Dördüncü fəsil İmam Məhəmməd Baqir (ə) və İmam Sadiqdən (ə) hədislər
◘Peyğəmbər (s) şərab barəsində on kəsə lə`nət edib: (şərab əldə etmək məqsədi ilə) ağac əkənə, ona qulluq edənə, üzümünü sıxana, şərabı içənə, paylayana, daşıyana, təhvil alana, satana, müştərisinə və pulunu yeyənə.
◘İslamın on sütunu var: tövhidi iqrar etmək, gecə-gündüz vacibi namazlar, cəhənnəm odu qarşısında sipər olan oruc, zəkat, həcc, müsəlmanların izzəti olan cihad, imanı qoruyub saxlayan əmr be mə`ruf, günahkar əleyhinə höccət olan nəhy əz münkər, cəmiyyət və ismət (yə`ni, nəfsi çirkinliklərdən qorumaq)
◘On şey var ki, hər kəs ölüm zamanı onlara malik olsa, behiştə gedər: tövhid və nübüvvətin iqrarı, səmavi kitabları tanıyıb e`tiraf etmək, namaz, zəkat, oruc, həcc, Allahın dostları ilə dostluq, düşmənləri ilə düşmənçilik və hər cür günahdan uzaq olmaq.
◘On kəs on şeyin intizarında olmasın: lovğa yaxşı adın, hiyləgər çoxlu dostun, ədəbsiz şərəfin, simic sileyi-rəhmin, məsxərəçi həqiqi dostluğun, təhsili olmayan qəzavətin, qeybətcil xoşagəlməz hadisələrə düçar olmaqdan salamat qalmağın, paxıl qəlb rahatlığının, xırdaçı böyüklüyün, özünübəyənən təcrübəsiz isə hakimliyin.
◘Bir gün bir kişi İmam Sadiqin (ə) hüzuruna gəlib dedi: “Atam-anam sənə fəda olsun, mənə mövizə et.” Həzrət (ə) buyurdu: “Əgər Allah-təala ruziyə zamindirsə, qüssələnmək nə üçün? Əgər ruzi bölünübsə, hərislik nə üçün? Əgər Qiyamət haqq-hesabı həqiqətdirsə (haram yolla) dövlət toplamaq nə üçün? Əgər Allah infaqın əvəzini verəcəksə, simiclik nə üçün? Əgər Allahın əzabı atəşdirsə, günah nə üçün? Əgər ölüm haqdırsa, (günah və batil işdən ötrü) sevinmək, şadlanmaq nə üçün? Əgər, əməllər barədə Allaha səhih hesabat veriləcəksə, özünü aldatmaq nədir? Əgər Sirat körpüsündən keçmək haqdırsa xudpəsəndlik nə üçün? Əgər hər şey müqəddər olunubsa, qəmlənmək nə üçün? Əgər dünya fanidirsə, ona e`timad nə üçün?
◘Ali insani keyfiyyətlər ondur. Bacarırsansa, bu keyfiyyətlərin hamısını əldə et. Bu xüsusiyyətlər bə`zən atada olur, lakin oğulda olmur, bə`zən də əksinə, oğulda olur, atada olmur, bə`zən qulda olur, azad insanda isə olmur. Həmin keyfiyyətlər bunlardır: camaatla rəftarda doğrucul olmaq, düz danışmaq, əmanətdarlıq, sileyi-rəhm, qonaqpərvərlik, dilənçiyə yemək vermək, yaxşılığın qədrini bilmək, qonşuluq haqlarına riayət etmək, dostluq haqlarına riayət etmək və nəhayət, bütün bu xüsusiyyətlərin başı olan həya.
◘Allah-təala öz Peyğəmbərini (s) ali əxlaqi keyfiyyətlər vasitəsi ilə üstün etmişdir. Siz özünüzü yoxlayın. Görsəniz ki, bu xüsusiyyətləri Allah sizə də verib, onların daha da kamala çatmasından ötrü çalışın: yəqin, qənaət, səbr, şükr, razılıq, xoş xasiyyət, səxavət, qeyrət, şücaət və alicənablıq.
◘“Qəsəsül-ənbiya” kitabında Peyğəmbərin (s) me`racı barədə uzun və müfəssəl bir hədis nəql olunub. Biz onun bir hissəsini nəql edirik:
–Ey Məhəmməd! İstə ki verim.
–Pərvərdigara! boynumuza ağır və bizi əldən salacaq yük qoyma. Çünki mümkündür biz onları (ağırlığı səbəbindən) həll etməkdən boyun qaçıraq və bu günahın nəticəsində Bəni-İsrailə etdiyin kimi öz halallarını bizə haram edəsən.
Xitab oldu:
–Çətinlik və sıxıntını sənin ümmətinin üzərindən götürdüm. Allah dininizi sizdən ötrü asanlaşdırmış, sizin üçün asayiş və rahatlıq istəmişdir. Bəni-İsrailin boynunda on ağır vacibat var idi:
1. Günah etdikləri zaman halal yeməklər onlara haram olurdu. Bu barədə Qur`anda belə buyurulur: “Yəhudilərin özlərinə etdikləri zülm nəticəsində onlardan ötrü halal etdiyimiz pak-pakizə yeməkləri onlara haram etdik.”
