Haqqı ədaləti o axtarardı
Odur ki onlara tez aldanmadan
Bir səmimi qəlblə bir az mehriban
Müsəlmanlara o sual edərək:
– Dininiz haqqında danışın görək.
Cəfər hökmdara təzim eylədi
Sonra nəzakətlə belə söylədi:
– Sən ey ədalətli böyük hökmdar
Mənim sözlərimi dinlə ver qərar.
Cəhalət içində yaşamışıq biz
Haqdan ədalətdən olduq xəbərsiz.
Bütlərə inanıb səcdə edərdik
Zina eləyərdik haram yeyərdik
Qüvvətli zəifi tapdayıb əzir
Gücsüzlər güclüyə olmuşdu əsir.
Qonşuluq hüququ bilməzdik nədir
Qohum–qardaşımız hansı gündədir.
Üzlərdən silinib getmişdi həya
Çox zaman səbəbsiz edərdik dava.
Belə bir vəziyyət olduğu zaman
Peyğəmbər göndərdi bizə Yaradan.
Allah içimizdən seçmişdir onu
Bilirik şərəfli pak oluğunu.
Əsl–nəcabəti bəllidir bizə
Nur verdi o bizim gözlərimizə.
“Bütləri tərk edin!” bizə söyləyir
“Bir olan Allaha inanın!” –deyir.
Doğru danışmağı öyrətdi bizə
Son qoyduq əxlaqsız işlərimizə.
Haram dediyinə haram demişik
Halal dediyini halal yemişik.
Yalan danışmağı etdi qadağan
Dedi: – “Qadınlara atmayın böhtan!”
Bizə “qan tökməkdən çəkinin!” deyir
“Allahın şəriki yoxdur!” əmr edir.
Biz də razı olub inandıq ona
İbadət etmişik buyurduğuna.
Bu yolda hər ağır əzaba dözdük
Ondan nə incidik nə də əl üzdük.
Gətirdiyi dinə etdik etiqad
Xalqımızsa bizi qoymadı azad.
Çox işgəncələrə sinə açmışıq
Ata–anamızı qoyub qaçmışıq.
Sizi başqasından üstün tutaraq
Bu gözəl ölkəyə gəlmişik qonaq.
Nəcaşi Cəfərə: – Allah göndərən
Ayətlərdən mənə birin söylə sən:
– Qurani–kərimdə yazılıbdı bu
“Məryəm” surəsindən oxudu bunu:
“Məryəm uşağına işarə etdi”
– Onun özü ilə danışın dedi
Dedilər: – Uşaqla danışaq necə?
Allahdan möcüzə baş verdi öncə
Körpə dilə gəlib beşikdə birdən:
– Allahın quluyam mən həqiqətən.
O mənə bir kitab–İncili verdi
Özümü Peyğəmbər etdi deyirdi:
– Yaratdı O məni həm xeyir verən
Dini hökmləri deyib öyrədən.
Harda oluramsa olum söylədi:
– Namazı zəkatı tövsiyə dedi.
O məni anama hamıya qarşı
İtaətkar etdi yaratdı yaxşı.
Heç kəsə zülmkar dikbaş etmədi
Mənim üstümdə var xoşbəxtlik dedi.
Nəcaşi söylədi: – Eyni kəlmələr
İsaya gələndir həmin ayələr.
İncilin eynidir bunların çoxu
Eyni nurdan axan işıqlardı bu.
Elçilərə dedi: – Daha gedin siz
Mənə aydın oldu pis məqsədiniz.
Bunları mən sizə vermərəm qəti
Tapdaya bilmərəm haqq–ədaləti.
Elçilərin biri əmr ibni As
Yoldaşına dedi: – Səbr edək bir az.
Görərsən onları Nəcaşinin mən
Bir tədbir tökərək sallam gözündən.
Başqa hiyləyə əl atdı bu zaman
Gedib Nəcaşiyə, söylədi yalan:
– Həzrəti İsanı onlar danırlar
Haqqında qəribə söz danışırlar.
