BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə29/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   ...   25   26   27   28   29   30   31   32   ...   53

AYƏ 92:


﴿وَهَـذَا كِتَابٌ أَنزَلْنَاهُ مُبَارَكٌ مُّصَدِّقُ الَّذِي بَيْنَ يَدَيْهِ وَلِتُنذِرَ أُمَّ الْقُرَى وَمَنْ حَوْلَهَا وَالَّذِينَ يُؤْمِنُونَ بِالآخِرَةِ يُؤْمِنُونَ بِهِ وَهُمْ عَلَى صَلاَتِهِمْ يُحَافِظُونَ﴾

TƏRCÜMƏ:


«Bu, Bizim nazil etdiyimiz mübarək, özündən əvvəlkiləri (peyğəmbərləri səma kitablarını) təsdiq edən bir kitabdır. (Onun nazil olması bir sıra məsləhətlərə əsaslanır.) (onu həm ) ona görə (nazil etmişik) ki, (vəhy mərkəzi olan) Ümmül-Qura(nın əhalisini) onun ətrafındakıları ( bütün aləmdəkiləri) qorxudasan. (Keçmiş səma kitablarının sağlam ağılın köməyi ilə) axirətə imanı olanlar ona iman gətirərlər. Onlar öz namazlarını qoruyarlar (ibadətlərində özlərini Allah qarşısında daxilən alçaldarlar)

TƏFSİR:


«Haza kitabun» cümləsində kitab dedikdə məqsəd Qurani-Kərim, «mübarəkun» dedikdə isə məqsəd onun malik olduğu çoxlu faydalardır. O cümlədən, onun qiraət olunması xeyirdir. Ona əməl edilməsi bütün dünya və axirət xeyirlərinin mənşəyidir. Onda əvvəldəkilərin və axırdakıların elmi, halal-haramın hökmləri vardır. Dünya durduqca və təklif mövcud olduqca Quran da qalacaq və heç vaxt qüvvədən düşməyəcəkdir.

Buyurulur: Bu Bizim nazil etdiyimiz çox bərəkətli kitabdır. Çünki müxtəlif xeyir-bərəkətin, yaxşılıq və qələbələrin mənşəyidir. Bundan əlavə, özündən əvvəl nazil olmuş səmavi kitabların hamısını təsdiq edir.

Quranın özündən əvvəlki müqəddəs kitabları təsdiq etməsi dedikdə məqsəd budur ki, onlarda mövcud olan nişanələrin hamısı ilə uyğun gəlir. Buna əsasən, həm məzmun, həm də tarixi sənəd baxımından haqq olma nişanələri onda mövcuddur.

Sonra Quranın nazil edilməsindəki hədəf belə izah edilir: «Onu göndərdik ki, Ümmül-Qura (Məkkə) əhalisini və onun ətrafında yaşayanların hamısını ilahi əzabdan qorxudub, onları öz vəzifə və məsuliyyətləri ilə agah edəsən.»

Məkkəyə ona görə “Ümmül-Qura” deyilir ki, o yer üzündə vücuda gələn quru yerlərin əsli və başlanğıcıdır. Rəvayətlərdə qeyd olunur ki, yerin quru hissələri Kəbə evinin olduğu yerdən açılıb yayılmağa başlamış və «Dəhvul-ərz» (yerin genişlənməsi) adlandırılmışdır. Buna görə də «onun ətrafında yaşayanlar» dedikdə yer kürəsində yaşayan bütün insanlar nəzərdə tutulur.

Ayənin davamında deyilir: Qiyamət gününə, əməllərin mükafatına, haqq-hesaba imanlı olanlar bu kitaba da iman gətirər, öz namazlarını da vaxtlı-vaxtında yerinə yetirərlər.


NAMAZIN ƏHƏMİYYƏTİ


Yuxarıdakı ayədə bütün dini göstərişlərdən yalnız namazın adı çəkilmişdir. Bildiyimiz kimi, namaz insanın Allahla olan rabitəsi olduğuna görə bütün ibadətlərdən yüksəkdir. Bəzi təfsirçilər inanırlar ki, bu ayə nazil olduğu zaman İslamda vacib olan yeganə şey namaz idi.

AYƏ 93:


﴿وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللّهِ كَذِبًا أَوْ قَالَ أُوْحِيَ إِلَيَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَيْءٌ وَمَن قَالَ سَأُنزِلُ مِثْلَ مَا أَنَزلَ اللّهُ وَلَوْ تَرَى إِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلآئِكَةُ بَاسِطُواْ أَيْدِيهِمْ أَخْرِجُواْ أَنفُسَكُمُ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنتُمْ تَقُولُونَ عَلَى اللّهِ غَيْرَ الْحَقِّ وَكُنتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ﴾

TƏRCÜMƏ:


«Kim Allaha yalan nisbət verən kəsdən, yaxud ona heç bir vəhy edilmədiyi haldamənə vəhy olunmuşdur» deyən şəxsdən «mən tezliklə Allahın nazil etdiyi kimi nazil edəcəyəm!” deyən kəsdən daha zalım ola bilər? Kaş zalımları ölüm burulğanında olduqları zaman görəydin ki, mələklər əllərini (onlara tərəf) açıblar ( onların üstünə qışqırırlar) ki: “canlarınızı bədəndən özünüz çıxarın, (yaxud) canlarınızı bizim çəngimizdən qurtarın! (Bərzəx aləminə daxil olmaq günü olan) bu gün Allah barəsində haqsız dediklərinizin Onun ayə nişanələrinə (onları qəbul etmək təslim olmaq müqabilində) təkəbbür göstərməyinizin cəzası olaraq alçaldıcı bir əzabla cəzalandırılacaqsınız.”»

