İkinci fəsil
◘Hər kim ki, özünü iki şeydən qorusa Allah da bunun müqabilində onu iki şeydən qoruyub hifz edər: Dilini camaatın abır və heysiyyətini aradan aparmaqdan qoruyan şəxsi Allah da düz yoldan azmaqdan qoruyar. Qəzəbinin qarşısını alan kəsdən isə Allah Öz qəzəbini götürər. Dünya məhəbbəti ilə Allahı sevmək heç vaxt bir qəlbdə yerləşməz.
◘Qəlbləri nurlandıran şey Allahı yad etmək və Qur`an oxumaqdır.
◘Rəvayət olunur ki, Peyğəmbərin (s) süfrəsində çörəklə yeməkdən ötrü iki növ xörək olardısa, Peyğəmbər (s) onların birindən qənaətlə istifadə edər, digərini isə ehtiyacı olana verərdi.
◘Kifayət edəcək qədər olan az var-dövlət insanı qəflətə salacaq çox var-dövlətdən yaxşıdır. İki dirhəm sahibindən çəkiləcək haqq-hesab bir dirhəm sahibindən çəkiləcək haqq-hesabdan uzundur.
◘Orta həddə yaşayan şəxs heç vaxt möhtac olmaz. Qənaət bitib-tükənməyən dövlətdir.
◘Tamahı az olan kəsin bədəni sağlam, qəlbi isə səfalı olar. Tamahkar insanın isə bədəni xəstə, qəlbi isə narahat olar.
◘Dünyadan ötrü elə çalış ki, sanki əbədi olaraq dünyada qalacaqsan, axirət üçün isə elə çalış ki, sanki ömrünün axırıncı günüdür. (Yə`ni, dünya işlərini tə`cilə, axirət işlərini isə tə`xirə salma. Çünki, əgər sabaha saxlasan, mümkündür, əcəl imkan verməsin.)
◘Peyğəmbər (s) öz səhabələrinə buyurub: “İstəyirsinizmi ki, sizə ən böyük günahın nə olduğunu deyim?” Dedilər: “Bəli, ey, Rəsuləllah!” Buyurdu: “Allaha şərik qoşmaq, valideynlərə zülm və əziyyət vermək.”
Sonra oturub dedi: “Diqqət edin! Bir də ki, yalan danışmaq və yalandan şahidlik etmək.” Peyğəmbər (s) bu sözləri o qədər təkrar etdi ki, dedilər: “Kaş bu qədəri kifayət edəydi.”
◘Ümmətimin iki təbəqəsi mənim şəfaətimdən məhrumdurlar; zülmkar hökmdar və aşkar günahkar.
◘Əli və Fatimə iki dərin elm dəryasıdır.1 Onlar arasında sədd var ki, qarışmazlar,2 o, mənəm. Onlardan ləl`-cəvahir və mərcan çıxar ki, onlar da Həsən (ə) və Hüseyndir.3
◘İman və həya bir kökdəndir. Əgər biri aradan getsə digəri də gedər.
◘Hər kəs elm öyrənməkdən ötrü iki addım atsa, iki saat alimin hüzurunda otursa və ondan iki kəlmə eşitsə Allah ona hər biri dünyanın iki bərabərində olan iki behişt əta edər.
◘Öz dinlərinə əhəmiyyət verən kəslər iki dəstədir: Alim və tələbə. Digər insanlar ağcaqanada bənzəyirlər ki, onların vücudunda heç bir xeyir yoxdur. (Yə`ni o kəslər ki, öz dinlərinə arxa çeviriblər.)
◘Hər kim elm dalınca olsa behişt də onun dalınca olar. Hər kim də ki, dünya malı əldə etmək dalınca olsa, atəş də onun dalınca olar. (Dünya malı əldə etmək dalınca gedənlər o kəslərdir ki, bütün fikri-zikri, sə`yləri dünya malı əldə etməkdir və halal-haram bilmirlər.)
◘İki ibdət var ki, onların savabı digər ibadətlərin savabından daha tez gəlib çatar: 1. Qohumlara yaxşılıq etmək. 2. Məzlum (zülm görmüş) insanın köməyinə yetişmək.
İki günahın da cəzası bütün günahların cəzasından daha tez yetişər: 1. Qohumlardan əlaqəni tamamilə kəsmək. 2. İnsanlara zülm etmək.
◘Ən aşağı dərəcə də olsa təqvaya riayət et, Allahla da aranda pərdə saxla, hətta nazik də olsa. (Yə`ni pərdəni tamamilə aradan götürmə.)
◘Ləzzəti gedib günahı qalan iş ilə əziyyəti aradan gedib savabı qorunub saxlanan iş arasında fərq çoxdur! (Birinci işlər haram, ikinci işlər isə saleh əməllərdir.)
◘Məzlumun harayına yetişmək, qüssəli adamın qəmini aradan aparmaq günahların kəffarəsindən də böyükdür.
◘Xeyir işlər yerinə yetirən xeyirin özündən daha yaxşıdır. Şər işlər görən isə şərin özündən də pisdir.
◘Axmaq adamla dostluq etməkdən çəkin. Çünki o, sənə xeyir yetirmək istədiyi halda ziyan verər. Yalançı insanla da dostluq etmə. O, ilğım kimi sənə uzağı yaxın, yaxını isə uzaq göstərər.
◘Hər kəs təvazö etsə Allah onu göyün yeddinci qatına qədər ucaldar. Hər kəs də ki, təkəbbür etsə Allah onu yerin yeddinci qatına qədər alçaldar.
◘Təvazökarlar qarşısında təvazö, təkəbbürlülər qarşısında isə təkkəbbür edin. Bu cür təkəbbürün özü ibadətdir.
◘Ən böyük təvazökarlıq budur ki, hər bir müsəlmana salam verib məclisin aşağı tərəfində oturasan.
◘Camaat təvazö sahiblərindən başqa hər bir ne`mət sahibinə həsəd aparar. Özünü aşağı tutmaq peyğəmbərlərin xüsusiyyətlərindəndir. Təkəbbür isə kafirlər və fir`on xasiyyətli adamların xüsusiyyətlərindəndir.
◘Heç vaxt imkanlı, var-dövlətli adamlar qarşısında (onların var-dövlətinə görə) əyilmə. Hər kəs belə etsə behişt əlindən çıxar.
◘Camaatın onun qarşısında itaətkarcasına dayanmasından xoşlanan kəs cəhənnəm atəşində öz yerini hazırlayıb.
◘Qiyamət günü əməl tərəzisinə xoş xasiyyətdən də üstün bir əməl qoyulmaz. Məni behiştə tərəf çəkən ən üstün əməl pəhrizkarlıq və xoş xasiyyətdir.
◘Xoş xasiyyət və yaxşı qonşuluq etmək evləri abad, ömürləri uzun edər.
◘Mən ağzı və övrəti ixtiyarında olan şəxsin behiştə getməsindən ötrü zaminəm.
◘Adəm övladının yalnız “əmr be mə`ruf və nəhy əz münkərdən” və Allahı zikr etməkdən başqa danışdıqlarının hamısı onun zərərinədir.
◘Allahın asqıraqdan xoşu gəlir, lakin əsnəməkdən yox.
◘İnsanların çoxu iki ne`mət üçün qəmgindirlər; sağlamlıq və asudə vaxt. (Yə`ni onlardan istifadə etməsə də əldən verəcək.)
◘İki göz cəhənnəm odundan amandadır; biri gecə yarısı Allah qorxusundan ağlayan göz, digəri isə Allah yolunda gecə keşik çəkərək yumulmayan göz.
◘Əbu Səid Xidri deyir: “Peyğəmbər (s) xütbələrinin birində buyurdu: “Camaat! Mən sizin aranızda iki dəyərli əmanət qoyuram. Əgər onlardan yapışsanız heç vaxt yolunuzdan azmazsınız. Onlardan biri Allahın kitabıdır ki, asimanlardan yerə tərəf çəkilmiş ipə bənzəyir. Digəri isə itrətim yə`ni, ailəmdir. Bu iki əmanət Kövsər hovuzunun kənarında mənə qovuşanadək əsla bir-birindən ayrı düşməz.”1
◘İki xislət var ki, hər kəsdə olsa Allah insanları mühakimə edərkən onlar səbir və şükür edənlərdən hesab olunar; din işlərində ali himmətli olub yüksək əməllər arxasınca getmək və dünya işlərini əhəmiyyətsiz bilib əldə olan ne`mətlərin şükrünü yerinə yetirmək. Dünya işlərini mühüm hesab edib, din işlərinə əhəmiyyət verməyənləri isə Allah səbir və şükür edənlərdən hesab etməz.
◘Adəm övladı qocalsa iki xislət onda cavan qalar; mal-dövlət eşqi və əbədiliyə olan hərislik. İnsanın fitrətində var ki, ona yaxşılıq edənləri sevir, ona pislik edənlərdən isə acığı gəlir.
◘Dünya və axirət qərb və şərq kimidir. Hansına tərəf getsən o birisindən uzaqlaşacaqsan.
◘Çalışqan hərislə qənaətli (qane) pəhrizkar öz ruzilərini artırıb-əskilmədən yeyərlər. Bəs elə isə pərvanə kimi özünü atəşə atmaq nəyə lazım?
◘Nəql edirlər ki, bir gün Peyğəmbər (s) Bəqi qəbristanlığından keçirdi. Bir qəbrin baş tərəfində dayandı və buyurdu: “Elə indicə bunu oturdub ondan bə`zi suallar soruşdular. And olsun məni haqq olaraq peyğəmbərliyə seçən Allaha, yuxarıdan ona atəşdən olan bir gürzlə elə vurdular ki, odun şö`lələri qəlbindən zəbanə çəkdi.”
