Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,64 Mb.
səhifə10/100
tarix09.01.2022
ölçüsü3,64 Mb.
#97650
1   ...   6   7   8   9   10   11   12   13   ...   100

Altıncı fəsil

Rəsuli-Əkrəmin (s) fərqli bəyanla olan başqa növ kəlamları


◘Söhbətlərin bə`zisi sehirli, şe`rlərin bə`zisi hikmətamiz, bilik mənbələrinin bə`zisi isə cəhalətdir. Mənim ümmətim mərhəmət olunan ümmətdir (yə`ni, Allahın onlar üzərində lütf və mərhəmət nəzəri var). Əhdə vəfa etmək imandandır. Xoşgümanlıq xoş bir ibadətdir.
◘Alimlər peyğəmbərlərin varisləridir. Allahın dini saf və asandır. Allahın dini rahat və düzdür. Sileyi-rəhmin savabı hər ibadətin savabından tez yetişər. Hikmət insanın şərəfini artırar.
◘Allahın halalını haram edən kəs haramı halal edən kəs kimidir. Dünyapərəstlərin şərəfi mal ilə ölçülür. Haqq sahibinin sözü də haqdır. Ali əxlaq sahibi olmaq behişt əhlinin əməllərindəndir. Yaxşıların ən yaxşısı gözəl xasiyyətdir.
◘Behişt əhlinin əksəriyyəti sadəlöhv insanlardır. Behiştdə sakin olanların azı qadınlardır. Allahın ianəsi (maddi yardımı) ehtiyac miqdarındadır. (Bəndə nə qədər çox möhtac olsa kömək də o qədər çoxdur). Səbr müsibət qədər nazil olar. Ataya ən gözəl ehsan odur ki, ölümündən sonra onun dostlarına məhəbbət göstərəsən.

Şeytan Adəm övladına nəzərən (arterial damarda axan) qan kimidir. İnsanlardan Allaha ən çox şükr edəni bəndələrin haqqını ən çox gözləyənidir. Mal-dövlətdə səxavət zəxirədir (ehtiyat), yığıb saxlamaq isə fitnə. Bu ümmətin əzabını bu dünyada qərar veriblər. (Yə`ni dünya narahatçılıqları mö`min bəndə üçün axirət əzabının əvəzidir). İnsan bə`zən günah səbəbinə ruzidən məhrum olur.


