AYƏ 73:
﴿وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ بِالْحَقِّ وَيَوْمَ يَقُولُ كُن فَيَكُونُ قَوْلُهُ الْحَقُّ وَلَهُ الْمُلْكُ يَوْمَ يُنفَخُ فِي الصُّوَرِ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ﴾
TƏRCÜMƏ:
«Göyləri və yeri haqq olaraq (ali və ağılın qəbul etdiyi bir məqsəd üçün) yaradan Odur. «Ol» deyəcəyi gün (və varlıq aləminin bir hissəsini və ya hamısını yaxud onun yox olmasını, yaxud da Qiyamətin bərpa olmasını istəsə) dərhal olar. Onun sözü haqdır! Sur çalınacağı gün (hər bir şeyin mütləq) malikiyyət və hakimiyyəti Ona məxsusdur. (O) gizlini və aşkarı biləndir və Odur hikmətli və xəbərdar!»
TƏFSİR:
Bu ayədə surun bir dəfə çalınmasından, «Zümər» surəsinin 68-ci ayəsində isə iki dəfə çalınmasından söhbət açılır ki, onlardan biri dağıdıcıdır, digəri isə insanların Qiyamətdə hesab üçün dirildilməsindən ötrü çalınacaqdır.
Əvvəlki ayələrdə Allah qarşısında təslim olub namazı bərqərar etməkdən söhbət gedirdi. Burada isə onun səbəbi qeyd olunur və buyurulur ki, yaradılış Onun əli ilədir, O hikmətlidir, hər şeydən də agahdır. Hər bir şey hikmət və müəyyən hədəf əsasında yaradılmışdır.24 Buna əsasən, Allahın iradəsi qarşısında heç bir maneə ola bilməz. Qeyb və şühud aləmi, aşkar və gizlin şeylər Onun üçün bərabərdir.
İlahi hökumətin əsası hikmət və elm əsasında olduğuna görə, Qiyamətdə ilahi qüdrətin cilvələri hamı üçün aşkar olacaqdır. Çünki orada səbəb və vasitələrin hamısı öz təsirini itirəcək, Allahın qüdrəti hər şeydən artıq zahir olacaqdır.
Varlıq aləminin xaliqi və idarəedicisi hikmətli və hər şeydən xəbərdar olduğundan insan özünü (əməl, söz, rəftar və davranışını) daim nəzarət altında saxlamalıdır. Bunu da qeyd edək ki, surun üfürülməsi ilə aləmə hakim olan sistem tamamilə dəyişəcikdir. Amma haqq-hesab yenə də dəqiq və əbədidir.
AYƏ 74:
﴿ وَإِذْ قَالَ إِبْرَاهِيمُ لأَبِيهِ آزَرَ أَتَتَّخِذُ أَصْنَامًا آلِهَةً إِنِّي أَرَاكَ وَقَوْمَكَ فِي ضَلاَلٍ مُّبِينٍ ﴾
TƏRCÜMƏ:
«(Yada sal) o zaman(ı) ki, İbrahim (atalığı və ya qayınatası, yaxud əmisi, ya da müəllimi olan) atası Azərə dedi: “Bütləri (özünə) məbudlar götürürsən? Doğrudan da mən səni və sənin qövmünü aşkar bir azğınlıq içərisində görürəm.”»
TƏFSİR:
«Əb» kəlməsi adi halda ata mənasına işlənir. Lakin ana tərəfdən olan babaya, əmiyə və insanın tərbiyəçisinə də «əb» deyilir. Peyğəmbəri-Əkrəm (s) buyurur ki, «mən və Əli bu ümmətin atasıyıq». Azər İbrahimin (ə) atası deyil, əmisi idi və o Həzrətin (ə) ata-babalarının hamısı tövhid dininə sitayiş edirdilər. Sünni alimlərindən Təbəri, Alusi və Süyuti də demişlər ki, Azər İbrahimin (s) atası deyildi. Bundan əlavə, İbrahim (ə) öz ata-anası üçün dua etmişdir («İbrahim» surəsi, 41). Halbuki, bir müsəlmanın müşrik üçün, hətta onun qohumlarından olsa belə, dua etməyə haqqı yoxdur. İbrahimin (ə) öz əmisi Azər üçün istiğfar etməsi də onun küfrlə dolu ruhiyyəsinin aşkar olmasından qabaq idi. Amma haqqı qəbul etmədiyini başa düşdükdə ona nifrət etdi və ondan ayrıldı («Tövbə» surəsi, 114). Bunlardan aydın olur ki, bu ayədəki «əb» kəlməsi «ata» mənasına deyildir. Bundan əlavə İbrahimin (ə) atasının adı tarixdə Azər deyil, Tarux kimi qeyd olunur.25
Peyğəmbəri-Əkrəmdən (s) rəvayət olunur ki, o Həzrətin Adəmə (ə) qədər olan ata-babalarının hamısı tövhid dininə sitayiş edənlərdən imiş. Həzət (s) buyurur: «Mütəal Allah məni pak kişilərin sülbündən pak anaların bətninə nəql etdirirdi və O məni heç vaxt cahiliyyətin çirkinliklərinə bulaşmağa qoymadı.»26
Bu hədisi sünni və şiə müfəssirlərindən çoxu, o cümlədən, mərhum Təbərsi «Məcməül-bəyan», Nişapuri «Ğərabətül-Quran», Fəxr Razi «Təfsiri Kəbir» və Alusi «Ruhul-bəyan» təfsirində qeyd etmişlər.
Bu ayədə bir neçə məsələyə diqqət yetirmək lazımdır:
1. İnsan haqqa dəvətdə özünün yaxın qohum-əqrəbalarından başlamalıdır.
2. Qarşılaşmada əsas meyar yaş, keçmiş və cəmiyyət deyil, haqq olmalıdır. Buna görə də İbrahim (ə) yaşı çox olan əmisi ilə rəftarda haqqı aşkar şəkildə bəyan edərək ona xəbərdarlıq edir.
3. Bütpərəstlik sağlam vicdan və əqlin ciddi şəkildə tənqid etdiyi bir azğınlıqdır.
Dostları ilə paylaş: |