Səma nİdası
Səhra və çöllüklər göz işlədikcə uzanırdı. Şərafətli ömründən qırx il keçən İmran oğlu Musa Mədyəni tərk edib, Misrə yola düşürdü. O, tənha və qorxulu vəziyyətdə Misirdən qaçmış və on il Mədyən torpaqlarında yaşamışdı. O, orada evlənmiş, özü üçün ailə qurmuş, qoyun sürülərinə sahib olmuşdu; indi isə qoyun sürülərini vətən torpaqlarına sarı sürərək geri dönürdü.
Musa səhraları qət edir və uzaqdan çox da hündür olmayan dağları müşahidə edirdi. Soyuqdan insanın üzünü yandıran qış küləkləri əsirdi. Musa öz əsası ilə qoyunları üçün ağacların artıq qalmış yarpaqlarını tökür və öz yoluna davam edirdi. Onun əynində yun paltar var idi. Çünki, o, zatən təvazökar olub, sadə həyat tərzini sevirdi. Ona görə də fironla düşmən idi. Minfitah əyninə nazik kətandan paltar geyirdi. Həmin paltar qızıl və cəvahiratla bəzədilirdi.
Musa yolun ortasında Sinay yarımadasında Tur dağının yaxınlığında dayandı. Soyuq qış küləkləri əsirdi. Hər yeri qaranlıq bürümüşdü. Musa heyran və sərgərdan durmuş, yolu itirmişdi. Yoldaşı soyuqdan titrəyirdi. Musa hər yana baxır, getməli olduğu yolu axtarırdı.
Qəflətən Tur dağı tərəfdən bir nur parladı. Musa uzaqdan şölələnmiş alov gördü. Ona görə də yoldaşına dedi:
-Mən bir alov görürəm; səbir edin, bir az ondan gətirim. Onun vasitəsilə qızışaq və yolu tapaq.
Musa bu sözləri dedi və qaranlıqların arasında şölələnən alova tərəf getdi. Get-gedə ora yaxınlaşırdı. Amma, o, ağacın yaxınlığında heç kəsi görmədi. Orada ondan alov şölələnən bir ağac var idi. Amma, yolu soruşmaq üçün heç kəsi görmədi.
Maraqlı bir hadisə idi. Musa hiss etdi ki, bu yer olduqca sakit və aramdır. Küləkdən və soyuqdan heç bir xəbər yoxdur. O hətta yerə dəyən əsasının səsini də eşidirdi.
Birdən onu səsləyən bir nida eşitdi:
-Ayaqqabılarını çıxart! Çünki, sən Müqəddəs Tuva torpaqlarındasan.
Musa qorxdu. Ayaqqabılarını çıxartdı. O, səs sahibini axtarırdı. Qəflətən eşitdi:
-Ey Musa! Həqiqətən mən Allaham, aləmlərin Rəbbiyəm!
Bu səs Musanın ürəyini ovsunladı. Musa Allaha səcdə üçün özünü yerə atdı. O sözlər saf suların dərinliklərinə gedən nur və işıq kimi Musanın ürəyinə oturdu.
-Ey Musa! Əsanı at!
Musa sözə baxdı və əsasını yerə atdı. O an qorxulu bir hadisə baş verdi. Birdən əsa sürətlə hərəkət edən bir əjdahaya çevrildi. Musa onun qorxusundan arxaya çəkildi. Qorxulu, dəhşətli bir əjdaha idi. Musa müqəddəs torpağın sağ tərəfindən bir səs eşitdi. O səs deyirdi:
-Ey Musa! Qabağa gəl və qorxma! Çünki, sən qorunursan. Ey Musa! Əsla özündə qorxuya yol vermə! Çünki, peyğəmbərlər heç nədən qorxmazlar.
Musanın ürəyi qəribə bir nura boyandı. Təhlükəsizlik və rahatlıq hiss etdi. O, Allahın elçisi idi.
-Ey Musa! Əlini cibinə sal. Çıxardanda görəcəksən ki, ağ və parlaqdır.
Musa əlini öz cibinə qoydu. Sonra çıxartdı. Birdən işıqlı bir rənglə parladı. Musa öz əlini yoxladı. Gördü ki, onda heç bir eyib və çatışmazlıq yoxdur. O sağlamdır.
Yenə də Allaha səcdə etdi. Çünki, Allah hər şeyə qadirdir. Onun qüdrəti tükənməzdir. Yeganə Allahın qüdrətinə iman gətirmələri üçün camaata bu əlamətlər kifayət idi. Musa çalışırdı ki, öz qorxusunu azaltsın. Amma, yenə də həmin səsi eşitdi:
-Əllərini sinənə qoy!
Musa bu işi də yerinə yetirdi və əllərini sinəsinə qoydu. Hiss etdi ki, ürəyi tamamilə rahatlaşmışdır.
Allah Musaya peyğəmbərlik verdiyi halda buyurdu:
-Fironun yanına get! O, tüğyan edib, yolunu azmışdır.
Musa zülm və sitəmlə mübarizə aparmalı və firona nəsihət etməli idi ki, düşmənçilikdən və qürurdan əl çəkib, özünü aləmlərin Rəbbinə təslim etsin. Musa bu əmri yerinə yetirməkdə özünə həmkar və yoldaş istəyərək dedi:
-İlahi! Mən onlardan bir nəfərini öldürmüşəm. Onlar məni qətlə yetirərlər. Musa xatırlatdı ki, firon on il bundan qabaq baş verən hadisəni heç vaxt unutmayacaq. O, Musaya kin bəsləyir və onu öldürmək üçün fürsət gözləyir.
-İlahi! Qardaşım Harunun danışıq qabiliyyəti məndən daha yaxşıdır. Onu bu işdə mənə köməkçi və şərik et! Əgər oraya təkcə getsəm, məni yalançı adlandırarlar. Mənim yanımda olacaq, məni himayə edəcək və mənim peyğəmbərliyimin düzgünlüyünə şahid duracaq bir köməkçi istəyirəm.
Sübhan Allah onun duasını qəbul edərək buyurdu:
-Tezliklə sənin qollarını qardaşın vasitəsilə möhkəm edib qüvvətləndirərik, sizin üçün qüdrət və üstünlük verərik. Möcüzə və nişanələrə görə düşmənlər sizə toxuna bilməzlər. Siz və davamçılarınız qalibsiniz. Ey Musa! Əsla heç nədən qorxma! Mən hər yerdə sizinləyəm, eşidirəm və görürəm. Firona tərəf gedin. Çünki, o, tüğyan etmişdir. Onunla yavaş danışın. Ümid var ki, nəsihət alıb qorxa. Yenə də sükut müqəddəs torpağı bürüdü və alov itdi. Musa onu gözləyən ailəsinin yanına qayıtdı. O, bu dəfə qayıtdıqda artıq böyük ilahi vəzifənin məsuliyyəti də onun öhdəsində idi. Musa yolu tapdı. Ona görə də sürətlə addımlayır və əsasını səhranın qumlarına batırırdı.
Dostları ilə paylaş: |