On iki nəfəri gəlir Məkkəyə.
“əqəbə” adında yerə çıxdılar
Peyğəmbəri görüb əlin sıxdılar.
Ovsdan Xəzrəcdən gələn elçilər
Həzrətə and içib beyət etdilər:
– “O böyük Allaha şərik qoşmamaq
Yalandan böhtandan olmalı uzaq
Zina oğurluğa yaxın getməmək
Olan uşaqları tələf etməmək
Namusa toxunub evlər yıxmamaq
İşdə Peyğəmbərə qarşı çıxmamaq”.
Yəsriblilər sonra xahiş etdilər
Dini ayinləri bilən bir nəfər
Yəsribə getməyə qoşsun onlara
Həzrət də Musabı göndərdi ora.
İslam tarixində görüş ad aldı
“Birinci əqəbə” beyəti qaldı.
Görüşdən düz bir il keçərkən tamam
Yəsribdən Məkkəyə yetmiş beş adam.
Ziyarətə gələn müsəlmanları
Həzrət qarşıladı özü onları
Görüşüb danışıb hamı söz qoyar
Axşam əqəbədə görüşsün onlar.
Əmisi Abbasla Həzrət bərabər
Gecədən bir xeyli keçmiş gəldilər.
Mehribancasına səlamlaşdılar
İslama dəvətdən söhbət açdılar.
Sonra yəsriblilər xahiş edirlər
Yığışıb Yəsribə gəlsin Peyğəmbər.
Abbas danışaraq bildirdi bunu
Dedi: – Düşmənlərdən qoruduq onu.
Onun aramızda mövqeyi yüksək
Sizinlə birləşib istəsə getmək
Onu qorumağa varsa gücünüz
Onda bir etiraz etməyirik biz.
Hamısı and içib ayağa qalxar
Peyğəmbərə beyət edib əl tutar.
Sonra nümayəndə on iki nəfər
Hər iki tayfadan yığıb seçdilər
Həzrətə itaət xidmət edəcək
Doğru söz deməkdən çəkinməyəcək.
Allahın yolunda verdilər qərar
Hər hansı bir işdən qorxmayacaqlar.
“İkinci əqəbə” qurtardı belə
Peyğəmbər onlarla tutdu əl–ələ:
– Siz mənimləsiniz mən sizinləyəm
Hazıram hər zaman sizi dinləyəm.
Deyərək onlardan ayrılır Həzrət
Hamıya mükafat vəd etdi – Cənnət.
“Əqəbə” beyəti müsəlmanların
Önündə bir üfüq açdı onların.
Yəsribə köç etmə işində Həzrət
Çox ehtiyat ilə edir hərəkət.
Yeni müsəlmanlar iki bir üç bir
Gizlində yığışıb Yəsribə gedir.
Yəsrib əhalisi açmışdı qucaq
Onları xoş üzlə qarşılayaraq
Yaşamaqdan ötrü yer verirdilər
Hər cürə köməklik göstərirdilər.
Fürsət tapan kimi qüreyşililər
Hicrət edənlərə əziyyət verər.
Ər ilə arvadın qarşısın tutar
Birlikdə getməyə qoymayırdılar.
Müşriklər nə qədər çalışırdılar
Daxildən od tutub alışırdılar
Gördüyü işlərdən olmadı fayda.
Hicrət edənləri qorxutsalar da
Onlar özləri də qorxu çəkirlər.
Müsəlmanlar getsə Yəsribə əgər
Oranı mərkəzə çevirsə onlar
İslamın hər yerdə şöhrəti artar.
Əbu Cəhl yığdı bütpərəstləri
İmkanlı nüfuzlu şəxsiyyətləri.
Gizlində düşündü bir neçə nəfər
Mühəmmədi necə yox eyləsinlər.
Nə qədər qaçmamış əlimizdəkən
İslam cərəyanın kəsək kökündən.