◘Bəndələrdən elələri də var ki, əgər Allaha and versələr həmin andla hacətləri rəva olar. Allahın elə bəndələri var ki, fərasətlə insanları tanıyırlar. Allah özünə borc bilir ki, dünyanı ucaldıb, onun əzəmətini artıran hər bir şeyi ikiqat alçaldsın. Allahın elə bəndələri var ki, onları çətinlikləri aradan aparmaqdan ötrü yaradıb. Məktubun cavabı da salamın cavabı kimi zəruridir.
◘Ən gözəl yemək kəsb olunan məhsuldur və övlad da kəsb olunmuşlardandır. (Yə`ni əgər övlad öz malını atasının ixtiyarında qoysa ata üçün zillət və haram deyil.) Həddindən artıq borcu olan və acınacaqlı vəziyyətdə olan fəqirlərdən başqasına dilənmək halal deyil. Elmə söykənən az əməl çoxdur, cəhlə söykənən çox əməl isə az. Bəndə xoş xasiyyətli olmaqla gündüzlər oruc olub, gecələr namaz qılanların dərəcəsinə çatar. Hər dinə məxsus olan bir əxlaqi xüsusiyyət var, mənim dinimə xas olan əxlaqi xüsusiyyət də həyadır.
◘Hər şeyin bir şərəfi var və ən şərəfli əyləşilən yer də üzüqibləyə olanıdır. Hər bir ümmətin bir fitnəsi var, mənim ümmətimin fitnəsi maldır. Hər bir yol gedənin məqsədi var və hamının son məqsədi ölümdür. Hər sözün yeri var, hər bir haqq da həqiqətə əsaslanır. Hər padşahın qoruğu var, Allahın qoruğu da haramdır.
◘Hər bir oruc tutanın qəbul olunacaq duası var. Hər şeyin qapısı var, ibadətin də qapısı orucdur. Hər şeyin mə`dəni var, təqvanın mə`dəni ariflərin qəlbidir. Hər şeyin qəlbi var, Qur`anın qəlbi də “Ya`sin” surəsidir. Hər peyğəmbərin duası var, mən isə öz duamı qiyamət günü öz ümmətimə şəfaət etməkdən ötrü ehtiyat saxlamışam.
◘Möminin çəkdiyi hər bir xərcə görə əcri var, yalnız torpaq və imarət üçün sərf etdiyindən başqa. (Ehtiyacını ödəməkdən ötrü olan hallar istisnadır. Yə`ni qeyri-şəri olmamalıdır.) Həsəd atəşin odunu aradan apardığı kimi yaxşı əməlləri aradan aparar. Atəşə daxil olmağın ən alçaq səbəbi ağız və fərcdir (cinsiyyət üzvü). İnsanı behiştə çatdıracaq ən gözəl şey təqva və xoş xasiyyətdir. Elə ki, fitnə hər yeri bürüdü, elm kölgəsində olan alimlərdən başqa hamı yerindən olar.
◘Pis göz kişini qəbrə salar, dəvəni qazana. Təkəbbür üzündən məxsus libas geyinənə Allah-təala qiyamət günü nəzər salmaz. Allah gözəldir və gözəlliyi də sevir (əlbəttə, əsas ruhun gözəlliyidir ki, düzgün əqidə və xoş əxlaqlı olsun). Allah dua edərkən israr edənləri sevir. Allah xoşxasiyyət insanları və tanınmayan pərhizkarları sevir.
◘Allah işləyib çalışan mö`mini sevir. Allah hər bir qəmgin qəlbi sevir (o halda ki, qəlbi mə`nasız və günah iş üçün qəmgin olmasın). Allah şərəfli və gözəl işləri sevir və dəyərsiz və alçaq işlərdən xoşlanmır. Allah Onun haramlarından çəkinməyi sevdiyi kimi halallarından da istifadə etməyi sevir. Allah şəhvətin tüğyan etdiyi vaxt iti görən gözü, şübhənin irəli gəldiyi vaxt kamil və dəqiq əqli və həmçinin bir neçə xurma qədərində də olsa bəxşişi və bir ilan öldürmək qədər olsa da şücaəti sevir.
◘Sənin Allahın bəyənilmiş işləri sevir. Allah öz bəndəsinin tövbəsini can boğaza çatana qədər qəbul edir. Allah heç bir mal və can xəsarəti görməyən şeytan və napak kişini düşmən bilir. Allah sizin üçün namaz halında oynamağı, gündüz vaxtı qadınla yaxınlıq etməyi və qəbristanlıqda gülməyi bəyənmir. Allah sizi boş söz-söhbət etməkdən, malınızı bihudə tələf etməkdən, bir şey istəyərkən israr etməkdən (yalvarmaqdan) çəkindirir.
◘Allah müsəlman üçün qeyrət sahibidir; o da gərək qeyrətli olsun. Allah rəhimdil insanlardan başqasına rəhm etməz. Allah sədəqə verməyə görə yetmiş pis ölümü insandan uzaqlaşdırır. Allah bə`zən bu dini dinsiz insanın əli ilə möhkəmləndirir. Allah elə həmin miqdar bəndədən razı olar ki, yemək yeyərkən və su içərkən şükrünü yerinə yetirsin (və əlbəttə, bundan da mühüm şükür odur ki, bunlar (yemək və içmək) halaldan olsun).
◘Allah bəndəsinə verdiyi ne`mətlərin əlamətlərinin zahir olmasını sevir. Allah elmi sinələrdən almır, alimləri aparmaqla elm aradan gedir. Allah axirət məqsədi üçün dünya verir, lakin dünya məqsədi üçün isə axirət vermir. Allah ona tərəf qalxan əli boş qaytarmağa həya edir. Allah torpağı mənim üçün səcdəgah və paklayıcı qərar verib.
◘Allah yer üzünü mənə elə göstərdi ki, məşriqdən məğribə qədər hər yeri gördüm və gözümlə müşahidə etdiyim hər yerdə ümmətim hakimiyyət edəcək. Allah mənim ümmətimi nəfsinin xatalarına görə məzəmmət etməz. Yalnız o zaman qınanarlar ki, həmin xatalar əməl donu geyib dilə keçsin. Allah ədalət əsasında rahatlıq və rifahı yəqinin və öz müqəddər etdiyinə razı olmağın kölgəsində, qəm-qüssəni isə şəkk-şübhə və narazılıqda qərar verib. Allah, günü (yeni arvad) narahatlığını qadından, cihadı da kişidən ötrü qərar verib, onlardan hər hansı buna səbr etsə şəhid savabı əldə edər. Allah hər danışanın dili yaxınlığındadır.
◘Allah bir kəsin danışığını bəyənmədikcə əməlini qəbul etməz. Allah hər hansı bir millətə xeyir vermək istəsə onları imtahan edər (ki, təcrübəli və çalışqan olsunlar və öz hüquqlarını müdafiə edə bilsinlər). Qiyamət günü ən pis əzab əməlsiz alimlərdən ötrüdür. Qiyamət günü Allah hüzurunda duracaq ən pis insan o kəsdir ki, camaat onun dilindən qorxsunlar. Qiyamət günü ən pis insanlardan biri də axirətini başqasının dünyasına satan bəndədir.
◘İnsanların ən bədbəxti o kəsdir ki, dünyada fəqir, axirətdə də əzab əhli olsun. Bağışlanmağa səbəb olan işlərdən biri də mö`min qardaşı sevindirməkdir. Şirindil olub salam vermək bağışlanmağa səbəb olan işlərdəndir. Dünya şirin və cəlbedicidir. Allah sizi keçmişdəkilərin yerində oturdub ki, görsün nə edirsiniz. İslamın ədəblərindəndir ki, ev sahibi qonağı evin qapısına qədər yola salsın.
◘Ruhul-qüds mənim qəlbimə belə ilham etdi: “Heç kəs nə qədər ki, öz müəyyən olunmuş ruzisinin hamısını yeməyib dünyadan getməz. Elə isə Allahdan qorxun və ruzi kəsb edərkən xoşrəftar olun.” Camaatın keçmiş peyğəmbərlərdən yadda saxladığı sözlərdən biri də budur ki, əgər həya yoxundursa hər nə istəyirsən et. Mənim ən xoşuma gələn məşğuliyyət namazdır. Namazqılan bütün cahan səltənətinin sahibinin evinin qapısını döyür və hər kəs döyməyi davam etdirsə, ümid var ki, qapını üzünə açarlar. Allah mənə göstəriş verib ki, danışığım zikr, sükutum təfəkkür, baxışım isə ibrət olsun.
◘Mən Allahın öz bəndələrinə hədiyyə etdiyi rəhmətəm. Nadanlığın şəfası soruşmaqdır. Fazillərin qədrini fəzilət sahibləri bilər. Mən gözəl əxlaqı təkmilləşdirməkdən ötrü məb`us olmuşam. Mən öz ümmətim üçün onları azdıracaq rəhbərlərdən qorxuram.
◘Əməllər niyyətə və nəticəyə bağlıdır. Dünyadan bəla və fitnədən başqa bir şey qalmayıb. Qəlblər də (dəmir kimi) pas atır. Soruşdular: Bəs qəlbin cilası nədir? Buyurdu: Ölümü çox yad etmək və Qur`an oxumaq. Cənnəti qazanmaq yolu təpəni qalxmaq kimi çətin və ağırdır. Cəhənnəmi (başqa bir rəvayətdə dünyanı) qazanmaq yolu asan və ləzzətlidir.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin