AYƏ 108:
﴿ ذَلِكَ أَدْنَى أَن يَأْتُواْ بِالشَّهَادَةِ عَلَى وَجْهِهَا أَوْ يَخَافُواْ أَن تُرَدَّ أَيْمَانٌ بَعْدَ أَيْمَانِهِمْ وَاتَّقُوا اللّهَ وَاسْمَعُواْ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ ﴾
TƏRCÜMƏ:
«Bu (üsul, yəni şəkk yaranan kimi şahidlərə and içdirilməsi və onun yalançı olması fərz olunduqda iddiaçının and içməsi) onların şəhadəti düzgün yerinə yetirmələrinə və ya onların andlarından sonra başqa andların (iddiaçılara) qaytarılmasından (və nəticədə rüsvay olmaqdan) qorxmalarına daha yaxındır. Allahdan qorxun və (Onun əmrlərini) eşidin. Allah itaətsiz camaatı hidayət etmir.»
TƏFSİR:
Bu ayədə şəhadət vermək və şahid tutmaq məsələlərində həddindən artıq ciddi və tələbkar olmağın fəlsəfəsi bəyan edilir ki, bu da əvvəlki iki ayədə irəli çəkilmişdir. Namazdan sonra camaatın hüzurunda and içmək şəhadətlərin yalan deyil, həqiqi olmasına səbəb olur. Çünki, onların şəhadətləri qəbul olunmadığı təqdirdə şəhadət və andlarının etibarsız olduğuna görə cəmiyyətdəki abır-heysiyyətlərinin aradan getməsi mümkündür.
AYƏ 109:
﴿ يَوْمَ يَجْمَعُ اللّهُ الرُّسُلَ فَيَقُولُ مَاذَا أُجِبْتُمْ قَالُواْ لاَ عِلْمَ لَنَا إِنَّكَ أَنتَ عَلاَّمُ الْغُيُوبِ ﴾
TƏRCÜMƏ:
«(Yada sal) o gün(ü) ki, Allah bütün peyğəmbərləri bir yerə toplayaraq deyəcək: “(Dəvətiniz müqabilində) sizə nə cavab verildi?” Deyəcəklər: “Bizim heç bir elmimiz yoxdur (Sənin elmin müqabilində bizim elmimiz heçdir; yaxud onların işlərinin batinini bilmirik və ya bizdən sonra etdiklərindən xəbərimiz yoxdur). Həqiqətən gizlinləri kamil surətdə bilən Sənsən.”»
TƏFSİR:
Bu ayə həqiqətdə əvvəlki ayələri bir növ təkmilləşdirir. Çünki keçən ayələrdə haqq və batil şəhadətlərlə əlaqədar təqvalı olub Allahın fərmanları ilə müxalifətçilik etməkdən çəkindirilirdi. Bu ayədə isə buyurulur: Elə bir gündən qorxun ki, o gündə Allah bütün peyğəmbərləri bir yerə yığaraq onlardan ilahi məmuriyyət və vəzifələri barəsində soruşar və buyurar ki, «camaat sizin dəvətiniz qarşısında necə cavab verdi?» Onlar bir şey bildiklərini inkar edərək bütün həqiqətləri Allahın elminə həvalə edərək deyərlər: «Pərvərdigara, bizim heç bir elmimiz yoxdur, Sən bütün qeyblərdən və gizli şeylərdən xəbərdarsan.» Beləliklə, bizə xatırladılır ki, bütün qeyb elmlərini bilən Allah qarşısında duracaq və belə bir məhkəmədə hazır ediləcəksiniz, buna görə də şəhadət verərkən haqq-ədalətə hökmən riayət edin.
Ayənin axırında bir daha xatırladılır ki, həqiqi elm yalnız Allaha məxsusdur. Hər kəsin elmi varsa, mənşəyi yalnız Odur. Eləcə də bütün qeyb elmini yalnız O bilir və qeyb elmini istədiyi şəxslərə verir.