TƏFSİR:


Əvvəlki ayələrdə aydın oldu ki, nübüvvət məqamı Peyğəmbərə (s) yalnız Allah tərəfindən verilir və bu səmavi kitab da ona nazil olur. Bu ayədə isə Quranı təkzib edən və onun kimi bir kitab gətirəcəklərini iddia edən kafirlər məzəmmət edilir.

Bu ayədəki sual inkar sualıdır. Mənası budur ki, Allaha yalan nisbəti verərək özünü peyğəmbər adlandıran, həqiqətdə isə belə bir məqama malik olmayan şəxsdən də zalım bir şəxs yoxdur. Yaxud belə şəxs iddia edə bilər ki, ona vəhy olunur. Halbuki ona heç bir şey vəhy olunmur. Yalançı bir şəxsi peyğəmbər seçmək Allahın hikmətinə yaraşmaz. Bu iddia da bir növ iftira olduğuna görə əvvəlki cümlənin tərkibinə daxildir. Lakin çox əhəmiyyət kəsb etdiyinə görə ayrıca şəkildə qeyd olunmuşdur.

Zəccacın dediyinə görə, bu cümlə «Allahın nazil etdiyi şeyləri nazil edərəm» − deyə iddia edənlərin cavabında nazil olub. Onlar belə böyük iddialar etdilər. Allahın nurunu söndürmək üçün nə qədər çalışıb xərc çəksələr və məkrli tədbirlər töksələr belə bu işin öhdəsindən gələ bilmədilər və Allah Öz nurunu tamamladı.

Müfəssirlərdən bəziləri demişlər ki, məqsəd Əbdüllah ibn Səd ibn Əbi Sərəhdir. Bir gün Peyğəmbəri-Əkrəm (s) ona göstəriş vermişdi ki, belə yazsın: «Vələqəd xələqnəl-insanə min sulalətin min tinin...summə ənşənahu xəlqən axiri» («Möminun» surəsi, 12-ci ayədən sonra) Bu zaman Əbdüllah özündən asılı olmayaraq «Fətəbarəkəllahu əhsənul-xaliqin» cümləsini dedi. Peyğəmbər (s) göstəriş verdi ki, bu cümləni də yazsın və əlavə etdi ki, Allah tərəfindən ona bu cür nazil olmuşdur.

Əbdüllah ibn Səd bu hadisədən sonra mürtəd olub dedi: «Əgər Məhəmməd düz deyirsə, onda ona nazil olan hər şey mənə də nazil olur. Əgər yalançıdırsa mən də elə onun kimi söz deyirəm!» Peyğəmbəri-Əkrəm (s) onun qanını mübah etdi.

Peyğəmbərə (s) buyurulur: Kaş zalımları can verdiyi, yaxud cəhənnəm əzabında ən ağır işgəncələrə düçar olduğu halda görəsən. Ruhu alan, yaxud əzab mələkləri öz əllərini uzatmışlar ki, onların ruhunu alsınlar, yaxud onlara əzab versinlər. Bu zaman mələklər onların üzlərinə və alınlarına vuraraq deyərlər: “Əgər bacarırsınızsa və düz deyirsinizsə özünüzü bu çətinlikdən xilas edin!” Bu zaman onların çox dərdli əzaba düçar olduqlarını görərsən.

Müfəssirlərin bəzisi demişdir: «Məqsəd budur ki, ruhu alan mələklər onları təhdid edərkən “Ruhunuzu bədəninizdən çıxardın!” deyərlər. Halbuki, ruhu bədəndən çıxartmaq onların öz işi deyil, mələklərin işidir.»

Bəziləri demişlər: “Ayənin axirət əzabı barəsində nazil olduğunu əsas tutsaq məqsəd bu olar ki, Qiyamət günündə mələklər onlara belə deyər: “Əgər bacarırsınızsa, özünüzü əzabdan xilas edin! Siz bu gün xarlıqla yanaşı olan bir əzaba düçar olmusunuz. Çünki dünyada Allah barəsində nahaq sözlər deyir və Onun ayələri qarşısında təkəbbür edirdiniz.”



İNCƏ MƏTLƏBLƏR

1. Mədəni zülm və ləyaqətsizlər tərəfindən ümmətə rəhbərlik iddiası etmək ən böyük zülmdür.

2. Bəzi xəlifələrin işi olan dində bidətçilik Allah barəsində iftira və yalanın ən böyük nümunələrindən biridir.


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin