Sual: 255. İmam Mehdinin (ə) ikinci səfiri kim idi və bu şəxs hansı mövqeyə malik olmuşdur?
Cavab: Əbu-Cəfər Məhəmməd ibn Osman ibn Səid Əmri atasının vəfatından sonra imam Əsgərinin (ə) göstərişi ilə səfirlik məqamına çatmışdır. Həzrət Qumdan olanlara buyurmuşdur: “Şahid olun ki, Osman ibn Səid mənim vəkilimdir. Onun övladı Məhəmməd isə övladım Mehdinin (ə) vəkilidir.”1
Bu şəxsin səfirliyi atasının imzası ilə də təsdiqlənmişdir.2
İkinci səfir öz dövrünün şiələri arasında etibarı ilə seçilmiş, əmanətdar kimi tanınmışdır. İmamiyyə əqidəsindən olanların heç biri bu həqiqətə şəkk etmir. İmam Əsgərinin (ə) bu şəxs və onun atası haqqında buyuruğu bütün şübhələri aradan qaldırır.3
İmam Mehdi (ə) özü də bu şəxsin səfirliyini təsdiq edib buyurmuşdur: “Sən atanın həyatı dövründə daim bizim tərəfimizdən etibarlı sayılmısan...”4
İkinci səfir 50 il müddətində öz vəzifəsini ən üstün şəkildə yerinə yetirdi. Nəhayət, hicri 304 və ya 305-ci ilin cəmadiul-əvvəl ayında dünyasını dəyişdi.5
Məhəmməd ibn Osman uyğun vəzifənin icrasında başqa səfirlərdən daha çox xidmət göstərmişdir. O, fiqh kitabları tərtib etmiş, imam Əsgəri (ə), imam Mehdi (ə), atası Osman ibn Səid və imam Hadinin (ə) buyurduqlarını bu kitabda toplamışdır.6 İmam Mehdi (ə) onu öncədən öz ölümündən xəbərdar etmişdir. Bu səbəbdən də ikinci səfir özü üçün qəbir hazırlamış və ölümündən sonra atası ilə yanaşı dəfn olunmuşdur.7
Dostları ilə paylaş: |