Müəllif:...................................................Əli Əsğər Rizvani
Tərcümə edən:....................................Məhəmməd Əhməd
Nəşr edən:..............................................................Şəhriyar
Çap tarixi:.....................................................................2006
Çap növbəsi:.............................................................Birinci
Tiraj:.............................................................................2000
964-5934-87-7
Ön söz
İslamın, xüsusi ilə də Әhli-bеyt məktəbinin fundamental mövzularından biri “Məhdəviyyət” mәsәlәsidir. İslamın əzəmət və İslam hökmlərinin əbədilik nişanəsi olan bu mövzu bütün dinlərdə təsbit olunmuşdur və qurtuluş məsələsi dini amallar sırasında dinlərin prinsipial məsələlərindən biri kimi öz yerini tutmuşdur. Qeyri-ilahi ideologiyalarda və firqələrdə də hansısa formada bu mövzu ilə rastlaşmaq olur.
Həzrət Məhdinin (ə) zühuru ilə müşayiət olunan böyük vəd mövzusu bəşər tarixi boyu köklü mövzulardan olmuşdur. Belə ki, müqəddəs, dini kitablar, eləcə də, İslamdan öncəki və sonrakı əsərlər bu mövzunun həqiqiliyinə şəhadət vermişlər. Əgər tarix boyu bu mövzu ilə bağlı şübhələr ortaya çıxmışsa, bu özü də uyğun mövzunun müxtəlif cəmiyyətlərdə aktuallığını göstərir. Bütün dinlər və ideoloji məktəblər uyğun mövzu ilə bağlı araşdırmalar aparmışlar. Amma bu məsələyə hərə bir tərəfdən yanaşmış və mövzu hərtərəfli araşdırılmamışdır. Bununla belə, bütün tərəflər süquta uğramış cəmiyyəti paklığa çağıracaq, elm və mərifət, ədalət və ehsan ruhunu bəşəriyyətə qaytaracaq bir şəxsin zühuruna şəhadət vermişlər. Hamı inanır ki, bir gün həqiqət bütünlüklə aşkarlanacaq, vəd olunmuş zühur işığında xalq ədalətə və Allahla yaxınlığa nail olacaq, yer və zaman tarazlıq və səbata çatacaq.
İslam alimləri tükənməz vəhy çeşməsindən və məsumların ölməz kəlamlarından faydalanaraq böyük vədin (həzrət Mehdinin (ə) zühurunun), onun xüsusiyyətlərinin və görüşünün təsvirini vermiş, nəql, tarix və əqlə istinad edərək Məhdəviyyət maarifini formalaşdırmışlar. Tarix boyu uyğun mövzu ilə bağlı suallar cavablandırılmışdır. İndi də müxtəlif kitablar, risalələr və məqalələr vasitəsilə ilə İslam ümmətinə yetərli məlumatlar verilir. Əlinizdəki kitabın tərtibinin də konkret səbəbləri vardır. Bu səbəbləri nəzərdən keçirək:
1. Tarix boyu Məhdəviyyət mövzusu ilə bağlı suallar və şübhələr olmuş, İslam alimləri müxtəlif formalarda onları cavablandırmışlar. Amma uyğun suallara, adətən, nəqli və tarixi cavablar verilmişdir. Bu istiqamətdə yetərincə hədis və tarixi kitablar tərtib olunmuşdur. Hədis kitablarından Şeyx Tusinin “Əl-ğeybət”, Şeyx Səduqun “Kəmalud-din”, Seyyid Sədrəddin Sədrin “Əl-Məhdi (ə)”, Mühəddis Nurinin “Nəcmus-saqib” kitablarını misal göstərmək olar. Tarixi kitablar arasında Seyyid Məhəmməd Sədrin “Məvsulətul-imamul-Məhdi (ə)” kitabı diqqəti cəlb edir.
2. Əsrimizdə uyğun mövzu ilə bağlı yaranmış suallar, adətən, fəlsəfi xarakterli olur. Bu sayaq sualları öncə əqli dəlillərə, sonra tarixi və nəqli məlumatlara əsaslanaraq cavablandırmaq olar. Bu gün Məhdəviyyət mövzusunun yetərincə şəffaf açıqlanması üçün əqli, fəlsəfi, kəlami cəhətləri nəzərə almaq zəruridir.
3. Əlbəttə ki, əqli və kəlami baxımdan verilən cavablar uyğun boşluğu müəyyən həddə doldurmuşdur. Amma bu kitablar da dövrümüzün ehtiyaclarını tam şəkildə ödəmir. Məhdəviyyət məsələsini əqli yönümdən açıqlayan müəlliflərdən biri böyük mütəffəkir Şəhid Seyyid Məhəmməd Baqir Sədr olmuşdur. Onun “Bəhsun-həvlәl-Məhdi (ə)” kitabında uyğun mövzu ilə bağlı əsaslı araşdırmalar aparılmışdır.
4. Şübhəsiz ki, İslam düşmənləri öz ideoloji hücumlarında zəif nöqtələri hədəfə alırlar. Onlar Məhdəviyyətә hücumda dа zəif nöqtələri аşkаr еdib hаy-küy salırlar, bu mövzuyа ən kövrək nöqtələrdən zərbə vurmağa çalışırlar. İslam inqilabından sonra düşmən müqəddəs ayinlərimizə, xüsusi ilə Məhdəviyyət mövzusuna daha amansız hücuma keçdiyindən alimlər və qələm əhli bu dini bünövrəni möhkəmləndirmək üçün həmişəkindən daha çox çalışmışlar. Onlar düşmənin fəlsəfi yönümlü iradlarına əqli və kəlami bəhslərlə sərt cavab vermişlər.
Əlinizdəki kitab da bu prinsip üzərində formalaşmışdır və onda Məhdəviyyət mövzusu nəqli, əqli və tarixi dəlillərə əsasən araşdırılmışdır. Kitabda səy göstərilmişdir ki, düşmənin məhz zəif nöqtələrə yönəlmiş şübhələri aradan qaldırılsın.
Hazırkı kitabın səciyyəvi xüsusiyyəti onun öz araşdırmalarında kəlami, fəlsəfi dəlillərə əsaslanmasıdır. Cəhd göstərilmişdir ki, uyğun mövzu müxtəlif, xüsusi ilə əqli dəlillər əsasında şəffaf şəkildə təqdim olunsun. Məqsəd Məhdəviyyət mövzusu il bağlı bütün şübhələri aradan qaldırmaqdır. Ümumi oxucu kütləsinin hazırkı kitabdan faydalana bilməsi üçün mövzular sual-cavab şəklində tərtib olunmuşdur. Belə bir forma Məhdəviyyət məsələsi ilə bağlı suallara cavab axtaranlar üçün yetərli mənbə ola bilər. Ümid edirik ki, bu işimiz İmam-Zamanın (ə) diqqətini cəlb etsin, həqiqət axtaranlar üçün faydalı olsun. Bütün elm adamlarından nöqsanlarımızın bağışlanmasını diləyir və onların kitabın nöqsanları ilə bağlı qeydlərini bizə çatdırmalarını xahiş edirik. Sonda bu işdə yardım göstərənlərə, xüsusi ilə həzrət höccətül-İslam-vəl-müslimin Hüseyn Əhmədiyə təşəkkürümüzü bildiririk. Müqəddəs Cəmkəran məscidinin yayım üzrə məsulu olan bu şəxs müxtəlif mərhələlərdə müəllifə yaxından kömək göstərdi. Kitabın ərsəyə gəlməsində zəhmət çəkən bütün insanlara Allah-təaladan mükafat diləyirəm.”
Dostları ilə paylaş: |