AYƏ 125:
﴿فَمَن يُرِدِ اللّهُ أَن يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلإِسْلاَمِ وَمَن يُرِدْ أَن يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاء كَذَلِكَ يَجْعَلُ اللّهُ الرِّجْسَ عَلَى الَّذِينَ لاَ يُؤْمِنُونَ﴾
TƏRCÜMƏ:
«Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar. Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar.»
TƏFSİR:
Allaha mənsub edilən hidayət və zəlalət dedikdə məqsəd layiqli insanlar üçün hidayət səbəblərini tədarük görmək, ləyaqəti olmayanlar üçün isə həmin səbəbləri aradan aparmaqdır.
Bu ayədəki «sədr» dedikdə məqsəd insanın ruhu və qəlbi, «qəlbi genişlik» dedikdə isə onun əql üfüqlərini, fikrini genişləndirmək, ruhunu haqqı və hidayəti qəbul etmək üçün yüksəltməkdir ki, bu da insanın ürəyi istəyən təmayüllərindən və həvayi-nəfsindən keçməsini lazımlı edir. Hər kəsdə qəlbi genişlik olmasa, əbədi olaraq özünün dar düşüncəsində qalar və ondan heç vaxt çıxa bilməz. Qəlb genişliyinin bir nəticəsi bəsirət, digəri isə nuranilikdir. Biri ürəyiyumşaqlıq, digəri isə haqqı qəbul etməkdir. Buna əsasən, haqqı qəbul etmək üçün əvvəlcədən batini zəmin və tutum olmalıdır. Hər kəsdə haqqı qəbul etməyə hazırlıq olmazsa, mərifət səmasında pərvaz edə bilməz.
Fitrət və əql hüdudlarından xaric olmağın nəticəsi irticaçılıq və dar düşüncəlikdir. Yolunu azanlar zahirdə özlərini genişlikdə və tərəqqidə görsələr belə, həqiqətdə ruhi sıxıntılara və darlığa düçar olmuşlar.
AYƏ 126:
﴿ وَهَـذَا صِرَاطُ رَبِّكَ مُسْتَقِيمًا قَدْ فَصَّلْنَا الآيَاتِ لِقَوْمٍ يَذَّكَّرُونَ ﴾
TƏRCÜMƏ:
«Bu (Quran və din), sənin Rəbbinin doğru yoludur. Doğrudan da Biz (Öz tövhid) ayələri(mizi və dinin haqq olmasını) öyüd götürən bir dəstə üçün ətraflı bəyan etdik.»
TƏFSİR:
Allahın daimi qanunu budur ki, haqqı qəbul edən pak qəlbli insanların qəlblərini daha da genişləndirsin, imandan qaçan inadkarları isə köməyin kəsilməsi bəlasına düçar etsin. Buna əsasən, Allah yolundan başqa mövcud olan yolların hamısı ya azğınlığa, ya da bağlı dalanlara aparır.
Əgər diqqət yetirsələr, Mütəal Allahın höccəti bütün insanlara tamamladığını görərlər.
AYƏ 127:
﴿ لَهُمْ دَارُ السَّلاَمِ عِندَ رَبِّهِمْ وَهُوَ وَلِيُّهُمْ بِمَا كَانُواْ يَعْمَلُونَ ﴾
TƏRCÜMƏ:
«Onlar üçün Rəbblərinin yanında (hər bir zərər-ziyandan və naqislikdən uzaq olan və bir-birlərinə yalnız salam verdikləri) “Darus-səlam” vardır. Və O, (dünyada) etdikləri əməllərin mükafatı olaraq onların dostu və yardımçısıdır.»
TƏFSİR:
Behiştdə heç cür kobudluq, rəqabət, ziddiyyət, töhmət, həsəd, kin-küdurət, yalan, qəm-qüssə, nigaranlıq, ölüm, xəstəlik, fəqirlik və s. yoxdur.
Behişt əhli üçün əminamanlıq və salamatlıq nemətindən əlavə, Allahın xüsusi lütfünə şamil olmaq da vardır. Bir sözlə, bunlar o kəslər olmalıdır ki, Pərvərdigarın yanında müqərrəb mələklərin məqamına, hətta onlardan da yüksəkdə «indiyyət» (ində rəbbihim − rəbbləri yanında) məqamına malik olsunlar («ində Rəbbihim»). Hər bir halda, ilahi vilayət və əminamanlıq məqamına çatmaq yalnız saleh əməl sayəsində mümkün olur.
AYƏ 128:
﴿وَيَوْمَ يِحْشُرُهُمْ جَمِيعًا يَا مَعْشَرَ الْجِنِّ قَدِ اسْتَكْثَرْتُم مِّنَ الإِنسِ وَقَالَ أَوْلِيَآؤُهُم مِّنَ الإِنسِ رَبَّنَا اسْتَمْتَعَ بَعْضُنَا بِبَعْضٍ وَبَلَغْنَا أَجَلَنَا الَّذِيَ أَجَّلْتَ لَنَا قَالَ النَّارُ مَثْوَاكُمْ خَالِدِينَ فِيهَا إِلاَّ مَا شَاء اللّهُ إِنَّ رَبَّكَ حَكِيمٌ عَليمٌ﴾
TƏRCÜMƏ:
«Və (yada sal) o gün(ü) ki, (Allah) onların (insan və şeytanların) hamısını toplayacaq (və buyuracaqdır): “Ey şeytanlar dəstəsi, insanlardan bolluca bəhrələndiniz (onların çoxusunu öz davamçınız etdiniz).” Və onların insanlardan olan dostları deyəcəklər: “Ey Rəbbimiz, biz iki tayfa bəzimiz bəzimizdən istifadə etdik (onlar çoxlu sayda insanı azdıraraq yoldan çıxarmalarının ləzzətini daddılar və biz, onların göstərişləri ilə sürdüyümüz keflərin ləzzətini daddıq) və bizim üçün təyin etdiyin o (ömür) müddət(inə və o bədbəxtlik həddin)ə gəlib çatdıq.” (Allah) buyuracaq: “Sizin yeriniz oddur, orada əbədi qalacaqsınız, Allahın (əbədi qalmamağınızı) istəməsi istisna olmaqla (ki, Allah da həmin oddan çıxmağınızı istəməyəcəkdir). Həqiqətən sənin Rəbbin hikmətli və biləndir (bilir ki, kimə və nə qədər əzab versin).”»
TƏFSİR:
Əvvəlki ayədəki mətləbin davamında buyurulur: O gündə Allah bütün məxluqatı dirildərək buyurar: Ey cinlər! Siz insanlardan çoxunu azdırdınız. O insanlar ki, sizə tabe olmuşdular, «Pərvərdigara! Biz bir-birimizdən faydalandıq» – deyərlər. Cinlərin insanlardan aldığı fayda budur ki, cinlər onların rəhbərləri, başçıları olmuşlar, insanlar da onların həvayi-nəfslərinə tabe olmuşlar. İnsanların onlardan aldığı fayda isə bu olmuşdur ki, cinlər şəhvət və ləzzətləri onların nəzərində zinətləndirmiş, onların başını bu kimi işlərlə qatmışdır.
Onlar deyərlər: Bizim üçün təyin olunmuş vaxt gəlib çatdı. Bəziləri demişlər ki, burada məqsəd ölülərin dirilməsidir. Allah da onlara buyurar: Cəhənnəm odu sizin əbədi iqamətgahınızdır və orada əbədi olaraq əzaba düçar olacaqsınız. Yalnız Allahın istədiyi kəslərdən başqa.
Bu istisna günahkar müsəlmanlara aiddir ki, əgər Allah istəyərsə, onlara əzab verər, istərsə də Öz lütf və mərhəməti ilə bağışlayar. Allah Öz işində hikmətli və hər şeyi biləndir.
Dostları ilə paylaş: |