Səkkizinci fəsil Alimlər, zahidlər və filosofların dediklərindən
◘Bir alim deyib: “Təqvalı insanın beş əlaməti var:
1) Dinini islah etməkdə ona kömək edənlərdən başqa heç kəslə oturub-durmaz.
2) Öz dilini və şəhvətini idarə edər.
3) Dünyanın böyük bəla və müsibətlərini günahın cəzası bilər və dinə aid olan kiçicik bəlaya görə qəmgin olar.
4) Qarnını halalla doldurmaz ki, birdən harama düşər.
5) Camaatı haqq, özünü isə nahaq (təqsirkar) bilər.”
◘Başqa bir alim buyurub: ”Allah Adəmi (ə) seçdi və ona beş üstün xüsusiyyət əta etdi; fövqəladə gözəllik, adların tə`limi, mələklərin onun müqabilində səcdəsi, behiştdə məskən, bütün bəşər övladının atası olmaq şərəfi.
Nuha da (ə) beş imtiyaz verdi:
1) Onu ikinci əbül-bəşər (bəşərin atası) adlandırdı. Çünki, onun nəslindən başqa bütün insanlar batdı.
2) Ömrünü uzatdı. Çünki, deyirlər, xoş o kəsin halına ki, ömrü uzun və əməli salehdir.
3) Onun mö`minlər barəsindəki duasını və kafirlər barəsindəki nifrinini müstəcab etdi.
4) Onu gəmiyə mindirdi.
5) Və ilk olaraq müstəqim bir dini onun əlinə verdi.
Həzrət İbrahimi (də) beş imtiyaz vasitəsi ilə şərəfləndirdi:
1) Özündən sonra bütün peyğəmbərlərin atası oldu. Çünki, hədislərdə var ki, İbrahim (ə) ilə Həzrət Məhəmməd (s) arasında min peyğəmbər mövcud olmuşdur.
2) Allahın dostu–Xəlilullah məqamı.
3) Atəşdən nicat.
4) İnsanlara imamət və rəhbərlik məqamı. (Onun bə`zi sünnələri həmişə ehtirama və icraya səbəb olmuşdur.
5) Hamısından müvəffəqiyyətlə çıxdığı imtahanlar.”
◘Bə`ziləri deyib: “Xüsusiyyətlərin ən pisi beş sifətdir: qocaların eşqbazlığı, padşahların tündxasiyyət olması, əsil-nəcabətli insanların yalan danışması, varlıların simicliyi və alimlərin hərisliyi.”
◘Bir alim deyir: “Təfəkkür beş növdür:
1) Allahın yeganəliyi barədə insana yəqin gətirən, onun ayət və nişanələri barədə olan təfəkkür.
2) Allaha qarşı insanın şükr və məhəbbəti artıran, onun ne`mətləri barədə olan təfəkkür.
3) Allahdan qorxunu artıran və Onun əzabı barəsində olan təfəkkür.
4) Allaha qarşı rəğbətə səbəb olan və Onun savabları barədə olan təfəkkür.
5) Allahın bütün bu lütfləri müqabilində itaətdə yol verilən nöqsan və təqsirlərə görə həya və utancaqlığa səbəb olan təfəkkür.”
◘Başqa birisi deyib: “Elm arzusunda olan kəs gərək beş şeyə ciddi riayət etsin:
1) Aşkarda da, gizlində də təqvalı və pəhrizkar olmaq.
2) “Ayətəl-kürsi” oxumaq.
3) Daim dəstəmazlı olmaq.
4) İki rəkət də olsa gecə namazı qılmaq.
5) Qarını doldurmaqdan ötrü deyil, yalnız qüvvətlənməkdən ötrü yemək.”
◘Süfyan Suri deyir: “İndiki dövranda beş şey olmasa mal-dövlət toplamaq olmaz; uzun-uzadı arzular, hərislik, simiclik, təqva azlığı və axirəti unutmaq.”
◘Zahidlərdən olmuş Hatəm Əsəm deyir: “Beş vaxt istisna olmaqla – bunlar Peyğəmbər (s) sünnəsidir – tələsmək şeytan əməlidir; qonaq üçün yemək gətirən zaman, cənazənin dəfni, həddi-büluğa çatmış qızı ərə vermək, borcu düz vaxtında qaytarmaq və günahdan tövbə üçün.
◘Məhəmməd Dövri deyib: “İblis beş şeyə görə bədbəxt oldu; günahını iqrar etmədi, etdiyi günahdan peşman olmadı, özünü danlamadı, tövbə etmək qərarına gəlmədi və Allahın rəhmətindən naümid oldu. Adəm (ə) beş şeyə görə səadətə qovuşdu; günahını iqrar etdi, peşman oldu, özünü danladı, tövbə etməyə tələsdi və Allahın rəhmətinə ümid bağladı.”
◘Əbu Zeyd deyib: “Ayıq-sayıq olmağın beş əlaməti var: Özünə nəzər salan zaman ehtiyac hiss etsin, Allahı xatırlayarkən bağışlama diləsin, dünyaya nəzər saldıqda ibrət götürsün, yadına axirət düşən zaman isə şad olsun, Allahın qulu olduğunu nəzərində canlandıran zaman da iftixar etsin.”
◘Şəqiq Bəlxi deyir: “Beş xüsusiyyətə riayət edin: Allaha ehtiyacınız olduğu qədər ibadət edin, dünyadan ömrünüz qədər uzaq gəzin, əzaba dözəcəyiniz qədər günah edin, nə qədər bacarırsınız qəbirdən ötrü ehtiyat götürün və behiştdə qalmaq istədiyiniz qədər çalışın.”
◘Yoxsullar (yoxsulluğun təqdirinə və az fəqirliklərinə razı olan kasıblar) beş şey seçmiş, varlılar da beş şey seçmişlər. Yoxsulların seçdiyi beş şey bunlardır; can rahatlığı, qəlb asudəliyi, Allaha bəndəlik, hesabın asanlığı və ən ali dərəcə.
Varlıların (halal-haram bilmədən bütün sə`y və himmətini var-dövlət toplamağa sərf edən varlılar) seçdiyi beş şey isə bunlardır; can bəlası, fikir dağınıqlığı, dünyaya qul olmaq, hesabın çətinliyi və ən alçaq dərəcə.”
◘Şəfiq ibn İbrahim deyir: Beş məsələni yeddi yüz alimdən soruşdum, hamısı eyni cavabı verdi. Soruşdum: Aqil (ağıllı) kimdir? Dedilər: Dünyaya könül bağlamayan kəs. Soruşdum: Zirək kimdir? Dedilər: O kəs ki, dünya onu məğrur etməyib. Soruşdum: Ehtiyacsız kimdir? Dedilər: Allahın verdiyinə razı olan kəs. Soruşdum: Fəqir kimdir: Dedilər: Daim artırmaq fikrində olanlar. Soruşdum: Simic kimdir? Dedilər: Allahın haqqını ödəməyən kəs.
◘Dünyada beş şeydən başqa hər şey artıqdır. (Yə`ni, zəruri olan yalnız beş şeydir.); aclığı aradan aparan miqdarda çörək, susuzluğu aradan aparan miqdarda su, bədəni örtən paltar, yaşamaqdan ötrü ev və istifadə olunan (əməl olunan) elm.
◘Zün-Nun Misri deyir: “Behişt əhlinin beş əlaməti var; xoş sima, xoş xasiyyət, qohumlara ehsan, şirin dil və günahdan uzaq olmaq. Od əhlinin də beş əlaməti var; bədxasiyyət, daş ürəkli olmaq, günahkarlıq, acı dilli olmaq, qaş-qabaqlı üz.”
◘Əntaki deyir: “Beş şey qəlbin dərmanıdır; ləyaqətli insanlarla yoldaşlıq etmək, Qur`an oxumaq, qəlbin asudə olması, gecə namazı qılmaq və sağlam olan zaman Allah dərgahında ahu-zar etmək.”
◘Bir filosof deyib: “Allahdan qorxmayan kəs dilin xatalarından nicat tapmaz, hər kəs Allah hüzuruna qaytarılacağından qorxmasa haram və şübhələrdən xilas olmaz, hər kəs camaatdan naümid olmasa tamahdan azad olmaz, hər kəs öz ibadət və rəftarına nəzarət etməsə riyadan amanda olmaz və hər kəs də qəlbinin qorunmasında Allaha təvəkkül etməsə həsəddən amanda qalmaz.”
◘Başqa birisi deyir: “Hikmət sahibləri müəyyən ediblər ki, dünyanın əziyyət və müsibəti beş şeydədir; qürbət yerdə xəstələnmək, qocalıqda yoxsulluq, cavan halda ölmək, görən olduqdan sonra kor olmaq, şöhrətdən sonra itib-batmaq.”
◘Başqa birisi deyib: “Hind, Roma və İran təbibləri bu fikirdə həmrəydirlər ki, bütün xəstəliklər beş şeydən irəli gəlir; çox yemək, çoxlu cinsi yaxınlıq etmək, gündüz həddindən artıq yatmaq, gecə az yatmaq, gecə yarısı su içmək.”
Dostları ilə paylaş: |