“Allahın Rəsulu” yazılan zaman
Təkidlə imtina eylədi ondan:
– Səni Rəsul kimi bilsəydik əgər
Niyə vuruşurduq indiyə qədər?
Peyğəmbər əliyə verdi tapşırıq
“Rəsul” kəlməsini poz getsin artıq.
Həzrəti əlinin əli gəlməyir
“Rəsul” kəlməsini poza bilməyir.
Həzrət öz əliylə bu sözü pozar
Mühəmməd əbdüllah oğlu yazdırar.
Qərarın şərtləri yazılan zaman
On il müharibə oldu qadağan.
Bu il ziyarəti etdilər yasaq
Lakin bu gələn il mümkün olacaq.
Həcc mərasimin keçirmək üçün
Zəvvarlar qalacaq cəmisi üç gün.
Ziyarətə gələn hər bir müsəlman
Məkkəyə girəcək silah almadan.”
Bir neçə əlavə şərtlər yazıldı
Hər iki tərəfdən möhür basıldı.
Bu şərtlər çox ağır olsa da ancaq
Peyğəmbər bunlarla razılaşaraq.
Buna “fəthi mübin” adını verir
Uzaqgörənliyin aşkar göstərir.
Sonralar burada yazılanların
Xeyrinə olacaq müsəlmanların.
Başların qırxdırıb kəsdilər qurban.
Həzrət Mədinəyə getdiyi zaman
Yolda nazil oldu “Fəth” surəsi
Onlara vəd etdi zəfər müjdəsi.
Gedib Mədinəyə çatdılar artıq
Müsəlmanlar içrə yox narahatlıq.
Sülh müqaviləsi olmuş bərqərar
İslam ordusunu tanıyırdılar.
Qərar qəbul etdi Peyğəmbər qəti
Hər yerə yaymalı islamiyyəti.
Elçilər göndərdi dərhal İrana
Bizansa Misirə Həbəşistana.
Böyük dövlətlərə namə göndərir
Onları islama o dəvət edir.
Gümüşdən düzəlmiş möhürü vardı
“Mühəmmədən Rəsulüllah” yazardı.
İran hökmdarı məkubu almış
Allahın adıyla görür yazılmış.
Sonra da öz adın Rəsuli–əkrəm
Xosrovun adından yazdırmış əqdəm.
Bunu təhqir sayıb Xosrov bağırmış
Elçini qovaraq məktubu cırmış.
Bəzi hökmdarlar oldular xoşhal
Məktubuna cavab yazdılar dərhal.
Bir qismi islama eylədi səcdə
Misirin hakimi gələrək vəcdə
Həzrətə göndərdi iki cariyə
Bunlardan birini adı Mariyə.
Bu qızlar haqqında bir az sonradan
Söhbət açılacaq bir yaxşı zaman.
Xeybər Mədinədən bir qədər kənar
Şimal yol üstündə tutmuşdur qərar.
Ərazisi münbit səfalı yerdir
Əsas əhalisi yəhudilərdir.
Əksəri burada sakin olanlar
Bir vaxt Mədinədən qovulmuş onlar.
Hicrətin altıncı ilinin sonu
Həzrəti Peyğəmbər eşidir bunu.
Xeybərdə yaşayan yəhudilərlə
İslam düşmənləri vermiş əl–ələ.
Qətəfanlılarla bağlayır saziş
İslamı boğmağa ayağa qalxmış.
Yerli ərəbləri qaldırıb yığar
Mədinəyə hücum hazırlayırlar.
Rəsuli–əkrəmin əsas məqsədi
Sülh yoluyla bunu yatırmaq idi.
Odur ki Xeybərə elçilər gedir
Görür yəhudilər lovğalıq edir.
Mədinədən sürgün olanlar hamı
Din kimi tanımır əsla islamı.
Heç bir müqavilə bağlamayaraq
Elçilərə deyir gəlmisiz nahaq.