Bir qismi fikrini dedi bu sayaq:
– Onu zəncirləyib zindana ataq.
Ya da ömürlük göz dustağı edək
Uzaq bir ölkəyə sürgün eyləyək.
Əbu Cəhl bunun heç biri ilə
Razılaşmayaraq söylədi belə:
– Biz onu sürgünə göndərsək əgər
Yəsriblilər tapıb kömək edərlər.
Onu bir dəfəlik öldürmək gərək
Ancaq kim öldürsün bunu düşünmək.
İçimizdən biri öldürsə onu
Manaf oğulları bilsələr bunu
Qana–qan davası olacaq onda
Yaxşısı budur ki eyni zamanda
Hər bir qəbilədən igid bir nəfər
Üstünə birlikdə qılınc çəksinlər.
Bilməsələr kimin vurduğun əgər
Qan davasına da girməyəcəklər.
Bununla məsələ bitəcək tamam.
Həzrətin evinə həmin gün axşam
Cənabı Cəbrail vəhy ilə gəldi
Hicrət etməsinə izin verildi.
Həzrət hicrətindən iki gün qabaq
Əbu Bəkrgilə yolun salaraq
Onu da xəbərdar elədi dərhal
Yol üçün tədarük gördülər fəal.
Bütpərəstlər çirkin öz əməllərin
İcra etmək üçün Həzrətin evin
Dövrəyə almışlar səhərə qədər
Bayırda qətl etmək istəyirdilər.
Vaxtdan istifadə edərək Həzrət
Həzrəti əliyə söylədi xəlvət:
– Düşmənlər pusquda durub gizlicə
Mənim yatağımda yatarsan gecə
Mən hicrət edirəm Yəsribəsarı
Səhərə qədər sən saxla onları.
Al məndə saxlanan əmanətləri
Sahiblərin tapıb verərsən geri.
Vacib sözlərini çatdırdı ona
Sonra da uzadıb öz yatağına
Yaşıl xilqəsini üstünə çəkdi
Tez gedib səslədi o əbu–Bəkri.
Gecənin qaranlıq zülmət çağında
Məkkədən aralı Sovr dağında
Gizli mağarada məskən saldılar
Burada üç gecə–gündüz qaldılar.
Onlar mağaraya daxil olantək
Əmri–ilahiylə dərhal hörümçək
Mağara ağzında torunu hördü
Az müddət ərzində işini gördü.
Həzrətin evini güdən qəsdçilər
Durub gözlədilər səhərə qədər
Onu gözləməkdən artıq bezdilər
Evinə girməyə etdilər hünər.
Evin qapısını birdən açantək
Hamısı pərt olar əlini görcək.
Onu izləyərkən bu qədər millət
Necə getdiyinə etdilər heyrət.
Evindən dişarı qoyanda qədəm
“Yasin” surəsindən Rəsuli–əkrəm
Sədd ayəsini tam oxuyarkən
Bir ovuc torpağı götürdü yerdən
Duran müşriklərin üzünə atmış
Odur ki onlar da kor kimi yatmış.
Səhər açılanda qureyşililər
Məkkəyə car çəkib verdilər xəbər:
– Mühəmmədi tapıb gətirən adam
Haqqını yüz dəvə alacaq ənam.
Bundan həvəslənib adlı–sanlılar
Əlləri xəncərli dəli qanlılar
Onların izinə düşüb bir qədər
Həmin mağaraya tərəf gəldilər.
Biri mağaraya girmək istədi
Bir başqası ona: – Ağlın yox dedi:
– Mağara ağzında görmürsən məgər
Hörümçəklər necə torun çəkiblər.
Bir bax göyərçinlər yuva da qurmuş
Yuvanı yumurta ilə doldurmuş.
Bəlkə heç Mühəmməd doğulmamışdan
Əvvəl də burada olmamış insan.
İçəridə heç kim olmaz gəl gedək.
Başqa yerdə onu axtarıb gəzək.
