İşİn sonu
Fir`on əsgərləri ilə sahilə çatdı. O, böyük mö`cüzəni öz gözləri ilə müşahidə etdi. Əsgərlər də onu gördülər. Amma, onların heç biri azca da olsa özlərinə gəlməyib, Allahın risaləti barədə fikirləşmədilər. Onlardan heç kim Musaya Allahın elçisi olaraq iman gətirmək fikrinə düşmədi.
Fir`on Bəni-İsraili o qəribə yolun ortasında hərəkətdə gördükdə gözlərində kin qığılcımı parladı. Öz miniyinə bir qamçı vurub, həmin yolla hərəkətə başladı. Əsgərlər də belə etdilər. Onlar Fir`ona ibadətdən və onun istəklərini yerinə yetirməkdən başqa bir şey bilməyən minlərlə güclü əsgər idilər.
Bəni-İsrail Süveyş körfəzinin şərq tərəfində sahilə çatıb, dayandılar. Onlar nigaran halda yolun yarısına qədər irəliləmiş Fir`onun ordusuna baxırdılar. O anlarda isə başqa bir mö`cüzə baş verdi. O zaman su dağları töküldü. Onlar tökülərkən çox dəhşətli görünürdülər. Sağ və soldan hərəkətə gələn dalğalar yerdə təkəbbür edib, Allahın risalətinə iman gətirməyən on minlərlə zalımı hücuma mə`ruz qoydu. Fir`on özünü dənizin qəzəbli dalğaları arasında görərək xar olduğunu duydu. Onun içiboş qüruru və təkəbbürü sona çatmışdı. Ona görə də qışqırdı:
-İman gətirdim. Bəni-İsrailin iman gətirdiyi Allahdan başqa heç bir mə`bud yoxdur. Mən də dindarlardanam.
Fir`on dənizin şor sularını udduğu halda ona cavab verən bir səs eşitdi:
-İndimi? Halbuki, əvvəlcə tüğyan və itaətsizlik göstərdin, fasiqlərdən oldun. Sən bütün o illərdə haqq və ədalətlə mübarizə apardın. İnsanları qula çevirdin. Onları qətlə yetirdin. Allahın mö`cüzə və nişanələrinə kafir oldun.
Fir`on öz mənfur həyatının sona çatdığını bildi. Ona müraciət edən həmin səsi yenə də eşitdi.
-Bu gün sənin bədənini sudan xilas edəcəyik. Lakin, yalnız buna görə ki, gələcək üçün ibrət dərsi olsun. İnsanların çoxu bizim ayə nişanələrimizdən qafildirlər.
Fir`onun qarnı dənizin şor suları ilə doldu. Qəzəbli dalğalar onu udub, sahilə atdı. Zalım fir`onun bütün güclü əsgərləri suda qərq oldular. Musa və Harun Allaha səcdə etdilər.
Amma, sonra hansı hadisələr baş verdi və fir`onun cəsədinin aqibəti necə oldu? Bu sirr keçən əsrlər ərzində tamamilə gizli qalmışdı.
Yüz illər keçdi və yalnız bundan sonra tarixi əsərlərin də təsdiq etdiyi Qur`an həqiqətləri aşkar oldu.
Mumya
Dəniz dalğaları fir`onun cansız cəsədini sahilə atdı. Beləliklə, çətin və ağır zülm dövranı sona yetdi. Misirlilər fir`on Minfitahın cəsədini Misirin cənubunda yerləşən və padşahlara məxsus olan xüsusi yerə aparıb, daş məqbərədə dəfn etmək üçün ona mumya düzəltdilər. Bu minvalla o sirr bütün bu əsrlər ərzində gizli qaldı.
Yüz il bundan öncə, Miladi tarixi ilə 1898-ci ildə arxeoloqların biri padşahların xüsusi məntəqəsində qazıntı zamanı ikinci Ramsisin oğlu Minfitahın mumyasına rast gəldi. Onu Qahirəyə aparıb, 1907-ci il İyul ayının 8-də üz və boynunun düyünlərini açdılar. Fir`onun cəsədi indi də Qahirə muzeyində mövcuddur. Muzeyə tamaşa edənlər hər gün şüşə divarın arxasından onu görürlər.
1975-ci il İyun ayında Misir dövləti o mumyanın üzərində yeni araşdırmalar aparmağa icazə verdi. Həmin araşdırmalardan ələ gələn qəribə nəticələr qətiyyətlə təsdiq edirdi ki, fir`on suda boğulmaqla ölmüşdür. Su onu udmazdan qabaq bədəninə möhkəm zərbələr dəymişdir.
Bu mumya Qur`anın əbədilik həqiqətinə ən böyük maddi şahid kimi qalacaqdır. O zaman Allah-təala zalım fir`onu dağ kimi dalğalar arasında çağıraraq dedi:
-İndimi? Bir halda ki, qabaqca tüğyan və itatəsizlik göstərdin və fasiqlərdən oldun. Amma, bu gün bədənini sudan xilas edəcəyik ki, gələcək nəsillər üçün ibərət dərsi olsun. İnsanların çoxu bizim ayə və nişanələrimizdən xəbərsizdirlər.
Görəsən Musa və qardaşı Harunun əzab-əziyyətləri sona çatdımı?Yox. Zalım fir`on qərq oldu. Bəni-İsrail tayfası salamat halda sahilə çatdı. Amma, Musanın çətinlik və əziyyətləri qurtarmadı. Əslində onun batil ilə mübarizəsindən, Bəni-İsrailin düşmənçilik və inadkarlığından, onların cəhalət və nadanlığından, zülm və azğınlıqlarından ibarət yeni bir dövr başlandı.
Sinay yarımadasında Bəni-İsrailin yaşadığı yerdə çoxlu hadisələr baş verdi.
Bu əhvalatlar silsiləsinin növbəti bölməsində Musa və qardaşı Harunun sərgüzəştləri ilə tanış olacağıq.
Dostları ilə paylaş: |