Sual: 283. Peyğəmbərlər arasında qeyb hadisəsi baş vermişdirmi?
Cavab: Qeyb və Allah höccətinin xalqdan kənara çəkilməsi təzə bir iş deyil. Bu, peyğəmbərlər arasında da müşahidə olunan bir həqiqətdir. Qeyb həyatı yaşamış bəzi peyğəmbərləri yada salaq:
1. Həzrət İdris (ə). Rəvayətlərə əsasən, İdris peyğəmbər dövrün zalım hakimləri ilə üzbəüz gəldiyi üçün ümmət arasından iyirmi il qeybə çəkildi. O dağlarda, mağaralarda yaşayırdı. Allah hər qürub vaxtı ona qida gətirən mələk təyin etmişdi...3
2. Həzrət Saleh (ə). Şеyх Səduq imam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Həqiqətən, Saleh bir müddət öz qövmündən qeybə çəkildi.
O qeyb zamanı qoca bir kişi idi. Qövmünün yanına qayıtdığı vaxt onu üzdən tanıyan olmadı...”1
3. Həzrət İbrahim (ə). Rəvayətlərə əsasən həzrət İbrahim də anadan olduqdan sonra bir müddət məxfi qalmış, Allahın əmri nazil olanadək öz risalətini gizlətmişdir.2
4. Həzrət Musa (ə). Səduq belə nəql edir: “Həzrət Musa Misirdən Mədyənə qaçıb bir müddət həzrət Şüeybin yanında qaldı...”3
5. Həzrət Şüeyb (ə). Məclisi həzrət Əlinin (ə) belə buyurduğunu nəql edir: “Şüeyb peyğəmbər qocalanadək öz qövmünü Allaha doğru dəvət etdi. Həmin vaxt Allahın istədiyi dövrədək xalqdan qeybə çəkildi. Sonra cavan halda onların yanına qayıtdı...”4
6. Həzrət İlyas (ə). Qütb Ravəndi nəql edir ki, həzrət İlyas öz qövmü arasında 7 il qeybə çəkildi. Həmin müddət ərzində səhra və çöllərdə yaşadı.5
7. Həzrət Danyal (ə) nəbi: Şeyx Səduq deyir: Danyal nəbi 90 il müddətində qövmü arasından qeybə çəkildi. O, Bəxtun-Nəsrin əlində əsir oldu. Ardıcılları bu müddət ərzində onun intizarında qaldılar.” (“Kəmalud-din”, c. 1, s.385)
8. Həzrət İsa (ə):Həzrət İsanın iki növ qeybi olmuşdur: Birinci qeyb Şam və Misirdə 12 il çəkdi, ikinci qeyb dar tək təhlükəsi olan gündən bu günədək davam edir. Həzrət İsa (ə) həzrət Mehdinin (ə) zühuru zamanı ədalət hökumətinin təşkilində iştirak edəcək.
Dostları ilə paylaş: |