ON DÖRDÜNCÜ DӘRS ÇӘTİNLİKLӘRİN HӘLLİ
İkinci dərsdə qeyd etdik ki, möminlər bir-birləri ilə qardaş və həmrəy olmalıdırlar. Bu isə o deməkdir ki, onlar bir ailə üzvləri kimi bir-birlərinin qayğılarına qalmalı, sevinc və kədərlərini birgə bölüşdürməlidirlər. Belə ki, hər bir insan özünü başqalarının sevinc və kədərində şərik hesab edirsə, başqalarından da özünə qarşı həmin rəftarı gözləyir. Demək, insanlar bir-birlərinə qarşı qarşılıqlı kömək və həmkarlıq vəzifəsi daşıdıqları üçün bir-birlərinin qarşılaşdıqları çətinliklərdə həmrəy olmalı və əllərindən gələni əsirgəməməlidirlər.
Peyğəmbər (s) özünün məşhur hədislərindən birində buyurur:
«Möminlər mehr və məhəbbət baxımından bir bədən üzvü kimidirlər. Bədən üzvlərindən biri ağrıdığı zaman digər bədən üzvləri də onunla həmdərd olurlar».
Möminlərin birlik və həmrəyliyinə dair bundan gözəl ifadə tapmaq mümkün deyil. Әgər hər bir mömin insan həqiqətən başqalarını öz bədən və ya ailə üzvü hesab edərsə, nəinki qarşılaşdıqları çətinliklərdə onlara köməklik edəcək, hətta əvvəlcədən öz köməkliklərini onlara göstərəcək və bütün xoşagəlməz hadisələrin qarşısını almağa cəhd edəcəkdir. Çünki, hər bir vicdanlı insan özü çətinliklərlə qarşılaşdığı zaman başqalarının köməyinə ehtiyac duyduğu kimi, özü də onların çətinliklərinin aradan qaldırılmasında yaxından köməklik edir və heç vaxt razı olmur ki, yalnız başqaları onun çətinliklərində köməklik göstərsin, özü isə onlarla əlaqəsini kəsib heç bir iş görməsin.
Maddi və mənəvi yardım möminlər arasında qarşılıqlı şəkildə həyata keçirilir. Bu səbəbdən də əxlaq, təlim-tərbiyə mövzusunda bu məsələyə xüsusi diqqət yetirilir. Maidə surəsinin 2-ci ayəsində deyilir:
«...Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun...»
Diqqət yetirmək lazımdır ki, ictimai əlaqələr, qarşılıqlı yardımlar həmrəylik və həmkarlıq ruhiyyəsindən nəşət tapır.
Həmrəylik və həmkarlıq ruhiyyəsi olmadan insan başqalarına qarşı qəlbən mehr və məhəbbət hissi keçirməyəcəkdir. Nəticədə insanların aqibəti onun üçün əhəmiyyətsiz olacaqdır.
Peyğəmbər (s) buyurur:
«Müsəlmanların xeyir və şərində iştirak etməyən və yardım diləyən müsəlmanın dadına çatmayan şəxs müsəlman deyildir».1
İmam Sadiq (ə) buyurur:
Çətinlikdə olan müsəlman qardaşını gülər üzlə qarşılamayan şəxs Allaha, həzrət Məhəmmədə (s) və Әli (ə)-a iman gətirməmişdir. İmkanı çatdığı təqdirdə özü onun ehtiyacını ödəməli, çatmadıqda isə başqalarını bu işə sövq etməlidir. Buna əməl etməyən şəxs ilə bizim [Әhli-beytin] aramızda heç bir vilayət [əhd-peyman] yoxdur. Nəql olunmuş rəvayətlərdə var-dövlətini müsəlmanların rifahı naminə onların ixtiyarına qoymayan şəxslərin acınacaqlı aqibətləri, Allahın qəzəbinə düçar olacaqları və nəticədə var-dövlətlərinin Allah düşmənlərinin yolunda sərf edəcəkləri nəql olunur.