2. Əlli rəkət vacib namazları var idi.
3. Zəkatları mallarının dörddə-biri qədər idi.
4. Əgər cunub, ya heyz, yaxud da nifas halında olub su tapmasaydılar, o halda da gərək su tapana qədər gözləməli idilər. Çünki onlardan ötrü sudan başqa bir paklayıcı qərar verilməmişdi. (Lakin İslamda torpağa təyəmmüm etmək də paklayıcı qismindədir)
5. Məsciddən başqa bir yerdə namaz qılmaq haqları yox idi.
6. Oruc tutan zaman əgər məğrib namazını qılsaydılar, yaxud onları yuxu aparsaydı, növbəti gecəyə qədər bir şey yeməyə haqları yox idi. (Yalnız, məğrib namazından qabaq, yaxud yatmamışdan qabaq yemək yeyə bilərdilər).
7. Namazdan sonra və yatandan sonra Ramazan ayında cima onlara haram idi.
8. Sədəqələri qəbul edilməsəydi, bu onların rüsvayçılığına səbəb olardı. Çünki qəbul olunduğu halda atəş gəlib onun (yə`ni onların sədəqələrinin) bir hissəsini yandırar, qalan hissəsi ilə yoxsullara paylanılardı. Əgər, sədəqələri qəbul edilməsəydi, o zaman yanmırdı və sahibi camaat arasında rüsvay olurdu. 9. Paltarları nəcis olsaydı, həmin hissəni kəsib atmaqdan başqa çarəsi yox idi. 10. Günahları onların biabırçılığına səbəb olurdu. Çünki gecə günah etsəydilər, səhər çağı qapıları üzərinə yazılmış olurdu.
Bu on məsələ Musanın (ə) dininin ən çətin hökmlərindən idi. Bu hökmlər İslam Peyğəmbərinin (s) duası ilə bu ümmət üzərindən götürüldü. Bunun əvəzində on asan hökm müəyyən olundu. Xitab olundu:
Ey Məhəmməd! Sənin dualarına görə günah səbəbinə halalları sənin ümmətinə haram etmədim və Bəni-İsrailə haram etdiklərimi sənin ümmətinə halal etdim.
Bu barədə Qur`anda belə buyurulur: “Adı və əlamətləri Tövratda və İncildə göstərilmiş məkkəli Peyğəmbər onları yaxşı işlərə sövq edir və pis işlərdən çəkindirir. Pak-pakizə şeyləri onlara halal, çirkinlikləri isə haram edir.”
Ey Məhəmməd! Sənin etdiyin dualar səbəbinə ümmətindən ötrü əlli rükət namazı vacib etmirəm və Öz fəzl və kərəmimə əsasən torpağı sənin ümmətindən ötrü paklayıcı qərar verdim ki, qüsullu halda olub su tapmadıqları təqdirdə pak torpaqla təyəmmüm etsinlər.
Bu barədə Qur`anda buyurulur: “Əgər xəstə, ya cunub, yaxud səfərdə olsanız, yaxud hər hansı bir səbəb üzündən dəstəmaz, yaxud qüsul almalı olsanız, su tapmadığınız halda torpağa təyəmmüm edin.
Ey Məhəmməd! Sənin duanın bərəkətinin səbəbinə sənin ümmətindən ötrü onların məscidlərdən başqa yerdə qıldıqları namazlarını batil qərar vermədim. Harda namaz qılırlarsa qılsınlar, Öz fəzl və kərəmimlə onların bu namazlarını qəbul edərəm.
Ey Məhəmməd! Sənin duanın bərəkəti səbəbinə Ramazan ayında namazdan və yatdıqdan sonra yeməyi sənin ümmətinə haram etmirəm və Öz fəzl və kərəmimlə sübh azanına qədər yemək-içməyi onlara mübah edirəm.
Ey Məhəmməd! Sənin duanın bərəkətli səbəbinə Ramazan ayının gecələrində yaxınlıq etməyi sənin ümmətindən ötrü mübah edirəm.
Ey Məhəmməd! Sənin ümmətinin sədəqələrini onların rüsvayolma səbəbi etmirəm.
Ey Məhəmməd! Suyu sənin ümmətindən ötrü paklayıcı qərar verdim. Sənin ümmətinin Bəni-İsrail kimi paltarlarının nəcis olmuş yerlərini kəsmələrinə ehtiyac yoxdur (həmin hissəni su vasitəsi ilə paklaya bilərlər.)
Ey Məhəmməd! Sənin ümmətinin günahlarını qapıları üzərinə yazmaram və onları biabır etmərəm. Öz fəzl və rəhmətimlə onların günahlarını mələklərin və digər məxluqatın gözündən gizli saxlayaram.”
Dostları ilə paylaş: |