Bismillahir rəhmanir rəhim



Yüklə 1,8 Mb.
səhifə2/23
tarix01.01.2022
ölçüsü1,8 Mb.
#105594
1   2   3   4   5   6   7   8   9   ...   23

Birinci fəsil


Çox ağır qripə tutulmuşdum. Artıq bitki dərmanları və şəfaverici çayların təsiri yox idi. Nəhayət, neçə gündən sonra anam dedi ki, həkimə getməliyik.

O zaman – təxminən 1970-ci ildə Tuyserkanda təkcə bir xəstəxana var idi. Anam məni ora apardı. Həkimə müraciət edənlərin arasında bir neçə kəndli gözə dəyirdi. Cırıq və yamaqlı paltarlarından və gün altında yanmış yanaqlarından bəlli idi ki, zəhmətkeş insanlardır. Onların arasında bir qadın onun uşağını qucağına alan tibb bacılarına yalvarırdı ki, həkim vəziyyəti ağır olan uşağına tez baxsın. Onlar da deyirdilər ki, həkim indi əməliyyat otağındadır, başqa həkim də yoxdur. Amma qadın yalvar-yaxar edir, onların arxasınca oyan-buyana qaçırdı və təsadüfən onlardan biri ilə toqquşaraq qucağında uşaqla birgə yerə yıxıldı. Yazıq qadın ağlaya-ağlaya dedi: "Heç kim bizi adam yerinə qoymur! Soruşmurlar da dərdin nədir?!"

Bu hadisəni görüb, çox qəhərləndim. Öz-özümə dedim ki, mən mütləq dərs oxuyub, tibb bacısı olmalıyam və elə Tuyserkanda, ya da bu bölgədə xalqa qulluq etməliyəm!

Lakin dərs oxuyub, tibb bacısı olmaq mənim üçün böyük arzu sayılırdı. Hələ dörd-beş il bundan əvvəl atamın maddi durumuna və "qız uşağının beşinci sinifdən artıq savada ehtiyacı yoxdur" – fikrinə görə, mənim təhsili davam etdirməyimə razı deyildi. Halbuki indiyədək bir an belə təhsil istəyindən daşınmamışdım və hələ də oxumağa böyük marağım var idi. Ailənin ikinci uşağı olub, böyük bacım Müqəddəsdən on iki yaş kiçik idim. Anam deyirdi: "Səndən qabaq altı uşağım dünyaya gəlib, hamısına peyvənd vurulsa da Müqəddəsdən başqa heç biri sağ qalmadı. İstəmirdim səni də əldən verim, ona görə peyvənd vurdurmadım. Amma qırx günlüyündə su çiçəyi ilə yatalağa tutuldun. Həkimlər sağalmağını güman etməyib, dedilər ki, bu uşağı aparın evinizə, Allah istəsə, sağ qalacaq. Vəziyyətin ağır idi, bədənin su çiçəyinin qabarlarından yara olmuşdu, əyninə paltar geyindirə bilmirdik və yatağa uzatmaq da olmurdu. Anam bitki dərmanlarını yaxşı tanıyırdı və sənin müalicəni özü öhdəsinə aldı. Yatağına pambıq sərib, üzərinə parça çəkib, yatızdırdı. Hövsələ ilə bitkiləri dəmləyib, sənə içirtməyə başladı. Şükür olsun Allaha, yaraların günü-gündən sağaldı və özün də yaxşılaşdın."

Nənəm xan qızı idi və əri, yəni babam da Tuyserkanın "Zəhran" məhəlləsində Məmmədxan adı ilə tanınırdı. Anamdan eşitdiyimə görə, atam özü babam Məmmədxanın işçilərindən olub. Əslində, onunla qardaşı uşaq ikən valideynlərini itirir və Məmmədxan onları öz evinə aparıb, saxlayır. Atamın əsgərlik dövrü qurtardıqda, bir şəxsin vasitəsilə anama elçi göndərir. Məmmədxan atamın işgüzar və doğru bir cavan olduğunu nəzərə alaraq bu evliliyə razılıq verir. Nənəm də həmişə deyərmiş ki, istəmirəm qızımı elə adama verim ki, qaynanası və baldızı onu incitsinlər. Odur ki, nənəm də razı olur. O, yeganə övladı anamı çox sevdiyindən deyir: "Əgər Fatiməni bircə qardaşı olan Yədullaya (atam) versək, elə bizim evdə qala bilərlər. Beləliklə, mən də arxayın olaram ki, qızım yanımda qalır və sanki öz gəlinimdir." Beləliklə, atam da söz verir ki, həmişə Məmmədxanın evində qalsın.

