Bütpərəstlİk ruhu
Bəni-İsrail tayfası yaşamaq üçün geniş bir yer axtarırdı. Onlar yolda daş heykəllər ətrafında fırlanan bütpərəstlərə rast gəldilər. Bütpərəstlər anlaşılmaz sözləri zümzümə edib, bütpərəstliyin bə`zi adət-ənənələrini dillərinə gətirirdilər. Bəni-İsrailin bir qrupu Musaya dedilər:
-Bizə də onların tanrısı kimi bir tanrı düzəlt!
Musa Allahın qüdrətini görə-görə, amma, yenə də onun yerinə ibadət etmək üçün daş axtaran bu insanların sözünü eşitdikdə qəzəbləndi. O, cəddi İbrahimin (ə) dinini onlara öyrətməyə çalışaraq dedi:
-Siz cahil insanlarsınız. Bütpərəstlərin etdikləri bu işlər batil və bihudədir. Necə məndən istəyirsiniz ki, sizi Allahdan qeyri bir mə`buda tərəf yönəldəm?! Bir halda ki, o Allah sizi başqa insanlardan üstün etmişdir.
Bəni-İsrail qövmü on illərlə Misirdə yaşamışdılar. Onlar həyata göz açandan qibtlilərin fir`ona, yırtıcı heyvanlara və heykəllərə ibadət etdiklərini görmüşdülər. Ona görə də bütpərəstliyin tə`siri altına düşmüşdülər. Amma, həmişə iddia edirdilər ki, İbrahim (ə) Xəlilin dinindədirlər. Ona görə də Musaya dedilər:
-Görmədiyimiz Allaha necə ibadət edək?
Musa onlara dedi:
-Siz Allahın nişanələrini gördünüz. O sizi fir`onun və Hamanın əlindən xilas etdi. Siz müşahidə etdiniz ki, möhkəm daşların arasından sizin üçün sərin və dadlı su axdı.
Bəni-İsrailin kişiləri sakit oldular. Eşitdikləri sözlər böyük bir həqiqət idi. Amma, ürəkləri sakitləşmirdi.
Dostları ilə paylaş: |