BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,03 Mb.
səhifə23/26
tarix03.11.2017
ölçüsü1,03 Mb.
#29541
1   ...   18   19   20   21   22   23   24   25   26

QIRX ALTINCI FƏSİL


HÖKMÜN FƏLSƏFƏSİ

1 - MÜLHİD ŞƏXSİN DİNİ


Əmirəl-mö`minin Əli (ə.s) iki adil və mö`minin bir nəfər kafirin küfrünə verdiyi şəhadəti qəbul edirdi, amma min nəfərin onun bəraət qazandırılmasına dair şəhadət verməsini rədd edir və buyururdu: «Mülhidin dini gizlindir və iki nəfərin şahidliyi ilə sübuta yetir.»[450]

2 - ŞƏRAB İÇMƏYİN TƏ`SİRİ


Əmirəl-mö`minin Əli (ə.s)-dan soruşdular: – Sizcə, şərab içməyin günahı zina və oğurluqdan da ağırdırmı?

Həzrət Əli (ə.s) buyurdu: – Bəli! Çünki zina edən şəxsin, digər günahlara mürtəkib olmaması mümkündür. Lakin şərab içən şəxs həm zina edər, həm də oğurluq, həm haram olan qətlə mürtəkib olar, həm də namazını tərk edər.[451]


3 - ŞƏRAB İÇƏNİN HƏDDİ (CƏZASI)


Əmirəl-mö`minin Əli (ə.s) buyurur: «Şərab içən şəxs məst olur və o halda sarsaq sözlər danışır, insanlara töhmət vurur. Buna görə də şərab içən şəxsə töhmət vuran şəxsin cəzası qədər şallaq vurulmalıdır.»[452]

4 - ÖMƏR E`TİRAF ETDİ


Şamlılardan bir neçəsi ehram halında beş dəvəquşu yumurtasını bişirib yedilər, sonra dedilər: – Axı biz ehram halındayıq, bu iş bizə haram idi!

Mədinəyə gəldikdə məsələni Ömərdən soruşdular. O, cavabını bilmədi və dedi: – Peyğəmbər səhabələrindən bir neçəsini tapıb məsələni onlardan soruşun.

Onlar səhabələrdən soruşdular, lakin verilən cavablar tamamilə fərqli idi. Şamlılar yenidən Ömərin yanına gəlib hadisəni dedilər. Ömər dedi: – Bu şəhərdə bir nəfər vardır, bizə əmr olunmuşdur ki, ixtilaflı məsələlərdə hökmü ondan istəyək.

Sonra birlikdə Əli (ə.s)-ın evinə yollandılar. Həzrət Əli (ə.s) Yənbu adlı bir yerdə idi. Şamlılar öz məsələlərini ondan soruşdular, Həzrət buyurdu: – Hamilə olan beş dişi dəvəni kəsməli, onların döllərini də (qarınlarındakı balalarını da) qurbanlıq üçün Allah evinə göndərməlidirlər.

Ömər dedi: – Dişi dəvənin balası bə`zən ölü doğulur.

Əli (ə.s) buyurdu: – Yumurtalar da bə`zən fasid olur.

Ömər dedi: – Belə çətin məsələləri sizdən soruşmağa borcluyuq.[453]

Müəllif: Hökmlərin səbəb və fəlsəfəsini ehtiva edən bə`zi məsələlərin cavabları o həzrətin mə`sum övladlarından da xeyli nəql olunmuşdur. Mərhum Şeyx Səduq bu barədə «İləlüş-şəraye» adlı bir kitab yazmışdır. Burada onlardan birini qeyd etməklə kifayətlənirik.

Bir gün abbasi xəlifəsi Mənsur təvaf edirdi. Rəbi` adlı bir nəfər onun yanına gəlib dedi: – Sənin azad etdiyin filan qulam ölmüşdür, digər bir qulamın da onun başını bədənindən ayırmışdır.

Mənsur çox qəzəbləndi. İbni Şəbrəmə, İbni Əbi Leyla, həmçinin bir neçə qazi və fəqih də onun yanında idilər. Mənsur məsələnin hökmünü onlardan soruşdu, lakin heç biri cavab verə bilmədi. Mənsur tərəddüd içində idi; o qulamı öldürüb-öldürməmək barəsində fikirləşirdi. Oradakılardan bə`ziləri Mənsura dedilər: – Bu saat elə bir şəxs gəlib ki, əgər bu məsələnin bir cavabı varsa, o bilər. O, hal-hazırda sə`y əməli ilə məşğul olan Cə`fər Sadiqdir.

Rəbi` Mənsurun göstərişi ilə İmam (ə.s)-ın yanına getdi, İmam (ə.s) Mərvədə olanda məsələnin cavabını soruşdu. Həzrət ona buyurdu: – Görürsən ki, sə`y əməlinə məşğulam. Get Mənsura de ki, sənin yanında çoxlu fəqih və alim vardır. Məsələni onlardan soruş!

Rəbi` o şəxslərin heç birinin cavab verə bilmədiyini dedi, lakin İmamın əmrinə itaət edərək Mənsurun yanına qayıtdı və o Həzrətin sözünü çatdırdı. Mənsur yenidən onu İmamın hüzuruna göndərdi. İmam (ə.s) ona buyurdu: – Bir az gözlə, sə`y əməlimi qurtarım.

İmam (ə.s) sə`y əməlini qurtardıqdan sonra Məscidül-Həramın bir guşəsində oturdu və Rəbi`ə buyurdu: – Mənsurun yanına get və ona de ki, meyyitin başını kəsən şəxs yüz dinar borcludur.

Rəbi` Mənsurun yanına gedib Həzrətin verdiyi cavabı dedi. Oradakılar Rəbi`ə dedilər: – Get soruş, gör nə üçün yüz dinar verilməlidir?

Rəbi` İmam (ə.s)-ın yanına gəlib bu hökmün səbəbini soruşdu. Həzrət ona buyurdu: – Çünki nütfənin diyəsi iyirmi dinar, ələqənin diyəsi qırx dinar, müzğənin diyəsi altmış dinar, sümük bağlamış rüşeymin diyəsi səksən dinar, ət bağlamış rüşeymin diyəsi isə yüz dinardır. Allah-Taala buyurur: «Ət (geyindirmə) mərhələsindən sonra ona yeni bir yaranış bağışladıq». Meyyit – ana bətnində ət və sümükdən ibarət olan rüşeym kimidir. Lakin ona ruh üfürülmədiyi üçün onun diyəsi yüz dinardır.

Rəbi` Mənsurun yanına qayıdıb Həzrətin cavabını dedi. Orada hazır olanlar İmamın bu istinbatından heyrətə dalaraq yenidən Rəbi`ə dedilər: – Qayıt və soruş ki, bu yüz dinar kimə çatacaqdır?

İmam (ə.s) buyurdu: – Bu, vərəsənin malı deyildir, çünki meyyit bu mala ölümündən sonra müstəhəq olmuşdur. Bu pulla ya (onun tərəfindən) Həccə gedilməli, ya (onun əvəzinə) sədəqə verilməlidir, yaxud da başqa xeyir işlərdə sərf olunmalıdır[454].

QIRX YEDDİNCİ FƏSİL


TƏDARÜK

1 - İKİ DƏFƏ QİSAS ALMAĞIN QARŞISININ ALINMASI


Bir nəfər öz qardaşının qatilini tutub Ömərin yanına apardı. Ömər ona göstəriş verdi ki, qatili qətlə yetirsin. O, qatili o qədər döydü ki, öldüyünə yəqin etdi. Qatilin qəyyumları onu götürüb evinə apardılar. Axır nəfəslərində onu müalicə etdilər, bir müddətdən sonra vəziyyəti yaxşılaşdı. Qətlə yetirilənin qardaşı qatili gördükdə ona dedi: – Sən mənim qardaşımın qatilisən, səni mən öldürməliyəm!

Qatil fəryad edərək dedi: – Sən məni bir dəfə öldürmüsən, artıq mənim üzərimdə heç bir haqqın yoxdur!

Yenidən Ömərə müraciət etdilər. O, göstəriş verdi ki, qatili öldürsünlər. Lakin müraciət edənlər münaqişəni Əli (ə.s)-a dedilər və onun mühakimə yürütməsini istədilər. Həzrət Əli (ə.s) Ömərin yanına gedib buyurdu: – Onların barəsində verdiyin hökm düzgün deyildir!

