AYƏ 158:
﴿هَلْ يَنظُرُونَ إِلاَّ أَن تَأْتِيهُمُ الْمَلآئِكَةُ أَوْ يَأْتِيَ رَبُّكَ أَوْ يَأْتِيَ بَعْضُ آيَاتِ رَبِّكَ يَوْمَ يَأْتِي بَعْضُ آيَاتِ رَبِّكَ لاَ يَنفَعُ نَفْسًا إِيمَانُهَا لَمْ تَكُنْ آمَنَتْ مِن قَبْلُ أَوْ كَسَبَتْ فِي إِيمَانِهَا خَيْرًا قُلِ انتَظِرُواْ إِنَّا مُنتَظِرُونَ﴾
TƏRCÜMƏ:
«Yoxsa onlara (əzab) mələklərin(in) gəlməsini, ya Rəbbinin (Onun rübubiyyətinin bütün nişanələrinin – Qiyəmətin) gəlməsini, ya Rəbbinin (ölümün əlamətlərindən ibarət) bəzi nişanələrinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi nişanələrinin gələcəyi gün, ondan əvvəl imanı olmayan və ya iman halında bir şey əldə etməmiş şəxsə iman gətirməsinin bir xeyri olmayacaqdır (o, birinci halda kafir, ikinci halda isə itaətsiz günahkar halda dünyadan köçəcəkdir). De: “(Əzabın gəlməsini) gözləyin ki, biz də gözləyirik.”»
TƏFSİR:
Keçən ayələrdə bu həqiqət bəyan olundu ki, Allah-təala höccətini bütün müşriklərə tamamlamış, səmavi kitab olan Quranı bütün insanların hidayəti üçün göndərmişdir. Bu ayədə isə buyurulur ki, bu insanlar o qədər inadkardırlar ki, bu qədər aydın dəlil və bəyanlar belə, onlara təsir qoymur, sanki özlərinin məhv olmasını, yaxud axırıncı fürsətlərin əldən çıxmasını, yaxud da qeyri-mümkün olan işlərin baş verməsini gözləyirlər.
Əvvəldə buyurulur: Onlar ölüm mələyinin onların sorağına gəlməsi, yaxud Pərvərdigarlarının onların gözlərinə görünməsinə iman gətirməkdən başqa bir şeyin intizarını çəkirlərmi?
Sonra buyurulur: Yaxud bunu gözləyirlərmi ki, Pərvərdigarın ayə və nişanələrindən bəziləri – dünyanın sonunda, Qiyamətin başlanğıcında olacaq işlər baş versin? Halbuki, bunun ardınca bütün tövbə qapıları onların üzünə bağlanacaqdır.
Bunun ardınca buyurulur: Bu kimi ilahi ayə və nişanələrin baş verdiyi o gündə əvvəlcə iman gətirməyənlərin, yaxud yaxşı işlər görməyənlərin imanları qəbul olunmayacaq və artıq tövbə qapıları onların üzünə bağlanacaqdır. Çünki zərurət şəraitində və çıxılmaz vəziyyətdə olan iman və tövbənin heç bir dəyəri yoxdur.
Ayənin axırında təhdidli bir nəhy ilə belə inadkarlara buyurulur: İndi ki, siz belə (qeyri-mümkün) şeyləri təvəqqe edirsiniz, öz intizarınızda qalın, biz də gözləyənlərdən olacağıq.
Yuxarıdakı ayədən düşünülən incə mətləb budur ki, bu ayədə nicatın imanda olması qeyd olunur, özü də elə bir iman ki, onun sayəsində insan yaxşı əməllər görmüş olsun.
AYƏ 159:
﴿ إِنَّ الَّذِينَ فَرَّقُواْ دِينَهُمْ وَكَانُواْ شِيَعًا لَّسْتَ مِنْهُمْ فِي شَيْءٍ إِنَّمَا أَمْرُهُمْ إِلَى اللّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُواْ يَفْعَلُونَ ﴾
TƏRCÜMƏ:
«Şübhəsiz, sənin dinlərini parçalayan (onun əsas və qollarının bəzilərini qəbul, bəzilərini isə rədd edən, yaxud dinlərində müxtəlif məzhəblər yaradan) və dəstə-dəstə olan kəslərlə heç bir əlaqən (onların işlərinə görə heç bir məsuliyyətin və onların cəzasında heç bir iştirakın) yoxdur. Onların işi yalnız Allaha qalmışdır. O, sonra (axirət günü) onları gördükləri işdən xəbərdar edəcəkdir.»
TƏFSİR:
Əvvəlki ayələrdə bəyan olunan göstərişlərin ardınca (onların axırında da Allahın düzgün yoluna itaət etmək, hər növ nifaq və ixtilaf ilə mübarizə aparmaq göstərişi verilmişdi) bu ayə həqiqətdə həmin mətləbləri bir növ təfsir və təkid edir. Əvvəlcə buyurulur: Öz dinlərini pərakəndə vəziyyətə salan, müxtəlif dəstələrə bölünən insanlarla sənin heç bir əlaqən yoxdur, onların da sənin məktəb və ideologiyanla heç bir əlaqəsi yoxdur. Çünki sənin məktəbin tövhid və düzgün yoldur. O da birdən artıq deyildir.
Sonra bu kimi təfriqə yaradan insanları təhdid etmək üçün buyurulur: Bunların işini Allaha həvalə et. Allah onları, öz əməllərinin nəticəsindən agah edəcəkdir.
Qeyd olunmalıdır ki, bu ayə təfriqə salan insanların hamısı barəsində ümumi bir göstərişdən ibarətdir ki, bu da müxtəlif növ bidətlər qoymaq, Allah bəndələrini pərakəndə vəziyyətə salmaq, ixtilaf və nifaq toxumu səpməkdən ibarətdir, istər əvvəlki ümmətlərdə olsun, istərsə də bizim ümmətdə.
Bu ayə bir daha göstərir ki, İslam dini vəhdət və yeganəlik dinidir. O hər növ nifaq, təfriqə və pərakəndəliyə qarşı zidd mövqe tutur və bu məsələyə tam təkidlə nəzər yetirir.
Dostları ilə paylaş: |