Həvarilərə vəhy olunması dedikdə məqsəd ya onların qəlblərinə ilham olunmasıdır, ya da Həzrət İsanın (ə) vasitəsilə verilən vəhy xəbəridir. Buna görə də Allah-təala bəzən ruhi hazırlığı olan qəlblərə müəyyən şeyləri ilham edir. İnsanlara edilən ilahi ilhamlar peyğəmbərlərin ilhamlarının qüvvətləndirilməsi istiqamətindədir, nəinki onlarla eyni səviyyədədir. Buna əsasən, Allaha iman gətirmək onun peyğəmbərinə iman gətirməyin ayrılmaz hissəsidir.
112. Bu şərif ayə asimani süfrə nazil olması kimi məşhur hadisəyə işarədir. Burada buyurulur ki, Həzrəti İsanın (ə) xüsusi dostları ona dedilər: “Sənin Pərvərdigarın bizim üçün asimandan yemək göndərə bilərmi?”
Həzrət İsa (ə) bu qədər ayə və nişanələrin qeyd olunmasından sonra bir növ şəkk-şübhə sezilən bu istəkdən nigaran oldu və onlara xəbərdarlıq edərək buyurdu: “Əgər imanınız varsa Allah qarşısında təqvalı olun.”
113. Lakin onlar İsaya (ə) dərhal xəbər verdilər ki, onların bu təklifi verməkdə düzgün olmayan bir hədəfləri yoxdur. Əsas məqsədləri inadkarlıq deyil. Əksinə, bu süfrədən yemək istəyirlər ki, (asimani yeməklərdən qidalanma nəticəsində ruhiyyələrində yaranacaq nuraniyyətdən əlavə), qəlbləri xatircəmlik tapsın, bu böyük möcüzəni müşahidə etməklə “eynul-yəqin” həddinə çatsınlar və bilsinlər ki, İsanın (ə) dedikləri onlara doğrudur. Həmçinin bu işə şahidlik edə bilsinlər.
İNCƏ MƏTLƏBLƏR
1. «Maidə» surəsinin belə adlandırılması məhz səmavi süfrə istənilməsinə görədir.
2. Maidə həm yemək, həm də yeməyin qoyulduğu süfrə mənasındadır.
Qeyd olunmalıdır ki, Qurandakı dualar hər yerdə «Rəbbəna» kəlməsi ilə başlanır, lakin bu ayədə «Əllahummə Rəbbəna» kimi iki kəlmədən təşkil olunmuşdur. Bəlkə də bu, hadisənin əhəmiyyətinə və onun nəticələrinin mühüm olduğuna görədir.
Hacətin Allah övliyalarından dilənməsi, onlara təvəssül etmək və onlardan bir şey istəmək caizdir.
Peyğəmbərlər tarixdəki bütün insanlar və bəşər nəsilləri üçün gəlmişlər.
Quran nəzərindən bayram mərasimi və şadlıq keçirmək düzgün bir işdir. Allah övliyalarının miladları, Rəsuli-Əkrəmin (s) besəti kimi mühüm hadisələr səmavi süfrənin nazil olmasından heç də geri qalmır və bunlar Allahın qüdrət nişanəsi olduğuna görə onlardan həmişə ibrət dərsi alınmalıdır.