Müsəlmanlar ilə edir ədavət
Elçilərdən bunu eşidir Həzrət.
Mədinədən yürüş etdiyi zaman
Həzrəti Peyğəmbər eləyir elan:
– “Qarşıdakı hərbin əsas əmalı
Qənimətdən qəti söz olmamalı
Düşmən hərəkətə keçməzdən qabaq
Onların Xeybərdə qarşısın alaq.”
Min altı yüz nəfər üç günə qədər
Xeybərə yetişdi cihad edənlər.
Həzrəti Peyğəmbər sülh təklif edir
Yəhudilər bunun əksinə gedir.
Təcrübələrinə əsaslanaraq
Hazır vəziyyətdə əllərdə yaraq
Pəhləvanlarına güvənirdilər.
Çəkinmədən hərbə qərar verdilər.
Peyğəmbər əmr etdi başlandı savaş
Müsəlmanlar keçdi hücuma birbaş.
Xeybərdə yerləşən yeddi qaladan
İkisini təslim etdilər asan.
Naim qalasında çətinləşdi iş
Əvvəl əbu Bəkr hücuma keçmiş.
Qaladan atılan ox atəşləri
Onu məcbur etdi qayıtsın geri.
İkinci gün ömər döyüşə girdi
Nə qədər ardıcıl hücum edirdi
Onun da üzünə tale gülmədi
Heç cəhdlə qalanı ala bilmədi.
Peyğəmbər bu zaman: – Sabah ələmi
Elə bir kişiyə verəcəyəm ki
Mütləq qələbəylə geri dönəcək
Çünki o Allahın dostudu kercək.
Səhər tez ələmi əliyə verir
Xeyir–dua ilə onu göndərir.
Hücuma başlayır Həzrəti əli
İldırımtək kəsir doğrayır əli.
Bir ara əlinin döyüş zamanı
Əlindən çıxaraq düşür qalxanı.
Daha da qızışır Allahın şiri
Əlinə keçən tək qapının biri
Yerindən qopardıb qaldırır bunu
Qalxan əvəzinə işlədir onu.
Naim qalasını tez alıb əli
Kamus qalasına gedir irəli.
Onun qarşısına çıxır bu zaman
Qalanı qoruyan güclü pəhləvan.
Adı Mərhab özü əslən yəhudi
Yetmiş cəngavərə bərabər idi.
Meydana girdilər onlar təkbətək
Mərhab özün bir an tərifləyərək
Şəninə yazılmış şerlər dedi
O ki var özünü tərif eylədi:
– Mən sınaqdan çıxmış bir pəhləvanam
Vurub öldürməyə doğmuşdur anam!
– Mənim də adlarım Murtuza Heydər
Qarşıma çıxanlar iki bölünər!
Bir əlində qılınc birində qalxan
Üz–üzə gəldilər iki pəhləvan.
Çox gedən şiddətli mübarizədə
Mərhab ancaq oldu müdafiədə.
Əli son zərbəni endirdi ona
İkiyə bölünüb düşdü bir yana.
Allahın sevimli qüvvət sahibi
Xeybərdə ad aldı “Xeybər Fatehi”.
Başqa qalalar da alındı bir–bir
Müsəlmanlar nə var ələ keçirdir.
Düşmənlərdə artıq qalmamışdı hal
Yəhudilər təslim oldular dərhal.
Onların haqqında görüldü tədbir
Gəlirləri “Beytülmal”a verilir.
Xeybərin sülhündən sonra Peyğəmbər
Orada istəyir qalsın bir qədər.
Yəhudilər verir ona ziyafət
Süfrəyə qoyarlar zəhərlənmiş ət
Bir tikə götürüb ağzına salmış
Xörəyin tamından şübhəli qalmış
Tikəni az müddət çeynəyən zaman
Ağzından çıxarıb atır udmadan.
Yanındakılardan Bəşir udantək
Oradaca ölür zəhərlənərək.
