Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə112/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   108   109   110   111   112   113   114   115   ...   187

Qarşılaşma


Musa fironların paytaxtı olan Mumfis şəhərinin cənubuna doğru getdi. Yəqubun övladları orada yaşayırdılar. Bəni İsrailə qarşı zülm və işgəncələr artmışdı. Musa onlara tərəf qayıtdı, ilahi risalətini və onların zülmdən xilas olacaqlarını müjdə verdi. Onlar qorxurdular. Amma, həm də ümidvar idilər.

Harun qardaşının yanında idi. Musa daha artıq arxayınlıq hiss edirdi. Çünki, onun yanında onu himayə və kömək edəcək bir insan var idi.

Harunun gözəl nitqi var idi. Söz danışanda haqq və ədalətlə danışardı, Allahdan başqa heç kəsdən qorxmazdı. Ona görə də Musa Allahdan istədi ki, öz vəzifələrində onu şərik etsin. Onlar bir-birlərinin həmkarlığı ilə zülmü aradan qaldırmaq, fəsadı məhv etmək, xeyir, yaxşılıq və ədaləti yaymaq üçün çalışmalı idilər. Musa və Harun fironun şəhərin kənarında olan sarayına tərəf getmək qərarına gəldilər. Onlar Nil çayının sahili ilə şimala tərəf yola düşdülər. Musa əsasının köməyi ilə hərəkət edirdi və hər ikisinin əyinlərində yun köynəklər var idi.

Fironun sarayı uzaqdan göründü. Saray böyük idi. Onun daş-divarları saf və zərif taxtalarla örtülmüşdü. Yeri mərmər daşla döşənmişdi. Əsası mərmərdən, fil dişindən və qızıldan bina olunmuşdu. Musa və Harun saraya girdilər. Onlar şah otağına, fironun dörd dizi üstə Abnus ağacından düzəldilmiş və cəvahirlərlə bəzədilmiş taxtı üstündə oturduğu yerə girdilər. Onun əlində Abnus ağacından düzəldilmiş, cəvahir və qiymətli daşlarla bəzədilmiş qısa bir əsa var idi.

Musa öz ilahi ədəbi ilə firona ehtiram göstərdi. Firon da onun qarşısında məşhur qüruru ilə cavab verdi. O, parlayan nuru görməsin deyə Musanın gözlərinə baxmırdı.

Firon Musanın zahidliyinə və sadə yaşayışına baxmadı. İgidliklə onun qarşısında durmuş güclü şəxsiyyətinə baxmadı. Yalnız onun yun paltarına baxdı. O paltara və özünün geyindiyi kətandan tikilmiş zərli paltarına baxdı və özünün qızıl qolbağılarla dolu əlini müqayisə etdi.

Firon təkcə deyildi. Vəziri Haman və dövlətin mühüm şəxsiyyətləri də onunla birgə idilər. Firon gözlərini on il qabaq Misirdən qaçmış və indi daha artıq qüdrət və əzəmətlə qayıtmış Musaya zilləmişdi. Firon dedi:

-Musa! Yenimi qayıtmısan?

-Hə! Dünya və axirətin xeyrini sənin üçün ərməğan gətirmişəm.

Firon dedi:

-Məqsədin nədir?

Musa dedi:

-Allah məni sənin tərəfinə göndərib ki, sən ona ibadət edəsən.

-Allah?!


-Bəli! Aləmlərin Rəbbi olan Allah. Sənin və ata-babalarının yaradanı olan Allah.

Firon təəccüblə ətrafına baxdı və dedi:

-Eşidirsinizmi bu kişi nə deyir?!

Musa dedi:

-Bəli, bilin ki, yerin, asimanların və onların arasında olanların Rəbbi Allahdır.

Firon öz dövlət işçilərinə baxdı və məsxərə ilə qışqırdı:

-Sizə doğru göndərilmiş elçi dəlidir.

Haman fironun qarşısında baş əyərək Musaya dedi:

-Sən böyük sözlər danışırsan. Bütün xalq firona ibadət və səcdə edirlər. Bəni İsrail də ona pərəstiş edir. O, Misrin Allahı və məbududur.

Harun sakitcə dedi:

-O, Allah deyil.

Musa dedi:

-İbadətə layiq olan yeganə Allah və Rəbb, varlığı yaradan Allahdır. Allah o kəsdir ki, buludları yaratmış, yağış göndərmiş və ağacları xəlq etmişdir.

Firon Musanı sıxışdırmağa çalışaraq dedi:

-Ey Musa! Çox şeyləri unutmusan. Unutmusan ki, südəmər körpə olduğun vaxt səni biz böyütdük.

Musa dedi:

-Sən Bəni İsrail körpələrinin başını kəsirdin. Onların kişilərinə işgəncə verib, qadınlarını xar edirdin. Ona görə də Bəni İsraili qul kimi işlədəndən sonra mənə qoyduğun bu minnət düzgün deyil.