Sonra başqa bir qəbrin baş tərəfində dayandı və həmin dediklərini bir də təkrarladı və buyurdu: “Əgər ürəkləriniz partlamasaydı, Allahdan istəyərdim ki, bu əzabların səsini mənim eşitdiyim kimi sizin də qulaqlarınıza çatdırsın.”
Soruşdular: “Ey Allahın rəsulu, bunlar nə günahın sahibi idilər?” Buyurdu: “Biri sözgəzdirən idi, digəri isə sidikdən sonra istibra etmirdi. (Yə`ni, natəmiz idi.)
◘Ruzi ələ gətirməkdə orta həddə riayət edin. Sizin qismətiniz sizdən də sür`ətlə arxanızca gəlir. Sizin qismətiniz olmayacaq bir şey üçün nə qədər çalışsanız da onu əldə edə bilməyəcəksiniz.
◘Dünyada mənim Əhli-beytimə (ə) bir karat kömək göstərənlərə axirətdə bunun əvəzində bir qəntar (bir inək dərisi dolu qızıl) kömək edəcəyəm.
◘İki qardaş iki əl kimidir. Biri o birisini yuyar.
◘Allah bir kəsə xeyir vermək istəsə ona ləyaqətli bir dost yetirər, həmin dost da ona Allahı unudarsa Allahı xatırladar, yad edən zaman isə daha da kömək edər.
◘Əməl tərəzisinə qoyulacaq ilk şey xoş xasiyyət və səxavətdir. Allah imanı yaradan zaman o, Allahdan onu qüvvətləndirməsini istədi. Allah da xoş xasiyyət və səxavət vasitəsilə onu daha da gücləndirdi. Allah küfrü yaradan zaman o da Allahdan onu qüvvətləndirməsini istədi. Allah da onu pis xasiyyət və simicliklə qüvvətləndirdi. (İman və küfrün istəməsi bir növ misaldır. Yə`ni, yuxarıda qeyd olunan xüsusiyyətlər iman və küfrün zərurətlərindəndir.)
◘Günəş buzu suya döndərdiyi kimi, xoş xasiyyət də günahı əridər.
◘Xoş xasiyyət dəvənin burnuna taxılan dəmir halqa kimi sahibinin burnuna taxılıb. Bir mələk də həmin halqadan tutub onu səadət yolu ilə aparır. Səadət yolu da behiştə tərəf gedir. Pis xasiyyət də həmin halqa kimidir. Lakin bu halqa şeytanın əlindədir və şeytan da onu bədbəxtlik yolu ilə aparır. Həmin bədbəxtlik yolu isə cəhənnəm oduna tərəf gedir.
◘Sübh çağı hər kimin ata-anası ondan razıdırsa cənnətin iki qapısı onun üzünə açıq olar. Bu, axşam çağı da belədir. Əgər valideynlərdən təkcə biri ondan razı olsa cənnətin də bir qapısı onun üzünə açıq olar. Lakin, hər kimin ata-anası sübh çağı ondan narazı olsa cəhənnəmin də iki qapısı onun üzünə açıq olar. Əgər onlardan biri ondan narazı olsa cəhənnəmin də bir qapısı onun üzünə açıq olar.
◘Behiştin xoş ətri beş yüz illik yoldan hiss olunur. Lakin bu iy ata-anaya əziyyət edənlərin və qohum-əqrəbalardan əlaqəni tamamilə kəsənlərin burnuna dəyməz.
◘Hər kim bilmək istəyirsə Allah yanında olan məqamı nə dərəcədədir, qoy baxıb görsün Allahın məqamı onun yanında nə dərəcədədir. Dünya və axirət işinin hər ikisi birdən qarşıya çıxa, axirət işini seçərsə bilsin ki, Allahını sevir. Yox əgər, dünya işini seçərsə bilsin ki, Allaha qarşı e`tinasızlıq etmişdir.
◘Ləzzətləri məhv edib aradan aparanı (yə`ni ölümü) çox yad edin. Əgər həyatın sıxıntı anlarını yaşayırsınızsa sizi rahatladıb qəlbinizə aramlıq verər. Əgər sərvətli və rifah halında olsanız var-dövlətə qarşı nifrət hissi oyadaraq sizi infaq (sədəqə) verməyə məcbur edib savaba çatdırar. Çünki ölüm arzuların kökünü qırıb atar, ömrün gecələri isə əcəli yaxınlaşdırar.
◘İnsan iki günün arasındadır; əvvəldəki günün əməlləri yazılıb və möhürlənib, qarşıdakı günə də ki, bəlkə çatmadı.
◘İnsan canını əldən verib torpaq altına qoyulan zaman başa düşür ki, özündən qabaq göndərdiyi işlərin əvəzi hazırdır və qoyub gəldiklərinin isə heç bir faydası yoxdur. Xüsusi ilə də ki, qeyri-şər`i yolla ələ gətirdiklərinin və haqlarını ödəmədiklərinin.
Dostları ilə paylaş: |