On beşinci fəsil
1983-cü ilin sentyabr ayında Şəhid Behişti universitetinin dini şurası tərəfindən müharibə məntəqələrinə ziyarət səfəri təşkil olunurdu. Səfərdə əksər xəstəxana və universitetlərin dini şuralarının fəal üzvləri iştirak edirdilər. Neçə avtobus nəzərə alındıqdan sonra səhər saat 8-də Tehrandan yola düşdük və ertəsi gün Əhvaza çatdıq. Əhvazda vəziyyət müharibənin başlandığı 1980-ci ilə nisbətən yaxşı idi. Artıq Mahşəhər-Əhvaz yolu azad edilərək düşmənin birbaşa atəşi altından çıxmışdı. Bununla belə bombardman halları davam edir, tez-tez təhlükə siqnallarının səsi eşidilirdi. Əhalinin ev-eşiklərinə qayıtmağına şərait yox idi və hər yerdə adi insanlardan çox hərbiçilər gözə dəyirdi.
Həmişəki kimi əvvəl özümüzü Əhvazın hərbi qərargahına təqdim etməyə getdik. Elə orada nə qədər insan könüllü olaraq qan vermək üçün növbəyə durmuşdu. Biz də onlara qoşulub hamımız qan verdik. Qərargahda hansı məntəqələrin ziyarətini planlaşdırandan sonra iki nəfər bələdçi ilə yola düşdük. İlk səfərimiz Xürrəmşəhrə idi. Şəhərə yaxınlaşarkən xarabalığa girdiyimizi güman elədik, hər şey yerlə yeksan olmuşdu. Elə bir yerə çatdıq ki, torpağa bir metrlik fasilə ilə ucu iti bizlər basdırılmışdı. Bunun hansı əlaməti bildirdiyini soruşduq. Bələdçilərdən biri dedi: "Onları iraqlılar şəhəri işğal etdikləri zaman sancmışdılar ki, bizim paraşütçülər yerə endikdə üzərinə düşüb həlak olsunlar." Əksər yerlərdə cərgə ilə bir-birimizin arxasınca getməli idik. Bələdçilər deyirdilər ki, yolların hamısı tələ və minalarla doludur, hələlik onları təmizləməyə vaxt yoxdur və yalnız nəqliyyat vasitəsi və hərbi qüvvələrin keçə biləcəyi qədər təmizlənir.
Gəlib Xürrəmşəhrin gömrüyünə çatdıq. Hansı ki, bir zamanlar yaxın şərqin ən böyük keçid ticarət mərkəzi sayılırdı, indi isə xarabalığa çevrilmişdi. Oradan şəhərin böyük məscidinə tərəf yollandıq. Məscid top-raket zərbələrinə məruz qalaraq xaricdən salamat yeri qalmamışdı; minarəsi uçulmuş, günbəzi dəlik-dəlik idi. Bizdən bir qədər əvvəl bir qrup döyüşçü yenicə ön cəbhədən qayıtmışdı və bir qrupu da ön cəbhəyə getməyə hazırlaşırdı. Əslində, böyük məscid onların yeganə istirahət yeri sayılırdı. Gedərkən hər biri gəlib, qapısı önündə dayanan iki nəfərin başları üzərində tutduğu Quranın altından keçirdi. Bir neçəsi də cəbhədən qayıdanlar üçün üzərlik yandırıb, üzərilərinə gülab səpir, birgə salavat deyirdilər. Ara bir az sakitləşdikdən sonra məscidə daxil olduq. Giriş qapısı üstündə İmam Xomeyninin şəkli vurulmuşdu və kənarında neçə şəhidin şəkli də var idi. Məscid daxildən nisbətən salamat idi və içi xalça, palaz və adyalla örtülmüşdü. Məscid mənəvi fəzası ilə yanaşı qarnizona da bənzəyirdi. Ön cəbhədən gələn döyüşçülər "Fərəc" duasını xüsusi şövq və mənəvi halla oxuyarkən biz də onlara qoşulduq. Sonra komandirləri söhbətə başlayaraq bizə məntəqənin ümumi vəziyyəti, hər hansı təhlükə və partlayış ehtimalları barədə xəbərdarlıq və lazımı məlumatlar verdi. Biz də döyüşçülər üçün apardığımız neçə hədiyyə bağlamalarını onlara verdik. Onlar isə bizə xurma verərək başqa bir şeyləri olmadığını bildirərək üzrxahlıq etdikləri zaman dedik: "Bu nə sözdür! Biz bura sizdən güc-qüvvə almağa gəlmişik!" Bu əsnada bir döyüşçü soruşdu: "Qrupun rəhbəri kimdir?" Mirzayi dedi: "Necə məgər?"
– Məscidin arxa divarını təmir edən fəhlələrdən birinin ayağı minaya düşüb, dizdən yuxarı qırılıb. Aranızda həkim varmı?
Mən dedim: "Hələlik ayağını iki-üç yerdən qayışla, ya da çəfyə ilə möhkəm bağlayın və altına da bir neçə adyal qoyun ki, qanaxmanın qarşısı alınsın, sonra da bura yaxın xəstəxanalardan birinə çatdırın."
Komandirin söhbətindən sonra Şəhid Behişti universitetinin şura rəhbəri Əhməd Pənah da bizim məntəqəyə səfərimizlə bağlı məlumat verdi. Beləliklə, bir neçə saat vaxtımız burada keçdi. Günorta və əsr namazını döyüşçülərlə qılıb, birgə yemək yeyəndən sonra "Karun" çayını görməyə getdik.
Xürrəmşəhrdən Abadana doğru körpü uçmuşdu və korpusla cihad qüvvələri müvəqqəti olaraq hərbi maşınların hərəkəti üçün suyun üzərində səyyar körpü salmışdılar. Körpüyə çatdığımız vaxt üzərindən bir tank keçirdi və körpü şiddətlə tərpənirdi. Bir-birimizə dedik ki, elə indicə körpü batacaq. Bələdçilər isə "Yox, bu körpü çox davamlıdır və hal-hazırda bütün nəqliyyat vasitələri onun üzərindən keçir." - dedilər. Biz də piyada halda çayın o tərəfinə keçdik. Karunun kənarında burada şəhid olanların xatirəsini yad edərək bir qədər ürəyimizi boşaltdıq və mərsiyə oxundu. Nəhayət, buradan ayrılıb Abadana tərəf yola düşdük.
Şəhər kənarındakı böyük neftayırma zavodunun yalnız xarabalıqları gözə dəyirdi. İri bak və sisternlər, borular dəlik-deşik idi və hər yer viran olmuşdu. Ətrafda işdən düşən hərbi maşınlar, tanklar var idi. İrəli gedib yaxından müşahidə edir, hətta maraq üçün qalxıb içinə minirdik. Bələdçilər də bizə burada baş verən döyüş əməliyyatları barədə maraqlı məlumatlar verirdilər.
Axşam yeməyini Abadanın qərargahında yeməli olduq. Yeməyimiz bir qədər çörək, pendir, pomidor və xurmadan ibarət idi. Sübh namazını camaatla qılıb, səhər yeməyindən sonra bu dəfə Huveyzəyə tərəf yola düşdük. Şəhərdən salamat qalan yalnız neçə divar idi və daşı daş üstə qalmamışdı. Bələdçilər dedilər ki, azğın düşmənlər hətta bir-bir evləri minalayıb partladıblar. İndi isə buradan bir az aralı ərazidə yeni şəhərin salınması təklifi irəli sürülüb və buranı müharibə memorialı kimi saxlamaq istəyirlər.
Daha sonra şəhid Ələmül-hüdanın, eləcə də həzrət İmamın tələbə davamçılarının şəhadət məkanlarına getdik. Onlar ikinci dəfə Süsəngerdə getdiyim vaxt naməlum xəyanətə görə düşmənin mühasirəsinə düşüb, şəhid olan həmin universitet tələbələri idilər. O zamandan üç il ötürdü və hələlik qəbirləri üzərində heç bir abidə tikilməmişdi. Hətta çoxunun ad-sanı yox idi və bəzilərinin də kimliyi bir dəmir parçası üzərinə yazılıb, bir sıra əşya və döyüş ləvazimatları ilə birgə qəbri üstə qoyulmuşdu. İstər-istəməz qəribə hissə dalır, sanki dünyanın axırına ayaq basırdım. Burada nə su, nə də bir yaşıllıq gözə dəyirdi. Ara-sıra əsən küləyin səsi adamın qəmini bir az da artırırdı. Hər yer başdan-başa səhra və biyabanlıq idi. Sanki dünyanın bütün qürbəti ora yığışmışdı. Hamımız ora hakim olan qəribliyə davam gətirməyib ağlayırdıq. Bir nəfər oxşama deməyə başladı və hər bir xanım bir şəhidin qəbri üstə oturub yas mərasimi keçirdik. Bu məkandan ayrılmağa ürəyimiz gəlmirdi. Sonda, şəhidlərin torpağından bir miqdarını türbət kimi götürüb, orada günorta namazımızı qılandan sonra axşam Əhvaza qayıtdıq.
Ertəsi gün səhər namazı və yeməyindən sonra xəbər verdilər ki, bu gün Süsəngerdə gedəcəyik. Orada çoxlu xatirələrim olduğu üçün daha tez çatmağa tələsirdim. Şəhərə girməzdən öncə maşınlar bir tablo yanında dayandılar. Bələdçilər dedi ki, dəstəmazı olmayanlar düşüb dəstəmaz alsın. Özümüzə şəhidlərin qanı ilə yoğrulan ərazilərdə gəzməyi hörmətsizlik sandığından həmişə dəstəmazlı olurduq. Mən də dedim ki, biz hamımız dəstəmazlıyıq. Hər halda maşından düşdük. Tabloda yazılmışdı: "Şəhidpərvər Süsəngerd şəhərinə xoş gəlmisiniz!" Mirzayi dedi: "Mənim bu tablo ilə unudulmaz xatirəm var. Elə bu tablonun altında ayağımı itirdim və dostlarımdan da ikisi şəhadətə yetdi." O, şəhid olan öz dostunun bacısı ilə təzəcə evlənmişdi. Yoldaşı qabağa gəlib soruşdu: "Qardaşım harada şəhid olub?" Mirzayi dedi: "Heç vaxt sənə bu barədə danışmaq istəmirdim. Burada şəhid oldu və pak qanı torpağa qarışdı." O da dərhal tablonun altına cumaraq özünü torpağa atdı. Torpaqları öpüb-qucaqlayaraq elə acı-acı ağladı ki, hamımızı matəmə qərq etdi. Onu torpaqdan ayıra bilmirdik.
Şəhərə daxil olub, vəziyyətlə tanış olmağa başladıq. Bizim orada olduğumuz zamanla müqayisədə daha pis hala düşmüşdü. Əksər binaları uçulmuş, xurma ağacları yanıb kül olmuşdu. Yol və prospektlər çala-çuxurla dolu idi və maşınlar çətinliklə hərəkət edirdilər. Gəzişdikcə hərə bir xatirə deyirdi. Onlara xəstəxanaya getməyi təklif edib dedim ki, mənim də orada çoxlu xatirələrim var.
Xəstəxanaya çatıb gördüm ki, salamatdır və çox da zərbəyə məruz qalmayıb. Qarşısındakı səngər məqsədilə tökülən və get-gələ mane olan torpaqları təmizləmişdilər. Bölmələr fəaliyyət göstərirdi və yaralılarla bərabər adi xəstələr də müalicə olunurdu. Keçmiş kadrlardan heç kim gözümə dəymədi. Namaza Süsəngerdin "könüllü qızlar qərargahı"na getdik. Qabaqcadan bizim gəlişimizi gözləyirdilər və lazım olan şəraiti tədarük görmüşdülər. Orada yerləşib istirahət zamanı hərə bir hadisədən danışdı. Mən də düşmənin şəhərə yaxınlaşdığı, şəhid Çəmranın bəndin suyundan bir qol açaraq bütün bu məntəqəni mühasirədən xilas etdiyi xatirəni söylədim; o ağır şəraitdə nə qədər qüvvəmizin xəstəxanaya çatmamış, ya da xəstəxananın özündə şəhid olduğunu xatırladım. Bu vaxt qərargahın qızlar briqadası çarşablarını ərəb qadınları kimi başlarına çəkərək ərəbcə mərsiyə oxuyub, ağlamağa başladılar və biz də birgə sinəmizə döyərək bütün şəhidlərin xatirəsini yad elədik.
Günortayadək orada qalıb, namaz və yeməkdən sonra Dehlaviyyəyə, eləcə də Sabilə körpüsünə – şəhid Çəmranın şəhid olduğu məkana getdik. O böyük şəxsiyyəti yaxından gördüyüm üçün şəhid olduğu yer də mənə maraqlı idi. Artıq şəhadət məkanında bir abidə də tikilmişdi və üzərində belə yazılmışdı: "Doktor Mustafa Çəmranın şəhadət məkanı, 1982-ci il 2 iyun"
Hadisədə yaxından iştirak edən əsgər qardaşlardan biri bu haqda belə məlumat verdi: "Hələ doktor Çəmran şəhid olmazdan bir neçə ay öncə ayağına güllə dəymişdi. Xəstəxanada ilkin yardım və ayağı gipsə qoyulduqdan sonra da heç bir halda məntəqəni tərk etmədi. Öz vəziyyətinə əhəmiyyət vermədən komandirlik vəzifəsini yerinə yetirirdi. Təəssüflər olsun ki, iyun ayının ikisi başına dəyən qəlpə onu yerə yıxdı. Elə orada həkimimiz tənəffüs sistemi qoşdu və qaldırıb bura kimi – sizin elə indi dayandığınız məkanadək gətirə bildik. Lakin əlimizdən heç bir iş gəlmədi və burada şəhid oldu. İnşallah tezliklə bu məkanda xatirəsi naminə böyük tikili inşa ediləcək."
Orada bizə icazə verilən həddə qədər irəli gedə bildik. Artıq tankların sıra ilə düzüldüyünü, səngərlərdə döyüşçülərin yerləşdiyini belə yaxından müşahidə elədik. Hətta onlarla salamlaşıb hal-əhval tutduq. Bir çoxu bizə məktub, ya da telefon nömrəsi verib dedilər ki, sağ-salamat olduqları barədə ailələrinə xəbər verək. Nəhayət, qürub çağı Abadanın qərargahına qayıtdıq.
Səhər bizi Abadanın şəhidlər xiyabanına apardılar. Sayları göz gördükcə uzanır, qəbirlər qum təpələri kimi bir-birinin ardınca düzülür, çoxları üzərində nə daş, nə ad, nə də soyad görünürdü. Bələdçi dedi: "Onların əksəri Xürrəmşəhr və Abadandan, bəziləri də başqa şəhərlərdəndir və hamısı da ad-sansız dəfn olunub." Təsir və təəssüf insanı boğurdu və göz yaşlarımız üzümüzü yuyurdu.
Daha sonra Abadanın mərkəzi qəbiristanlığına getdik. Şəhidlər xiyabanından bir az fasiləsi var idi və şəhərin incəsənət klubu şəhidləri də orada dəfn edilmişdi. Onların məzarı üzərində fatihə oxuyub, klubun binasını görməyə getdik. Bizə hadisə haqda qısaca belə məlumat verdilər: «Efirdə "Ceyranlar" filmi gedirdi. Senariyə əsasən, hakim şah rejimi mübariz qrupları mədəni inkişafa zidd və mürtəce kimi nümayiş etdirməyə çalışırmış. Guya, buna dözməyən müxalifət qapıları bağlayıb, kluba od vurur. Lakin xalq elə o zaman anlayır ki, bu gizli əməliyyat Savakın işidir. Onlar hətta yardıma mane olaraq daxildəkilərə köməyə icazə vermirlər. Qaçmaq istəyənlər qapı-pəncərələri və hər hansı mümkün yeri qırmağa can atırmış. Od-alov içindən yaşlı, cavan, qadın, uşaq harayları eşidilirmiş. Beləliklə, bina tamamilə yanıb məhv olur. Özü də bu hadisə seansın ən qızğın çağında baş verir.»
Oradan Abadanın ətrafına gəzintiyə çıxdıq. Bələdçilər şəhərin mühasirəsini yarma əməliyyatından, Xürrəmşəhrin azadlığı hadisəsindən danışdılar.
Ertəsi gün səhər Əhvazın şəhidlər məzarına getdik. Sanki gəlinlə bəy otağına girmişdik. Hərə öz şəhid olan üzvünün şəklini alüminium çərçivəyə salıb, gül-çiçəklə bəzəyərək kənarına kiçik şamdanlar qoymuşdu. Qəbirlər başdan-başa İran bayrağını inikas edən – yaşıl, ağ, qırmızı – rəngbərəng parçalarla bəzənmişdi. Xiyabanın qəribə səliqə-səhmanı vardı. Əksəri az yaşlı, cavan nəslin şəhidlərinin simalarına baxdıqca təsirlənməmək olmurdu. Vaxtımız günorta radələrinədək orada ziyarətlə keçdi.
Əhvazda hələ təhlükəsizlik tam bərpa olmamışdı. Tez-tez təhlükə siqnalının səsi eşidilir, hərdən də düşmən təyyarələri şəhəri bombardman edirdi. Günortadan sonra hərbi qərargaha gedib, onlarla vidalaşaraq Tehrana doğru yola düşməyi qərara aldıq. O axşam Xürrəmabadda qalmalı idik. Odur ki, qrupun rəhbəri korpusun nümayəndəsi ilə danışıb, məşhur "Fələkül-əflak" qalasını da görməyə icazə aldı. Qala hərbi qüvvələrlə dolu idi. Zindanları mağaraya bənzəyirdi və içərisində silah-sursat saxlanılırdı. Orada da bir qədər döyüşçülərlə söhbətdən sonra qərargaha qayıtdıq və səhər Tehrana yola düşdük.
Dostları ilə paylaş: |