İkinci fəsil
◘Misvakı (dişlərinizi fırçalamağı) unutmayın. Çünki misvak on xüsusiyyətə malikdir: ağızı tər-təmiz və pakizə edər, Allahı razı salar, Şeytanı qəzəbləndirər, insana təhkim olunan mələklərin məhəbbətini cəlb edər, dişin ətini möhkəmləndirər, bəlğəmi dəf edər, ağızı xoş iyli edər, üzün sarılığını aparar, gözün nurunu artırar, dişlərin ağarmasına səbəb olar. Başqa bir hədisdə gəlmişdir ki, dişin çirkini aradan aparar və bu iş, Peyğəmbərin (s) sünnəsindəndir.
◘Bu ümmətdən on tayfa özünü mö`min hesab edir, lakin əslində isə elə kafirdirlər. Onlar bunlardır: nahaqdan bir kəsi qətlə yetirən, dəyyus (qeyrətsiz), zəkata mane olan, şərabxor, imkanı ola-ola Həcc əməlini tərk edən, fitnə törədən, düşmənə silah satan, naməhrəm qadınla qeyri-təbii yolla yaxınlıq edən heyvanla yaxınlıq edən və (ana, bacı, bibi, xala və bu kimi) öz məhrəmi ilə yaxınlıq edən.
◘Bəndə yerdə və göylərdə mö`min adlanmaqdan ötrü fəzl və kərəmə sahib olmalıdır, fəzl və kərəm sahibi olmaqdan ötrü müsəlman olmalıdır, müsəlman olmaqdan ötrü gərək camat onun əlindən və dilindən rahat olsun, camaatın ondan asudə olmasından ötrü alim olmalıdır, alim olmaqdan ötrü öz elminə əməl etməlidir, öz elminə əməl etməkdən ötrü zahid olmalıdır. Zahid olmaqdan ötrü günahdan çəkinməlidir, günahdan çəkinməkdən ötrü təvazökar olmalıdır, təvazökar olmaqdan ötrü özünü tanımalıdır, özünü tanımaqdan ötrü ağıllı olmalıdır.
◘Xoş və uğurlu aqibət on şeydədir. Onun beşi dünyaya, beşi isə axirətə aiddir. Dünyaya aid olanlar bunlardır: din elmlərinin təhsili ibadətləri yerinə yetirmək, halal ruzi, çətinliklər zamanı səbr və ne`mətlər içində olarkən də şükr etmək. Axirətə aid olanlar isə bunlardır: ölüm mələyinin insana mərhəmət və nəzakətlə yaxınlaşması, qəbrdə Nəkir və Münkərdən amanda olmaq, Qiyamət gününün vəhşətindən amanda olmaq, günahların aradan getməsi və ibadətlərin qəbul olması, Sirat körpüsündən ildırım sürəti ilə keçmək və salamatlıqla behiştə daxil olmaq.
◘On sünnə var ki, onlar İbrahim peyğəmbərdən (ə) yadigar olaraq qalmışdır. Bunlardan beşi başa, beşi isə bədənə aiddir. Başa aid olanlar bunlardır: misvak (dişləri fırçalamaq), məzməzə (ağıza su alıb qarışdırmaq), burunu yumaq, bığların üst dodağın üstünə tökülən tüklərini kəsmək, saqqalı çox saxlamaq. Bədənə aid olanlarsa bunlardır: sünnət etmək, nurə qoymaq, bövl və qaitin məxrəcini paklamaq, qoltuğun altındakı tükləri qırxmaq və dırnaq tutmaq.
◘Mənim ümmətimdən on tayfa nə qədər ki tövbə etməyib, behiştə daxil olmaz:
1. (Zalım dövlət mə’murları və) hökumət başçılarına cangüdənlik edənlər.
2. Qəbir açan.
3. Söz gəzdirən.
4. Qeyrəti, namusu olmayan dəyyus.
5. Təbil çalan.
6. Saz çalan.
7. Camaatın təqsirindən keçməyən və onlara zülm etməyi rəva görən.
8. Həddi-büluğa çatdıqdan sonra yolunu azmış haramzada.
9. Qeybət edən.
10. Ata-anası ilə bədrəftar olan.
◘On kəsin namazı qəbul olmaz: furada (tək halda) namaz qılarkən qiraəti tərk edənin namazı, zəkat verməyənin namazı, camaatın narazı olduğu imam camaat, sahibindən qaçmış qulun namazı, şərab içənin namazı, ərini qəzəbləndirib gecəni səhər edən qadının namazı, başını örtməmiş namaz qılan qadının namazı, zülmkar rəhbərin namazı, ribaxorun namazı, pis və çirkin işlərin qarşısını almayan kişinin namazı.
◘Nazam dinin sütunudur. Namaz on məziyyətə sahibdir: üzün gözəlliyini artırar, qəlbin nurani olmasına, bədənin rahatlığına səbəb olar, qəbrdə insanın həmdəmidir, rəhmət nazil olma məhəllidir, göydən baxan mələklərə işıqlı çıraq kimi görünər, mizanın ağırlığını artırar, Allaha xoş gedər, Behiştə səbəb olar, Cəhənnəmlə bəndə arasında səddə çevrilər. Hər kəs namazı dirçəltsə, dini dirçəldər. Hər kəs də namazı tərk etsə, dini tərk edər.
