Sual: 32. Tarixin təkamülünə insani-fitri baxış nədir?
Cavab: İnsani-fitri baxış alət-dialektik baxışla daban-dabana ziddir. İnsani-fitri baxışa əsasən istər fərd, istər cəmiyyət üçün insani dəyərlər əsasdır. Bu baxışa əsasən, insanın daxilində bir silsilə münasibətlər mövcuddur. İnsanın xaricə ehtiyacı ağacın torpağa, suya və işığa olan ehtiyacı kimidir. Ağac sadalanan xarici amillərdən kömək alaraq öz yolunu gedir. Demək, insan yenidən qurulmamalı, sadəcə, inkişaf etdirilməlidir.
Bu baxışa əsasən, tarix də təbiət kimi öz xarakterinə uyğun kamilləşməkdədir. Təkamül həm təbiətin, həm də tarixin içindən qaynaqlanır. İnsan hərtərəfli təkamülə malik olduğundan tədricən mühitə bağlılıqlardan xilas olur. Onun maddi bağlılıqları zaman keçdikcə əqidə bağlılıqları ilə əvəz olunur. Nəhayət, bir gün insan sırf ideoloji bağlılıqlara malik olur. Daxili fərdi ziddiyyət insanın xüsusiyyətlərindəndir. Onun daxilindəki maddi yönümlə ruhani yönüm mübarizədədir. Bu hisslərdən biri insanı aşağı, digəri yuxarı çəkir. Fərdi istəklər insanı tənəzzülə uğradırsa, ideoloji istəklər insanı yüksəyə qaldırmaqla fərd çərçivəsindən çıxarır. Yuxarıya meyl bəşəriyyəti əxlaqi, dini, elmi və əqli məqsədlərə yönəldir.
Keçmiş və gələcək tarix boyu insanın çəkişmələri tədricən ideoloji xarakter alır. İnsan zaman keçdikcə öz kamal mərhələsinə, “ideal insan, ideal cəmiyyət” mərhələsinə yaxınlaşır. Bu təkamülün son istəyi İslamın “Mehdi (ə) hökuməti” adlandırdığı kamil hökumətdir. Həmin mərhələdə insan üçün heç bir batil, heyvani, eqoist hökumətdən əsər qalmır.
Demək, insan ilahi xaraktera malik bir mövcuddur. Onun haqpərəst, özünəhakim, təbiət və mühitin məcburiyyətindən azad bir təbiəti vardır. Marksizm isə insanın zatən şəxsiyyətli olduğunu qəbul etmir, onu hiss və meyl baxımından fərqli mövcud saymır. Bu səbəbdən də marksizm ideologiyasına əsasən, insan maddi, zora məhkum bir mövcuddur, maddi şəraitin əsarətində olan istehsal vasitəsindən başqa bir şey deyil. Guya insanda mövcud olan müqəddəslik onun daxilindən yox, mühitdən gəlir.
Dostları ilə paylaş: |