Xörəyi bişirən Zeynəb bu zaman
Təqsirin boynuna alır qorxmadan:
– Sınamaqdan ötrü etmişəm dedi
Əgər hökmdarsa ölməli idi.
Bunu bilirdim ki əsil Peyğəmbər
Hiss edib yeməkdən imtina edər.
Onun günahından keçsə də Həzrət
Qız canın qurtara bilməyir fəqət
Ölən döyüşçünün qohumlarından
Onu öldürürlər artıq bu zaman.
Ordu Mədinəyə zəfərlə döndü
Fərəh hissi ilə qəlblər döyündü.
Sonuncu dəstəylə Cəfəri–Təyyar
Həbəş ölkəsindən qayıtmışdılar.
Peyğəmbər Cəfərin üzün öpərkən:
- Hansına daha çox sevinim görən,
Bilmirəm Xeybərin fəth işinə
Ya da ki Cəfərin bu gəlişinə.
Xeybərin fəthindən sonra bu ara
Qadağan edilir müsəlmanlara.
Vəhşi heyvanların ya qatır eşşək
Caynaqlı quşların ətini yemək.
Hamiləlik dövrü qurtaranadək
Əsir qadınlarla yaxınlıq etmək.
Qızılı gümüşü alıb satanlar
Qiymətinə uyğun satmalı onlar.
Hicrətdən keçirdi artıq yeddi il
Bu ağır illəri kim etsə təhlil
Belə nəticəyə gələcək onda
Onlar yaşadılar çətin zamanda.
Bir yandan bütpərəst qureyşilər də
O biri tərəfdən yəhudilər də
Düşmən kəsildilər islamiyyətə
Birləşib əl atdı hər xəyanətə.
Münafiq tərəf də düşəndə fürsət
Gizlində əlaltı edir rəzalət.
İslam onlar üçün oldu dərdi–sər
Həzrətə qəsd etmək istəmişdilər.
Yeddi il döyüşlər vermədi ara
Bu sınaq dövriydi müsəlmanlara
Dinləri uğrunda möhkəm durdular
Hər üç cəbhə ilə vuruşurdular.
Xeybər davasında yəhudiləri
İslamın ordusu oturtdu geri.
Tovhid dini artıq irşad edirdi
Bağlanmış sazişdən bir il gedirdi.
Müsəlmanlar üçün gəldi bir zaman
Həzrəti Peyğəmbər eylədi bəyan:
– Qüdrətli Rəbbimiz yol açsa əgər
Bu ay ziyarətə getməlidirlər.
Müsəlmanlar çoxdan gözləyirdilər
Onlara ruh verdi belə bir xəbər.
Allahın Rəsulu buyurur bunu
Mühacirlərəsə şadlıq oldu bu.
Onlar Mədinəyə hicrət edəndən
Böyük bir arzuyla yaşayır ikən
Allahın əmriylə gəldi həmin gün
Açıldı illərlə bağlanmış düyün.
Doğma yurdlarına gedəcək onlar
Kəbəni ziyarət edəcək onlar
Məkkəyi–mükərrəm qibləgah yeri
Orada qalmışdır istədikləri.
Ürəklərdə sevinc hamı bəxtiyar
Qurbanlıq götürüb hazırlaşdılar.
Sübh namazından sonra duraraq
Zilqədə ayında zöhrdən qabaq
İki min zəvvarlar düzəldi yola.
Məkkəyə çatmağa az qalmış ola
Kəbəni görən tək dillərdə “Təkbir“
“Ləbbeyk əllahummə Ləbbeyk” yüksəlir.
Qureyş gələnləri gördü uzaqdan
Hamısı şəhərdən çıxdı bu zaman.
Ətraf təpələrdə qurdular çadır
Gələn zəvvarlara uzaqdan baxır.
Kəsva dəvəsindən düşür Peyğəmbər
Onun arxasınca ziyarətçilər
Hamı birnəfərtək Kəbəyə girdi
Təvaf əməlini sona yetirdi.