Nəcaşi Cəfəri çağırıb sordu:
– Bu nə olan sözdür? Cəfər buyurdu:
– Sizə bildiyimi deyirəm qısa
“Allahın quludur Həzrəti İsa.
O müqəddəs ruhdur həm də Peyğəmbər
Məryəmə verdiyi sözüdür” yetər.
Qurani–kərimdə yazılmış belə
Mən də cürət edib gətirdim dilə.
Nəcaşi əlinə çubuq alaraq
Yerdə bir balaca cizgi cızaraq:
– Bizim ilə sizin aranızda bu
Cizgi qədər fərq var daha doğrusu.
Deyərək onlarla rəftar etdi xoş
Elçilər geriyə getdi əli boş.
Peyğəmbər Səfaya bir gün gedərkən
Əbu Cəhl olur ordan yol keçən.
Rəsuli–əkrəmə küfr eyləyir
Bunu da bir kəniz Həmzəyə deyir.
Həmzə cuşa gəlib əsəbləşərkən
Əbu Cəhli tutub ona xitabən:
– Qardaşım oğlunu sənsən incidən?
Arxasız görərək söyən sənmisən?
Deyərək zərbəylə vurur başından
Bu dəyərli adam qorxmaz pəhləvan
Qardaşı oğlunun qisasın aldı
Özü də islama meylini saldı.
Qureyşilər bunu eşidən zaman
Hamısı təlaşa düşdülər yaman.
Yığılıb bir yerə verdilər qərar
Həzrəti aradan yox etsin onlar.
Bu qorxunc qərarı kim edəcək kim?
Axırda öməri etdilər təhkim.
Dedilər: – Hamıdan cəsurumuz sən
Haydı Xəttab oğlu gör nə edərsən?
Bu həmin ömərdir müsəlmanlara
Zülm eliyərdi vermədən ara.
Bilirdilər onun gücün qüvvətin
Qəddar düşməniydi islamiyyətin.
O da razı oldu bu cinayətə
Gedirdi xəsarət etsin Həzrətə.
Kəbənin evini dolanmış idi
İti qılıncına qurşanmış idi.
Səfa təpəsinə doğru gedərkən
Ona Qureyşidən rast gəldi birdən:
– Xəttab oğlu hara gedirsən belə?
– Mühəmməd bütləri salıbdır ələ.
Gedirəm onunla haqq–hesab çəkəm
Vücudun aradan yox etməliyəm.
Qureyşi dedi ki: – Müşkül işdi bu
Əshabi çox möhkəm qoruyur onu.
Tutalım öldürdün Mühəmmədi sən
Qan güdmə davasın yəqin bilirsən.
Haşim oğulları eşitsə bunu
Başına uçurdub tökər yurdunu.
Ömər qəzəbləndi dedi: – Bəlkə sən
Özün Mühəmmədin tərəfindəsən?
Söylədi: – Ya ömər sən məni burax
Bacın Fatiməyə ərinə bir bax.
Soruşdu: – Nə üçün? – Bilmirsən məgər?
Onlar da islamı qəbul ediblər.
Ömər dedi yalan olduğun bunun
Ancaq şübhə doldu qəlbinə onun.
Qayıdır Səfaya getdiyi yerdən
Bacısı qapısın o döydü birdən.
Qapı açılmamış ömər uzaqdan
Eşitmişdi evdə oxunur Quran.
İçəri girəntək dedi: – Durunuz!
Ver baxım nə idi oxuduğunuz.
Yeznəsi təlaşla: – Bir şey deyildir.
Ömər hiddətlənib onları bir–bir
Döyərək üst–başın batırdı qana
Fatimə qışqırdı gələrək cana:
– Biz səndən heç qorxub çəkinməyirik
O böyük Allaha iman gətirdik.
“Kəlmeyi–şəhadət” deyir dilimiz
Müsəlman olmuşuq biz hər ikimiz.
Bizim başımızı bil kəssən də sən
Bu yoldan çəkinib deyilik dönən.
Ömər yumşalaraq söylədi bunu:
– Hələ bir ver mənə oxuduğunu.
Bacısı uzatdı “Hədid” surəsin
Ömər oxuyaraq ucaltdı səsin.
Beş–altı ayəni tamam eylədi
Sonra bacısından soraraq dedi:
– “Yerlərin göylərin hökmdarlığı
O inandığınız Allahındırmı?”
Bacısı söylədi: – Bəli şübhəsiz.
Ömər: – Bizim səcdə elədiyimiz
O yazıq bütlərin heç bir şeyi yox
Əfsuslar olsun ki aldanmışıq çox.
Deyərək dönürdü bütpərəst ömər
Yerinə gəlirdi qeyri şəxs ömər.
Həzrətin yanına ömər gedərək
Onun qarşısında səcdə edərək
Mübarək əlini Rəsuli–əkrəm
Ömərin çiyninə qoyaraq bu dəm:
– “İmana gəl ömər!” ona söylədi.
Həzrətin dediyin təkrar eylədi:
– “De Allahdan başqa yoxdur bir Allah
Mühəmməd həm quldur həm Rəsulüllah”.
Deyərək qəlbinə doldu mərhəmət
Müsəlman olaraq verdi şəhadət.
Bütpərəstlər necə bunu eşitdi
Onların insanlıq siması itdi.
Müsəlman çoxalır artır get–gedə
Sərbəst dolaşırlar onlar Məkkədə.
Ömər Həmzə kimi iki qəhrəman
Mühəmməd tərəfə keçdilər asan.
Müşriklər yenə də qalxır ayağa
Müsəlmanlar ilə sərt dolanmağa.
Düşünüb bir qərar verdilər belə
Əlaqəni kəsmək haşimilərlə.
Qətiyyən onlara mal satılmasın
Qız verib nə də qız alan olmasın.
Bütün danışıqlar dərhal kəsilsin
Onlara bu qərar elan edilsin.
Qırx nəfər qərara imza basdılar
Kəbədə görkəmli yerdən asdılar.
Qüreyşin verdiyi qərəzli qərar
Haşim oğulların zar–zar ağladar.
Məkkə ətrafında bir vadi vardı
Əbu Talib ona sahib olardı.
Bütün haşimilər yığıldı ora
Əbu Ləhəb özün çəkdi kənara.
Haşimi nəslindən o sayılsa da
Qohumlarına zülm edirdi o da.
Mühasirə içrə qaldılar üç il
Çəkilən əzablar deməli deyil.
Zəif uşaqlara aclıq güc gəlir
Ah–nalə səsləri göyə yüksəlir.
Mömin var ağzına çörək dəyməyir
Ölməməkçin ağac yarpağı yeyir.
Lakin dinlərindən çəkinmirdilər
Sıxıntı günlərə səbr edirdilər.
Üç il yaşadılar onlar ac–susuz
Evlərin tərk edib oldular yurdsuz.
Bəzən həftələrlə ac qalardılar
Heç biri dinindən olmadı kənar.
Həzrət də bu anlar sakitləşməyir
İlahi vəhyləri xalqına deyir.
Belə bir dözülməz çətin zamanda
Aclıqdan qalmışdı əllər amanda.
Mühasirədən tez qurtarmaq üçün
Allaha dualar edirlər hər gün.
Ahlar ərşə çatan zamanda fəqət
Tanrının rəhməti yağdı nəhayət.
Həzrətə çatmışdı vəhy ilə xəbər
Qərarın yazısın yemiş güvələr.
Əbu–Talib bunu eşidən zaman
Məscidül–hərəmə gedir durmadan.
Həzrətin dediyin deyir onlara
Rəislərdən gəlib çıxır bu ara.
Qərarı gətirib oxuyan kimi
Qırılır onların ümidgah simi.