Ömər dedi: – Bəs onların hökmü nədir?

Əli (ə.s): – Əvvəlcə qatil, ona verilən işkəncələrin qisasını qətlə yetirilən şəxsin qardaşından almalıdır. Məhz bundan sonra qətlə yetirilənin qardaşı onu öldürə bilər.

Qətlə yetirilənin qardaşı fikirləşdi ki, bu işə razılıq verərsə, öz canı xətərə düşə bilər. Buna görə də qatili öldürmək fikrindən keçdi.[455]

İbni Şəhraşub bu rəvayəti özünün «Mənaqib» kitabında azacıq fərqlə nəql etmiş və onun axırında demişdir: «Bu zaman Ömər əllərini göyə qaldırıb dua edərək dedi: «Allaha həmd olsun, ey Əbəl Həsən! Siz rəhmət xanədanısınız. Əgər Əli olmasaydı, Ömər həlak olardı.»

2 - QƏTLDƏ İTTİHAM OLUNAN KİŞİ


Xarabalıqda əlində qanlı bıçaq olan bir kişini gördülər. Onun yanında da bir nəfər öldürülmüş və öz qanına qəltan olmuşdu. Həmin kişini tutub Əli (ə.s)-ın yanına gətirdilər. O həzrət müttəhimə buyurdu: – Nə deyirsən?!

Müttəhim dedi: – Mən o kişini öldürmüşəm.

Əli (ə.s) onun iqrarına uyğun olaraq göstəriş verdi ki, ondan qisas alınsın. Bu zaman bir nəfər qaça-qaça gəlib dedi: – Ya Əli! O şəxsi mən öldürmüşəm!

Əli (ə.s) birinci kişiyə buyurdu: – Necə olur ki, özün öz əleyhinə iqrar edirsən?!

Müttəhim: – Çünki inkar etməyə qüdrətim yox idi. Bir neçə nəfər məni xarabalıqda qətlə yetirilənin başı üstündə görmüşdülər. Qorxdum ki, əgər iqrar etməsəm məni döyələr. Mən o xarabalığın yanında bir qoyun kəsmişdim. Əlimdə qanlı bıçaq qəzayi-hacət üçün xarabalığın içinə getdim. Birdən orada öz qanına qəltan olmuş bir adam gördüm. Onun başı üstünə getdim, heyrətlə ona baxdığım zaman bunlar içəri daxil olub məni tutdular.

Əli (ə.s) orada olanlara buyurdu: – Bunları oğlum Həsənin yanına aparın. Bu məsələnin hökmünü də ondan soruşun.

İmam Həsən (ə.s) onların cavabında buyurdu: – Əmirəl-mö`mininə deyin ki, bu şəxs bir müsəlmanı öldürməsinə baxmayaraq, başqa bir müsəlmanı ölümdən xilas etmişdir. Allah-Taala buyurur: «Hər kəs bir nəfəri diriltsə, sanki bütün insanları diriltmişdir.» Bunların hər ikisi azad olunmalı, öldürülən şəxsin diyəsi də beytül-maldan verilməlidir.[456]

3 - CÜBRAN


Əli (ə.s)-a xəbər verdilər ki, Bişr ibni Ütarid pis və nalayiq sözlər danışır. İmam (ə.s) bir nəfərə göstəriş verdi ki, onu tutub gətirsin. O şəxs Bişri Bəni-Əsəd tayfasında tapdı, amma Nəim ibni Düccacə Bişri qaçırtdı. Əli (ə.s) göstəriş verdi, Nəimi tutub gətirdilər. O belə dedi: – Allaha and olsun, səninlə olmaq zillətə, səndən ayrılmaq isə küfrə səbəbdir!

İmam (ə.s) bunu eşidəndə buyurdu: – Səni bağışladım. (Çünki) Mütəal Allah buyurur: «Pislikləri, daha yaxşı olan şeylərlə dəf et!»[457] Sənin dediyin «səninlə olmaq zillətdir» sözü mürtəkib olduğun bir günahdır, «səndən ayrılmaq küfrdür» sözün isə sənin əncam verdiyin bir həsənədir və o da həmin günahın əvəzini çıxır.[458]



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin