Sual: 256. Həzrət Mehdinin (ə) üçüncü səfiri kim idi və o hansı mövqeyə malik idi?
Cavab: Üçüncü səfir Şeyx Cəlil Əbül-Qasim Hüseyn ibn Ruh Növbəxti idi. O, öncə Əbu-Cəfər Məhəmməd ibn Osman Əmrinin vəkili olmuşdu və onun mülkünə nəzarət edirdi. Nəhayət, səfir seçildi və onun səfirliyinə heç bir şübhə yoxdur.8
Bir qrup şiə dörd yüz dinarlıq malı Əbu-Cəfər Əmriyə təqdim etdikdə o göstəriş verdi ki, Hüseyn ibn Ruha müraciət etsinlər. Qarşı tərəfin tərəddüddə olduğunu görən səfir növbəti dəfə həmin məbləğin Hüseyn ibn Ruha çatdırılmasını göstəriş verdi. Əslində bu, həzrət Mehdinin (ə) göstərişi idi.
Əbu-Cəfər Əmrinin vəziyyəti pisləşdiyi vaxt Əbu-Əli ibn Həmmam, Əbu-Abdüllah ibn Məhəmməd Katib, Əbu-Abdullah Baqətani, Əbu-Səhl İsmail ibn Əli Növbəxti, Əbu-Əbdüllah ibn Vəcna kimi şiə böyükləri ondan canişini haqqında soruşdular. Əbu-Cəfər Əmri buyurdu: “Bu, Əbül-Qasim Hüseyn ibn Ruhdur. O, mənim qaimim və sizin aranızdakı səfirimdir. Hüseyn ibn Ruh vəkildir və əmin şəxsdir. İşlərinizə görə ona müraciət edin, mühüm işlərdə ona etimad göstərin. Mənə tapşırılıb ki, bu göstərişi sizə çatdırım.”1
Əbu-Cəfər ibn Əhməd Mutyəl deyir: “Məhəmməd ibn Osman Əmri vəfat etdiyi vaxt mən onun yastığı kənarında oturmuşdum. Hüseyn ibn Ruh isə onun ayaq tərəfində dayanmışdı. Mən sual verdim. Məhəmməd ibn Osman üzünü mənə tutub buyurdu: “Mənə əmr olunub ki, Əbül-Qasim ibn Ruha vəsiyyət edim.” Mən bu sözləri eşidib yerimdən qalxdım və Hüseyn ibn Əli Ruhu Məhəmməd ibn Osmanın yastığı kənarında, öz yerimdə əyləşdirdim.2
Məhəmməd ibn Osmanın təkidlərinin və Hüseyn ibn Ruha vəsiyyətinin səbəbi bu idi ki, o, imamlarla yaxın rabitədə olan adam kimi tanınmırdı. Onun səfir təyin edilməsinin səbəbi ixlas və fədakarlığı idi. Hüseyn ibn Ruh Əbu-Cəfər Əmrinin vəfatından sonra 21 il səfir oldu.
Bu şəxs çox ciddi təqiyyə şəraitində fəaliyyət göstərirdi. O, sünnə əhlindən olmasını izhar etməklə diqqəti yayındırır və imamın səfirliyini yerinə yetirirdi. Öz fəaliyyəti dövründə bu şəxs müxtəlif azğınlıqlar və yalançı səfirlik iddiaları ilə ciddi mübarizə apardı. Hicri 326-cı ildə Hüseyn ibn Ruh dünyasını dəyişdi.
Dostları ilə paylaş: |