Ayrılıb o yerdən getdilər kənar
Allahın əmrilə kor olmuşdular.
Bir az baxsaydılar aşağı əgər
Hər bir ikisini görəcəkdilər.
Əbu Bəkr bunu hiss eləmişdi
Qorxaraq Həzrətə belə demişdi:
– Deyəsən düşmənlər olubdur agah
Bizi görəcəklər ya Rəsulüllah!
Onların sayı çox bu iki nəfər
Bu qədər adamla neyləyə bilər?
– Biz iki yox üçük! –demiş Peyğəmbər:
“Allah bizimlədir etmə qəm kədər.”
Axtaranlar gedib uzaqlaşdılar
Hər yerdə hər kimdən soraqlaşdılar
Axtarmadıqları bir yer qalmadı
Onu gördüm deyən adam olmadı.
Axtarış heç kimə vermədi səmər
Hamısı kor–peşman geri döndülər.
Əbu Bəkr ilə Rəsuli–əkrəm
Üç gün mağarada qaldılar bahəm.
Qorudu onların Allah hər birin
Bu üç gün ərzində həm əbu Bəkrin
Oğlu əbdüllahla köləsi Amir
Gecələr onlara yemək gətirir.
Dördüncü günündə çatdırdı xəbər
Axtaranlar bir az seyrəkləşiblər.
Odur ki əbdüllah həmin gün gecə
İki dəvə ilə gəldi gizlicə.
Bu hicrət dostları iki yarı–ğar
Dəvələrə minib uzaqlaşdılar.
Allahın yolunda hicrət etdilər
Qırmızı dənizə doğru getdilər.
Bütpərəstlər yenə bağırdı bar–bar
Çünki mükafatı artırmışdılar:
– ölüsün dirisin tapıb gətirən
İki yüz dəvəni alacaq birdən.
Deyərək təzədən car çəkirdilər
Məkkə əhli hamı eşidirdilər.
Malik oğlu Sorəq adında biri
Dərhal eşidəntək belə xəbəri
Hicrət edənlərin izinə düşdü
Arxadan onlara gəlib yetişdi.
Atı var gücüylə məhmizləyərkən
Atın ayaqları büdrədi birdən.
Qumun üzərində at sürüşərək
Heyvan çapalayıb batdı dizədək
Təzədən özünü ələ alaraq
Hərəkətin yenə təkrarlayaraq
Atın ayaqları yerə çökürdü
Gizli qüvvə onu geri çəkirdi.
Atlı əməlindən pərişan oldu
Həzrətə yalvarıb müsəlman oldu.
Yolçular yolların davam etdilər
İsti səhraları aşıb getdilər.
Göydən yerə qızmar alov yağırdı
Qumlardan qığılcım dalğalanırdı.
Səhra gəmisində onlar üzdülər
Ancaq görmədilər sudan bir əsər.
Axşam hava bir az sərinləyirdi
Ulduzlar yoluna nur ələyirdi.
Nə qədər əzablı olsa bu səfər
Yeddi günə yolu qət eylədilər.
Yəsrib şəhərinin yaxınlığında
Bir oba var idi Quba adında.
Quba ətrafında bütün camaat
Gözləri yollarda hamı narahat
Həzrətin gəlişin gözləyirdilər.
Bir yəhudi qızı çatdırdı xəbər
Uzaqdan görərək müjdə verdi qız
Onları ilk dəfə o gördü yalnız.
Qışqıraraq dedi: – Ey camaat siz
Odur gəlir yolun gözlədiyiniz.
Xəbər bir ildırım sürəti ilə
Xalqın arasında yayıldı elə.
Hamının gözləri üfüqə döndü
İki ağ paltarlı adam göründü.
Silahlanıb əhli–islam olan yar
Həzrəti “Təkbir”lə qarşıladılar.
Peyğəmbər Məkkədən çıxdığı zaman
Əli əmanətlər almışdı ondan.