◘Allah behişt əhlini behiştə daxil etmək istəyərkən bir mələyi bir töhfə və bir behişt libası ilə onlara göndərər. Behişt əhli behiştə daxil olmaq istəyərkən mələk onlara deyər: “Dayanın, mən Aləmlərin Pərvərdigarı tərəfindən sizin üçün töhfə gətirmişəm.” Soruşarlar: “O nə töhfədir?” Mələk deyər: “On üzükdür. Birincisinə “Siz artıq paksınız, həmişəlik olaraq ora daxil olun!”, ikincisinə Həmişəlik olaraq salamat və əmniyyətlə ora daxil olun”, üçüncüsünə “sizin qəm-qüssəniz, artıq bitdi”, dördüncüsünə, “sizi bər-bəzəyə bürüyəcəyik”, beşincisinə, “Sizdən ötrü pak-pakizə qadınlar–Hurilər hazır etmişik”, altıncısına, “Etdikləriniz səbrə görə bu gün Mən onların mükafatlarını verəcəyəm”, yeddincisinə, “Elə bir cavanlığa qovuşdunuz ki, həmin cavanlığın qocalığı yoxdur (yə`ni əbədi cavanlıqdır)”, səkkizincisinə, “Peyğəmbərlər, şəhidlər və salehlərlə yoldaşsınız”, doqquzuncusuna, “Elə bir əmin-amanlığa qovuşdunuz ki, heç bir qorxu və narahatlıq görməyəcəksiniz”, onuncusuna isə “Siz əzəmətli ərşin sahibi olan mehriban və bağışlayan Allahın yanındasınız” yazılıb.” Mələk daha sonra deyər: “Buyurun, daxil olun!” Onlar behiştə daxil olub deyərlər: “Şükr olsun Allaha ki, qəm-qüssəni qəlbimizdən çıxartdı. Bizim Allahımız bağışlayan və mehribandır. Şükr olsun Allaha öz və`dəsinə əməl etdi və bizi buranın varisləri etdi ki, ürəyimiz istədiyi yerə gedib orada məskən salaq. Əməl sahibi olanların nə gözəl mükafatı var!!!”
◘Elə ki, Cəhənnəm əhlinin cəhənnəmə salınma vaxtı yetişdi, yenə də, Allah-təala bir mələyii on üzüklə onlara göndərər. Həmin üzüklərə belə yazılıb: Birincisinə «Cəhənnəmə daxil olun. Orada nə ölmək var, nə də oradan çıxmaq imkanı», ikincisinə «Əzaba qərq olun. Sizin üçün heç bir asayiş yoxdur», üçüncüsünə «Mənim rəhmətimdən naümid olun», dördüncüsünə «Qəm-qüssəyə batın», beşincisinə «Geyiminiz, yeməyiniz, suyunuz, yatağınız hamısı atəşdən hazırlanmışdır», altıncısına «Siz atəş içində olduğunuz müddətdə daim Mənim qəzəbimə uğrayacaqsınız», yeddincisinə «Bütün bunlar etdiyiniz günahların cəzasıdır, səkkizincisinə «Etdiyiniz böyük günahlara görə nə tövbə edirdiniz, nə də etdiklərinizə görə peşman olurdunuz, Mənim lə`nətim olsun sizə!», doqquzuncusuna «Şeytanın ardınca getdiniz, dünya həyatını daha üstün saydınız, axirətinizə əhəmiyyət vermədiniz. Buna görə də dadın əzabı!», onuncusuna isə «Yalnız özünüzü danlayın. Çünki sizə deyilənləri qəbul etmədiniz, günahlara davam etdiniz, bütün bu üzdöndərmələrinizə görə əzaba düçar olun!»
◘Bir gün Peyğəmbər (s) İblisdən soruşdu: “Mənim ümmətimdən olan dostların nə qədərdir?” İblis cavab verdi: “On dəstə: zalım rəhbərlər, lovğa dövlətlilər, hardan gəlib, hara sərf olunmasının ondan ötrü heç bir fərqi olmayan haramyeyən, rəhbərin zülmü ilə müvafiqət edən alim, xain (camaatı aldadan) tacir, möhtəkir (yə`ni, bir şeydən çox miqdarda alıb qıtlıq zamanında da onu baha satmaqdan ötrü saxlayan kəs), zinakar, ribaxor (sələmçi), simic və bir də hardan gəldi mal toplamağa çalışan kəs.” Sonra Həzrət (s) soruşdu: “Bəs mənim ümmətimdən olan düşmənlərin kimlərdir?” İblis cavab verdi: “On beş dəstə insan. Birincisi, sən özün, ikincisi, əməl sahibi olan alim, üçüncüsü, Qur`an qiraət edib ona əməl edənlər və beş dəfə azan deyənlər, dördüncüsü, yoxsulları, kimsəsizləri və yetimləri sevənlər, beşincisi insanları sevib onlara qarşı mehriban olanlar, altıncısı, haqq qarşısında təvazökar olanlar, yeddincisi, ömrünün baharını Allaha itaətdə keçirərək gecənin bir aləmi bütün gözlər yuxuda olarkən namazla məşğul olan cavanlar, səkkizincisi, haramdan qorunan kəslər, doqquzuncusu, Allah yolunda xeyirxahlıq edənlər, (başqa bir hədisdə “qəlbində heç bir kin qoymayaraq mö`min qardaşından ötrü dua edənlər”), onuncu, daim dəstəmazlı olanlar, on birincisi səxavətlilər, on ikinci xoş xasiyyət olanlar, on üçüncüsü, Allahın və`dələrini təsdiqləyənlər, on dördüncü, pakdamən və örtülmüş qadınlar, on beşincisi də, ölümə hazır olan kəslər.”
Dostları ilə paylaş: |