AYƏ 42:
﴿سَمَّاعُونَ لِلْكَذِبِ أَكَّالُونَ لِلسُّحْتِ فَإِن جَآؤُوكَ فَاحْكُم بَيْنَهُم أَوْ أَعْرِضْ عَنْهُمْ وَإِن تُعْرِضْ عَنْهُمْ فَلَن يَضُرُّوكَ شَيْئًا وَإِنْ حَكَمْتَ فَاحْكُم بَيْنَهُمْ بِالْقِسْطِ إِنَّ اللّهَ يُحِبُّ الْمُقْسِطِينَ﴾
TƏRCÜMƏ:
«Onlar yalana çox qulaq asaraq onu qəbul edən və haram yeyənlərdir (onlar öz alimlərindən yalan qəbul edirlər və alimləri camaatdan rüşvət alırlar). Buna görə də əgər sənin yanına gəlsələr, istəsən onların arasında hökm et, yaxud onlardan üz döndər. Əgər üz döndərsən, sənə əsla bir ziyan vura bilməzlər. Əgər hökm etsən, aralarında haqq-ədalətlə hökm et, çünki Allah ədalətliləri sevir.»
TƏFSİR:
Möhsinə zina edən yəhudilərdən bəziləri yəhudi dinində də mövcud olan daşqalaq cəzasından amanda qalmaq üçün1 Peyğəmbərin (s) yanına gəldilər ki, o Həzrət (s) onların barəsində mühakimə yürütsün. Halbuki, İslamda da zinakarın daşqalaq olunması hökmündən qafil idilər. İslamda da hökmün məhz belə olduğunu gördükdə onu qəbul etməyə hazır olmadılar.
Rəvayətlərə əsasən, «süht» müəyyən bir işi yerinə yetirmək üçün verilən hədiyyə və rüşvətə aid edilir, mənası da həlakət, yaxud həlakətə səbəb olan bir şeydir.
AYƏ 43:
﴿ وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ التَّوْرَاةُ فِيهَا حُكْمُ اللّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِن بَعْدِ ذَلِكَ وَمَا أُوْلَـئِكَ بِالْمُؤْمِنِينَ ﴾
TƏRCÜMƏ:
«Allahın hökmü içərisində olan Tövrat onların yanlarında ola-ola səni necə hakim təyin edir, sonra onun (sənin çıxardığın hökmün) ardınca (çıxarılmış hökmün kitabları ilə üst-üstə düşməsinə baxmayaraq) üz döndərirlər?! Onların (öz kitablarına da) imanları yoxdur.»
TƏFSİR:
Bu ayə yəhudilərin, Peyğəmbərdən (s) onların arasında hakim olmaq istəyini bəyan edərək təəccüblə buyurur: Bunlar sənin onların arasında hakim olmağını necə istəyirlər, halbuki Tövrat onların yanındadır?! Allahın hökmü orada mövcuddur və ona imanları vardır.
Bilmək lazımdır ki, yuxarıdakı hökm – möhsinə zina edən kişi və qadının daşqalaq edilməsi hazırkı Tövratın təsniyə sifrinin 22-ci fəslində də gəlmişdir.
AYƏ 44:
﴿إِنَّا أَنزَلْنَا التَّوْرَاةَ فِيهَا هُدًى وَنُورٌ يَحْكُمُ بِهَا النَّبِيُّونَ الَّذِينَ أَسْلَمُواْ لِلَّذِينَ هَادُواْ وَالرَّبَّانِيُّونَ وَالأَحْبَارُ بِمَا اسْتُحْفِظُواْ مِن كِتَابِ اللّهِ وَكَانُواْ عَلَيْهِ شُهَدَاء فَلاَ تَخْشَوُاْ النَّاسَ وَاخْشَوْنِ وَلاَ تَشْتَرُواْ بِآيَاتِي ثَمَنًا قَلِيلاً وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ﴾
TƏRCÜMƏ:
«Həqiqətən Biz onda hidayət və nur olan Tövratı nazil etdik. (Musanın zamanından İsanın zamanına qədər Musanın dininə) təslim olan peyğəmbərlər onun əsasında yəhudilər üçün hökm çıxarırdılar. Həmçinin rəbbani (Allahpərəst) alimlər və (Tövratşünas) bilik sahibləri onlardan Allahın kitabının qorunması istənildiyi və onlar onun (qalması və toxunulmazlığına) şahid olduqları üçün (onun əsasında hökm çıxarırdılar). Odur ki, (ey yəhudi alimləri,) insanlardan qorxmayın, Məndən qorxun və Mənim ayələrim(i təhrif etmək) vasitəsilə az bir qazanc əldə etməyin! Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır kafirlər!»
TƏFSİR:
Tövrat və İncilin təhrif olunmasını etiraf etməklə yanaşı, səmavi kitabın əslini təqdirəlayiq bilməliyik. Tövratın Musaya (ə), İncilin İsaya (ə) nazil olmasına baxmayaraq, onlardan sonrakı bütün peyğəmbər və alimlərin tərəfindən qəbul olunurdu və onlar da məhz onun hökmləri əsasında əməl edirdilər. Peyğəmbərlər özlərindən heç bir hökm vermir, əksinə, Allahın hökmünə tabe idilər. Əgər peyğəmbərlər Allahın hökmünə təslimdirsə, onda biz nə üçün təslim olmamalıyıq? İslam bütün insanların dinidir. Bəni-İsrail peyğəmbərləri də yəhudiyyət və nəsraniyyətlə deyil, «əsləmu» cümləsi ilə vəsf edilmişlər.
Ümumiyyətlə, hər ümmətin alimləri ilahi hökmlərin məhz onların arasında icra olunmasına cavabdehdir. Vilayəti-fəqih məsələsi bütün dinlərdə mövcud olmuşdur.
İNCƏ MƏTLƏBLƏR
«Rəbbani» kəlməsi «tərbiyə edən» mənasında olan bir kəlmədir (rəbban – ətşan vəznindədir). Bəzilərinin nəzərinə əsasən, rəbbani o kəsə deyilir ki, Rəbbul-aləminlə əlaqəsi olsun, Ondan başqası ilə aramlıq tapmasın, elm və əməli ilə ilahi bir insan olsun və digər insanların tərbiyəsini də öhdəsinə alsın.
«Hibr» yaxşı əsər mənasınadır. Cəmiyyətdə olan alimlər yaxşı əsərin mənşəyi olduğundan onlara hibr və əhbar deyilir (əhbar – hibrin cəm formasıdır).1
Dostları ilə paylaş: |