Səfanı Mərvəni səy edib bir an
Ehramdan çıxmağa kəsdilər qurban.
Günorta əzanın verərkən Bilal
Camaat namazı qılındı dərhal.
İlk dəfə Məkkədə verildi əzan
Məkkənin göyləri titrədi bu an.
Müsəlmanlar üç gün qaldı Məkkədə
O günlərdə bayram edir Məkkə də.
Zəvvarlar içində bir canlanma var
Qohumların gedib yoxlayır onlar.
Malına mülkünə hamı baş çəkir
Ədəb nəzakətlə hərəkət edir.
Hamısı tər–təmiz alır dəstəmaz
Namazın qılaraq edir raz–niyaz.
Onlar bir–birinə necə mehriban
Məkkəlilər görüb oldular heyran.
Əmin–amanlıqla keçir ibadət
Şad bir çöhrə ilə danışır Həzrət.
Dediyi sözlərin mənası dərin.
Qəlbini fəth etdi məkkəlilərin.
Valid oğlu Xalid fikrə gedərək
Həzrətə edilən hörməti görcək:
– Ağlı öz başında olarsa hər kəs
Mühəmmədə “kahin” “cadukün” deməz.
Deyərək qəlbində sevgi oyandı
Müsəlman olmağa arzu yarandı.
Şərtin müddətinə görə hacılar
Məkkədən üç gündən sonra çıxdılar.
Xalid Mədinəyə yola düşərkən
Əmr ibni Asa rast gəldi birdən.
Peyğəmbərə qəddar bir düşmən olan
Hara getdiyini soruşdu ondan.
Xalid cavabında:– Ya əmr deyir:
– Mühəmməd vallah Haqq Peyğəmbəridir.
Artıq vuruşmaqda görmürəm məna
Gedirəm ki beyət eyləyəm ona.
Əmr dedi: – Mən də bu fikirdəyəm.
Sənə bu işində oluram həmdəm.
Xalid əməlindən olmuş peşiman
Ühüd döyüşündə vuruşan zaman
Atlı dəstəsinə başçılıq etmiş
Arxanı yararaq hücuma keçmiş.
Onun sayəsində qureyşililər
Ühüd döyüşündə qazandı zəfər.
Əmr də Misirin fatehi kimi
Şöhrət qazanmışdı bir dahi kimi.
Mədinəyə gəlib çatdığı anlar
Peyğəmbərə belə buyurdu onlar:
– İslamiyyətə biz gətirdik pənah
Müsəlman oluruq ya Rəsulüllah.
Günahımız varsa bağışla bizi
Ağ edək qaralmış üzlərimizi.
Dünən Peyğəmbərə düşmən deyənlər
Bu gün oldu ona boyun əyənlər.
Bunlar ki islamı qəbul etdilər
İslamın şöhrəti artdı sərasər
Bir il əvvəl xəbər vermişdi Həzrət
“Fəthi mübin” oldu əsl həqiqət.
Səkkizinci ili hicrətin oldu
Peyğəmbər göndərdi şimala ordu.
Tarixçilər bunu belə şərh edir
Bu hücuma iki səbəb göstərir.
Hicrətin altıncı ilində Həzrət
Ətrafı islama edəndə dəvət.
Busra hakiminə o zaman hələ
Məktub göndərmişdi bir elçi ilə.
Məktubu alantək Harisi Həssan
Elçini etmişdi qanına qəltan.
İkinci səbəbin belə deyirlər
Bir neçə elçini yenə Peyğəmbər
Göndərir islama dəvət eyləsin
Mutə şəhərində olan canişin
Məktubu cıraraq vəhşilik edir
Gələn elçiləri qətlə yetirir.
Odur ki Həzrəti Rəsuli–Xuda
Vəzifə bölgüsü edir orduda.
Üç min əsgər olan orduya Zeydi
Başçı təyin edib bayrağı verdi.
Sonra əsgərlərə etdi nəsihət
Ehtiyatlı olun tapşırdı Həzrət:
– Qadın uşaqları öldürmək olmaz
Evləri yandırmaq hünər sayılmaz
Ağacları kəsib tələf etməyin
Təxribat yolunu tutub getməyin.
İslamın ordusu hərəkət edir
Qeysərin valisi bunu eşidir
Bütün qüvvəsini bir yerə yığır
Rum əsgərlərin də Qeysər toplayır.
Yüz min nəfərlik bir qüvvətli ordu
Üç min nəfər ilə üz–üzə durdu.
Sayca üstün olan xristianlar
Müsəlmanlar ilə hərbə başlayar
İslamın ordusu gəldi heyrətə
Rast gəlməmişdilər belə qüvvətə.
Geriyə dönmək də deyildi mümkün
Döyüşə girməyi tutdular üstün.
Dillərində böyük Tanrının adı
Mutədə bir gərgin döyüş başladı.
Hərbi təchizatda mükəmməl olan
Düşmənlər hücuma keçir qorxmadan.
Ələmdar Zeydi ilk şəhid edirlər
Bayrağı tez ondan alaraq Cəfər
Düşmən üzərinə hücuma keçir
Qılıncı şimşək tək doğrayır biçir.
Onun dörd tərəfdən yolun kəsdilər
Kafirlər hər iki qolun kəsdilər.
Ələmə sarılıb yerə düşərkən
Bayrağı əbdullah qaldırdı yerdən.
Onu da tezliklə etdilər həlak
Faciə baş verdi daha hövlnak.
Hərə bir tərəfə qaçır bu zaman
Xalid ibni Valid dərhal durmadan
Dağılan ordunu qaytardı geri
Bir yerə topladı tez əsgərləri
Onlara ruh verib qaydaya saldı
Özü də bayrağı əlinə aldı.
Əsgərlik dühasın göstərdi bu an
Vuruşur düşməni saya almadan.
Öndəki qüvvəni arxaya çəkir
Arxa qüvvələri önə keçirir.
Düşmənlər özlərin itirdi birdən
Yeni qüvvə gəlib elə bilərkən
Xalid hücum əmrin verdi bu zaman
Geri çəkildilər qorxularından.
Xalid bu məqamda taparaq fürsət
Əsgərlərin geri çəkir nəhayət.
İslamın ordusun o xilas edir
Düşmənlər də qorxub təqib etməyir.
Nə qalib nə də ki məğlub olmadan
Onlar Mədinəyə gəlir bu zaman.
Vuruş məharətin Həzrət eşitdi
Xalidin adını “Seyfullah” etdi.
Döyüşdə qolların itirmiş Cəfər
Bunu belə izah etdi Peyğəmbər:
– İki qollarına əvəz olaraq
Cənnətə girməyə verildi qanad.
O mələklər ilə uçur bərabər
Cəfərə Cəfəri–Təyyar dedilər.
Mutə döyüşündə qalib olmadan
Uzun sürən döyüş aparılmadan
Bizanslılar bundan razı düşdülər
Tez qurtarmasına sevinmişdilər.
Xalidin ağıllı hərb dühası
Bir növ yaratmışdı zəfər havası.
Mütə döyüşündən sonra Qətəfan
Nəcit Süleym Eşcə Fəzarə Zübyan
Sair qəbilələr oldu müsəlman
Onların sayları artır durmadan.
Mutə döyüşünü qureyşililər
Məğlubiyyət kimi qəbul etdilər.
Bizans ordusunun bilsə də sayın
Bu haqda söz–söhbət yayır arxayın.
Guya zəif düşüb islam ordusu
Onlara cəsarət ümid verdi bu.
Bağlanmış sazişi saya almadan
Qureyş Bəni–Bəkir birləşib bu an
Onlar bir–birinin tərəfdarıtək
Qəflətən Xuzaəyə hücum edərək
Hüdeybiyyədəki müqavilənin
Əsas şərtlərindən pozdular birin.