AYƏ 110:
﴿إِذْ قَالَ اللّهُ يَا عِيسى ابْنَ مَرْيَمَ اذْكُرْ نِعْمَتِي عَلَيْكَ وَعَلَى وَالِدَتِكَ إِذْ أَيَّدتُّكَ بِرُوحِ الْقُدُسِ تُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلاً وَإِذْ عَلَّمْتُكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالإِنجِيلَ وَإِذْ تَخْلُقُ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ بِإِذْنِي فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيْرًا بِإِذْنِي وَتُبْرِىءُ الأَكْمَهَ وَالأَبْرَصَ بِإِذْنِي وَإِذْ تُخْرِجُ الْمَوتَى بِإِذْنِي وَإِذْ كَفَفْتُ بَنِي إِسْرَائِيلَ عَنكَ إِذْ جِئْتَهُمْ بِالْبَيِّنَاتِ فَقَالَ الَّذِينَ كَفَرُواْ مِنْهُمْ إِنْ هَـذَا إِلاَّ سِحْرٌ مُّبِينٌ﴾
TƏRCÜMƏ:
«(Yada sal) o zaman(ı) ki, Allah dedi: Ey Məryəm oğlu İsa, Mənim sənə və anana olan nemətimi xatırla, o zaman ki, səni Ruhul-Qudusla qüvvətləndirdim və sən camaatla beşikdə ikən (möcüzə yolu ilə) və orta yaşlarında (vəhy yolu ilə) danışırdın; o zaman ki, sənə kitab (öz kitabını və səmavi kitabları), şəriət hökmlərini, əqli elmləri, Tövratı və İncili öyrətdim; o zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəmlə quş olurdu; Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin; o zaman ki, Mənim iznimlə ölüləri (qəbirdən diri) çıxarırdın; o zaman ki, İsrail övladları üçün (peyğəmbərliyə dair) aydın dəlillər gətirdiyin vaxt, onların (şərrinin sənə dəyməsinin) qarşısını aldım, beləliklə, onlardan kafir olanlar dedilər: Bu (möcüzələr), aşkar cadudan başqa bir şey deyildir!»
TƏFSİR:
Bu ayədən başlayaraq surənin axırıncı ayələrinə qədər söhbət Həzrət İsadan (ə) gedir.
Bu ayədə müxtəlif ilahi nemətlər, onların da hamısından öncə Həzrət Məsihin (ə) Ruhul-qüdslə qüvvətləndirilməsi xatırladılır. Bəlkə də «həzrət İsanın (ə) anasına əta olunan nemət» deyildikdə, məqsəd Həzrət İsaya (ə) verilən müjdə və mələklərin Məryəmlə danışmasıdır.1 Buna əsasən, peyğəmbərlər də Allahın nemətlərini unutmamalıdırlar. Allahın Öz övliyalarına mərhəməti haqq yolçuları üçün bir növ təskinlikdir.
Bunu da qeyd edək ki, bu ayədə aşağıda bəyan olunan bəzi mühüm incəliklər gizlənmişdir:
1. Qadın elə bir yüksək mənəvi məqama çata bilər ki, peyğəmbərlərlə yanaşı qeyd olunsun.
2. Həzrət İsa (ə) beşikdə ikən danışmaqla həm özünün nübüvvətini, həm də anasının ismət məqamını və iffətini sübut etdi.
3. Peyğəmbərlər həm elm, həm də görüş sahibi olmalı, keçmişdəkilərin sözlərini bilməli, həm də yeni (müasir) kəlamlara malik olmalıdır.
4. Məsihi nəfəsi cansız təbiətə ruh verir, bununla belə, Bəni-İsrailin daşlaşmış qəlblərini dirildə bilmir.
5. Allah-təala peyğəmbərlərə ölüləri diriltmək və şəfa vermək kimi xariqüladə qüvvə verirsə, deməli camaatın onlara təvəssül edərək kömək diləmələri də caizdir. (Təvəssülü inkar edənlərə deyirik: Ola bilərmi ki, Allah bir şəxsə müəyyən qüdrət versin, amma camaatın ona diqqət yetirməsini qadağan etsin?)
6. Bəni-İsrailin həzrət İsaya (ə) olan sui-qəsdləri Allah tərəfindən dəf edilir.
Dostları ilə paylaş: |