Səhər açılan tək əmanətləri
Sahiblərinə tez çatdırdı geri.
Hər üç fatimələr gördü hazırlıq
Əli üç dəvə də tapmışdı artıq.
Bu hicrət yoluna çıxdılar axşam.
Haşimilərdən də bir neçə adam
Qoşulub onlarla getdiyi zaman
Əli birdən baxıb gördü arxadan
Məkkə tərəfindən bir dəstə kafər
Onları yol boyu təqib edirlər.
Qılıncın çəkərək əli qəzəblə
Onların üstünə edəndə həmlə
Geriyə qayıdır hamı qorxudan.
Həzrəti əli bir qüdrətli aslan
Dəstənin başında yola düzəldi
Qubayadək yolu piyadə gəldi.
Yolda ayaqları salmışdı qabar.
Həzrəti görəndə qucaqlaşdılar
Bu zaman ağlamış Peyğəmbərimiz:
– “Ayrılmışdıq hansı şəraitdə biz
Hansı şəraitdə harda görüşdük.
O ulu Allahın lütfü nə böyük!”
Qubada tapşırıq verdi Peyğəmbər
Tezliklə ilk məscid inşa etdilər.
Özü də çalışıb kömək edirdi
Ən ağır işlərdən çəkinməyirdi.
Bu məscid haqqında Quran bəhs edir
“Tovbə” surəsində adı çəkilir.
Bir cümə günündə başda Peyğəmbər
Yəsribə tərəf tez yola düşdülər.
Bəni–Səlim adlı bir məhəllədən
Günorta zamanı onlar keçərkən
Ayaq saxladılar bir an bu yerdə.
Peyğəmbərlə gedən əshabələr də
Dəstamaz alaraq səf–səf yığılmış
İlk cümə namazı burada qılmış.
Sonra da Peyğəmbər xutbə oxuyur
Tanrının adıyla hikmət toxuyur.
Həmd–səna edərək Pərvərdigara
Belə buyurmuşdur müsəlmanlara:
“– Ey mömin bəndələr ölməzdən qabaq
Allaha siz tovbə eyləyin ancaq.
Bir çətinlik ilə üzləşmədən siz
O böyük Tanrıya yaxın gəliniz.
Bilin ki tək Allah bu gün bu yeri
Cümə namazına qıldı zəruri.
Ey insanlar indi sağlığınızda
Qiyamət gününü salınız yada
Ömür başa çatdı öləcəyik biz.
Sonra Cənabi–haqq tərcüməçisiz:
– Mənim Peyğəmbərim demədi məgər
Sənə lütfü–ehsan etdim nə qədər
Sənə dövlət verdim soracaq o gün
Nə tədarük etdin axirət üçün?
Deyəcək ey bəndəm dünyada ikən
Hansı yaxşılıqlar eləmisən sən?
O adam kimdirsə döyəcək gözün
Sonra Cəhənnəmdə görəcək özün.
Hər kim yarım xurma olsa da gərək
Xeyir işlər görsün səvab edərək.
İmkanı olmasa əgər buna da
“Kəlmeyi–Təyyibə” söyləsin onda.
Dilinə aldığı gözəl kəlmələr
Onu Cəhənnəmdən qurtara bilər.
Başqa birisinə gerçək müsəlman
Dilindən əlindən verməsin ziyan.”
Birinci xütbəni çatdırdı sona
Yenə Allahına etdi həmd–səna:
– “Ona layiqincə həmd edirəm mən.
Ondan da köməklik istəyirəm mən.
Allahın hidayət etdiyin bir kəs
Heç kim zəlalətə düşürə bilməz.
Allah alçatdığı kimsəni heç kəs
Səadətə doğru yüksəldə bilməz.
Bizə doğru yolu göstərən Odur!
“ən gözəl adlar da yalnız Onundur!”
Dünyanı yaradıb ona nur verən
Müstəqim haqq yolun Odur göstərən!
Tanrıdan başqa bir yoxdur Yaradan!
