AYƏ 57:
﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ الَّذِينَ اتَّخَذُواْ دِينَكُمْ هُزُوًا وَلَعِبًا مِّنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ وَالْكُفَّارَ أَوْلِيَاء وَاتَّقُواْ اللّهَ إِن كُنتُم مُّؤْمِنِينَ﴾
TƏRCÜMƏ:
«Ey iman gətirənlər, sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən və (digər) kafirlərdən sizin dininizi lağa qoyan və ələ salanları özünüzə dost və köməkçi tutmayın və əgər möminsinizsə Allahdan qorxun.»
TƏFSİR:
Allahın dininə, dinin müqəddəs əqidələrinə istehza ilə yanaşaraq onları təhqir edənlərin dünyadakı cəzaları onlarla hər növ rabitənin kəsilməsidir. Çünki dinin istehza olunması kafirlərin işidir və imanın da şərti dini qeyrətə malik olub nalayiq insanlara ikrah hissi ilə yanaşmaqdır (nifrət hissi keçirməkdir).
Siz möminlər dini istehza edən kafirlərlə əlaqələri kəsməkdən heç vaxt qorxmayın, əgər imanınız varsa, yalnız Allahdan qorxun.
AYƏ 58:
﴿ وَإِذَا نَادَيْتُمْ إِلَى الصَّلاَةِ اتَّخَذُوهَا هُزُوًا وَلَعِبًا ذَلِكَ بِأَنَّهُمْ قَوْمٌ لاَّ يَعْقِلُونَ ﴾
TƏRCÜMƏ:
«(İnsanları azan vasitəsilə) namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ələ salarlar. Bu ona görədir ki, onlar düşünməyən bir tayfadırlar.»
AYƏNİN NAZİLOLMA SƏBƏBİ
Əvvəlki ayənin davamında nazil olan bu ayənin şəni-nüzulu barəsində qeyd olunur ki, yəhudilərdən bir çoxu və məsihilərdən bir neçəsi azançının səsini eşidərkən müsəlmanların namaza dayandıqlarını görüb istehza etməyə başlayırdılar. Quran müsəlmanları bu kimi şəxslərlə dostluq əlaqələri bərqərar etməkdən çəkindirir.
TƏFSİR:
Keçən ayədə münafiqlərlə, İslam hökmlərini istehza edən bəzi kitab əhli ilə dostluq bərqərar edilməsinin qadağan olunması barədə olan bəhslərin ardınca, bu ayədə şahid ünvanı ilə onların əməllərindən birinə işarə olunur və buyurulur ki, siz azan deyib müsəlmanları namaza dəvət edərkən onlar azanı istehza edib oyun-oyuncağa çevirirlər.
Bilmək lazımdır ki, namaz dinin siması olduğuna görə namazın istehza olunması dinin simasının istehza olunmasıdır. Buna görə də namaz üçün nida olunmalıdır ki, hamı bir yerə toplansın və namaz sözün tam mənasında açıq-aşkar bərqərar olunsun. İslam cəmiyyətində namaz üçün ucadan fəryad edilməli, hər yerdə təbliğ olunmalı və heç kəs bu işə mane olmamalıdır.
Ayənin sonunda tam aydınlaşır ki, aqil insanların tutduğu yol məntiqi davranış, ağılsız insanların tutduqları yol isə istehzadır.
AYƏ 59:
﴿ قُلْ يَا أَهْلَ الْكِتَابِ هَلْ تَنقِمُونَ مِنَّا إِلاَّ أَنْ آمَنَّا بِاللّهِ وَمَا أُنزِلَ إِلَيْنَا وَمَا أُنزِلَ مِن قَبْلُ وَأَنَّ أَكْثَرَكُمْ فَاسِقُونَ ﴾
TƏRCÜMƏ:
«De: “Ey kitab əhli, məgər bizdən yalnız Allaha, (Onun tərəfindən) bizə nazil olana və bizdən öncə (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirməyimizi, sizin çoxunuzun isə itaətsiz olmağınızı eyb tut(m)ursunuz?!” (Bu ayə bu sözə oxşayır ki: “Mənə mənim yalnız varlı, sənin isə yoxsul olmağını, yaxud mənim alim, sənin isə nadan olmağını eyb tutursan.”)»
AYƏNİN NAZİLOLMA SƏBƏBİ
Bu ayə və ondan sonrakı ayənin nazil olması barədə İbn Abbasdan belə nəql olunur ki, bir qrup yəhudi Peyğəmbərin (s) hüzuruna gəlib öz əqidəsini onlar üçün bəyan etməsini istədi.
Peyğəmbər (s) buyurdu: “Mən böyük və yeganə Allaha iman gətirmişəm. İbrahimə, İsmailə, İshaqa, Yəquba, Musaya, İsaya və bütün ilahi peyğəmbərlərə nazil olmuşları haqq bilirəm. Onların arasında heç bir fərq qoymuram.”
Onlar dedilər: “Biz İsanı tanımır və onu peyğəmbər kimi qəbul etmirik.” Sonra əlavə etdilər: “Biz sizin dininizdən pis bir din tanımırıq!”
Bu ayə nazil olaraq onlara cavab verdi.1
TƏFSİR:
Bu ayədə Allah-təala Peyğəmbəri-Əkrəmə (s) göstəriş verir ki, kitab əhlindən belə soruşsun: «Deyin görək, bizdən hansı bir pis və yaramaz iş baş vermişdir ki, bizə irad tutub tənqid edirsiniz? Səbəbi bundan başqa şeydirmi ki, biz yalnız yeganə olan Allaha iman gətirmişik, bizə və bizdən qabaqkı peyğəmbərlərə nazil olmuşların müqabilində təslimik?! Ayənin axırında həqiqətdə əvvəlki cümləni bəyan edən bir cümlə də buyurulur: Sizin xalis tövhidi, bütün səmavi kitabların qarşısında sözsüz təslim olmağı bizə irad tutmağınızın səbəbi budur ki, sizin əksəriyyətiniz fasiq və günaha aludə olanlarsınız. Sizin özünüz aludə və azğın olduğunuza görə müəyyən şəxslər pak və haqq yolda olsalar, bu sizin nəzərinizdə eyibli bir işdir.
Qeydlər:
1. Haqqın inkar edilməsi və haqq ardıcıllarına əzab-əziyyət verilməsi fasiqlikdir.
2. Düşmənin ciddi müqavimətləri qarşısında ədalət və insafı əldən vermək olmaz; hamını eyni səviyyədə fasiq hesab etməyin.
Dostları ilə paylaş: |