Anam buna razı olmasa da onlar evlənirlər və həyətdəki evdə birgə həyata başlayırlar. Mən dünyaya gəlməzdən bir-iki il əvvəl babam dünyasını dəyişir. Yadımdadır, mən və böyük bacım Müqəddəs çox vaxt nənəmin yanında olardıq. Onun evi sanki öz evimiz idi. Hər gün həyətdəki evimizdən nənəmin evinə keçirdik. Böyük su arxı o həyətdən gəlib, bizim həyətə daxil olurdu. Çox vaxt arxın kənarında oturub, oynayardıq. Tuyserkanda baş verən zəlzələdən savayı uşaqlıq günlərimdən çox şey yadımda deyil. O zəlzələdə bir sıra evlər davam gətirməyib uçdu və bizim evin divarı da çatladı. Amma nənəmin evinə heç nə olmadı. Səhv etmirəmsə, o zaman dörd-beş yaşım var idi. Yay fəslinə təsadüf edən ara-sıra zəlzələlər bir aya qədər davam etdi. Hətta camaat şəhərin ətrafındakı sahələrə çəkilib, hər ailə özünə çadır qurmuşdu. Bu vəziyyət onlara ağır olsa da biz uşaqlara sanki dünyanı vermişdi. Daim bir yerə toplaşaraq noxud, kişmiş, buğda və çətənə gətirib, oynayırdıq.

Zəlzələlərdən sonra əmimlə atam iki mərtəbəli ev aldı və hamımız ora köçdük. Yadımda ikən, əsas işimiz əkinçilik idi. Atam şəhərin kənarında bir qədər torpaq sahəsini icarəyə götürmüşdü. Orada tütün yetişdirər, ondan başqa ehtiyacımız miqdarında tərəvəz əkər, hərdən artıq qalanı da satardıq. Demək olar, hər gün səhər bütün ailə üzvləri lazımı avadanlığı götürüb, piyada sahəmizə yola düşərdik. Anam elə orada bizim və fəhlələrin səhər və günorta yeməyini hazırlayardı. Bacımla birgə mən də kiçik Xeyrulla və İbrahim qardaşlarımıza baxmaqda anamıza kömək edərdik. Bacım Müqəddəs neçə il dərs oxusa da axıradək davam etmədi. Amma mənim isə dərsə həvəsim çox, fikrim-zikrim məktəbə getmək idi. Səhərlər həmişə əkin sahəsinə gedəndə görürdüm ki, uşaqlar məktəbə gedirlər. Hər dəfə anamdan soruşurdum: "Məni niyə məktəbə göndərmirsiniz?" Anam deyərdi: "Sənin yaşın azdır, bu yaşda məktəbə götürmürlər. Çox da darıxma!" Hələ məktəbə getməmiş atam xəstələndi. Bağırsaq abstroksiyasına düçar olmuşdu. Atamın ağrılarını, anamın göz yaşlarını unutmamışam. Yadımdadır, bir gecə əmim atamı Kermanşaha - xəstəxanaya apardı və elə o gecə də əməliyyat olundu. Atam təxminən üç ay xəstəxanada yatdı və bir az sağaldıqdan sonra evə qayıtdı. Həkimlər tapşırmışdılar ki, əməliyyatdan bir il sonrayadək heç bir işlə məşğul olmamalı, hətta bir kilo belə yük qaldırmamalıdır. Beləliklə, həyatın bütün yükü anamın üzərinə düşdü. Anam varlı ailədə böyüdüyündən və həmişə qulluqçuları olduğundan artıq indidən sonra ev-eşiyin və əkin işlərinin hamısını təkbaşına etməli idi. Əvvəllər çətin olsa da getdikcə hamısının öhdəsindən gəlirdi.

Nəhayət, arzuladığım gün gəlib çatdı və mən də məktəbə getdim. O gün həyatımın ən gözəl və ən yadda qalan anı olub. Məktəbimin adı da öz adım kimi "İran" idi. Təhsilə olan hədsiz həvəsə görə, elə əvvəldən dərslərimi yaxşı oxuyur və hər ili yüksək qiymətlə tamamlayırdım. Həmin illərdə artıq bacım Müqəddəs evlənib, Tehrana köçmüşdü. Odur ki, daha mən anamın yeganə köməkçisi idim və məktəb tapşırıqlarımla birgə Müqəddəsin də yeri və yükü üzərimə düşürdü. Əgər anama desəydim ki, dərsim var, onda məktəbə getməyə icazə verməzdi. Bəzən elə olurdu ki, balaca bacım Xədicəni belimə bağlayıb həyət-bacanı yığışdırır, qabları yuyur və həm də xırda bacı-qardaşımın paltarlarını dəyişib, onlardan muğayat olurdum. Bu qədər işlə birgə beşinci sinifi yüksək qiymətlərlə başa vurdum. Əmim oğlu Əsədullah riyaziyyat müəllimi idi və məsləhət gördü ki, altıncı sinifi də elə yayda oxuyum. Özü altıncı sinifin kitablarını tapıb gətirdi və onun nəzarəti ilə bütün dərsləri oxuyub, avqustda imtahan verdim və nisbətən yaxşı qiymətlə növbəti sinfə qəbul oldum. Bu böyük uğur idi və qohumlar arasında yeganə şəxs idim ki, bir il ərzində ardıcıl iki sinifi bitirmişdim. Məktəblərin açılışına bir şey qalmamışdı. Sevinclə o anı gözləyirdim. Bir gün atam dedi: "Kifayətdir, daha məktəbə getməyin lazım deyil!" Sanki dünya başıma çökdü. Nə qədər ağlayıb, yalvarsam da razılaşmayıb, dedi: "Mənim xoşum gəlmir qız uşağı çox dərs oxusun! Altıncı sinifdən sonra daha evlənmək, ailə qurmağın fikrində olmalıdır." O gün çox ağladım, hətta günorta və axşam yeməyini də yeməyib, yatdım. Ertəsi gün əmim oğlunun yanına getdim. Onlar ikinci mərtəbədə qalırdılar. Hadisəni danışdım. O da narahat oldu, birgə aşağı endik. Mən otaqdan bayırda dayandım, o isə içəri – atamın yanına daxil oldu. Uzun çəkən xahiş-minnətə baxmayaraq atam fikrini dəyişmədi. Onun heç cür qane olmadığını görüb dedi: "Mən İranı evimizə aparıb, özüm təhsilini üzərimə götürəcəyəm!" Atam bərk əsəbiləşdi və ayağa qalxıb, onun üzünə iki-üç şillə vuraraq dedi: "Sən kimsən ki, mənimlə söz güləşdirirsən?" Əmim oğlu çox narahat oldu və otaqdan çıxıb, mənə dedi: "Sənin təhsilinə görə mənmi döyülməli idim?" Bundan sonra mən də küsüb, əmimgilin evinə getdim. Anam dalımca gəlib, dedi: "Tez qayıt evə! Atan əsəbiləşib. Özün bilirsən ki, sənin məktəbinin pulunu verə bilmərik." Mən də dedim: "Bəs, niyə Xeyrulla ilə İbrahim oxuya bilər, mən isə yox?" Anam dedi: "Onlar oğlandırlar, gərək oxusunlar!" Nə isə, bir həftə əmimgildə qaldım və evə qayıdarkən atamın mənimlə necə davranacağından qorxurdum. O günlər mənə çox çətin keçdi və atamdan icazə ala bilməyərək evə qayıtdım.

Artıq ev və əkin işlərində yaxından kömək etməli idim. Atam əməliyyatdan sonra əvvəlki kimi işləyə bilmirdi və işlərin çoxunu anam görürdü. Yenə də hər gün səhər tezdən lazım olan avadanlığı götürüb, əkin yerinə gedirdik. Çöl işlərini xoşlamazdım, amma, naçar, sözə baxmalı idim. Orada bir sıra biş-düş işləri, gələn müştərilərə tərəvəz yığıb, satmaq və balaca bacım Xədicəyə baxmaq mənə aid idi. O ərəfələrdə mənə elçi göndərən də olurdu. Valideynlərim məni ərə vermək istəsələr də özüm hələ təhsil fikrində olub, evlənmək istəmirdim. Ona görə də onlarla razılaşmırdım. Sahəmizin kənarında neçə su quyusu var idi və onların vasitəsilə əkin torpaqlarına su yetirilirdi. Onlara demişdim: "Dərs oxumağa qoymadınız, əgər indi də evlənməyə məcbur etsəniz, özümü bu quyulardan birinə atacağam!" And içmişdim ki, bunu edəcəyəm. Beləcə, dörd-beş il keçdi və mənə elçi gələn hər kəsə təhsilə görə "yox" – dedim.

Qabaqda dediyim kimi, o gün xəstəxanada özümə ciddi söz vermişdim ki, hökmən tibb bacısı olmalıyam. Evə qayıtdıqdan sonra atamla çox danışdım ki, heç olmasa, axşam növbəsində dərs oxuyum. Atam da, ola bilsin, bu neçə il ərzində evlənməyib, sözümün üstə durduğuma görə, razılıq verdi. Elə sevindim ki, sanki dünyanı mənə verdilər. Əmim oğlu Əsədulla məni Tuyserkanın axşam növbəli orta məktəbinə yazdırdı və mən bir daha dərs oxumağa başladım.





Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin