Sual: 177. Heç bir dini vəzifə daşımayan körpə hansı əsasla imam ola bilər?
Cavab: Yetkinlik yaşına çatmamış, heç bir dini vəzifəsi olmayan bir uşağın imamət kimi bir məsuliyyəti qəbul etməsi bəzilərinə şübhəli görünür. Əslində büluğ, yetkinlik həddi dedikdə ağıl baxımından yetkinlik nəzərdə tutulur. Oğlanlar üçün on beş yaşın büluğ həddi təyin olunmasının səbəbi onların, adətən, bu yaşda düşüncə yetkinliyinə çatmasıdır. Əgər bir şəxs on beş yaşından qabaq şübhə doğurmayacaq şəkildə yetkinlik həddinə çatmışdırsa, onun imaməti də mümkündür. Ağıl baxımından kamil, məqam baxımından məsum insanda imamət üçün heç bir nöqsan yoxdur.
Bəzi sünni alimləri həzrət Əlinin (ə) doqquz yaşında ikən iman gətirməsinə şübhə ilə yanaşırlar. Onlar bildirirlər ki, Əli (ə) həmin vaxt yetkinlik yaşına çatmadığından onun İslamı qəbul etməsi dəyərsizdir. Onların nəzərincə Əbu-Bəkrin yuxarı yaşda iman gətirməsi daha qiymətlidir.
Doqquz yaşında İslamı qəbul etmiş həzrət Əli (ə) uşaq yaşlarından kamal həddinə çatmışdı. O öz uşaqlıq dövrünü həzrət Peyğəmbərin (s) yanında keçirmişdi. İslamı tam bəsirətlə, agahlıqla qəbul edən Əli (ə) həqiqətən ilk mömin və müsəlmandır.
Axı kim iddia edə bilər ki, yaşlı olmaq ağıllı olmaqdır? Bəs nə üçün bir çox yaşlıların uşaqca ağlı yoxdur?!
Bu səbəbdən də həzrət Peyğəmbər (s) həzrət Zəhraya (ə) xitabən buyurur: “Əli səhabələrimdən mənə ilkin iman gətirmiş kəsdir.”1
Ənəs ibn Malik deyir: “Peyğəmbərə ilkin iman gətirən kəs Əli ibn Əbu-Talib idi.”2
İbn Kəsir deyir: “Peyğəmbər (düşənbə günü) məbus oldu, Əli (ə) (seşənbə günü) bir gün sonra ona iman gətirdi.”3
Şeyx Məhəmməd Xızri deyir: “İslam dəvətini ilkin qəbul edən Əlidir.”1
İbn Əbil-Hədid deyir: “Doğru yola çıxmaqda başqalarından önə keçən kəs haqqında nə deyim?! O bütün yer üzü daşa ibadət edib, Allaha arxa çevirdiyi vaxt Allaha iman gətirib, Ona ibadət etdi.”2
Bu səbəbdən də həzrət Peyğəmbər (s) besətin üçüncü ili “Ənzir əşirətəkə...” ayəsi nazil olduqdan sonra həzrət Əlini (ə) özünə canişin seçib, qövmünə göstəriş verdi ki, onu dinləyib itaət etsinlər.3
Dostları ilə paylaş: |