Dördüncü fəsil Rəsuli-Əkrəmdən (s) olan moizələr
◘Behişt narahatçılıq və əziyyətlər qapısının arxasında, cəhənnəm isə şəhvət və ehtiraslar qapısının arxasındadır. Allahın məhəbbəti qəzəblənən zaman həlim olmağı bacaranlara vacibdir. Mən mükəmməl sözlərlə məb`us (peyğəmbərliyə tə`yin) olunmuşam. (Yə`ni elm, əxlaq və hikmətlə dolu olan sözlərlə) Qiyamət günü insanların hər biri öz niyyətlərinə uyğun müəyyən olarlar.
◘Allah rəhmət etsin dilini islah edən kəsə. Allahın rəhməti olsun o kəsə ki, ya faydalı söz danışır, ya da susur. Allahın rəhməti mənim ümmətimdən o kəslərə olsun ki, dəstəmaz alan zaman və yeməkdən sonra dişlərini təmizləyib yuyurlar. Allah istəyir sevdiyi bəndəsinə həmişə onun gümanı gəlmədiyi yerdən ruzi versin. Fəqirlik küfr uçurumunun kənarındadır. Həsəd elə bir şeydir ki, sanki qəzavü-qədəri dəyişdirir.
◘Hər kim ki, camaatı tanıdı bəlaya mübtəla olar, hər kim ki, tanımadı asudə yaşayar. Hər bir xasiyyət mümkündür mö`mində olsun, yalnız din işlərində xəyanət, yalandan başqa.
(Siz, ey camaat!) Binalar tikirsiniz lakin onda həmişəlik oturmursunuz, mal-dövlət toplayırsınız, lakin yemirsiniz və elə şeylərə ümid bəsləyirsiniz ki, onalara çata bilmirsiniz. Nə çox insanlar var ki, səhərlər sağdırlar lakin axşama çata bilmirlər və ya sabahın intizarındadırlar, səhərə çıxmırlar. Təəccüb edirəm o qafilə ki, ondan qəflətdə deyillər. (O Allahdan qafildir, Allah isə ondan yox.)
◘Təəccüblüdür o kəs ki, dünyaya bel bağlayır, halbuki, ölüm arxasıncadır. Təəccüb edirəm o kəsə ki, ağzı gülməkdən cırılır, lakin bilmir Allah ondan razıdır ya yox. Təəccüb! Çox təəccüb o kəsə ki, əbədi yaşayacağını zənn edir və başdan ayağa hiylə olan bu dünya üçün çalışır. Mö`minin işi qəribədir, and olsun Allaha! Allah onun üçün xeyirdən başqa bir şey müqəddər etmir. Qiyamət yaxınlaşır lakin insanlar dünyaya hərislikdən başqa bir şey əldə etməyiblər, saleh kişilər bir-birinin ardınca aradan gedir, Allahın e`tina etmədiyi pis və alçaq adamlardan başqa bir kəs qalmır.
◘Siz tikanı qardaşınızın gözündə görürsünüz amma öz gözünüzdə budağı görmürsünüz. Bu böyük xəyanətdir ki, mö`min qardaşın sənə inanıb, sözlərini təsdiq etdiyi halda sən ona yalan danışırsan. (Bizim rəftarımız belədir ki,) sanki (dünyada) haqq yol başqaları üçün, ölüm də məhz təkcə onlar üçün yazılıb; sanki o ölüləri ki, müşayiət edirik, səfərə yola salırıq və guya tezliklə qayıdacaqlar, bədənlərini torpağa tapşırırıq və onlardan irs qalan mal-dövləti yeyirik, guya ki, biz onlardan sonra əbədi yaşayacağıq, nəsihət edənləri unutmuşuq, sanki bütün hadisələrdən amandayıq. Xoş o kəsin halına ki, öz eyibləri başını elə qatıb ki, başqalarının eyiblərini görmür və əlinə gələn malı günahdan başqa yolda sərf edir, elm və hikmət əhli ilə oturub-durur, günah və bəd əməl sahiblərindən uzaq gəzir. Xoş o kəsin halına ki, özü öz nəzərində dəyərsiz olsun, xoş əxlaq sahibi olsun, malının artıq qalanını (ehtiyacı olanlara) bağışlasın, artıq danışmasın, İslamın qoyduğu yol ona bəs etsin, bid`ətdən və digər batil yollardan özünü qorusun.
◘Xoş o kəsin halına ki, qazancı pak, daxilən ləyaqətli, zahirən də əziz və hörmətli olsun. Xoş o kəsin halına ki, elminə əməl edir. Ey Adəm övladı! Sənə kifayət edəcək qədər varındır. Sən isə tüğyana səbəb olacaq artığın dalınca gedirsən. Nə aza qane olursan, nə də çoxdan doyursan. Xoş o kəsin halına ki, İslama hidayət olub, kifayət qədər ruzisi var, özü də bundan qanedir. Bir sifət hər kəsdə olsa dünya və axirət onun fərmanına müt`i olar, behiştdə haqqa müqərrəb olma səadəti əldə edər. Dedilər: “Ya Rəsuləllah, o hansı sifətdir? Buyurdu: “Təqva. Hər kəs istəsə ki, hamıdan əziz olsun, Allah qarşısında təqvalı olsun. Sonra həzrət (s) bu ayəni oxudu: “Hər kəs ilahi təqvaya riyaət etsə Allah onun üçün (düşdüyü hər bir çətinlikdən) çıxış yolu qərar verər və ona gümanı gəlmədiyi yerdən ruzi nəsib edər.”
◘Bütün xeyirlərin başı Allahdan qorxmaqdır. Gəmini tə’mir edin ki, dərya dərindir, güc-qüvvənizi artırın ki, yol uzaqdır. Həvayi-nəfsinizlə mübarizə edin ki, özünüzə hakim olasınız! Ölüm çatdı və özünüzdən qabaq göndərdiyiniz xeyir əməllərdən başqa heç bir şey fayda verməyəcək. Ölüm çatdı və özünüzdən qabaq göndərdiyiniz yaxşı işlərdən başqa heç nə sizi ehtiyacsız etməyəcək. Hikmət qəlbinizi bürüyənə qədər şəhvətlərə qalib gəlməkdən ötrü nəfsinizlə mübarizə aparın. Yeməyinizi azaltmaqla nəfsinizlə cihad edin ki, məlaikələr sizə yaxınlaşsın və şeytan sizdən uzaq olsun. Gözün quruluğu qəlbin qəsavətindən irəli gəlir.
◘Dünyaya həris olmaq münafiqlik əlamətlərindəndir. Ailə ilə oturmaq mənim məscidimdə e`tikafdan üstündür. (O yerdə ki, ülfət və xoş ünsiyyətlə onların qəlbini şad etsin və gözəl əxlaq və ədəblə onları tərbiyələndirsin.) Allah pak əxlaqı özü ilə əlaqə üçün vasitə qərar verib və bu (fəzilət) sizin üçün bəsdir ki, sizi Allaha yaxınlaşdıracaq xoş bir xasiyyət əldə edəsiniz. Yaxşı insanlarla oturub-durun ki, yaxşı iş görəndə səni alqışlasınlar, pis iş görəndə isə sənə bundan çəkinmək üçün xəbərdarlıq etsinlər. Bu günah müsəlman kişi üçün bəsdir ki, öz qardaşının abrını aparsın və bu şər də onun üçün bəsdir ki, öz qardaşını təhqir etsin.
◘Tamahkarlığı dünyaya məhəbbət bəsləyən qəlbdən silmək mümkün deyil. Pəhrizkarlıq şəhvət düşkünü olan qəlbə heç vaxt daxil olmaz. Şəhvət düşkünü olan qəlb məlaikələr aləminə pərvaz etməkdən məhrumdur. Bu fəzilət din işlərində hər bir kişiyə kifayət edər ki, namazına vaxtlı-vaxtında riayət etsin. Yalançılığın əvvəlinci əlaməti budur ki, eşitdiyin hər bir şeyi nəql edəsən.
◘Nadanlığın əvvəlinci əlaməti budur ki, bildiyin hər bir şeyi aşkar edəsən. Elminə əməl edən alimin hörməti şəhidlərə və siddiqlərə olunan hörmət qədərdir. Sizlərdən ən yaxşısı odur ki, bütün sə`y və himmətini (ciddi-cəhdini) axirətə yönəldib. Sizlərdən ən yaxşınız odur ki, fəqirliyə razı olsun, camaatdan kənar gəzsin və özünün din və təqvasını qorusun (bir halda ki, onlarla əlaqə saxladıqda özü günaha düşsün və onları islah etmək qüdrətinə də malik olmasın.) Sizlərdən ən yaxşısı odur ki, Allah ona özünə malik olmaqda kömək etsin.
◘Hamıdan yaxşı o kəsdir ki, ömrün keçib-getmə sür`ətini bilsin və səfərə hazır olsun. Sizdən ən yaxşısı odur ki, onunla görüşməyiniz sizə Allahı xatırlatsın. Sizlərdən ən yaxşısı odur ki, danışığı sizin elminizi artırsın. Sizlərdən ən yaxşısı odur ki, sizi xeyir iş görməyə də`vət etsin. Sizlərdən ən yaxşısı o kəsdir ki, fəqirliyə razı olsun və dünyanı özündən aşağı bilib ondan vaz keçsin.
◘Sizlərdən ən yaxşınız odur ki, eyiblərdən uzaq olsun. Sizlərdən ən yaxşınız odur ki, günahdan çəkinsin, sizin ən yaxşı əməlləriniz odur ki, sizin axirətinizi islah etsin. Ən yaxşı xeyir əməllər onlardır ki, daimi olsun; hərçənd, az da olsa, ən yaxşı qardaşlar onlardır ki, sizə axirət işlərində kömək etsinlər.
◘Mənim ümmətimin ən yaxşıları onlardır ki, dünyaya qarşı e`tinasız olub axirətə daha çox dəyər versinlər. Sizin ən yaxşı qardaşlarınız o kəslərdir ki, sizi eyiblərinizdən xəbərdar etsin. Allah yanında ən üstün istiğfar günahdan əl çəkib peşman olmaqdır. Allahın ən üstün bəndələri o kəslərdir ki, ibadət üçün günəş və ayı izləyirlər. (Yə`ni, oruc və namazların intizarındadırlar.) Sizin ən yaxşı qardaşlarınız o kəslərdir ki, sizə ibadətdə kömək etsinlər, sizi günahdan çəkindirsinlər və Alahın razılığını əldə etmək üçün yol göstərsinlər.
◘Məlaikələr mənə dedilər ki, sənin ümmətinin ən üstün kəsləri onlardır ki, Allahın rəhmətinin intizarından xoşhal olsunlar və xəlvətdə isə onun dərdli əzabının qorxusundan ağlasınlar. Müsəlmanların ən yaxşısı odur ki, qənaəti çox, ibadəti gözəl olsun və bütün sə`y və himmətini axirət yolunda sərf etsin. Mənim ümmətimin ən yaxşısı odur ki, cavanlığını Allaha itaətdə keçirsin, dünya ləzzətlərindən əl götürsün və qəlbini axirətə bağlasın. Belə bir kəsə Allah behiştin yüksək dərəcələrini əta edər.
◘Allah yanında bəndələrin ən üstünü o kəsir ki, Allah qarşısında təslim və ona təvəkkül etməyi daha artıq olsun. Mənim ümmətimin ən yaxşısı odur ki, onunla nadanlıqla rəftar etsələr səbr etsin, cinayət görsə göz yumsun, ona əziyyət etsələr dözsün. (Yə`ni əgər onun bu xüsusiyyətindən sui-istifadə etmirlərsə, alicənablıqla bunlardan keçsin və intiqam almaq fikrində olmasın.)
Mənim ümmətimin ən yaxşıları onlardır ki, nə o qədər ne`mət içində olsunlar ki, tüğyan etsinlər və nə o qədər yoxsul olsunlar ki, dilənçiliklə məşğul olsunlar. Mö`tədil (orta həddə) olun ki, əcr əldə edəsiniz, səfər edin ki, səhhət və qənimət əldə edəsiniz, sərt olmayın, mülayim olun. Elmi yazmaqla qoruyub saxlayın. Borcunuzu az edin ki, rahat yaşayasınız, günahlarınızı azaldın ki, ölüm sizin üçün asan olsun. Təqvalı ol ki, insanların ən abidi olasan, qane ol ki, insanların ən çox şükr edəni olasan, özün üçün istədiyin şeyi camaat üçün də istə ki, mö`min olasan, qonşunla xoşrəftar ol ki, müsəlman sayılasan, dostuna və yoldaşına yaxşılıq et ki, mö`min olasan, dinin vacibatına əməl et ki, abid olasan, ilahi qismətə razı ol ki, zahid olasan.
◘Camaatın malından tamahını çək ki, səni sevsinlər, dünyadan meylini çək ki, Allah səni sevsin. Dünyada qərib və qonaq kimi yaşa və özünü ölənlərin sırasında bil. O şeyə ki arxayın deyilsən onu boşla və daha e`tibarlı mətləbi öyrənməyə çalış. Din qardaşınla zalım da olsa, məzlum da olsa dostluq et. (Zalımın zülmünün qarşısını al, məzluma isə arxa dur.) Yer əhlinə rəhm et ki, göy əhli də sənə rəhm etsin. Mülayim ol ki, sənə qarşı da mülayim olsunlar.
◘Həvəslə dəstəmaz al ki, ömrün uzansın. Öz ev əhlinə (ailə üvlərinə) salam ver ki, evinin bərəkəti artsın. Nə qədər bacarırsan xahiş və təmənna etməkdən çəkin. Haqq acı olsa da onu söyləməkdən çəkinmə. Harada olsan Allahdan qorx.
◘Əgər günah etdin arxasınca ibadət et ki, onu məhv etsin. Camaatla xoş xasiyyətlə rəftar et. Bircə salam deməklə də olsa sileyi-rəhm edin. Bir-birinizdən ötrü hədiyyələr göndərin ki, aranızda olan mehr-məhəbbət artsın. Cihad edin ki, övladlarınız əzəmət əldə etsin və çalışqan və fəal olsun.
◘Böyüklərin səhvlərinə göz yumun. Hədiyyə göndərin ki, kinlər aradan getsin. Hədiyyə göndərin ki, dostluğunuz daha da möhkəmlənsin və nigarançılığınız aradan getsin. Mənim dediklərimi camaata çatdırın, hərçənd bir Qur`an ayəsi olsa belə. Mö`minin dərrakəsindən qorxun, çünki o, Allahın nuru ilə görür.
◘Binalarda və evlərdə haram iş görmək oranın viran qalmasına səbəb olar. Öz övladlarınıza ehtiram göstərin və onları gözəl tərbiyələndirin. Gözəl söz danışın ki, qənimət əldə edəsiniz və pis danışıqdan uzaq olun ki, salamat qalasınız. Nütfələrdən (spermalardan) ötrü pak bətnlər seçin. Ləzzətləri tar-mar edəni (ölümü) çox yad edin.
◘Mehriban və doğan qadınlarla evlənin, çünki mən peyğəmbərlər arasında ümmətimin çoxluğu ilə iftixar edəcəyəm. Yarım dənə xurmanı sədəqə verməklə də olsa özünüzü cəhənnəm odundan qoruyun. Paxıllıqdan çəkinin, çünki keçmiş ümmətləri də həlak edən məhz paxıllıqdır. Ağzınızı yaxalayacaq suya da olsa qənaət etməklə ehtiyacsız olun. Zəkat verməklə mallarınızı sığorta edin.
◘Sədəqə vasitəsilə xəstələri müalicə edin. Duanı bəla qarşısında sipər edin. Ürəyiniz yumşaq olan zaman dua edin, çünki ürək yumşaqlığı rəhmətdir. Ömrünüz boyu xeyir dalınca olun və özünüzü Allahın rəhmət nəsim (mehi) qarşısında qərar verin, çünki Allahın hər kəs üzərində əsəcək rəhmət nəsimləri var. Hər hansı bir iş görərkən gizlində yerinə yetirin, öz məqsədlərinizi aşkar etməyin ki, bir işi görə biləsiniz. Öz yeməyinizi pərhizkarlara və xeyirxah mö`minlərə yedizdirin.
◘Mənim haqqımı Əhli-beytimin hüquqlarına riayət etməklə qoruyun. Mənim Əhli-beytim Nuhun gəmisi kimidir; hər kəs ona daxil olsa nicat tapar, hər kəs ona zidd olsa qərq olar.
Dostları ilə paylaş: |