-Bəs cinayət işlədib, Misirdən qaçmağın barəsində nə deyirsən?

-O işi səhvən etmişdim. Mən o kişini öldürmək istəmirdim və siz mənim qətl planımı çəkdiyiniz üçün Misirdən qaçdım. İndi Allah məni peyğəmbərliyə seçib, sənin tərəfinə göndərmişdir. İndi Bəni İsraili mənimlə göndər! Onlara əziyyət və işgəncə etmə!

Firon qəzəblə qışqırdı:

-Ey Musa! Ayağını yorğanından çox uzadırsan. Sən mühüm şeylər barəsində danışırsan. Heç bir ağıllı sənin sözlərinə inanmaz. Heç kəs belə bir yeganə Allahın olmasına və onun bütün işləri yerinə yetirməsinə inanmaz. Görəsən başqa allahlarından üz çevirəcək bir kəs tanıyırsanmı?! Özün barəsində nə fikirləşirsən? Köhnə paltarlarına bax. Elə paltarlar geyinmisən ki, heç baxmalı deyil. Ey Musa! Eşit! Sən əgər məndən başqa bir Allah seçsən səni qaranlıq zindanlara atacağam.

Musa dedi:

-Bəs əgər öz peyğəmərliyimin və sözlərimin düzgünlüyünə sübut gətirsəm necə?

Firon qürurla cavab verdi:

-Sübut?! Sübut nədir? Əgər doğru deyirsənsə gətir.

Musa heç bir iş görmədi. Yalnız əsasını fironun qarşısında yerə atdı. Birdən qəribə bir hadisə baş verdi. Firon çox qorxdu. Hamı qorxdu. Əsa qorxulu bir əjdahaya çevrildi. Əjdaha mərmər daşların üstündə hərəkət edirdi. Firon qorxusudan yerində qurudu. Rəngi limon kimi saralmışdı. Hər yeri qorxulu sükut bürümüşdü. Qorxulu əjdahanın fış-fış səsindən başqa bir şey eşidilmirdi. İlk dəfə olaraq hamısı gördü ki, məğrur firon qorxusundan qaçmağa üz qoydu. Amma, gördü ki, Musa əjdahanı tutmaq üçün qabağa gəlir. Musanın əli ona çatdıqda əsa qabaqkı halına qayıtdı.

Fironun kini daha da artdı. Öz taxt-tacına təhlükə hiss etdi. Çünki, Musanın qorxulu bir silahı var idi. O nə edə bilərdi?!

Burada firon hadisəni elə qabartdı ki, guya baş verən hadisə sehr və cadudan başqa bir şey deyildir. Musa bu məsələni anladı və öz əlini cibinə saldı. Sonra onu çıxartdı. Əli parladı və oranı işıqlandırdı. O, böyük bir nişanə idi.

Firon nadan idi. Baş verənləri müşahidə edirdi. Amma, məğrur idi. Öz taxt-tacından və mənafeyindən başqa bir şey fikirləşmirdi. Ona görə də Musaya tərəf getdi və dedi:

-Musa, nə istəyirsən? Musa peyğəmbərlərin ədəbi ilə dedi:

-İstəyirəm ki, Bəni İsraili mənimlə göndərəsən. Bütün işgəncə, zillət və çəkdikləri əziyətlər onlar üçün bəsdir. Firon fikirləşdi ki, tezliklə əsir kimi pulsuz işlətdikləri fəhlələrin çoxunu əldən verəcəkdir. Bəlkə Musa onlardan böyük bir qoşun düzəltmək, onun hökumətini və taxt-tacını dağıtmaq istəyir?! Yaxşısı budur ki, onları əsir kimi saxlasın. Çətin və ağır işləri yerinə yetirmək üçün onlardan istifadə etsin.

Firon öz dövlət işçilərinin qorxu və həyəcanlarını aradan qaldırmaq istədi və onları Musanın əleyhinə təhrik edərək qışqırdı:

-Musa cadugardır. Öz sehri ilə sizi şəhər və diyarınızdan qovmaq istəyir. Dövlət işçiləri təəccüblə bir-birləri ilə məşvərət edirdilər və Haman sözə gələrək belə dedi:

-Bu torpaqda mahir və məşhur sehrkarlar çoxdur. Onlar maraqlı işlər görürlər. Sən qibtlilərin əleyhinə plan çəkir və onları Misir torpaqlarından qovmaq istəyirsən. Tezliklə sənin sehrin kimi bir sehr gətirəcəyik. İndi biz bu iş üçün vaxt təyin edib, vədə qoymalıyıq.

Musa rahatcasına və imanla dedi:

-Bizim vədəmiz bayram günü günortadır. Qoy, bütün Misir camaatı bu səhnəni müşahidə etsinlər.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin