OTUZ DÖRDÜNCÜ FƏSİL
HEYVANLARIN VURDUĞU XƏSARƏT
1-PEYĞƏMBƏR (S.Ə.V.V) ƏLİ (Ə) BARƏSİNDƏ DUA ETDİ
Peyğəmbər (s.ə.v.v.)-in dövründə bir nəfərin öküzü başqasının ulağını vurub öldürmüşdü. Peyğəmbər (s.ə.v.v.) səhabələrin arasından keçəndə şikayət edənlər o həzrətin yanına gəlib məsələni dedilər. Ömər və Əbu Bəkr də səhabələrin arasında idi. Peyğəmbər (s.ə.v.v.) Əbu Bəkrə üz tutub buyurdu: – Bunların arasında mühakimə et!
Əbu Bəkr dedi: – Heç bir zəmanət yoxdur, çünki bir heyvan başqa bir heyvanı öldürmüşdür.
Peyğəmbər (s.ə.v.v.) Ömərə dedi: – Sən qəzavət et!
Ömər də Əbu Bəkrin sözünü təkrarladı. Peyğəmbər (s.ə.v.v.) Əli (ə.s)-a üz tutub buyurdu: – Onların arasında hökm et!
Əli (ə.s) dedi: – Əgər öküz ulağın bağlandığı yerə daxil olmuşsa (və orada vurub öldürmüşsə), öküzün sahibi ulağa zamindir. Əks halda isə zamin deyildir.
Bu zaman Peyğəmbər (s.ə.v.v.) əllərini göyə qaldırıb belə dedi: «Həmd olsun o Allaha ki, mənim ailəmdən peyğəmbərlərin qəzavəti kimi hökm edən bir şəxs qərar vermişdir.»[397]
2-İSLAMDA ZƏRƏR YOXDUR
İki nəfər Ömərin yanına gəldi. Biri dedi: – Bu kişinin inəyi mənim dəvəmi vurub qarnını yırtmışdır.
Ömər dedi: – Peyğəmbər heyvanların vurduğu xəsarətlərin zəmanətə səbəb olduğunu qəbul etmirdi.
Əli (ə.s) Ömərə dedi: – Peyğəmbər (s.ə.v.v.) belə buyurmuşdur: «La zərərə və la zirar» – yə`ni İslamda nə başqasına zərər vurmaq, nə də başqasının zərərini qəbul etmək rəva deyildir. Bu barədə hökmə gəldikdə, əgər inəyin sahibi öz malını dəvənin yolunda bağlamışsa, dəvəyə zamindir, əks halda isə zamin deyildir.
Bu məsələni araşdırdıqda mə`lum oldu ki, inəyin sahibi onu kənddən gətirib dəvənin yolu üzərində bağlamışdır. Ömər həzrət Əli (ə.s)-ın buyurduğuna görə hökm etdi və dəvənin pulunu inəyin sahibindən alıb dəvənin sahibinə verdi.[398]
3-ƏLİ (ƏLEYHİSSALAM) ZÜLM EDƏN DEYİL!
Əli (ə.s) Peyğəmbər (s.ə.v.v.)-in tərəfindən Yəməndə nümayəndə olduğu zaman bir neçə nəfər o həzrətin yanına gəlib öz münaqişələrini irəli çəkərək dedilər ki, onlardan birinin atı qaçıb bir nəfərə təpik vurmuş və onu öldürmüşdür. Atın sahibi də şahid gətirib demişdir ki, at özü evdən çıxıb qaçmışdır. Əli (ə.s) at sahibinin zamin olmadığına dair hökm verdi. Ölənin qəyyumları Mədinəyə gəlib Peyğəmbər (s.ə.v.v.)-ə dedilər: – Əli bizim barəmizdə zülm etdi və bizim adamımızın qan bahasını vermədi!
