AYƏ 155-156:
﴿ وَهَـذَا كِتَابٌ أَنزَلْنَاهُ مُبَارَكٌ فَاتَّبِعُوهُ وَاتَّقُواْ لَعَلَّكُمْ تُرْحَمُونَ. أَن تَقُولُواْ إِنَّمَا أُنزِلَ الْكِتَابُ عَلَى طَآئِفَتَيْنِ مِن قَبْلِنَا وَإِن كُنَّا عَن دِرَاسَتِهِمْ لَغَافِلِينَ ﴾
TƏRCÜMƏ:
155. «Bu, Bizim nazil etdiyimiz mübarək bir kitabdır. Buna görə də ona tabe olun və təqvalı olun, bəlkə rəhm olundunuz.»
156. «Məbada “(Səmavi) kitab bizdən qabaq yalnız iki tayfaya (yəhudilərə və xristianlara) nazil olmuşdur və həqiqətən biz onları oxumaq və araşdırmaqdan xəbərsiz olmuşuq” deyəsiniz.»
TƏFSİR:
155. Bu ayədə Quran və Onun təlimatlarının nazil olmasına işarə edilir, əvvəlki ayədəki bəhs təkmilləşdirilərək buyurulur: Bu Bizim nazil etdiyimiz əzəmətli, mübarək bir kitabdır. O bütün xeyirlərin və yaxşılıqların mənşəyidir. Siz pəhrizkar və təqvalı olun, Onun göstərişləri ilə müxalifətçilik etməkdən çəkinin. Bəlkə Allahın rəhməti sizə şamil ola.
156. Bu ayədə isə bütün bəhanələr və qaçış yolları müşriklərin üzünə bağlanır. Əvvəlcə buyurulur: Biz bu səmavi kitabı bu qədər imtiyazlarla birlikdə nazil etmişik ki, siz «Səmavi kitab yalnız bizdən əvvəlki iki tayfaya (yəhudilərə və məsihilərə) nazil olmuşdur, biz Onun barəsində mütaliə edib araşdırma aparmaqdan qafil idik. Biz ona görə Sənin fərmanların qarşısında itaətsizlik etdik ki, bu fərmanlar başqalarının əlində idi və biz Onu əldə edə bilmirdik» - deməyəsiniz.
AYƏ 157:
﴿أَوْ تَقُولُواْ لَوْ أَنَّا أُنزِلَ عَلَيْنَا الْكِتَابُ لَكُنَّا أَهْدَى مِنْهُمْ فَقَدْ جَاءكُم بَيِّنَةٌ مِّن رَّبِّكُمْ وَهُدًى وَرَحْمَةٌ فَمَنْ أَظْلَمُ مِمَّن كَذَّبَ بِآيَاتِ اللّهِ وَصَدَفَ عَنْهَا سَنَجْزِي الَّذِينَ يَصْدِفُونَ عَنْ آيَاتِنَا سُوءَ الْعَذَابِ بِمَا كَانُواْ يَصْدِفُونَ﴾
TƏRCÜMƏ:
«Yaxud “əgər bizə (səmavi) kitab nazil olsaydı, şübhəsiz, onlardan da artıq hidayət tapmış olardıq” deyəsiniz. Beləliklə, həqiqətən sizin üçün Rəbbiniz tərəfindən dəlil-sübut və hidayət və rəhmət amili gəlmişdir. Buna görə də kim Allahın ayələrini təkzib edən, onlardan üz çevirən və başqalarını da ondan döndərəndən daha zalım ola bilər? Tezliklə Bizim ayələrimizdən üz döndərən və (həmçinin) başqalarına da mane olanları üz döndərmələrinin və (başqalarına) mane olmalarının cəzası olaraq ağır bir əzabla cəzalandıracağıq.»
TƏFSİR:
Bu ayədə həmin bəhanə daha geniş səviyyədə – onların əksəriyyətinin qürur və iddiaları ilə qarışmış olan bir şəkildə qeyd olunur. Belə ki, əgər Quran onlara nazil olmasaydı, iddia edərək deyə bilərdilər ki, biz Allahın əmr və fərmanlarına itaət etməyə bütün millətlərdən artıq hazırlıqlı idik. Bu ayədə buyurulur ki, Biz Quranı nazil etdik ki, onlar «əgər bizə asimani bir kitab nazil etsəydin, biz onların hamısından daha artıq qəbul edərək daha çox hidayət olunardıq» - deməsinlər.
Quran bu kimi şəxslərin iddiasının cavabında buyurur: Allah bütün bəhanə yollarını sizin üzünüzə bağlamışdır. Çünki Pərvərdigarınız tərəfindən sizin üçün daha aydın dəlil və ayələr gəlmişdir. Özü də ilahi hidayət və rəhmətlə yanaşıdır. Bununla belə, Allahın ayələrini təkzib edən və onlardan üz çevirənlərdən də zalım bir kimsə varmı?
Bununla göstərilir ki, onlar təkcə ilahi ayələrdən üz çevirmir, həm də ondan çox sürətlə uzaqlaşırdılar. Ayənin axırında bu kimi inadkar və düşüncəsiz insanların intizarını çəkən dərdli əzablardan söhbət açılır. Çünki onlar haqqı-həqiqəti tapmaq üçün azacıq belə, axtarış aparmadan onu inkar etmiş və ondan qaçmışlar. Hətta başqalarının da düz yola hidayət olunmasına maneçilik törətmişlər.
Quran qısa bir cümlə ilə buyurur: Bizim ayələrimizdən üz döndərənləri tezliklə şiddətli cəzalara düçar edəcəyik. Çünki onlar təəssüb üzündən və heç bir dəlil olmadan ayələrimizdən üz çevirirdilər.
Dostları ilə paylaş: |