yox, altı gün müddətində xəlq etmişdir.
Məgər Allah varlıq aləmini bir anda yarada bilməzdimi? Əlbəttə ki, yarada bilərdi! Nə üçün insanın nütfəsi ana bətnində 9 ay qalmalı, təbii bir yol keçib insan formasına düşməlidir? Məgər Allah insanı bir anda xəlq edə bilməzdimi? Əlbəttə ki, O, buna qadirdir! Ümumdünya ədalət hökumətinə münasibətdə də eyni halla rastlaşırıq. Allah tarixin sonunda baş verəcək işləri öncədən hazırlayır.
3. İntizar fəlsəfəsini nəzərdən qaçırmaq olmaz. Dünyaya gəldiyi halda qeybə çəkilən kəslə hələ ki dünyaya gəlməmiş kəsin intizarı arasında böyük fərq var. Qeybdə olan şəxsin intizarı daha böyük təsirə malikdir.
Dostları ilə paylaş: |