Qədim xatirələr canlandı birdən.
Alıb gərdənbəndi baxarkən ona
Həzrəti Xədicə düşdü yadına.
Əbül Ası azad edir Peyğəmbər
Məkkəyə çatdıqdan sonra bu kafər
Günahsız Zeynəbin talağın verir
Birbaş Mədinəyə onu göndərir.
Mədinə şəhəri qədim zamandan
Yəhudi xalqına olmuş bir məkan.
Burada nə qədər yəhudilər var
Bir neçə tayfaya bölünür onlar.
Onların adları Qüreyzə Nəzir
Üçüncü tayfası hiylədə mahir.
Kaynuka adını daşıyırdılar.
Möhkəm qalalarda yaşayırdılar.
Onlar özlərinə çox güvənirlər.
Hər şeyin üstündə dava edirlər.
Bədr zəfərindən keçdi bir ara
Düşmən kəsildilər müsəlmanlara.
Dava üçün fürsət axtaran anlar
Namusa qeyrətə sataşır onlar.
Əhdindən sözündən birdən döndülər
Rəsuli–əkrəmə çatdı bu xəbər.
Onlarla danışıq apardı Həzrət
Dedi: – əhdnaməyə uyğun hərəkət
Əgər etməsəniz onda bilin siz
Qureyşin halına düşəcəksiniz.
Həzrətin sözünü qoydular lağa
Dedilər: – Hazırıq biz vuruşmağa.
Odur ki Peyğəmbər hərb elan edir
Birbaş müsəlmanlar hücuma keçir.
Onları saldılar mühasirəyə
Sonra başladılar sürgün etməyə.
Hicrətin ikinci ili müxtəsər
Tarixə yazıldı bu hadisələr.
Vəhy ilə Həzrətə verildi xəbər
Qiblənin səmtini dəyişdirdilər.
Bu ildən cihada izin verildi
Odur ki Bədrdə hərb edildi.
Otuz gün orucluq fərz qılındı
Qurban zəkat fitrə əmr olundu.
Bayram namazları sayıldı əfzəl
Müsəlmanlar içrə olundu əməl.
Peyğəmbər Bədrdən döndüyü zaman
Qızı Ruqiyyə köç edir dünyadan.
Həzrətə bu itgi gətirsə də qəm
Zilhiccə ayında Rəsuli–əkrəm
Qızı Fatiməni əliyə verir
Nigahın kəsdirib toyunu edir.
Mədinədə hamı şadlıq edirdi
İslam günü–gündən qüvvətlənirdi.
Bəni Kaynukalar qovulmuş artıq
Müsəlmanlar tapdı bir an rahatlıq.
Bədr döyüşündə çox ziyan çəkən
Yaxın qohumların oğlun itirən
Əbu Süfyan yanıb alışır bu dəm
Başına iki yüz atlı edir cəm.
Hər atlı yol üçün gördü tədarük
Bir kisə qovrulmuş buğda aldı yük
Mədinəyə yaxın gələn atlılar
Xurma bağlarına girib at qovar,
Əkin yerlərini edər tar–mar
Bir neçə evləri yandırmışdılar.
İki müsəlmanı şəhid edirlər
Peyğəmbərə bunu verdilər xəbər.
Onun qarşısına qoşun çıxanda
Əbu Süfyan qorxub qaçır bu anda
Ağırlıq etməsin deyə atlılar
Buğda kisələrin atıb qaçdılar.
Peyğəmbər Bədrdə çalmışdı zəfər
Yanıb–tökülürdü qureyşililər.
İntiqamlarını alsınlar deyə
Onlar əl atdılar hər bəhanəyə.
Car çəkib Məkkədən kənar çıxdılar
Üç min nəfərlik bir qoşun yığdılar.
Ətrafdan bədəvi ərəbləri də
Cəm etdi ordunun tabeliyində.
əbu Süfyan buna edir başçılıq
Çünki o Məkkədə rəisdi artıq.
Onun arvadı Hind olmaqla başda
Cəlb etdi orduya qadınları da
Orduya qoşulan on beş qadınlar
Dedilər: – Bizdə də aslan gücü var
Qisas almaq üçün qovruluruq biz
Bədrdə ölübdür əzizlərimiz
Qüdrətli say–seçmə igidlərimiz.
Odur ki “qana–qan” and içmişik biz.
Hindin atasına Həmzə Bədrdə
Ordu başçısıtək yetirdi zərbə.
“Vəhş” ləqəbində bir zənci vardı
Həbəş üsulilə nizə atardı.
Bibisi oğluna köləlik edir
Söhbət əsnasında Hind ona deyir:
– Həmzədən Ütbənin qanını alsan
Olarsan ən varlı bir adam inan.
Mükafat istəsən qat–qat verərəm
Səni köləlikdən azad edərəm.
Vəhş də bu işə çox məmnun oldu
Nizəsin götürüb hərbə qoşuldu.
Məkkədə hazırlıq görülən zaman
Həzrətin əmisi Abbas durmadan
Dərhal Mədinəyə göndərdi çapar
Həzrəti bu işdən etdi xəbərdar.
Bu xəbər sarsıtdı müsəlmanları
Əsəbdən çoxunun coşdu qanları.
Bəzisi eşidib düşdü təşvişə.
Peyğəmbər hazırlıq görür bu işə.
Mühüm hadisələr olanda Həzrət
Əshabın yığaraq edər məşvərət.
Münafiq mühacir həm ənsarları
Ağsaqqalları da o gecə yarı
Hərbi yığıncağa eylədi dəvət
Onların fikrini bilsin nəhayət.
Fikir ayrılığı oldu bu zaman
Münafiq tərəfin rəisi olan
Əbdullah dedi ki: – Şəhərdə qalaq
Yüksəkdən onları edək daş–qalaq.
Nə zaman şəhəri tərk etmişik biz
Mümkün olmayıb ki ötək itkisiz.
Bədr döyüşündə qürrələnənlər
Həmişə savaşa öndə gedənlər
Bayırda vuruşmaq istəyirdilər
Onların adından dedi bir nəfər:
– Allahdan bu günü gözləmişik biz
Üz–üzə gəlməyə vardır qüvvəmiz.
Şəhərin içindən çıxmasaq əgər
O zaman da bizə qorxaq deyərlər.
Həzrət də bu fikrə çıxdı tərəfdar
Şəhərdən çıxmağa verildi qərar.
O gün cümə günü olduğu üçün
Tamam eylədilər namazın hökmün.
Həzrəti Peyğəmbər evinə girdi
Zirehli paltarın geyib bitirdi.
Qılınca qurşanıb çıxdığı zaman
Bir qismi sözündən dönərək bu an
Belə söylədilər Rəsulüllaha:
– Şəhərdən kənara çıxmayaq daha.
– “Qılıncın qınından çıxartsa əgər
Döyüşsüz qınına salmaz Peyğəmbər!”
Qoşuna əmr etdi: – Döyüşə gedək
Kimin haqq olduğun Allah deyəcək.
Müsəlmanlar əvvəl oldu min nəfər
Üç yüz münafiqlər geri döndülər.
Yerdə qalanları yeddi yüz nəfər
“Ühüd dağ” deyilən yerə gəldilər.
Qoşun arxasını söykədi dağa
Düzüldü döyüşə hazır durmağa.
Dağın sol əlində bir keçid vardı
Əlli oxatanı Həzrət apardı
Onlara tapşırdı: – Bu keçidi siz
Əmrimi almadan tərk etməzsiniz.
Döyüş başlanarkən hər iki tərəf
Əsgərlərin düzdü meydana səf–səf.
Qureyş tərəfindən gələn qadınlar
Nəğmələr oxuyub çalıb oynayar.
Təkbətək döyüşə başlanan zaman
Təlha irəliyə çıxdı durmadan
Özünə layiq bir igid istədi
Həzrəti əli: – Mən hazıram dedi.
“Allahın şiri” tez çıxdı irəli
Təlhanı bir anda öldürdü əli.
Ona vuran kimi Zülfüqarını
Bir zərbəylə aldı ixtiyarını.
Gördü çapalayır çıxmayıb canı
İki yerə böldü o pəhləvanı.
Qureyşin bayrağın götürdü Osman
Qarşısına çıxdı Həmzə durmadan
Onu qardaşının gününə saldı
Sonra qızğın döyüş bir vüsət aldı.
Əli Həmzə bir də əbu Dücana
Hər üçü şir kimi girdi meydana.
Düşmənlərin başı düşdükcə yerə
Burada görünür qorxunc mənzərə.
Dəvə nəriltisi at kişnəməsi
Yayılır səhraya ah–aman səsi.
Yerdən qalxır göyə qalın tozanaq
Qılınclar–qalxanlar şaqqıldayaraq,
Bir qanlı çarpışma gedirdi belə
Tarix buna bənzər görməmiş hələ.
Qoşun güc gəlirdi bütpərəstlərə
Doqquz bayraqdarın salmışdı yerə.
Döyüşün şiddətli qızğın çağında
Həmzəni izləyən Vəhş sağında
Nizəni tuşlayıb hədəfə atdı
Qarnına sancılıb yerə uzatdı.
Şiddətli vuruşma çox davam edir
Müsəlmanların bu xeyrinə gedir.
Əsgərlərinə ruh verən qadınlar
Üz–gözün cıraraq, ağlayır zar–zar.
Pərən–pərən düşən ordu qaçarkən
Müsəlmanlar düşdü qəflətə həmən.
Qənimət yığmağa onlar girişdi
Oxatanlar görüb tamaha düşdü.
Peyğəmbərin sözün tez unutdular
Bu dünya malını üstün tutdular.
Düşmən əsgərləri görərkən bunu
Üz qoydu tutsunlar keçid yolunu.
Arxadan hücuma dərhal keçirlər
Döyüşün mövqeyin dəyişdirirlər.
Qarma–qarışıqlıq başlanan zaman
Hücum elədilər öndən arxadan.
Birdən bir şaiyə yayılır bu dəm
Dedilər: – “ölübdür” Rəsuli–əkrəm!
Müsəlmanlar çaş–baş düşdü bir qədər
Nə edəcəklərin bilməyirdilər.
Bir qismi meydanı tərk eliyərkən
Hətta öldürürlər özünkilərdən.
Həzrəti əliyə çatdı bu səda
Zülfüqar əlində döndü bir oda.
Düşməni şimşək tək döğrayır kəsir
Gözləri Rəsuli–əkrəmi gəzir.
Müsəlmanlar içrə qışqırır biri:
– “Peyğəmbər ölməyib diridir diri!”
Əli şad xəbəri eşidən zaman
Sevincək o yana qaçır durmadan.
Həzrəti dövrəyə almış on nəfər
Onu qoruyaraq döyüşürdülər.
Əli öz sinəsin edərək sipər
Yaxın gələnlərə gücün göstərər.
İgidlər tərəfdən o qorunanda
Biri fürsət tapıb qarışıq anda
Qəflətən hücuma keçdiyi zaman
Qılıncla Həzrətin vurur başından.
Zərbədən dəbilqə bölünür iki,
Kafirlər giriblər yarışa sanki.
Hücumlar yönəlib ona birbaşa
Başqa bir allahsız əl atıb daşa
Uzaqdan Rəsuli–əkrəmə atmış
Mübarək dodağın yarıb qanatmış.
İki dişi sınır daş zərbəsindən
Yanağın da zireh kəsir dərindən.
Yaralanmış Həzrət yıxılır atdan
Özünə gələndə deyir bu zaman:
– “Ya Rəbbim xalqımı əfv et bu anlar
Nələr etdiyin bilməyir onlar”!
Deyərək Allaha dua edirdi
Mətanətini o itirməyirdi.
Yanındakılarla Həzrət bərabər
Bir təpəyə doğru çıxıb getdilər.
Əbu Süfyan çıxır bir yüksək yerə
Sevinci sığmayır onun göylərə.
“Mühəmməd hardadır?” – deyib çağırdı.
“Yüksəl, şanlı Hübel!” – bərkdən bağırdı.
Ucadan söyləyir Həzrətə doğru:
– Bədr döyüşünün əvəzidir bu!
Bəşər tarixinə kim salsa nəzər
Müharibələri öyrənsə əgər,
Dünyanı gəzələr əllərdə çıraq
Belə qəddarlığı görməzlər ancaq.
Qureyş qadınları vəhşilik etdi
İnsanlıq siması onlardan itdi.
Şəhid düşən bəzi müsəlmanların
Burun–qulaqların kəsib onların
İplərə keçirib düzdülər qatar
Boyunbağı kimi bağlamışdılar.
Hind sakit olmadı işgəncələrdən
Həmzənin bədənin bir neçə yerdən
Didib parçalamış quduz vəhşitək
Ciyərin qopardıb istəmiş yemək.
Ağzında çeynəyib uda bilməmiş
Tarix bu ləkəni ondan silməmiş.
Qureyşilər getdi Məkkəyə tərəf
Onlara kifayət etdi bu şərəf.
Müsəlmanlar hüzn içindəydilər
Şəhid vermişdilər yetmiş dörd nəfər.
Peyğəmbər yenidən döndü meydana
Gördü meyidləri bulanmış qana.
Mübarək siması qəmə büründü
Gözündə mirvarı damcı göründü.
Burnu dodaqları kəsildiyiçün
Həmzəni tanımaq deyildi mümkün.
Əbasın çəkərək üzün bağladı
Bütün şəhidlərə qəlbən ağladı.
Həzrətin əmrilə qazıldı məzar
Şəhidlər burada dəfn olundular.
Mədinəyə Həzrət döndüyü zaman
Üzü yaralıydı qəlbi pərişan.
Yəhudilər ilə ikiüzlülər
Buna “məğlub” deyib yaydılar xəbər.
Hicrətin üçüncü ilində bunlar
Tarixə düşərək yazıldı nə var.
Ühüddə başlamış gərgin bir döyüş
Şəhidlər verilmiş qanlar tökülmüş.
Ölülərə hücum edən qadınlar
“Qana–qan!” andını içən qadınlar
Həmzəni tanınmaz hala saldılar
İntiqamlarından razı qaldılar.
Həzrətin də üzü bu ildə güldü
Birinci nəvəsi dünyaya gəldi.
Fatimənin oğlu Həzrəti Həsən
Oldu Peyğəmbərə təsəlli verən.
Həzrət ilə qohum olmaqçün ömər
Dul qalmış qızını – Həfsəni verər.
Həmin izdivacdan kecdi bir zaman,
Ümm Külsüm ilə evləndi Osman.
Peyğəmbər çox həssas dərin düşünən
Gələcəkdə olan dörd xəlifədən
İkisindən aldı özünə övrət
İki xəlifəyə qız verdi Həzrət.
Müsəlman kişilər bu ana qədər
Müşrik qadınlarla evlənirdilər.
Bu ildən onlara edildi yasaq
Müşrik qadınlarla kəbin bağlamaq.
Başlandı Hicrətin dördüncü ili
Gəldi Mədinəyə xəyanət əli.
Lihana qonşu bir qəbilə vardı
Həzrətin yanına elçi apardı.
Dini bilənlərdən bir neçə nəfər
Həzrətdən müəllim istəmişdilər.
Peyğəmbər göndərdi altı nəfəri
Aldadaraq onlar bu mürşidləri
Raci adlanan bir yerə getdilər
Lihanlılara tez təslim etdilər.
Onların dördünü şəhid edərək
İkisin Məkkəyə satdılar qultək.
Yenə həmin ilin səfər ayında
Böyük bir faciə oldu bu anda
Gəlmişdilər Gilab qəbiləsindən.
Həzrətə dedilər: – İslamı bilən
Bir neçə mürşid ver qəbiləmizə
Dini ayinləri öyrətsin bizə:
– Mən sizə etibar etmərəm daha.
Təminat verdilər Rəsulüllaha.
Həzrət də onlara verdi qırx nəfər
Quranı–kərimi əzbər bilənlər.
Mədinədən xeyli getdilər uzaq
Bir quyu başına gəlib çataraq
Otuz doqquzunu şəhid etdilər.
Yalnız içlərindən təkcə bir nəfər
Azad olunaraq sağ qala bilmiş
Birbaş Mədinəyə yola düzəlmiş.
Baş vermiş bu işdən tutanda xəbər
Daxildən əziyyət çəkmiş Peyğəmbər.
Hicrətin beşinci ilinə qədər
Bu ara baş verdi bu hadisələr.
Bəni Nəzir adlı yəhudilərlə
Münafiqlər əlbir oldu hünərlə.
Həzrətə sui–qəsd hazırlayırlar
Peyğəmbər də bundan oldu xəbərdar.
Nəzir oğulların sui–qəsd üçün
Həzrəti Peyğəmbər eylədi sürgün.
Ühüd döyüşünün olarkən sonu
Əbu Süfyan o gün söyləmiş bunu:
– Sizinlə gələn il Bədrdə yenə
Təzədən gələrik döyüş yerinə.
Hicrətin dördüncü ilində durdu
Gətirmək istəmiş Bədrə ordu
Cəsarət etməyib geriyə bu an
Ordunu qaytarıb qaçıb qorxudan.
O vaxt müsəlmanlar Bədrə gəlmiş
Səkkiz gün onları gözləyə bilmiş.
Döyüş meydanına gəlmədi heç kəs
Müsəlmanlar rahat aldılar nəfəs.
Həmin hadisənin tarixdə adı
Axırıncı Bədr hərbi yazıldı.
Yenə də hicrətin həmin ilində
Mədinənin doqquz mənzilliyində
Xuzaəyə yaxın bir tayfa yaşayır
O Bəni–Müstələq adın daşıyır.
Onlarda döyüşə hazırlıq gedir
Mədinəyə hücum etmək istəyir.
Rəsuli–əkrəmə çatanda xəbər
Onların üstünə hücum edirlər.
Müsəlman ordusu gələrkən ora
Bir qismi çəkilib qaçır dağlara.
Yerdə qalanları oldular naçar
İslam ordusuna təslim oldular.
Altı yüz nəfəri alındı əsir
Çoxlu qənimətlər mal ələ keçir.
Bu ilin ərzində bir ayə gəldi
İçki içmək qəti haram edildi.
Əlinin ikinci övladı oldu
Həzrətin nəvəsi Hüseyn doğuldu.
Hicrətin beşinci ilində artıq
Müsəlmanlar tapdı azca rahatlıq.
Bəzi qəbilələr baş qaldıran tək
Onlara qəfildən hücum edərək.
Yerlərində sakit otuzdururlar
Mədinədə rahat həyat qururlar.
İslamın ən qəddar düşməni olan
Nəzir oğulları qovulan zaman
Bir qismi birbaşa getmiş Xeybərə
Bəziləri köçmüş başqa bir yerə.
Odur Mədinədə qaynayır həyat
Nəzir oğulları oldu narahat.
Yanıb qovrulurkən paxıllığından
Sakit yaşamağa vermədi imkan.
Qureyşlə görüşüb bir neçə nəfər
“Su yatar düşmənsə yatmaz demişlər”.
Qureyş başçıların tutaraq dilə
Deyir birləşsəniz əgər bizimlə
Birlikdə qırarıq müsəlmanları.
İnandırmaq üçün hətta onları
Cürbəcür dəlillər gətirmişdilər
Yalan iftiralar şişirtmişdilər.
Əbu Süfyan əvvəl tərəddüd etdi
O öz aləmində xəyala getdi
Mühəmməd hər yerdə yayır dinini
İslamın gün–gündən yüksəldiyini
Apaşgar görüb bu qərara gəlir
Mühəmmədin tale üzünə gülür.
Əvvəllər ağlına gəlməyən bu iş
İndi ona möhkəm təsir eyləmiş.
Yəhudilər “əhli–kitab” idilər
Tovhid nə olduğun bilirlər əzbər.
Əbu Süfyan sordu sual edərək:
– Hansı din yaxşıdır deyiniz görək?
Mühəmmədin dini yoxsa bizimki?
Cavabı bu oldu: – əlbət sizinki
Onların dinindən sizin dininiz
Daha xeyirlidir bilməlisiniz.
Deyərək Allaha qarşı çıxırlar
Qureyşililəri qızışdırırlar.
Bunu eşidən tək tez əbu Süfyan
Yəhudilərə o aldandığından
Qəbilə–qəbilə gəzdi hər yeri
Ayağa qaldırdı bütpərəstləri.
Tezliklə yaratdı böyük bir ordu
Özü də ordunun başında durdu.
Mədinəyə doğru hərəkət etdi
Necə ki Peyğəmbər bunu eşitdi
O üç minə qədər qoşun edir cəm
Sonra hərbi şura çağırır bu dəm.
Şurada iştirak edən adamlar
Durub məsləhətin söylədi aşkar.
Ühüd döyüşünü xatırlayaraq
Səlman Farsi fikrin dedi bu sayaq:
– Bu orduya qarşı bizdə qüvvə az
Onlarla üz–üzə vuruşmaq olmaz.
Şəhər içəridən qorunsun gərək
Bir az da fikrini açıq deyərək
Dedi: – Başqa yola əl atmasaq biz
Bir nəticə verməz müdafiəmiz.
Şəhərin girəcək giriş yolunda
Düzənlik sahənin bütün qolunda
Dərin enli xəndək qazılsa əgər
Atlılar girməyə eyləməz hünər.
Təklif Peyğəmbərin xoşuna gəldi
Səlmanın bu fikri qəbul edildi.
Hamısı əlinə külüng–bel aldı
Gecəni–gündüzü çalışdı qaldı.
Peyğəmbər özü də kömək edərək
Altı gün ərzində qazıldı xəndək.
Evlərin damına daş–kəsək yığar
Lazım olan zaman atacaqdılar.
Qureyşin ordusu gəlirdi seltək
Heyrətə gəldilər xəndəyi görcək.
Hələ döyüşlərdə indiyə qədər
Belə müdafiə görməmişdilər.
Bir az aralıda xəndəkdən kənar
Döyüşə gələnlər qurdu çadırlar.
Mədinə saxlandı mühasirədə
Müsəlmanlar oldu mühafizədə.
Qureyş əsgərləri bezdilər artıq
İçlərinə düşdü bir narahatlıq.
Müharibə vaxtı çünki ərəblər
Tez çapıb talayıb qaçmağı güdər.
Onlar görürdülər uzanır dava
Digər bir tərəfdən soyuyur hava.
Nəzir başçıları qorxuya düşdü
Qüreyzə başçısı Kəblə görüşdü.
Bu iki tayfalar baş–başa verdi
Nəzir oğlu əxtab Kəbə deyirdi:
– Dəniztək bir ordu gətirmişəm mən
Bu yaxşı fürsəti vermə əlindən.
Bizimlə birləşib kömək eyləsən
İslamı silərik biz yer üzündən.
Qureyş Qətəfanla birləşib demək
Müsəlmanları da yox eyləyəcək.
Qüreyzə başçısı oyuna girdi
Vəziyyət doğrudan çətinləşirdi.
Qüreyş yəhudilər birləşir belə
Məqsədi şəhəri alsınlar ələ.
Gözləyirlər kömək gəlsin bir qədər
Mədinəyə hücum edəcəkdilər.
Mühasirə davam edirdi hələ
İyirmi günədək dözdülər belə.
Zəfər ümidini görmürdü onlar
Laqeydlik göstərdi qətəfanlılar.
Yəhudilərdən də gəlmədi kömək
Əsgərlər də bundan artıq bezərək
Çox böyük cəngavər olan əbdivəd
Əbu Cəhlin oğlu İkramə namərd
Nofələ qoşulub bir neçə nəfər
Xəndəyi atlanıb keçə bildilər.
Əbdivəd qüvvətdə yırtıcı bir şir
Özüylə döyüşən adam istəyir.
Əli hazırlaşır meydana girsin
Həzrəti Peyğəmbər verməyir izin.
Qarşısın alaraq ona söyləyir:
– Sən otur ya əli gələn əmrdir.
Əbdivəd təkrarən yenə bağırdı
Döyüşmək istəyən igid çağırdı.
Bir göz qırpımında sıçradı yerdən
Əli o məluna cavab verdi: – Mən
Onlar üzləşəndə sanki bu zaman
Küfrün qabağını kəsmişdi iman.
Əli bir şahintək döyüşə girdi
Əvvəlcə fürsəti düşmənə verdi.
O kafir elə bir zərbə vurdu ki
Əlinin qalxanı bölündü iki.
Başı yaralanıb axanda qanı
Əbdivəd üstünə aldı qalxanı.
Əli qaldıraraq Zülfüqarını
Bir yerə cəm edib öz vüqarını
Bir zərbə endirdi “Allahu əkbər”
Onu iki yerə bölmüş gördülər.
Nofəl bu döyüşdən qoyub qaçarkən
Xəndəyin içinə düşür qəflətən.
Həzrəti əli tez görərkən bunu
Xəndəyin içində öldürür onu.
Öz içindən gəldi adın mənası
Tarixdə ad aldı “Xəndək davası”.
Yerdə qalanları qaçır bu zaman
İkramə nizəsin salır qorxudan.
Xəndək davasında Həzrəti əli
Ağır zərbəsilə kəsdi batili.
Həm iman həm inam qüvvəsi ilə
Küfrün təməlini dağıtdı belə.
Əlinin zərbəsin Peyğəmbər o gün
Bütün ibadətdən tutmuşdu üstün
– Ya əli əmiri öldürməklə sən
Küfrdən islamı xilas etmisən.
Ertəsi gün hücum edilir yenə
Atlanmaq heç kimin gəlmir fikrinə.
Bir neçə gün belə eylədi davam
Hamının dözümü tükəndi tamam.
Xəndəyi atlanmaq mümkün deyildi
Qureyş başçıları səhvini bildi.
Bir çarə axtarmaq istərkən buna
O gecə bayırda qopdu fırtına.
Gözləri kor edən qasırğa artdı
Ağacları yerdən alıb qopartdı.
Zil qaranlıqları yardıqca şimşək
Çadırları söküb yıxırdı külək.
Öz vaxtından əvvəl sanki gəlib qış
Göydən fasiləsiz tökülür yağış.
Allahın nə qədər “ordusu” vardı
Bir anda hamısın yuyub apardı.
O gecə düşmənlər qərara gəldi
Təlaşlı bir halda yola düzəldi.
Əbu Süfyan qorxub tapmamış imkan
Dəvəsinə minmiş dizin açmadan.
Səhər fırtınadan qalmadı əsər
Müsəlmanlar da həmd–səna etdilər.
Peyğəmbər: – Bizimdir növbə buyurdu
Görə bilməz artıq Qureyş bu yurdu.
Allahın yardımı bizə bəs edər
Bu o demək idi çalındı zəfər.
Qüreyzə tayfası çətin bir anda
Fəlakət qapını kəsən zamanda
Əvvəl bağladığı əhdi pozaraq
Dar gündə düşmənə oldular dayaq.
Onların haqqında hökm kəsildi
Hərbə qoşulanlar edam edildi.
Qadınlar uşaqlar əsir oldular
Malların qənimət kimi aldılar.
Tövrata da bunu uyğun bilirlər
Yəhudilər sözsüz qəbul edirlər.
Bu ildən təyəmmüm qanun qılındı
Qorxu namazı da əmr olundu.
Mühüm hökmlərdən biri qadınlar
Üzlərinə örtük salmalı onlar.
Mühacirlər hicrət edəndən bəri
Məkkədə qalmışdı ev–eşikləri.
Vətən həsrətilə qovrulurdular
Ata–baba yurdun unutmurdular.
Vətənin sevirdi hər bir müsəlman
Onlara hər şeydən müqəddəs olan
Kəbəyi–müəzzəm Məkkədə idi
Ziyarət etməksə mümkün deyildi.
Hicrətin altıncı ili Peyğəmbər
Əshabi–Kiramə eylədi xəbər.
Müqəddəs Məkkəyə gedəcəklərin
Kəbəni ziyarət edəcəklərin.
Sonra da onları etdi xəbərdar:
– Allahın evinə gedən zəvvarlar
Silah götürməyə etməsin hünər
Çünki döyüşə yox həccə gedirlər.
Müsəlmanlar buna çox sevindilər
Hazırlıq gördülər min dörd yüz nəfər
Zilqədə ayında onlar qalxdılar
Qurbanlıq götürüb yola çıxdılar.
Hamısı ehrama bürünmüş bu dəm
Qabaqda gedirdi Rəsuli–əkrəm.
Xəbəri eşidən qureyşililər
Xalid ibni Valid iki yüz nəfər
Atlı götürərək yola üz qoyar.
Onları uzaqdan görən zəvvarlar
Razı deyildilər qan tökülməyə.
Düşmənlə üz–üzə gəlməsin deyə
Yolların daha da uzaq etdilər
Dağlar arasından çıxıb getdilər.
Hudeybiyyə adlı bir yerdə karvan
Məkkəyə az qalmış durdu bu zaman
Məkkədən axışıb gələn elçilər
Rəsuli–əkrəmə qəti dedilər;
– Məkkəyə girməyə etməyin hünər
Ziyarətə izin verməyəcəklər.
Peyğəmbər fikrini bildirdi fəqət:
– Gəlmişik dava yox edək ziyarət.
Bütpərəstlər yenə inad etdilər
Danışıq aparmaq üçün Peyğəmbər
Osmana on nəfər qoşur mühacir
Məkkəyə onları elçi göndərir.
Elçilər orada ləngidiyindən
Belə bir şayiə yayılır həmən.
Onları həbs edib ya öldürüblər.
Bunu eşidərkən durub Peyğəmbər
Əshabın bir ağac altına yığır
Beyətə onları bu an çağırır.
Qəmə qəbzəsindən tutaraq bir–bir
Bütün müsəlmanlar ona and içir.
Peyman bağladılar son damlayadək
Canların bu yolda qurban verəcək.
Orada gördülər əsil ülfəti
Görüşə dedilər “Rizvan beyəti”.
Bu görüşdən keçir bir gün sonradan
Məkkədən elçiylə qayıdır Osman.
Razılığın verir Rəsuli–əkrəm
Sülh müqaviləsi bağlanır bu dəm.
Yazılış zamanı müqaviləni
Peyğəmbər deyirdi yazırdı əli.
Yazdı “Bismillahir–Rəhmanir–Rəhim”.
Elçi: – “ər Rəhmani–ər Rəhim” bu kim?
Peyğəmbər elçiyə eylədi izah:
– Bu işdə Allaha apardıq pənah.
Elçi dedi: – Dayan dur elə yazma
“Allah adıyla” yaz çox yerə yozma.
Elçi narazılıq edəndə fəqət
Sadəcə “Bismillah” yazdırdı Həzrət.
Dostları ilə paylaş: |