Şəhadət edirəm bunu ucadan.
Şəriki oxşarı yoxdur O birdir!
Quranı qəlbləri zinətləndirir.
Allahın sevdiyin can qəlbdən sevin
Tək olan Allaha ibadət edin!
Ona heç bir şeyi şərik qoşmayın.
Onun kəlamından uzaqlaşmayın.
Ondan layiqincə qorxub çəkinin
Yaxşı qəlbə yatan əməllər edin.
Allahdan sözünüz olsun hər zaman
Biri–birinizə olun mehriban.
Kim sözündən dönüb əhdin unudar
Allahın da ona qəzəbi tutar.
Allahın səlamı bir də rəhməti
Üstünüzdə olsun həm bərəkəti”.
İkinci xütbəni Rəsuli–əkrəm
Qurtarıb Qubadan götürdü qədəm.
Müsəlmanlar tutdu Yəsrib yolunu
Bütün Yəsrib xalqı açmış qolunu
Şadlıq içindəydi hamı bu zaman
Peyğəmbərin yaxın əqrəbasından
Nəccar oğulları başda qol–qola
Yəsrib əhalisi çıxmışdı yola.
Peyğəmbərin üzün görməkçin onlar
Yaxından–uzaqdan boylanır nə var.
Yəsrib əhalisi o günə qədər
Belə canlanmanı görməmişdilər.
Üzündə təbəssüm məsum uşaqlar
Hamının əynində təptəzə paltar.
Şerlər nəğmələr deyib oynayar
Evlərin damına çıxıb qadınlar
Şərqilər oxuyur qaval əl çalır
Sədalar göylərə qalxıb ucalır.
Onlar Peyğəmbəri tərifləyirdi
Hamısı evinə dəvət edirdi.
Dəvəsinin tutub hər kəs ovsarın
İstəyir evinə tərəf aparsın.
Qəlblərin sındırmaq istəməyərək
Peyğəmbər arabir gülümsəyərək:
– “Kimin qapısında dayansa dəvəm
Buyurdu:– O yerdə mən düşəcəyəm.”
“əl–Cəzbə” şəhərin küçələrində
Dolanıb əvvəlcə çökdü birində.
Dərhal dik qalxaraq ayağa durdu
Bir az irəlidə gedib oturdu.
Boynunu qabağa uzadıb dəvə
Başladı ucadan nərildəməyə.
Həzrət deyir: – Yaxşı əlamətdi bu.
Yaxınlıqda olan evə buyurdu.
Sonradan öyrənir bu evdə qalan
Ana tərəfindən qohumu olan.
Ənsar əbu–əyyub evini vermiş
Həzrət də ilk dəfə bu evə girmiş.
Peyğəmbər Yəsribə hicrət edəntək
İslam dini burda qüvvətlənərək
Müsəlman olanlar artır günbəgün
İslamdan söz–söhbət gedir büsbütün.
Müşrik olanların bir qismi daha
İman gətirdilər böyük Allaha.
Evlərində olan bütləri çırpar
Öz əlləri ilə sındırırdılar.
İslamiyyət artıq vüsət alaraq
Peyğəmbərə hörmət rəmzi olaraq
Yəsribin dəyişdi əvvəlki adı
Mədinətən–Nəbi adın saxladı.
İslam mərkəzinə çevrildi bura
Namaz qılmaq üçün müsəlmanlara
Yox idi bir geniş ibadət yeri.
Dinə aid olan mərasimləri
Keçirmək heç yerdə deyildi mümkün
Məscid tikilməli ibadət üçün.
Mədinədə vacib işlərdən biri
Dəvənin ilk dəfə çökdüyü yeri
On misqal qızıla satın aldılar
Məscidi tikməyə qüvvə saldılar.
Sadə bir tərzdə məscid hörüldü
İçində səliqə–səhman görüldü.
İlk dəfə məscidə girdi Peyğəmbər
Odur ki “ən–Nəbi” adın verdilər.