Müsəlmanlar ilə müttəfiq olan
Xuzaədən qırx nəfər gəlir bu zaman
Həzrətə olanı deyirlər nə var:
– Bəni–Bəkir bizi qırıb çatdılar
Hərəmi–şərifə girib sığındıq
Orada da qanlar tökdülər artıq
Sənə verdikləri sözdən döndülər
Bizdən namaz üstə öldü nə qədər.
Gəlmişik sən bizə imdad edəsən
Qurtaraq Qureyşin fəlakətindən.
Bundan mütəəssir olub Peyğəmbər
Qureyş başçısına göndərir xəbər.
Ölənlərin vermək diyəsin ya da
Müqavilə gücün itirir onda.
Qureyş vəziyyəti düşünüb dərin
Vaxtın uzatmaqçün müqavilənin
Əbu Süfyan gedir danışıqlara
Kiminlə görüşüb əl atır hara
Bir yaxşı nəticə olmadı mümkün
Artıq müqavilə itirdi hökmün.
Süfyan gecikmişdi mədinəlilər
Olan hadisədən tutmuşdu xəbər.
Məkkənin rəisi qayıdır geri
Bu narahat edir qureyşiləri.
Onlar bilirdilər bir gün gələcək
Mühəmməd Məkkəyə hücum edəcək.
Səkkizinci ilin ramazan ayı
On min nəfər oldu əsgərin sayı
Ordu hərəkətə tam hazır ikən
Məqsədin qoşuna hiss etdirmədən
Əshabi–Kiramə bildirdi Həzrət
Gizlin saxlanmalı bizim hərəkət.
Qureyşilər bundan tutsalar xəbər
Müqəddəs yerdə qan tökülə bilər.
Məkkənin fəth etmək zamanı gəldi
Ordu hərəkətə hazır düzəldi.
Mədinədən çıxan əsgərlər səf–səf
Yol alıb getdilər Məkkəyə tərəf.
Yer–göy toz dumana bürünür bu dəm
Ordunun başında Rəsuli–əkrəm
Gəldilər Məkkəyə yaxın bir yerə
Peyğəmbər dalmışdır düşüncələrə,.
Qureyşin haqqında fikir edirdi
Qətiyyən qan tökmək istəməyirdi.
Öz–özünə deyir: – Nə olaydı kaş
Bizim aramızda olmaya savaş.
Əmisi Abbası o görür bu dəm
Öz ailəsi də yanında bahəm
Müsəlman olmağı qərara almış
Mədinəyə hicrət yolunu salmış
Əmi qardaşoğlu durdu yan–yana
Həzrəti Peyğəmbər söylədi ona:
– Sonuncusu mənəm Peyğəmbərlərin
Sən də sonuncusu mühacirlərin.
Dünən tərk etdiyi Məkkəni bu gün
Orduya qoşuldu fəth etmək üçün.
İslamın ordusun görəndə Abbas
Qureyşin halına acıdı bir az.
Qureyş müşriklərə aldanıb əgər
Silaha əl atsa yanıb tökülər.
Zülmət pərdəsini çəkdiyi anda
Gəlib dayandılar Mərrizəhranda.
Həzrəti Peyğəmbər tapşırdı dərhal
Hər əsgər yandırsın bir böyük tonqal
Ordunun sayını əgər görsələr
Bütpərəstlər sülhə o zaman gələr
Sülhə məcbur etmək məqsədi ilə
Tonqal yandırtdırdı o bilə–bilə.
Ən ali məqsədi qan tökməyərək
Məkkəni dinc yolla yalnız fəth etmək.
Tonqallar yanırdı on mindən artıq
Qureyşin içində var narahatlıq.
Gecənin zülmətin alovlar yarır
Məkkə əhalisin sülhə çağırır.
Əbu Süfyan ilə bir neçə nəfər
Gizlicə ətrafı seyr edirdilər.
Abbas da ətrafı gəzişən zaman
Süfyanı tanıdı danışığından.
Biri digərinə deyir:– Bu qədər
Nə alov görmüşəm nə də ki əsgər.
Bunların görəsən nədir məqsədi?
Abbas yaxın gəlib fərəhlə dedi:
– Səhər açılantək islam ordusu
Məkkəyə girəcək daha doğrusu.
– Çarəsi bəs nədir? – Soruşdu Süfyan.
Əlindən tutaraq Abbas bu zaman
Həzrətin yanına gətirir onu.
Ömər görən kimi əbu Süfyanı
Rəsuli–əkrəmin yanına girmiş:
– Cəza verilməli ona deyirmiş.
Abbas qəti buna verməyir imkan
Peyğəmbər soruşur: – Ey əbu Süfyan
Allahın varlığın tanıyaraq sən
Peyğəmbərliyimi təsdiq edirsən?
Süfyan əməlindən olmuş peşiman
Şəhadət kəlməsin eylədi bəyan.
Hamısı sevindi bunu görənlər
Ucaldı sədası “Allahu əkbər”.
Bununla Məkkə fəth edilmiş demək
Abbas Peyğəmbərdən xahiş edərək:
– İftixarı sevən adamdı Süfyan
Ona bir lütf et Həzrət bu zaman:
– Kim əbu Süfyanın evinə girsə
Yaxud öz evində vaxtın keçirsə
Məscidül–hərəmə kim gedib çıxar
Hər üçündə onlar toxunmazdılar.
Məkkəyə dönərək tez əbu Süfyan
Müsəlman olduğun deyir bu zaman.
Məkkəlilər təslim oldular artıq
Məkkənin üstündən getdi qaranlıq.
İslamın nuruna bələndi hər yan
Bütpərəstlər dönüb oldu müsəlman.
Həyəcan içində yaşayır şəhər
Əsgərlərsə əmr gözləyirdilər
Ordunu cəm edib Rəsuli–əkrəm
Belə bir göstəriş o verir bu dəm:
– Hücumlara məruz qalmadıqca siz
Qətiyyən döyüşə girməyəsiniz.
Sizə istəyimi bildirirəm mən
Məkkəyə girməli qan tökülmədən.
Bu idi Həzrətin böyük arzusu.
Şəhərə girəndə islam ordusu
Evlərinə girir bəzi adamlar
Bəzisi məscidə girib sığınar.
Şəhərə dörd qoldan girərkən ordu
Cəmisi bir yerdə toqquşma oldu.
Xalidin girdiyi cənub səmtindən
Bütpərəstlər hücum edir qəflətən
İki müsəlmanı etdilər şəhid
Bunun cavabını verəndə Xalid
Onlardan on üçün qətlə yetirmiş
Başçıları qaçıb izin itirmiş.
Həzrəti Peyğəmbər məmnundu indi
Yüksək bir təpədən Məkkəyə endi.
Gözünə Məkkənin alt tərəfindən
Qılınc parıltısı birdən dəyərkən
Bundan mütəəssif olub Peyğəmbər:
– Sizə dönə–dönə demədim məgər
Məkkəyə girəndə tökülməsin qan?
Xaliddən ətraflı öyrənən zaman:
– Bu hökmü ilahi imiş söylədi
Bəlkə də bu belə lazımmış dedi
Peyğəmbər əvvəlcə Kəbəyə girdi
Təvaf əməlini tamam bitirdi.
Xalqın qarşısında orada məşhur
Fateh xütbəsini irad buyurur:
– “Allahdan başqa heç bir tanrı yoxdur
Şəriki də yoxdur yalnız tək odur.
Allah öz vədinə əməl edərək
Bu sadiq quluna eylədi kömək.
Allah nəzərində ən şərəfliniz
Mömin olanlardır yəqin bilin siz”.
Həzrət Tovhid dinin eyləyir elan
Bütün davaları edir qadağan:
– “Ey Qureyş xalqı mal–dövlətlə siz
Əsl–nəcabətlə öyünməyiniz.
Bir sinfin özünü başqa sinifdən
Üstün tutmamalı bildirirəm mən.
Allahın quludur bütün insanlar
Hamısı Adəmdən yaranmış onlar.
Adəmi torpaqdan yaratmış Allah
Hər şeyi biləndir hər şeydən agah.
Qurani–kərimə kim salsa nəzər
Bütün insanları bərabər görər.
Tanrının önündə hamı bərabər
Nə ərəb olmayan nə də ərəblər
Qeyri millətlərdən üstün sayılmaz
İslamda irq nəsəb rəng fərqi olmaz.
Gördüyü işlərlə insan yüksəlir
Qiyməti əmələ görə verilir.
Allah nəzərində ən yaxşı insan
Sayılır xeyirli iş görən zaman”.
Peyğəmbər xütbəsin dedi bu qədər
Sonra bəyan etdi: – Ey qureyşilər
Bu gün sizi yoxdur qınamaq daha
Bağışladım sizi böyük Allaha.
Gedin sərbəstsiniz hamınız dedi
Sanki qəlblərini o fəth eylədi.
Onları əfv etdi Rəsuli–Xuda.
Əgər o keçmişin salsaydı yada
Əziyyət verdilər ona bir ara
Nələr etmədilər müsəlmanlara
Məğrur başlarını yerə dikənlər
Kəsdilər günahsız başlar nə qədər.
Bədr döyüşündə çalsaydı zəfər
Hamını sonadək məhv edərdilər.
“Xəndək davası”nda nə etmədilər
Xəndəyi atlanıb keçsəydi əgər
Mədinəni tamam dağıdardılar
Çünki onlar qatı zülmkardılar.
Həzrəti Peyğəmbər belə etmədi
Onların getdiyi yolla getmədi
Kim onun yerində olsaydı əgər
Şəhəri dağıdıb alt–üst eyləyər.
Bir damla qan yerə düşməsin deyə
Girmək istəyirdi ulu Məkkəyə.
Tarixdə döyüşlər olmuş nə qədər
Həzrəttək olmamış heç bir fatehlər.
O öz mərhəmətin etdi nümayiş
Sanki böyüklüyün göstərə bilmiş.
Peyğəmbər nitqini qurtaran zaman
Kəbənin açarın alır Təlhadan.
Qapını açaraq girdi içəri
Gördü buradakı cansız bütləri
Divarlarda vardı rəngli yazılar
Həzrətin əmrilə pozuldu nə var.
Divarda mələklər rəsmi çəkilmiş
Gözəl qadın kimi təsvir edilmiş.
Həzrət sildirərək bu çəkilmişi:
– Mələklərdə yoxdur nə qadın kişi.
Sonra da bütləri yerə atdılar
Üç yüz altmışını qırıb çatdılar.
Ühüddə vuruşma çatarkən sona
O gün bayram idi əbu Süfyana.
Ühüd təpəsinə çıxıb vüqarla
Peyğəmbərə qarşı o iftixarla
“Yüksəl şanlı Hübel” coşub bağırmış
Hübel zibilliyə etdi sıçrayış.
Bütün müsəlmanlar başda Peyğəmbər
Kəbəni bütlərdən təmizlədilər:
– “Haqq gəldi batilsə oldu pərişan”.
Peyğəmbər ayətdən dedi bu zaman
Bütləri etdilər xak ilə yeksan
Artıq “Yüksəl Hübel” yoxdur qışqıran.
“Lat və Üzza haqqı” deyən yox daha
Bir ibadət vardır o da Allaha.
Yanıqlı səsilə Bilal bu zaman
Kəbənin üstündən başlayır əzan
Hər yerə yayılır “Allahu əkbər”
Sədası ucalır göylərə qədər.
İman tellərini coşdurur Bilal
Bu səsi eşidən möminlər dərhal
Hamısı namaza düzülür səf–səf
Üzləri Həcərül–əsvədə tərəf
Dostları ilə paylaş: |