Sual: 11. Bəşəriyyәtin qeybi yardımlara ehtiyacı varmı?
Cavab: Bəziləri elə düşünürlər ki, bu gün elmi-texniki tərəqqiyə nail olmuş bəşəriyyətin qeybi yardımlara ehtiyacı yoxdur.
Amma bilməliyik ki, bəşəriyyətin büdrəmələrinin mənşəyi təkcə nadanlıq deyil. Əgər problemləri doğuran təkcə nadanlıq olsaydı, elm və texnika köməyə gəlib bəşəriyyəti xilas edə bilərdi. Amma mövcud çətinliklərin məlumatsızlıqdan əlavə də amilləri var. Zaman ötdükcə problemlərin artımı uyğun yardımlara ehtiyacdan danışır. Bəşəriyyətə problem yaradan digər amilləri nəzərdən keçirək: cilovlanmamış nəfs istəkləri , şəhvət və qəzəb, tamahkarlıq, vəzifəpərəstlik, komfort istəyi, bir sözlə, bugünkü bəşəriyyəti yolundan azdıran mənafepərəstlik! Bu gün elm bəşəriyyətin ən böyük düşməninə çevrilmişdir. Elm öz-özlüyündə işıq olsa da, bu işıqdan hansı yolda istifadə olunması mühümdür. Elm hədəfi müəyyənləşdirmir. O, məqsədə çatmaq üçün, sadəcə, bir vasitədir.
Vil Dorant deyir: “Biz texnika baxımından güclənmiş, məqsəd baxımından yoxsullaşmışıq.”1 Elm və texnologiya dövrünün insanı şəhvət və qəzəb baxımından qədim insanlardan fərqlənmir. Elm nəfs azğınlıqlarının qarşısını ala bilməmişdir. Elmi inkişaf faşizmin mahiyyətini dəyişə bilməmiş, əksinə, primitiv qılıncdan atom bombasına çevrilərək çirkin məqsədlərin həyata keçməsi üçün vasitə olmuşdur.
Rassel deyir: “Hazırkı dövr elə bir dövrdür ki, heyrət hissi zəifliklə birlikdə hamını bürümüşdür. Elə bir savaşa doğru hərəkətdəyik ki, təqribən, kimsə onu istəmir. Elə bir savaş ki, bəşər növünün böyük bir hissəsini yoxluq aləminə göndərəcək...”2
İnsan maddi və zahiri amillər əsasında mühakimə aparsa, bu bədbinliklərə haqq qazandırar. Bu bədbinlikləri aradan qaldırmaq üçün isə qeybi yardımlara iman zəruridir. Belə bir inam bədbinliyi nikbinliklə əvəz edir və insan inanır ki, bəşəriyyətin səadəti, rifah və kamilliyi, əmin-amanlığı gələcəkdədir və bəşəriyyətin yolunu gözləyir.
Bəli, ilahi məktəbdə tərbiyə almış şəxs belə deyir: Ola bilməz ki, dünya bir neçə dəlinin əli ilə viran qoyulsun. Dünya təhlükə qarşısındadırsa da, Allah keçmişdə möcüzə göstərib bəşəriyyətə yardım etdiyi kimi indiki şəraitdə də ağılları heyran qoyacaq iş görməklə öz xilaskarını göndərəcək...
Şəhid Mütəhhəri buyurur: “Bu düşüncə hər şeydən öncə təbiət aləmindəki gedişata, tarixi təkamülə, gələcəyə inamdan, bəşəriyyətin xoş gələcəyinə nikbinlikdən doğur...”3
Dostları ilə paylaş: |