Məscidin inşası çatanda başa
Yanaşı otaqlar tikildi qoşa.
Əyyubun evindən yığışıb Həzrət
Öz otaqlarına köçdü nəhayət.
Peyğəmbər Məkkədə olarkən hələ
Nişanlanmış idi Aişə ilə.
Həzrəti Aişə bir gözəl üzlü
Ağıllı kəmallı həm şirin sözlü
Həddi–büluğa o çatmışdı bu dəm
Onunla evləndi Rəsuli–əkrəm.
Həzrəti Peyğəmbər ötdü bir ara
Namazın vaxtını müsəlmanlara
Çatdırmaqdan ötrü Bilala bu an
Tapşırdı ucadan oxusun əzan.
Əzan dinin açıq bir dəvətidir
Din azadlığının əlamətidir.
Mədinə xalqına açılan səhər.
Namaza çağırır: – “Allahu əkbər”.
Bilal yüksəklikdən əzan verərdi
Allahın birliyin elan edərdi.
Məscidi–şərifin bitişiyində
Günəşin şüası düşdüyü tində
Üstünü örtərək yer düzəltdilər
Evsiz–eşiksizlər axıb gəldilər.
Bir iş tapan kimi çalışır onlar
Belə yaşayışa alışır onlar.
Həzrətə çox yaxın olduqlarından
Hədislər öyrənər dinləyər Quran.
Onlardan bir nəfər: – Ya Rəsulüllah
İslamın mənasın et bizə agah.
Buyurdu Peyğəmbər əleyhissəlam:
– Allaha itaət etməkdir islam.
Kəlam paklığıdır birdə ki ehsan
İncəlməz üzülməz islam heç zaman.
Heç nəyi olmayan yurdsuz adamlar
Bir yerə cəm olub hər gün axşamlar
Quranı–kərimi öyrənərdilər.
Odur kihamısı bilirdi əzbər.
Bura sayılırdı elm məbədi
Mürşid adın onlar aldı əbədi.
Dinləri uğrunda hicrət edənlər
Ata–baba yurdun qoyub gedənlər
Varını yoxunu qoyub gəldilər
Əziyyət çəkirlər hamı sərasər.
Həmzə kimi tanrı aslanı belə
Gətirə bilmədi bir şey özüylə.
Hicrətə əliboş çıxdıqlarından
Ehtiyac içində oldular yanan.
Bircə yoxsulluqdu onların dərdi
Həzrət də onlara yardım edərdi.
Ovsla Xəzrəcin varlı olanı
Görür gələnlərin yoxdur imkanı.
Verdikləri əhdə sadiq qalaraq
Hicrət edənlərə kömək olaraq
Onlara lazımi yardım verirlər
Odur ki onlara “ənsar” deyirlər.
Məkkədən köç edən müsəlmanlara
Yerlilər “Mühacir” dedi onlara.
İstər mühacirlər istərsə ənsar
Bu dində zəhmətkeş onlar oldular.
Həzrətin ən müdrik işlərdən biri
O ənsarlar ilə mühacirləri.
Birləşdirmək üçün düşündü tədbir
Üzünü onlara tutaraq deyir:
– “Mən istəyirəm ki qardaş olub siz
Hər işdə səxavət göstərəsiniz.”
Odur ki imkanlı hər bir ənsara
Bir mühacir qardaş verdi onlara.
Ənsarlar da verdi dolu ev–eşik
Malına mülkünə eylədi şərik.
Bir–birinə onlar tez alışdılar
Birgə yaşadılar bir çalışdılar.
Bu qardaşlıq yalnız mühacirləri
Yurdları olmayan müsafirləri
Yerləşdirmək üçün qurulmadı bu
Bir ali məqsədi vardı doğrusu.
Bir–birinə qardaş edib onları
Hər sinifdən olan bu insanları
Vahid din altında birləşdirərək
İslam birliyini yaradır demək.