İmam Baqir (ə) buyurur:
«Müsəlman qardaşının qarşılaşdığı çətinliyin aradan qaldırılmasında və ehtiyaclarının ödənilməsində köməklik göstərməyən şəxs nəticədə günah edər və itaətsizlikdən çəkinməyən kəslərə yardım etməyə vadar olar. Bunun üçün onlar heç bir savaba nail olmazlar».1
İmam Sadiq (ə) buyurur:
«Allah-taala imkanı çatdığı təqdirdə bizim ehtyacı olan davamçılarımıza kömək etməyən şəxsi düşmənlərimizin ehtiyaclarını aradan qaldırmağa vadar edər və həmin şəxs qiyamət günü ağır əzaba düçar olar».2
İmam Musa Kazim (ə) bu haqda buyurur:
«İmkanı çatdığı təqdirdə yanına gələn müsəlman qardaşının ehtiyacını ödəməyən şəxs özü ilə Allah arasında olan əlaqəni kəsmişdir».
İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir rəvayətdə ehtiyacı olan şəxslərə yardım etməyənlərin Allaha və Onun peyğəmbərinə xəyanət etdikləri göstərilir.
Allah-taala mömin qardaşından ehtiyac duyduğu şeyi əsirgəyən və ya başqalarının vasitəsilə onun çətinliklərini aradan qaldırmayan şəxsləri qiyamət günü üzü qara və əlləri boyunlarından asılı bir halda məhşərə daxil edər. Onlar məhşərə daxil olarkən deyərlər: Bunlar Allaha və Onun Peyğəmbərinə xəyanət edən kəslərdir. Sonra onların cəhənnəmə aparılmalarına əmr olunar».3
Nəql olunmuş rəvayətlərdə hər şeydən əvvəl diqqəti cəlb edən məsələ, Allaha və Onun Peyğəmbərinə iman gətirmiş hər bir mö᾿min insana, yardıma ehtiyacı olan müsəlman qardaşına kömək edə bilməyəcəyi təqdirdə belə, məsuliyyətin üzərindən götürülməməsidir. Belə ki, başqalarının vasitəsilə olsa da, müsəlman qardaşının çətinliklərini aradan qaldırmağa çalışmalı və bunu üzərinə düşən dini vəzifə və məsuliyyət hesab etməlidir.
Məşhur islam alimlərindən biri olan Vaqidi deyir: «İki nəfər şəxslə dostluq edərdim. Onlardan biri seyyid idi. Biz üç dost həddindən artıq səmimi idik. Bir il maddi vəziyyətim olduqca aşağı səviyyəyə düşdü və bütün ili yoxsulluqla başa vurmalı oldum. Bayram qabağı həyat yoldaşım mənə dedi: Biz çətinliyə dözə bilərik. Uşaqlar isə qonşu uşaqlarının bayrama necə təm-təraqla hazırlaşdıqlarını və təzə paltarlar geydiklərini görüb öz köhnə paltarlarından xəcalət çəkər və qəlbləri sınar. Әgər mümkünsə bir qədər pul tap ki, uşaqlar üçün təzə paltarlar alaq.
Seyyid dostuma məktub yazıb ondan bir qədər pul göndərməsini istədim. O da tez bir zamanda mənə min dirhəm pul göndərdi. Pul kisəsinin ağzını açmağa macal tapmamış, o biri dostumdan məktub aldım. Məktubda məndən kömək istəyirdi. Pul kisəsini açmadan ona göndərdim. Beləliklə, həyat yoldaşımın yanına əliboş qayıdacağımdan xəcalət çəkib məscidə tərəf getdim. Yolda təsadüfən seyyid dostuma rast gəldim. Həmin pul kisəsi də onun əlində idi. Göndərdiyi pulu nə etdiyimi soruşduqda əhvalatı olduğu kimi ona danışdım. Dostum pul kisəsini göstərib dedi: Sən onu mənim özümə qaytarmısan. Sözün doğrusu əlimdə olan pulu sənə göndərdikdən sonra özüm olduqca ağır vəziyyətə düşdüm. Bunun üçün də dostumuza məktub yazıb ondan kömək etməsini istədim. Lakin onun da vəziyyəti ağır olduğu üçün mənə heç bir köməklik edə bilmədi. Bunun üçün də sənə məktub yazıb köməklik etməyini istəmişdir. Beləliklə, pul kisəm mənim özümə qayıtmışdır. İndi ki, belədir, bu pulu üç hissəyə bölməliyik ki, hər üçümüz ondan istifadə edə bilək.
Әhvalatı nəql etməkdən ən başlıca məqsəd təqva sahiblərinin Allaha xatir bir-birlərinə yardım etmələrini və din qardaşlarını özlərindən üstün tutmalarını göstərməkdir.
Әli (ə) buyurur:
«Bu üç şeyə riayət etməyən şəxsi həqiqi dost hesab etmək olmaz:
1. Çətinliklərlə qarşılaşarkən yardım etmək;
2. Elindən, obasından uzaq düşdükdə ailəsinin qayğısına qalıb namusunu qorumaq;
3. Vəfat etdikdə vəsiyyətlərini yerinə yetirib dəfn olunmasında iştirak etmək və ailə üzvlərinə yardım etmək.1
Qurani-Kərimdə möminlər arasındakı əlaqə haqda deyilir:
«...Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar...»2
İmam Sadiq (ə) müsəlmanları bir-birlərinə əl tutmağa sövq etmək məqsədilə buyurardı:
«Biri məndən nə isə bir şey istədiyi zaman mümkün qədər tez onun ehtiyacını ödəməyə çalışıram. Çünki, qorxuram o öz ehtiyacını başqa bir yolla təmin edə və mənim ona köməklik etməyimə fürsət olmaya».3
Nəql olunmuş bir çox rəvayətlərdə müsəlmanların çətinliklərinin aradan qaldırılmasına və bu işin olduqca böyük savabı olduğuna da dəfələrlə işarə olunmuşdur.
Dərsin sonunda biz onlardan bir neçəsinə işarə edirik. Әli (ə) buyurur:
«Müsəlman qardaşına köməklik edən şəxsin ruzisi bol olar».4
İmam Sadiq (ə) buyurur:
«[Müsəlman] qardaşlarınıza kömək etməklə Allaha yaxınlaşın».5
Allah-taala qiyamət günü, mömin qardaşının hacətini (istək və ehtiyacını) ödəyən şəxsin min istəyini yerinə yetirər. İstədiyi ilk şey özünün və qohum-əqrəbasının cənnətə daxil olması olar. Bu şərtlə ki, onlar Әhli-beyt düşmənlərindən olmasınlar.6
«Elə bir müsəlman yoxdur ki, öz müsəlman qardaşının ehtiyacını ödədikdən sonra Allah-taala tərəfindən belə bir nida gəlməsin:
Sənin mükafatlandırılmağın Mənim öhdəmdədir və Mən sənin üçün cənnətdən başqa heç nəyə razı deyiləm.1
Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə buyurulur:
And olsun Allaha! Mömin bir şəxsin ehtiyacını ödəmək bir ay oruc tutub ibadət etməkdən daha yaxşıdır.2
İmam Sadiq (ə)-ın səhabələrindən Muşməil Әsədi adlı bir nəfər deyir: Bir il Həcc ziyarətinə getmişdim. Qayıtdıqda imam Sadiq (ə)-ın yanına getdim. Məni görcək soruşdu: Muşməil! Harada idin?» Dedim: Həcc ziyarətinə getmişdim. Buyurdu: «Bilirsənmi, hacılara nə qədər savab verilir?» Dedim: Siz bunu mənə deməyincə bilmərəm. Buyurdu: Allah-taala Həcc ziyarətinə gələn və orada bir həftə ərzində Kəbəni təvaf edib Səfa və Mərva dağları arasında sə᾿yləri yerinə yetirən hər bir şəxsin əməl dəftərinə altı min savab yazılmasını əmr edir. Həmin şəxsin altı min günahı bağışlanır, altı min dəfə məqamı ucalır, altı min istəyi qəbul olunur və altı min istəyi axirət üçün saxlanılır. Dedim: Doğrudan da bu çox böyük bir mükafatdır.
Buyurdu: Səni bundan da böyük savabdan agah etməyimi istəyirsən?
Dedim: Bəli.
Buyurdu: Mömin bir şəxsin ehtiyacını ödəyib onun hər hansı bir istəyini yerinə yetirmək «bir Həcc ziyarətindən» (bunu on dəfə təkrar etdi) daha yaxşıdır.3
Bu o deməkdir ki, bu iş on həcc ziyarətindən daha üstündür.
Növbəti dərslərimizdə yenidən bu barədə söhbət açacağıq.
SUALLAR VӘ TAPŞIRIQLAR
1. Nə üçün Peyğəmbər (s) müsəlmanların xeyir və şərində uzaq düşən şəxsi [həqiqi] müsəlman hesab etmir?
2. Qurani-Kərimdə möminlərin əlaqələri haqda nə deyilir?
3. Möminlərin çətinliklərinin aradan qaldırılması haqda nəql olunmuş rəvayətlərdən bir neçəsini izah edin.
4. İmam Sadiq (ə) möminlərin ehtiyaclarının ödənilməsi haqda nə buyurur?
Dostları ilə paylaş: |