Gördülər “bismillah” kəlməsi qalmış
Qalan yazıları güvə korlamış.
Bir anlıq quruyub qaldılar tamam
Axırı qərarı etdilər xitam.
Müsəlmanlar çıxdı mühasirədən
İki böyük kədər üz verdi həmən
Əbu Talibin heç qırxı çıxmadan
Xədicə də vəfat edir bu zaman.
Dərd dərdin dalınca gəldi elə bil
Odur ki “hüzn ili” oldu həmin il.
Əbu Talib onu himayə edər
Bir doğma ata tək qayğı göstərər.
Xədicə Həzrətə edərdi hörmət
Qəlbində vardı bir ülvi məhəbbət.
O bir fədakarlıq mələyi kimi
İman gətirən də ilk qadın idi.
Varını yoxunu əsirgəmirdi
Hər nəyin islama qurban verirdi.
Ən çətin anlarda dayaqı olmuş
Həm böyük təsəlli qaynaqı olmuş.
Həzrətə həyatda qiymətli olan
Bu iki insanı itirən zaman
Ən ağır günləri onun başladı
Yanında təsəlli verən olmadı.
Elə ki əmisi rəhmətə getdi
Bununla Həzrətin arxası itdi.
Çəkinib qorxmadı qureyşililər
Çirkin hücumların davam etdilər.
Bir gün bir küçədən keçərkən Həzrət
Bir bütpərəst ona vermiş əziyyət
Başına atmışdı bir parça torpaq
Həzrət də evinə gəlmiş bu sayaq.
Fatimə atasın bu halda görçək
Üst-başındakını təmizləyərək
O ki var ağlamış yazıq qızcığaz
Atası təsəlli verərək bir az.
Demişdi: – Ağlayıb qızım çəkmə ah
Atanı hifz edib qoruyar Allah.
Bir dəfə Hərəmdə qılarkən namaz
Onu təhqir etmiş başqa yaramaz
əbasın boynuna dolayıb çəkir
Rəsuli–əkrəmi boğmaq istəyir.
Əbu Ləhəb əbu Cəhl kimi cahil
Çalışıb bunları edirdi təşkil.
Onlardı islamın qatı düşməni
Gözləri götürmür mübarək dini
Görəndə ki Həzrət oxuyur Quran
Əbu Ləhəb ona verməzdi imkan.
Hamıya deyərdi: – O “sehrbazdır”
Onu dinləməyin ağlı “nasazdır”.
Dinini yaymağa mane olurlar
“Cadugərdir” deyə ad da qoyurlar.
Bu yolda çox əzab verdilər ona
Allahın istəkli son Rəsuluna.
Həbbab ibni–ərət adında bir kəs
Həzrətin yanına gəldi birnəfəs.
Qureyşin zülmünü eylədi bəyan
Lənət oxumasın istədi ondan.
Ona buyurmuşdu Peyğəmbərimiz:
– Lənət oxumaqçın gəlməmişik biz.
Rəbbim mənə səbr xoş rəftar verib
Rəhmət oxumağa məni göndərib.
İşgəncə çəkməkdə sən tək deyilsən
Mən də çox əziyyət çəkmişəm bilsən
Qüreyşin zülmünə etmişəm vərdiş
Mən çəkən əzabı heç kim çəkməmiş.
“ən–Nəhl” surəsindən salaraq yada
Ona belə dedi Rəsuli–Xuda:
“–Ya Mühəmməd Allah yolunda olan
Əzab əziyyətə səbr et hər zaman.
Sənin səbr etməyin yalnız” o deyir:
“– Tək olan Allahın köməyilədir.
Sənin dəvətini qəbul etməyən
Müşriklərdən ötrü kədərlənmə sən.
Səni öldürməkçün qursalar hiylə
Ürəyini sıxma qətiyyən belə”.
Bizə belə deyir müqəddəs Quran
Kim Allah yolunda səbr etsə inan.
Allah özü onu əlbət hifs edər
Deyərək Həbbaba nəsihət verər.