Həzrəti Mühəmməd Həzrəti əli
Bu iki mühacir – iki məkkəli
Qardaşlıq əhdini imzaladılar
İki əmioğlu qardaş oldular.
Mədinədə olan yəhudilər də
Sakit oturmadı durduğu yerdə.
Onlar ilk günlərdə çox çalışdılar
Həzrətlə mehriban qarşılaşdılar.
Hətta Peyğəmbərə edib pərəstiş
Öz tərəflərinə çəkmək istəmiş.
Gördülər ki onun əmalı yüksək
Öz əqidəsindən o dönməyəcək.
Odur ki islama qarşı çıxdılar
Rəsuli–əkrəmdən oldular kənar.
Müsəlmanlar içrə birlik görəndən
Yəhudilər oldu paxıllıq çəkən.
İslamiyyət artıq şaxələnirdi
Sədası hər yerə pərvaz edirdi.
Gündən–günə yeni qüvvət alarkən
Bayrağı vüqarla dalğalanarkən
Yəhudilər içrə düşdü qəm kədər.
Qüvvətlənməsini istəmədilər.
Əvvəllər əhdnamə yazdılar dərhal
Müsəlmanlar ilə bağlandı iqbal.
Sonra bunu başqa səmtə yozdular
Fürsət düşən kimi onu pozdular.
Hər cürə hiyləyə əl atmışdılar
Qiblədən söz–söhbət yaratmışdılar.
Ortaya düşəndə belə vəziyyət
İlahidən nazil olundu ayət.
Qiblənin səmtini dəyişdirməli
Qüdsdən Kəbəyə üz çevirməli.
Bu oldu hicrətin ikinci ili.
Buna sevinmişdi hər bir məkkəli.
Çünki vətənindən uzaq olanlar
Hər gündə beş dəfə namaz qılanlar
Namazda duracaq Kəbəyə doğru
Yəhudilərəsə zərbə oldu bu.
Namaz qılanlar da üzlərin dərhal
Müqəddəs Kəbəyə tutdu bu minval.
Bu məqamda onlar bərk hiddətlənir
Əl atıb yeni bir fitnə törədir.
Məkkə müşrikləri müsəlmanları
Mədinədə rahat qoymur onları.
Burda da onları təqib edirlər
Fürsət düşən kimi əzab verirlər.
Müşriklər edəndə belə hərəkət
Yəhudilərə də verdi cəsarət.
Onlar Qüreyşilə oldu həmfikir
Münafiqləri də səmtinə çəkir.
Gizli ittifaqa necə girdilər
Həzrətin qəsdinə əlləşirdilər.
İslam düşmənləri qalxır ayağa
Başlayır hücuma hazırlaşmağa.
Müsəlmanlar bundan oldular agah
Həzrətə dedilər: – Ya Rəsülullah!
Dava etmək üçün izin ver bizə
Göz dağı göstərək düşmənimizə.
– Allah bunu əmr etməmiş deyir
Belə də onları sakit eyləyir.
On beş ili keçdi Həzrətin belə
İslama çağırdı nəsihət ilə.
Vəhy gəldi hicrətin ikinci ili
Müdafiə üçün hərb etməli.
“Allahın yolunda döyüşə gedin
Təcavüz etmədən siz də hərb edin.”
Bədr Mədinədən səksən mil uzaq
Məsafədə olan bir kənddir ancaq
Şama gedib–gələn bütün karvanlar
Bu kənddən yolunu salardı onlar.
Hicrətin ikinci ili burda da
Ramazan ayında oldu ilk dava.
Dinləri uğrunda cihad edənlər
Cəmisi oldular üç yüzə qədər.
Məkkədən yeriyən bir böyük ordu
Ertəsi onlarla üz–üzə durdu.
Min nəfərdən artıq müşriklər bu an
Müsəlmanlara hərb eləyir elan.
əbu Cəhl deyir: – Biz sizi artıq
Əsirtək Məkkəyə aparacağıq.
Məni bu gün üçün doğmuşdur anam
Sizi diri–diri yandıracağam.
Sayca üstün olub o güvənirdi
Mənəvi qüvvəti düşünməyirdi.
Üzbəüz dayandı haqq ilə batil
Biri ədalətli o biri qatil.
Biri üzü qara birinki ağdır
Tovhid ilə şirk vuruşacaqdır.
Oğlu Valid sağda ortada Ütbə
Sol tərəfindəsə qardaşı Şeybə.
Hər üçü meydana oldular süvar
Müsəlmanlar ilə qarşı durdular.
Mədinə tərəfdən ortada Həmzə
Sağda Həzrət əli solda Übeydə.
Yaxına gəldikcə bu əhli hünər
Kafirlər qorxudan çəkinirdilər.
Vuruşma başladı əvvəl təkbətək
Əli ilə Həmzə meydana gircək
Birinci həmlədə çəkdilər nərə
Rəqiblərin dərhal sərdilər yerə.
Əli rəqibinə vermədi aman
Başını bədəndən üzdü çox asan.
Həmzə rəqibini yıxsa da yerə
Zərbəsi getmişdi onun boş yerə.
Əlbəyaxa olub güləşən zaman
Kimsə qışqırırdı müsəlmanlardan:
– Ya əli Həmzəni yordu bu kafər.
Həmzə rəqibinin başın bir qədər
Alıb sinəsinə sıxdığı üçün
Ona zərbə vurmaq deyildi mümkün.
Başını kənara dedi: – Çək Həmzə
Əli o kafərə yetirdi zərbə.
Sonra Übeydəni yaralı görcək
Ütbənin üstünə şığıdı quştək.
Ütbənin o saat həyatı söndü
Übeydəni alıb geriyə döndü.
Sonra da ümumi həmlələr oldu
Günəşin üzünü toz–duman aldı.
Ətrafa yayıldı “Allahu əkbər”
Müsəlmanlar şirtək döyüşürdülər.
Müşriklər qaçırdı hərə bir yerə
Öndəki kəllələr düşürdü yerə.
Əbu Cəhlin özün salaraq atdan
İki cəsur etdi qanına qəltan.
Başsız qalan şirkin ordusu qorxar
Az müddət ərzində məğlub oldular.
Müsəlmanlar on dörd şəhid verdilər
Kafirlərdən öldü düz yetmiş nəfər.
Bir o qədərin də aldılar əsir
Sağ qalanları da qaçdı birbəbir.
Məkkəyə çatanda bu qara xəbər
Heç cürə inana bilməyirdilər.
Əbu Ləhəb isə öz hikkəsindən
Bağrı çatlayaraq keçindi həmən.
Mədinəyə gələn zəfər müjdəsi
Müsəlmanların bu qələbə səsi
Ətrafa yayıldı hamı sevindi.
Yəhudilər o gün qara geyindi.
Bədr döyüşündə düşən əsirlər
Mədinəyə bir gün sonra gəlirlər.
Onlarla Həzrətin əmisi Abbas
Kürəkəni olan müşrik əbül As
Arvadı Sevdanın əmisi oğlu
Bütün əsirlərin qolları bağlı
əksəri möhtərəm nüfuzlu adam
Yetmişdən ikisin etdilər edam.
Kasıb olanları söz verdi daha
Asi olmayacaq Rəsulüllaha.
Hansı bir əsirlər imkanlı idi
Fidyə alınaraq azad edildi.
Peyğəmbərin qızı Zeynəbin əri
Məkkəyə çatdırdı tez bu xəbəri.
Əlində heç bir şey olmadığından
Zeynəb gərdənbəndin göndərir bu an.
Bu boyunbağını anası ona
Toy günü hədiyyə salmış boynuna.
Həzrəti Peyğəmbər bunu görərkən
Dostları ilə paylaş: |