AYƏ 136:
﴿وَجَعَلُواْ لِلّهِ مِمِّا ذَرَأَ مِنَ الْحَرْثِ وَالأَنْعَامِ نَصِيبًا فَقَالُواْ هَـذَا لِلّهِ بِزَعْمِهِمْ وَهَـذَا لِشُرَكَآئِنَا فَمَا كَانَ لِشُرَكَآئِهِمْ فَلاَ يَصِلُ إِلَى اللّهِ وَمَا كَانَ لِلّهِ فَهُوَ يَصِلُ إِلَى شُرَكَآئِهِمْ سَاء مَا يَحْكُمُونَ﴾
TƏRCÜMƏ:
«(Müşriklər) Allahın yaratdığı şeylərdən–əkin və dördayaqlılardan Ona bir pay qoydular və öz gümanlarına əsasən “bu, Allahın, bu isə bizim şəriklərimizin (bizim Allaha qoşduğumuz şəriklərin)dir” dedilər. Lakin şərikləri üçün olan Allaha çatmır, Allah üçün olan isə şəriklərinə çatır. Hökm etdikləri şey (necə də) pisdir.»
TƏFSİR:
Peyğəmbərlərin ilahi tərbiyə proqramlarından uzaqlaşan, xəyali və puç fikirlər vadisinə düşənlərin söz və qərarları da eynilə xəyali və məntiqsizdir. Onlar özlərini hər bir şeyin maliki və sahibi hesab edir və elə bu əsasda da bölgü aparırdılar. Bir dəfə oğlanları özlərinə götürərək qızları Allahın payı hesab edirdilər («Nəcm» surəsi, 21-ci ayə), başqa vaxt isə taxılı və heyvanları öz xəyallarına əsasən bölüşdürürdülər.
Müşriklər bütlərin paylarının heç vaxt dəyişdirilə bilmədiyini təsəvvür edir və bu payları bütxanalara və oradakı xidmətçilərə xərcləyirdilər. Lakin Allahın payını uşaqlara, fəqirlərə və qonaqlara deyil, «asimanların Allahı ehtiyacsızdır!» – deyə xərcləri kəsir gəldiyi zaman bütxanalara sərf edirdilər.
Onlar necə də pis mühakimə yürüdürdülər! Çünki öz bütlərini Allahdan qabağa salır və heç bir şəri və qanuni əsası olmayan işlər görürdülər. Bundan da çirkin və rüsvayçı bir iş ola bilərmi ki, insan bir daş parçasını, yaxud dəyərsiz taxtanı bütün varlıq dünyasını yaradan Allahdan üstün olduğunu güman etsin? Düşüncənin bundan da aşağı səviyyəyə tənəzzül etməsi təsəvvür edilə bilərmi?
AYƏ 137:
﴿ وَكَذَلِكَ زَيَّنَ لِكَثِيرٍ مِّنَ الْمُشْرِكِينَ قَتْلَ أَوْلاَدِهِمْ شُرَكَآؤُهُمْ لِيُرْدُوهُمْ وَلِيَلْبِسُواْ عَلَيْهِمْ دِينَهُمْ وَلَوْ شَاء اللّهُ مَا فَعَلُوهُ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ ﴾
TƏRCÜMƏ:
«Və beləcə şərikləri (müşriklərin Allaha şərik qoşduqları bütlər və cinlər) müşriklərin çoxuna (bölgüdə olduğu kimi) övladlarını (bütlərə qurban etmək məqsədilə) öldürməyi (də) zinətləndirdilər ki, onları (mənəvi) həlakətə sürükləsinlər və onların (İbrahim peyğəmbərin dini olan) dinlərini onlara anlaşılmaz və (xürafata) qarışıq göstərsinlər. Əgər Allah (məcbur etmək) istəsəydi, onlar o işi etməzdilər (lakin Allahın ənənəvi qanunlarında etiqad və əməldə məcbur etmək yoxdur). Buna görə də (sənə cihad etmək əmr olunana kimi) onları və (uydurduqları) iftiralarını burax.»
TƏFSİR:
Bu ayədə isə Allah-təala bütpərəstlərin eybəcər və çirkin xislətlərindən digər birinə işarə edərək buyurur: Onlar əkinçilikdən məhsul əldə etdikləri və mal-qara saxladıqları zaman Allah üçün müəyyən bir pay ayırıb seçdikləri kimi, şeytanlar da qız övladlarını qətlə yetirmək və ya diri-diri basdırmaq kimi (fəqirlikdən və yoxsulluqdan qorxduqlarına görə) çirkin işləri onların nəzərində gözəl cilvələndirmişdir.
Bəziləri demişlər ki, qızları öldürmək kimi insaniyyətə zidd bir ənənə buradan başlanmışdır: Nöman ibn Münzər bir qoşun ilə hücum edib ərəb qövmündən birini qarət etdi və onların qadınlarını əsir tutdu. Qeys ibn Asimin də qızı əsirlərin içində idi. Sonra sülh bağlandı. Qadınların hamısı öz ailələrinə qayıtdılar, amma Qeysin qızı düşmən ordusunun arasında qalmağı üstün hesab etdi. Qeys and içib dedi ki, bundan sonra nə qədər qızı olacaqsa hamısını diri-diri basdıracaq.
«Li yərudduhum» kəlməsindəki «lam» hərfi «aqibət» üçündür. Yəni övladın qətlə yetirilməsinin zinətli göstərilməsinin nəticəsi insanların həlak olmasıdır. Əlbəttə, onların arasında elə inadkarlar da var idi ki, qızları həlak etmək məqsədi güdürdülər.
Bu işin digər nəticəsi bu idi ki, onları dinləri barədə şəkk-şübhəyə salırdılar. Əgər Allah onları bu işdən çəkindirmək, yaxud bu işi tərk etməyə məcbur etmək istəsəydi, hökmən edər və onların qarşısını alardı. Amma bu iş ixtiyari bir məsələ olan təkliflə uyğun gəlmir.
Axırda son dərəcə şiddətli bir təhdidlə buyurulur ki, onları öz yalan və iftiraları ilə birlikdə tərk et və öz hallarına burax. Çünki Allah onları cəzalandıracaqdır.
Bu ayə göstərir ki, qətl işinin zinətləndirilməsi və qətlin özü onların öz əməlləri idi. Bunu Allaha nisbət verməkdə isə yalan danışırdılar.
Dostları ilə paylaş: |