AYƏ 132:
﴿ وَلِكُلٍّ دَرَجَاتٌ مِّمَّا عَمِلُواْ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ ﴾
TƏRCÜMƏ:
«Hər bir (insan və cin, mömin və kafir, saleh və günahkar) kəs üçün etdiyi əməllərdən (əməlin özü, ruhun kamilliyi və axirət mənzilləri baxımından) dərəcələr vardır. Sənin Rəbbin onların etdiklərindən qafil deyildir.»
TƏFSİR:
Allah adildir və hər kəsin rütbə və dərəcəsini, onun öz əməlinə uyğun verir. Deməli, insanların xoşbəxt, yaxud bədbəxt olması onların rəftar və əməllərinə bağlıdır.
AYƏ 133-134:
﴿ وَرَبُّكَ الْغَنِيُّ ذُو الرَّحْمَةِ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَسْتَخْلِفْ مِن بَعْدِكُم مَّا يَشَاء كَمَآ أَنشَأَكُم مِّن ذُرِّيَّةِ قَوْمٍ آخَرِينَ. إِنَّ مَا تُوعَدُونَ لآتٍ وَمَا أَنتُم بِمُعْجِزِينَ ﴾
TƏRCÜMƏ:
133. «Rəbbin ehtiyacsız və rəhmət sahibidir. Əgər istəsə sizi aradan aparar və sizdən sonra, sizi başqa bir dəstənin nəslindən vücuda gətirdiyi kimi istədiyini (insan və ya qeyrisini) sizin canişininiz edər.»
134. «Şübhəsiz, sizə vəd edilən şey (Bərzəx, Qiyamət, Cənnət və Cəhənnəm) gələcəkdir. Siz Allahı əsla aciz edə bilməzsiniz (Onunla mübarizə aparmaq və ya Ondan qaçmaq qüdrətiniz yoxdur).»
TƏFSİR:
Əvvəlki ayələrdə ədaləti bərqərar etməkdən, zülm etməməkdən söhbət gedirdi. Bu ayədə isə Allahın ədalət göstəricisi olan iki sifəti – mütləq ehtiyacsızlığı və rəhməti irəli çəkilir. («Cəvaimul-Came» təfsiri). Əvvəldə buyurulur: Sənin Pərvərdigarın həm bəndələrin özlərindən, həm də onların ibadətlərindən ehtiyacsız, geniş rəhmət sahibidir. Bəndələrə rəhm edir və böyük mənfəətlər vermək üçün onları mükəlləf edir. Bunlar da Allahın əzəmətinin yad edilməsi ilə yanaşı olan təklif və vəzifələrin yerinə yetirilməsindən başqa yolla müyəssər ola bilməz.
Sonra buyurulur: Ey günahkarlar! Əgər Allah istəsəydi, hamınızı məhv edər, sonra sizin yerinizə Ona itaət edəcək başqa bir qövm gətirərdi. Necə ki, sizi başqa insanların nəslindən vücuda gətirmişdir.
Sizə vədə verilənlər, o cümlədən həşr, nəşr, mükafat, cəza, behiştin dərəcələri, eləcə də cəhənnəmin təbəqələri arasında mövcud olan ixtilaflar və s. şübhəsiz gəlib çatacaqdır və siz Allahın hakimiyyət dairəsindən xaricdə deyilsiniz.
AYƏ 135:
﴿ قُلْ يَا قَوْمِ اعْمَلُواْ عَلَى مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ فَسَوْفَ تَعْلَمُونَ مَن تَكُونُ لَهُ عَاقِبَةُ الدِّارِ إِنَّهُ لاَ يُفْلِحُ الظَّالِمُونَ ﴾
TƏRCÜMƏ:
«De: “Ey qövmüm, (mənim dəvət və dinimlə mübarizədə) var gücünüzlə fəaliyyət göstərin ki, mütləq mən (də müqavimət vəzifəmə əsasən) fəal və çalışqanam. Tezliklə bu evin (zəfər) aqibətinin və o evin (gözəl) sonunun kimin olacağını başa düşəcəksiniz. Şübhəsiz, zalımlar əsla nicat tapmayacaqlar.”»
TƏFSİR:
Yəni siz «qüdrətinizin çatdığı qədər, imkanlarınızın ən yüksək mərhələsində əməl edin, mən də öz növbəmdə əməl edirəm.» Məqsəd budur ki, siz küfr, inad və ədavətinizdə qalacaqsınız, mən də İslamda və sizin qarşınızda səbr etməklə sabitqədəm olacağam.
Tezliklə hansımızın bəyənilən aqibətə malik olacağı məlum olacaqdır. Zalımlar öz məqsədlərinə çatmazlar.
Dostları ilə paylaş: |