Peyğəmbər (s.ə.v.v.) onlara buyurdu: – Əli zalım deyildir və zülm etmək üçün yaradılmayıbdır. Məndən sonra vilayət və xilafət ona məxsusdur. Onun sözü və hökmü haqdır, onun vilayətini inkar edən kafirdir.[399]
4-ƏKİN SAHƏSİNƏ VURULAN ZƏRƏR
Əli (ə.s) heyvanların gündüz çağı başqalarının əkin sahələrinə vurduqları xəsarət və zərərlərin zəmanətə səbəb olmadığını deyir və buyururdu: «Əkin sahəsinin sahibi gündüz çağı əkin sahəsinin keşiyini çəkməlidir.» Lakin heyvanların gecə ikən varid etdiyi xəsarətlərin zəmanətə səbəb olduğunu buyururdu.[400]
5-İTİN VURDUĞU XƏSARƏT
Əli (ə.s) buyururdu ki, itin gündüzlər vurduğu xəsarət it sahibinin öhdəsinədir. Lakin onun gecə qapmasının zəmanətə səbəb olmadığını buyururdu.[401]
6-EV ƏHLİNİN ZƏMANƏTİ
Əli (ə.s) buyurur: «Əgər ev əhlinin icazəsi ilə evə daxil olsan və evin iti səni qapsa, ev əhli zamindir. Amma əgər icazəsiz varid olsan (və bu iş baş versə) ev sahibi zamin deyildir.»[402]
7-İPƏ-SAPA YATMAYAN HEYVAN
Əli (ə.s) ipə-sapa yatmayan heyvanın birinci hücumunun zəmanətə (zaminliyə) səbəb olmadığını deyirdi, lakin sonrakı dəfələrdə sahibinin zamin olduğunu buyururdu.[403]
8-TƏFSİL
Əli (ə.s) heyvanların, tapdalamaq nəticəsində vurduqları zərərlərin sahibləri tərəfindən zəmanətə səbəb olduğunu buyururdu. Amma onların ayaqları altında qalması nəticəsində varid olan zərərlərin zəmanətə səbəb olmadığını deyirdi. Bundan yalnız heyvanı vuran şəxslər istisna olunur. (Bu zaman vuran şəxs zamindir.)[404]
9-HEYVANA MİNƏN VƏ ONU SÜRƏNİN ZƏMANƏTİ
Əli (ə.s) heyvana minən şəxsi, heyvanın qabaq və dal ayaqlarına vurduğu ziyanlara zamin hesab edirdi, lakin onu sürən şəxsi, heyvanın qabaq ayaqlarına deyil, yalnız dal ayaqlarına vurulan zərərlərə zamin hesab edirdi.[405]
OTUZ BEŞİNCİ FƏSİL HƏRİMLƏR (SƏRHƏDLƏR)
Əli (ə.s) buyurur: «Dəvəyə su vermək üçün qazılan iki quyu arasındakı məsafə 40 zira[406], əkin sahələrini suvarmaq üçün qazılan quyuların arasında 60 zira və çeşmələr arasında 500 zira fasilə olmalıdır. Münaqişəli olan küçənin 7 zirası küçəyə məxsusdur.»[407]
OTUZ ALTINCI FƏSİL MÜQAVİLƏLƏR
Bir nəfər qoyun kəsib öz dostları ilə şərtləşdi ki, əgər qoyunun hamısını yeyə bilsələr, (əvəzində) heç bir şey verməyəcəklər, amma əgər ondan bir şey artıq qalarsa, onun pulunun hamısını versinlər.
Əli (ə.s) onlara buyurdu: – Yemək barəsində şərtləşmək (mərcləşmək) mütləq şəkildə batildir, istər az olsun, istərsə də çox. (Sonra cərimə ödənməsinin qarşısını aldı.)[408]
İmam Riza (ə.s)-dan da belə nəql olunmuşdur: «Bir kəs bir qadınla izdivac etsə və qayınatası üçün bir mal qərar versə, əqdin özü səhih, qayınatası üçün qərar verdiyi şey isə batildir.»[409]
OTUZ YEDDİNCİ FƏSİL
ƏDƏBLƏNDİRMƏ QAYDALARI
1-BİR NÖV MÜHAKİMƏ
Bir neçə şagird əlyazmalarını bir yerə yığıb Əli (ə.s)-a göstərdilər ki, hansının daha yaxşı yazdığını ayırd etsin. Əli (ə.s) buyurdu: – Bu özü də bir növ mühakimə yürütməkdir və onda ədalətsizliyə yol vermək hökmdə ədalətsizlik sayılır. (Sonra onlara buyurdu:) Öz müəlliminizə bunu çatdırın ki, əgər ədəbləndirmə məqamında sizə üçdən artıq zərbə vursa, ondan qisas alınacaqdır.[410]
2-YETİM UŞAQ
Əli (ə.s) buyurur: «Yetim uşağı eynilə öz övladın kimi ədəbləndir; öz övladını hansı xataya görə vurursansa, onu da həmin xatalara görə vur.»[411]
3-QUMARBAZLARIN ƏDƏBLƏNDİRİLMƏSİ
Əli (ə.s) yoldan keçəndə bir neçə nəfərin şahmat oynadığını gördü. Onlara buyurdu: – Bu timsallar nədir ki, siz onların ayağında oturmusunuz?
Sonra onları, qızmar günün altında saxlamaqla ədəbləndirdi.[412]
4-TƏNBİH
İstimna edən bir kişini Əli (ə.s)-ın yanına gətirdilər. Əli (ə.s) onun əlinə elə vurdu ki, əli qızardı, sonra onu beytül-malın hesabına evləndirdi.[413]
5- İMAMIN VƏZİFƏLƏRİNDƏN BİRİ
Əli (ə.s) buyurur: «İmama vacibdir ki, fasiq (günahkar) alimləri, nadan (elmsiz) həkimləri və müflisləşmiş halda (heyvanlarını) kirayə verənləri həbs etsin.»[414]
6-SƏFEH (ÖZ MAL-DÖVLƏTİNİ İDARƏ EDƏ BİLMƏYƏN) CAVAN
Əli (ə.s) buyurur: «Səfeh cavan ağıllanıb, dərk edənə qədər saxlanmalıdır.» (Yenə buyurur:) «Öz borcunu verməyən borclu şəxs həbs olunmalıdır. Onun müflisləşməsi sübuta yetərsə, azad edilməlidir ki, mal əldə edib, öz borclarını qaytarsın. Öz borclarını verməyən, borc sahiblərini aldadan şəxs əvvəlcə həbs olunmalı, sonra azad edilməlidir ki, öz var-dövlətini borc sahibləri arasında, onlara borclu olduğu nisbətdə bölsün. Əgər bu işdən imtina edərsə, həmin işi İmam özü görməlidir.»[415]
7- ƏLAC
Bir nəfər icazəsiz olaraq atasının vəlidəsini (vəlidə – öz ağasından övlad sahibi olan kəniz) bir nəfərə satdı, kəniz də həmin müştəridən bir uşaq dünyaya gətirdi. Bu zaman onun birinci ağası müştəri ilə münaqişəyə qalxıb, dedi: – Bu kəniz mənim vəlidəmdir, oğlum icazəm olmadan sənə satmışdır!
Müştəri isə inkar edirdi, nəhayət məsələni Əli (ə.s)-a dedilər, o həzrət kənizin birinci ağasına buyurdu: – Kənizlə onun övladını müştəridən al!
Müştəri Həzrət Əli (ə.s)-a and verdi ki, onun üçün bir çıxış yolu göstərsin. Əli (ə.s) ona buyurdu: – Satıcını (kənizin birinci ağasının oğlunu) atası bu müamiləyə razılıq verincəyə qədər öz yanında saxla.
Müştəri cavanı tutub öz yanında saxladı. Kənizin birinci ağası müştəriyə dedi: – Oğlumu burax!
Müştəri dedi: – Allaha and olsun, sən mənim oğlumu qaytarmayınca, mən də onu sənə qaytarmayacağam!
Bunu görən birinci ağa kənizin müamiləsinə icazə vermədi, amma müştərinin övladını özünə qaytardı.[416]
8- MƏSCİDDƏ XURAFAT SÖYLƏYƏN ADAM
Əli (ə.s) məsciddə əfsanə deyən bir nəfəri gördü. Öz qamçısı ilə onu vuraraq məsciddən çıxartdı.[417]
9- TƏZƏ MÜSƏLMAN OLAN ŞƏXS
Təzə müsəlman olan bir məsihinin yanında qızardılmış donuz gördükdə onu tutub Həzrət Əli (ə.s)-ın yanına gətirdilər. Həzrət ona buyurdu: – Nə üçün belə bir xataya mürtəkib olmusan?!
Dedi: – Xəstələndiyim üçün donuz əti yeməyə ehtiyac duydum.
Əli (ə.s) buyurdu: – Nə üçün sənin keçin olduğu halda onların ətindən istifadə etmədin?! (Sonra buyurdu:) Əgər donuz ətini yemiş olsaydın, sənə hədd vuracaqdım, lakin indi səni ədəbləndirirəm. (Sonra o qədər vurdu ki, axırda onun bövlü axmağa başladı).[418]
10- ƏDALƏTLİ HAKİM GƏLDİ!
Cəzərinin «Kamil» kitabında belə qeyd olunur:
Əli (ə.s) Həmdan qəbiləsindən çıxdı, yolda iki nəfərin biri-birilə savaşdığını gördü. Onları bir-birindən ayırıb yoluna davam etdi. Birdən kiminsə «kömək edin!» – deyə səsləndiyini eşitdi, dərhal ona tərəf gedib buyurdu: «Kömək gəldi!» Sonra iki nəfəri gördü. Onların biri digərindən şikayət edərək deyirdi: – Ya Əmirəl-mö`minin! Bir köynəyi bu kişiyə yeddi dirhəmə satdım və şərt etdim ki, mənə salamat və eyibsiz dirhəm versin. O isə bu eyibli dirhəmləri verdi. Mən onu almaqdan imtina etdim və salamat dirhəm istədim. O isə mənim üzümə bir sillə vurdu.
Əli (ə.s) sillə vurana buyurdu: – Düz deyirmi?
O dedi: – Bəli.
Həzrət ona buyurdu: – Öz şərtinə əməl et! (Sonra vurulana buyurdu:) Qisas al!
Kişi dedi: – Bəlkə əfv edim?!
İmam (ə.s) buyurdu: – İxtiyar sahibisən. (Sonra öz ətrafındakılara buyurdu:) Onu (sillə vuranı) tutun.
Bir nəfər onu tutdu və Həzrət ona on beş qamçı zərbəsi vurub, buyurdu: – Bu, o kişiyə qarşı etdiyin hörmətsizliyin cəzasıdır!
Dostları ilə paylaş: |