Altıncı fəsil Sair imamlardan (ə) nəql olunan hədislər
◘İmam Səccad (ə) buyurub: ”Bizim dövrün insanları altı təbəqəyə bölünüb; şirlər, canavarlar, tülkülər, itlər, donuzlar və qoyunlar. Şirlər sultanlardır ki, kimə istəsələr qalib gəlir və məğlub olmurlar. Canavarlar tacirlərdir ki, alanda yalandan pisləyirlər, satanda isə yalandan tə`rifləyirlər. Tülkülər riyakarlardır ki, camaatdan istifadə etməkdən ötrü özlərini hiyləgərcəsinə müsəlman kimi göstərirlər, əslində isə onların içində imandan əsər-əlamət yoxdur. Donuzlaar arvadsifətlər və şəhvətpərəstlərdir ki, hər çirkin işə getməkdən çəkinməzlər. İtlər acıdil insanlardır ki, camaat onlara dillərinin qorxusundan hörmət edirlər. Qoyunlar mö`minlərdir ki, yununu qırxırlar, ətini yeyirlər, sümüklərini də sındırırlar. Biçarə qoyun, bir sürü şirin, canavarın, tülkünün, donuzun və itin arasında nə etsin?”
◘İmam Musa ibn Cə`fər (ə) buyurub: “Elə ki, İbrahimi (ə) mancanağa qoydular, Cəbrail qəzəbləndi. Allah tərəfindən vəhy nazil oldu: “Nə üçün qəzəblisən?” Ərz etdi: “İlahi, sənin dostun – yer üzərində ondan başqa bir kəsin Sənə ibadət etmədiyi bir dostun - indi Sənin və özünün düşməninin əlindədir.” Cavab gəldi: “Sakit ol. Sənin kimi bəndələr qorxar ki, birdən fürsət əlindən çıxar. Amma mən hər bir an istəsəm ona nicat verə bilərəm.” Cəbrail sevindi. Üzünü İbrahimə (ə) tutub dedi: “Köməyə ehtiyacın varmı?” Buyurdu: “Bəli, var, amma sənin köməyinə yox.” Bu zaman Allah İbrahimdən (ə) ötrü bir üzük göndərdi ki, onda altı kəlmə yazılmışdı: “La ilahə illəllah”, Məhəmmədən rəsulullah”, “La hövlə və la qüvvətə illa billahil əliyyil-əzim”, “Fəvvəztu əmri iləllah” (İşimi Allaha tapşırdım), “Əsnədtu zuhri iləllah” (Allaha e`timad etdim) “Həsbiyəllah” (Allah mənə bəsdir).
Bundan sonra vəhy nazil oldu: “Bu üzüyü barmağına tax. Mən odu səndən ötrü sərin edəcəyəm.”
◘Məhəmməd Hənəfiyyə deyib: “Biz altı imtiyaza malikik. Bizdən əvvəl heç kəs bu imtiyaza sahib olmayıb və bizdən sonra da belə bir şey olmayacaq: Peyğəmbərlərin sərvəri olan Məhəmməd (s) bizim nəsildəndir. Həmçinin övsiyaların sərvəri Əli (ə) də bizdəndir. Bundan başqa şəhidlərin sərvəri Həmzə (ə), behişt cavanlarının ağası olan Həsən (ə) və Hüseyn (ə), Allahın ona behiştin istədiyi yerinə uçmasından ötrü iki qanad verdiyi Cəfəri-Təyyar (ə) və İsa ibn Məryəmin (ə) onun arxasında namaz qılacağı Məhdi (ə) də bizim nəsildəndir.
◘Həzrət Musaya (ə) vəhy oldu: “Altı şey altı yerdədir, lakin camaat onu başqa yerdə axtarır və (belə etsələr) heç vaxt tapmayacaqlar; Mən asayişi və rahatlığı behiştdə qərar vermişəm, lakin camaat onu dünyada axtarır. Elmi aclıqda qərar vermişəm, camaatsa onu toxluqda axtarır. İzzəti gecə oyaq qalmaqda qərar vermişəm, camaatsa onu padşahların qapısında axtarır. Ucalığı təvazödə qərar vermişəm, camaatsa təkəbbürdə axtarır. Duanın müstəcab olmasını yeməyin halal olmasında qərar vermişəm, camaat onu səs-sədada axtarır. Ehtiyacsızlığı da qənaətdə (qane olmaqda) qərar vermişəm, lakin camaat onu mal-dövlətin çoxluğunda axtarır.”
◘Həzrət Davuda (ə) vəhy oldu: “Ey Davud! Hər kəs Məni tanısa Məni yad edər, hər kəs Məni yad etsə Mənə diqqət yetirər, hər kəs Mənə diqqət yetirsə Məni axtarar, hər kəs Məni axtarsa tapar, hər kəs Məni tapsa qoruyub saxlayar və hər kəs də Məni qoruyub saxlasa həmişə başqalarından üstün tutar.”
◘Əmirəl-mö`minin (ə) buyurub: «Mən altı nəfərin behiştə getməsinə zaminəm; sədəqə verən yerdə ölən, xəstəni yoluxmağa gedən yerdə ölən, Allah yolunda cihada gedən yolda ölən, Həcc səfərində ölən, Cümə namazına gedərkən yolda ölən və hər hansı bir müsəlmanın dəfn mərasimində onun cənazəsini müşayiət edərkən ölən kəsin.»
◘Bir nəfər Həzrət Əlinin (ə) yanında “Əstəğfirullah” yə`ni, “Allahdan bağışlanma istəyirəm” dedi. Həzrət ona belə buyurdu: “Anan sənə ağlasın! Heç bilirsənmi ki, “istiğfar” nədir? İstiğfar ali-məqam kişilərin dərəcəsidir. Bu sözün altı şərti var:
1. Keçmiş günahlara görə peşman olmaq.
2. Gələcəkdə də bir daha günah etmək qərarına gəlməmək.
3. Camaatın haqqını ödəmək və bundan sonra heç bir kəsin haqqı ölənədək boynunda qalmasın.
4. Keçmişdə yerinə yetirmədiyi vacib əməlləri icra etmək.
5. O qədər qəm-qüssədə olmaq ki, bədənin günah zamanı əmələ gələn ətləri əriyib aradan getsin.
6. Günahın şirinliyini daddığın kimi ibadətin də əziyyətini dadmaq.
Yalnız bütün bunları yerinə yetirdikdən sonra “əstəğfirullah” de. (Əvvəlki dörd şərt vacib, axırıncı iki şərt isə müstəhəbdir. Bu altı şərt birlikdə tövbənin ali dərəcəsini bildirir.)
◘Deyirlər ki, bir gün həzrət Adəm (ə) oturmuşdu. Altı nəfər ona yaxınlaşdı. Üçü sağ tərəfində, üçü isə sol tərəfində oturdu. Adəm (ə) ağlardan birindən soruşdu:
–Sən kimsən?
Cavab verdi:
–Əql.
Soruşdu:
–Sənin yerin haradır?
–Beyin.
Adəm (ə) ikincidən soruşdu:
–Sən kimsən?
–Məhəbbət.
–Sənin yerin haradır?
–Ürək.
Həzrət Adəm (ə) üçüncüdən soruşdu:
–Sən kimsən?
Dedi:
–Həya.
–Sənin yerin haradadır?
–Göz.
Sonra Adəm (ə) üzünü sol tərəfə tutub qaralardan birindən soruşdu:
–Sən kimsən?
Cavab verdi:
–Təkəbbür.
–Sənin yerin hardadır?
–Beyin.
Adəm (ə) soruşdu:
–Əql ilə bir yerdəsiniz?
Dedi:
–Elə ki, mən gəldim əql gedir.
İkincidən soruşdu:
–Sən kimsən?
–Həsəd.
Soruşdu:
–Yerin hardadır?
–Ürək.
–Məhəbbətlə bir yerdəsiniz?
–Mən gəldimsə, məhəbbət gedəcək.
Adəm üçüncüdən soruşdu:
–Bəs, sən kimsən?
Cavab verdi:
–Tamah.
–Bəs sənin yerin hardadır?
–Göz.
–Həya ilə bir yerdəsiniz?
Dedi:
–Mən daxil olan kimi, həya xaric olur.
(Mümkündür ki, bu altı nəfər Adəmi (ə) tə`limatlandırmaqdan ötrü bu surətdə gələn mələklər olmuşdur. Yaxud da mətləbi başa salmaqdan ötrü aydın bir yuxu olmuşdur.
Dostları ilə paylaş: |