Bənİ İsraİl
Əzizlər, yəqin ki, Yusifin əhvalatını xatırlayırsınız. Yadınızdadır ki, Yəqub və övladları Yusifin quyuya düşməsindən iyirmi il sonra Misrə köçdülər. Yəqubun övladları, yəni Bəni İsrail o torpaqlarda yaşadılar və on illər keçdikdən sonra böyük bir tayfaya çevrildilər. Yusif vəfat etdikdən və o hadisədən yüzlərlə il keçdikdən sonra insanlar Yusifin Misirdəki xeyir və faydalarını unutdular. Fironlar yenidən Misirdə hakim oldular və insanları alçaldıb, xarlığa sövq etdirdilər.
Bəni İsrail tayfası başqalarından daha çox işgəncə və zülmlərə məruz qalırdılar. Bəni İsrailin kişiləri gecə-gündüz işləməli, alçaq və xar vəziyyətindəki qul həyatlarını davam etdirməli idilər.
Onlar firona ibadət etməli idilər, çünki, o, öz fikrinə əsasən insanların Rəbbi idi. Ona görə də bu tayfa onları bu vəziyyətdən xilas edəcək bir xilaskar insan gözləyirdilər. Bəni İsrail Yusif və Yəqubdan bu müjdəni öyrənmişdilər. Onları işgəncə və zülmdən xilas edəcək bir kişinin doğulmasını gözləyirdilər. Zülm və işgəncələr artdıqca həmin xilaskar insanın təvəllüdü haqda söhbət də çoxalırdı.
Camaatın sözü fironun qulağına çatdı: işgəncə, əzab və zülm altında inləyən insanların sözü, münəccim və kahinlərin də təsdiq etdikləri söz.
Kahinlər firona dedilər ki, Bəni İsrail arasında bir uşaq doğulacaq və o uşaq fironu həlak edəcəkdir. Firon bu xəbərdən qorxub, Bəni İsraili məhv etmək fikrinə düşdü. O, əmr etdi ki, Bəni İsraildə doğulan bütün oğlan uşaqlarını öldürsünlər. Onların hamilə qadınları üçün gizli məmurlar ayırdı və qibtlilərdən, yəni yerli misirlilərdən onların yanında mamalar təyin etdi. Bunun vasitəsi ilə firon və onun casusları uşaqların cinsiyyətini müəyyən edirdilər.
Qurani-Kərim o qara günləri belə yad edir:
«O zaman ki, sizi fironun əlindən xilas etdik. Onlar sizə ən ağır işgəncələrlə əzab-əziyyət verdilər. Oğlanlarınızın başlarını kəsib, qadınlarınızı saxlayırdılar».
Firon Şeytan insan idi. O, camaata hakim olmaq yollarını yaxşı bilirdi. O, onların arasında təfriqə və ayrılıq toxumu səpməklə tayfaları bir-birinin canına saldı. Onların hamısı fironun razılığını qazanmaqla özlərini ona yaxınlaşdırıb, nüfuzlarını möhkəmlətməyə çalışırdılar.
Əsil misirlilər olan Qibtlilər Bəni İsrailə qərib və qul gözü ilə baxırdılar. Ona görə də Bəni İsrail tayfası çox aşağı səviyyədə yaşayırdı. Onlar Bəni İsraildən bir nəfərin fironu həlak edəcəyini bildikdə isə, onlarla yad ölkənin əsirləri kimi davranmağa başladılar.
Bu minvalla Bəni İsrail özlərinin ən çətin həyat dövrlərini yaşayırdılar. Fironun məmurları onların bütün oğlan uşaqlarını götürüb, ya başlarını kəsir, ya da Nil çayına atırdılar. Analar öz övladları üçün ağlayırdılar. Firon körpə həyat qönçələrini torpağın altında basdırırdı. O, rəhimsizcəsinə onları məhv edirdi. O, çox zalım, öz güc və qüdrəti ilə öyünən bir insan idi.
Dostları ilə paylaş: |