İslam tarixində ən çətin olan
Taif səfəridir ürək dağlayan.
Məkkə şəhərinə yaxın bir qədər
Var Taif adında kiçik bir şəhər.
Xalqını haqq dinə dəvət etməyə
Oraya Zeyd ilə durdu getməyə.
Taifdə var idi nüfuzlu şəxslər
Bunlar da islama girsələr əgər
Dinin yayılması alardı vüsət
Belə də Taifə gəlmişdi Həzrət.
Onlarsa islamı qəbul etmədi
Bununla məsələ tamam bitmədi
O Taif elinə gəlmişdi qonaq.
Bütün qaydaları tapdalayaraq
Bəziləri gülüb ələ saldılar
Hətta vurmaq üçün daş da aldılar.
Zeyd öz bədənini etsə də sipər
Onun bu zəhməti oldu bisəmər.
Peyğəmbər onlara etdi nəsihət
Yenə də haqq dinə eylədi dəvət.
Kafirlər danışıb kəlmə kəsməmiş
Hadisə baş verdi daha da müdhiş.
Yaxından uzaqdan daş atan zaman
Bir neçəsi dəyir Həzrətə ondan.
Ayaqları tamam qana boyandı
Təqətsiz girib bir bağda dayandı.
Əllərin göylərə açdı: – İlahi
Bəndənin yox səndən özgə pənahı.
Ey rəhmlilərin ən rəhmlisi
Sənə ərz edirəm eşit bu səsi.
Bütün xahişlərim sənədir ancaq
Müdafiəçim də sənsən ol dayaq.
Üzünün nuruna sığınıram mən
İstəyirəm sənin mərhəmətindən.
Deyərək Rəbbinə dua eylədi:
– Bu cahil ümməti əfv et söylədi.
Peyğəmbər duasın çatdırıb sona
İstəyir ki davam etsin yoluna
Bağın sahibləri Ütbə və Şeybə
Onun yalvarışın eşitmiş demə.
Tapşırıq verirlər qulamlarına
Bağdan üzüm dərib aparsın ona.
Adi İdas olan həmin bu cavan
Peyğəmbərə üzüm uzadan zaman
“Bismillah” deyərək alır Peyğəmbər.
İdas təəccüblə sual eyləyər:
– Burada ölkənin xalqından heç kəs
Allahın adını belə söyləməz.
Peyğəmbər də ona verərək sual
Xaçpərəst olduğun öyrəndi dərhal:
– Deməli sən saleh bir adam olan
Yunus Peyğəmbərin diyarındansan.
Qulluqçu Həzrətdən sordu: – Haradan?
Yunus Peyğəmbəri sən tanıyırsan?
– Mənim nurumdandır onda olan nur.
O mənim qardaşım hesab olunur.
Qulluqçu bunları eşidir necə
Sanki bədəninə düşür vicvicə.
Peyğəmbər olduğun bilib diz çökür
Rəsuli–əkrəmin əlindən öpür.
Nəhayət özündə tapır cəsarət
Müsəlman olmağa verir şəhadət.
Bağın sahibləri bir az uzaqdan
Həmin mənzərəni seyr edən zaman.
Onlar bir anlıqa gəldi heyrətə
İman əhlindəki olan ülfətə.
O iki məlunun aqibətin siz
Bədr döyüşündə görəcəksiniz.
Niyə nədən ötrü bu taiflilər
Peyğəmbər ilə bəd rəftar etdilər.
Haqq olan bir dinə qoşulmadılar
Bunun da müxtəlif səbəbləri var.
Taif bağ–bağçalı səfalı yerdir
Məkkəyə nisbətən havası tərdir.
İmkanlılar ora gəzməyə gəlir
Bütün yay vaxtını qalıb dincəlir.
Bir də ki Lat bütü durur orada
Ziyarətçilər də gəlir arada.
Taif xalqı əgər olsa müsəlman
O zaman yox olur Büt də ortadan.
Məkkəlilər ora gəlməzlər qəti
Azalar onların varı–sərvəti.
Bu səbəblər üçün qorxu çəkdilər
Yoxsa maddi ziyan çəkəcəkdilər.
Taifdən qayıtdı Rəsuli–əkrəm
Bir başa Məkkəyə getmədi bu dəm.
Hiraya gələrək qalmış bir qədər
Oradan Mütimə göndərir xəbər
Onun himayəsin Həzrət istəmiş
O da bir etiraz buna etməmiş.
Mütim özü müşrik olsa da ancaq
Həzrətə dar gündə olmuşdu dayaq.
Taif səfərinin uğursuzluğu
Əsla onu ruhdan salmamışdı bu.
Çəkinib dönmədi bu haqq yolundan
Dedi: – Rəbbim edir məni imtahan.
Həzrəti Peyğəmbər bilirdi bunu
Tək onun başına gəlməyibdi bu.
Həzrəti Nuh yaxud başqa Peyğəmbər
Dinsizlər əlindən çəkmədi nələr...
Tutduğu məsləkdən dönmədi İsa
Onu da dinsizlər çəkdi çarmıxa.
Həzrəti İbrahim bu haqq yolunda
Çoxlu məşəqqətə dözmüşdü onda.
Bütdən allah olmaz deyərkən o da
Nəmrudun əmriylə atıldı oda.
Odur hər əzaba dözürdü Həzrət
Bu ağır günlərdə bir gün nəhayət
Allahın əmrilə meraca getdi
Ruhlar aləmini səyahət etdi.
Meracın mənasın bilmək üçün sən
İsranın mənasın gərək biləsən.
Merac göyə çıxmaq yüksəlmək demək
İsra gecə vaxtı seyr eyləmək.
Meraca getməzdən əvvəl Peyğəmbər
İsra eyləmişdir Qüdsiyə qədər.
Bu böyük hadisə gecə edilmiş
Odur ki Quranda “İsra” deyilmiş.
Hicrətdən təxminən altı ay qabaq
Hərəmi–şərifdə Həzrət yataraq
Bu zaman Cəbrail o böyük mələk
Rəsuli–əkrəmə yaxın gələrək
Onunla bir kəlmə söz danışmadan
Qolundan astaca tutur mehriban
Səfa təpəsinə tərəf apardı
Burada əcaib bir heyvan vardı.
İsra eləməyə Buraqa minir
Beytülmüqəddəsə tərəf yol gedir.
Yol üstü Sinada Beytülləhmdə
Düşüb namaz qıldı həmin yerlərdə.
Yenə də yolların davam etdilər
Bir göz qırpımında Qüdsə getdilər.
Buraqın gedişi şimşək sürəti
Bəlkə də şimşəkdən gedirdi iti.
Məscidüləqsaya girdiyi zaman
Başladı müəzzin verməyə əzan.
Adamlar cərgədə durmuşdu səf–səf
Cəbrail dedi: – Keç qabağa tərəf.
Namaz qılanlara olaraq imam
Onlarla namazın eylədi tamam.
Cəbrail soruşdu: – Ya Mühəmməd sən
Bu namaz qılanlar kimdir bilirsən?
Dedi: – Tanımıram görməmişəm yox.
– Allahın yanında məhəbbətin çox.
Səndən əvvəl gələn nəbilər yeksər
Yığılıb arxanda səcdə etdilər.
Sonra da Cəbrail gətirdi üç qab
Biri süd biri su birində şərab.
Cəbrail buyurdu: – Ya Mühəmməd sən
Hansını istəsən içə bilərsən.
Südə əl uzadıb götürdü Həzrət.
Cəbrail bəyənib söylədi: – əlbət
Suyu götürsəydin ümmətin sənin
Suda qərq olardı bunu bil yəqin.
Şərabı alsaydın yolun azardı
Əzaba zillətə düçar olardı.
Sonra da növbəsi çatdı o yerə
Meracı başladı onun göylərə.
Həzrəti Peyğəmbər Cəbrail ilə
Yuxarı qalxırdı pilləbəpillə.
Birinci səmaya çatdığı zaman
Cəbrail: – Aç dedi qapıda duran:
– Sən kimsən? O dedi: – Cəbrailəm mən!
– Sənin yanındakı o kimdir gələn?
Gələn Mühəmməddir–Cəbrail dedi.
– Ona peyğəmbərlik verilibdimi?
– Bəli verilibdir! açıldı qapı.
Yayıldı: – Xoş gəlib buyur sədası
Daxil olunmağa izin verdilər
Birinci səmaya onlar girdilər.
Sağında solunda xeyli adamlar
Bir kişi gördülər üzündə nur var.
Sağına baxanda gülümsər olur
Soluna baxanda gözləri dolur.
Peyğəmbəri görcək səlam söylədi:
– Xoş gəldin ey Saleh övladım! –dedi.
Həzrət Cəbraildən sordu: – Bu kimdir?
Ağlamağı nədir? Gülməyi nədir?
Cəbrail dedi: – Ey Rəsuli–əkrəm
Bu ilk peyğəmbərdir–Həzrəti Adəm!
Sağında Cənnətə gedəndi bunlar
Solunda Cəhənnəm əhli günahkar.
Odur ki sağına baxanda gülür
Soluna gözünün yaşı tökülür.
Sonra da yolların davam etdilər
İkinci səmaya tərəf getdilər.
Yeddi təbəqəni keçdikcə onlar
Qapılar ağzında eyni sual var...
Adını soruşub edirlər dəvət
Hansı peyğəmbəri görəndə Həzrət
“Səlam Saleh oğlum Saleh Peyğəmbər”
Deyərək Həzrətlə görüşürdülər.
İkinci səmada Yəhya və İsa
Üçüncüdə Yusif o – gözəl sima.
Dördüncüdə İdris əleyhissəlam
Beşincidə Harun söylədi səlam.
Altıncı səmaya qalxdığı zaman
Həzrəti Musanı o gördü bu an.
Yeddinci səmada dayanıb durdu
Burada İbrahim Xəlil dururdu.
Kürəyin söykəmiş Beytülməmura
Mələklər namaza gəlirlər bura.
İbadət evidir bu Beytülməmur
Kəbə də düz onun altında durur
O göydə yerləşən ibadətgahdır
Kəbəyə bənzəyən ziyarətgahdır.
Həzrət namazını qıldı burada
Cənnət bağlarını gəzdi arada
Bağlar kənarında çayları gördü
Bir çay üzərində qəsr üzürdü.
Həzrət əlin suya vurduğu zaman
Müşk qoxusunu hiss etdi ondan.
Cəbraildən sordu: – Bəs bu çay nədir?
– Bu çay ən qiymətli Kovsərdir deyir:
– Çayı da qəsri də böyük Yaradan
Səninçün qoruyub saxlayır hər an.
Sonra Cəhənnəmə baxdı uzaqdan
Cəza çəkənləri gördü bu zaman.
Bir az da yuxarı qalxdı göylərə
Sidrətülmüntəha adlı bir yerə.
Orada ilahi nurlar yanırdı
Hər tərəf rəngbərəng parıldayırdı.
Oradan yuxarı olanlar daha
Hamısı məlumdur yalnız Allaha.
Ondan o tərəfə nə mələk nə də
Elə bir peyğəmbər olmayıb gedə.
Cəbrail dedi: – Ya Rəsuli–əkrəm
Mən daha yuxarı gedə bilmərəm.
Sidr ağacından o yana əgər
Getsəm qanadlarım yanıb tökülər.
Cəbrail bu yerdə onu buraxdı
O ərşi əlayə rəfrəflə qalxdı.
Tanrı dərgahına əlin uzatdı
Tək–tənha sonuncu məqamə çatdı.
Çatanda Allahın yaxınlığına
İstədiyi vəhyi vermişdi ona.
O qədər yaxınlıq vardı orada
İki ox məsafə qaldı arada.
Nə bir vasitəçi nə də bir mələk
Pərdə arxasında onlar təkbətək
Sonra nə danışıb nələr dedilər
Bir Allahı bilir bir də Peyğəmbər.
Ona üç ərmağan verdilər bunu
Birinci “Bəqərə” surənin sonu.
İkinci Allaha şərik qoşmayan
Cənnət müjdəsini alacaq ondan.
Üçüncü meracdan hədiyyə olan
Beş vaxt namaz qılmaq olundu əyan.
“İsra” surəsi də sübutdur buna
“Allah ayətlərin göstərdi ona.”
Həzrəti Peyğəmbər əleyhissəlam
Kəbəyə yerinə qayıdır axşam
Olan hadisəni danışır səhər
Yox canım belə şey olmaz –dedilər:
– Qüdsə bir ayadək gedir karvanlar
Bir aya da geri qayıdır onlar.
Mühəmməd bu uzaq yolu nə təhər
Bir gecəyə gedib qayıda bilər.
Möminlər tərəddüd etmədi buna
Müşriklərsə sual etdilər ona
Əbu Cəhl dedi: – Həqiqətsə bu
Qüdsə getmisənsə sübut et bunu.
Danış bizə yolda gördüklərindən
Beytülmüqəddəsi təsvir eylə sən.
Həzrət dedi: – Yolda bir neçə karvan
Onları mən gördüm Şamdan qayıdan
Çərşənbə axşamı sizin karvanlar
Yəqin ki Məkkəyə yetişər onlar.
Yüklərin də nədən olduğun dedi
Beytülmüqəddəsi təsvir eylədi.
Əbu Bəkr: – Bunu Mühəmməd deyir
Demək həqiqətdir doğru söyləyir.
Şübhəli heç nə yox dediklərində
Qüds şəhərini görmüşəm mən də.
Gördüklərin aydın eylədi təsvir
Təsdiq eləyirəm yalan deyildir.
Həzrətin göylərə merac etməsi
Bəşər tarixinin bu hadisəsi
Ən mürəkkəb olan hadisəsidir.
Allahın sirr qalan möcüzəsidir.
Peyğəmbər meracdan döndüyü zaman
Beş vaxtı namaza keçdi bu andan.
Qorxmadan Qüreyşin əziyyətindən
Məkkədən xaricə çıxardı bəzən.
Həccə gələnləri islama səslər
Qurani–kərimdən ayələr deyər.
Quranın ecazkar təsiri ilə
Çoxları şəhadət gətirdi dilə.
Yəsrib şəhərinə çatdı bu xəbər
“Allah göndəribdir onu” dedilər.
Yəsrib əhalisi çox müstəqildi
Ancaq bir xalq kimi yekcins deyildi.
Burada yaşayan ərəblər ki var
İki qəbiləyə ayrılmışdılar.
Ovs və Xəzrəcdir onların adı
Eynidir kökləri ulu əcdadı
Hər iki qəbilə bütpərəst olmuş
Vuruşa–vuruşa artıq yorulmuş.
Yəhudilər fitnə–fəsad salardı
Bu qəbilələri qızışdırardı.
Onlar da dərindən heç düşünmədən
Bu iki qəbilə olmuşdu düşmən.
Çətinə düşəndə tez yəhudilər
“Allah dinindəyik” deyib güvənər.
Ovs Xəzrəclilər görəndə belə
Yola getməzdilər bu millət ilə.
Yəsribdə qarışıq çətin zamanda
Müşriklər eşitdi belə bir anda
Məkkədə Peyğəmbər etmişdir zühur...
Allah tərəfindən kəlam oxuyur.
Yəsriblilər buna çox sevindilər
Ərəblərdən də bir gəlmiş Peyğəmbər.
Allahın Rəsulun görsünlər deyə
Dostları ilə paylaş: |