Sual: 197. Məqsədlilik səbəbi imamın mövcudluğuna dəlil ola bilərmi?
Cavab: Kəlam elmində ilahi fellərlə bağlı danışılarkən qeyd olunur ki, Allahın bütün felləri məqsədlidir. Amma ilahi məqsəd bəşəri məqsəd kimi deyil. Allah mütləq kamil olduğundan onun məqsədi kamala çatmaq deyil. Əslində Allahın felləri məxluqunu kamala çatdırmaq məqsədi daşıyır.
Məqsədlilik (“ğayi”) dedikdə əməlin məqsədsiz olmaması nəzərdə tutulur: Allah heç vaxt məqsədsiz iş görmür. Qurani-Kərimdə də bu həqiqət təsdiqlənir: “Göyləri və yeri, onların arasında olanları oyun-oyuncaq yaratmadıq.”
Hikmət sahibləri və filosoflar deyir: “Varlığın formalaşması prosesində hər bir ali mərtəbə özündən aşağı mərtəbə üçün məqsəddir. Beləcə, sübut olunur ki, nəticə failin (fəaliyyət göstərənin) fəaliyyətinin illətidir. Əgər varlıq aləmində insan olmasaydı, heyvanat aləmi də ləğv olardı...”
Digər bir tərəfdən bilirik ki, hər bir fərd digər fərdlərə oxşardır. Bütün insanlar eyni bir növdən sayılır. Amma arada fərq də var. Həzrət Peyğəmbər (s) buyurur: “İnsanların cövhəri qızıl və gümüş mədəni kimi bir-birindən fərqlənir.”1
Bəli, insan, meyvəsi kamil insan olan ağac kimidir. Bu meyvə Allahın məsum höccətindən başqası ola bilməz. Bu səbəbdən də rəvayətdə deyilir: “Əgər yer üzü imamsız olsa, dağılar.”2
Bir sözlə, Allahın höccəti adlandırılan kamil insan bəşəriyyətin varlıq səbəbi olduğundan onun vücudu zəruridir.
Dostları ilə paylaş: |