VƏ`DƏ YERİ
Bəni-İsrail tez-tez Musadan Allahı onlara göstərməsini istəyirdilər. Bəni-İsrail bütpərəstliyə adət etmişdilər. Onlar yalnız gördükləri şeyə iman gətirirdilər.
Musa onların ürəyində imanı gücləndirmək istədi. Ona görə də qövmündən yetmiş nəfəri seçdi ki, Tur dağında ona qovuşsunlar. Musa qardaşı Haruna dedi:
-Ey qardaş! Sən Bəni-İsrail arasında mənim nümayəndəmsən. Onların işlərini islah etməyə çalış. Fasiqlərin yolu ilə getmə!
Allah-təala öz elçisi Musaya bütün bir ayı və`də yerində qalmalarını istəmişdi. Musa və`də yerinə gəldi və Allah-təala onunla danışdı. Musa təvazökar qəlblə dedi:
-İlahi! Özünü mənə göstər. İlahi! Səni görmək qüdrətini mənə əta et!
Allah-təala öz peyğəmbərinə buyurdu:
-Heç vaxt məni görməyəcəksən. Yaranmışların heç biri məni görməyəcəkdir. Amma, sən dağa bax. Əgər o öz yerində sabit qala bilsə, deməli, sən məni görə bilərsən.
Musa uca dağa baxdı. İntizar anlarını yaşadı. Birdən çox qəribə bir hadisə baş verdi. Dağa çox güclü nur saçdı. Oradan dağıdıcı ildırımlar parladı. Dəhşətli gurultu səsləri edşidildi. Dağ parça-parça oldu. Allahın qüdrəti o böyük dağı məhv etdi. İri daş parçaları sür`ətlə yerə töküldülər. Yer ayaqlar altında lərzəyə gəldi. Musa yerə yıxılıb, huşunu itirdi.
Bir müddət keçdi. O, möhkəm zərbənin tə`sirindən ayıldı.
O, öz gözü ilə Allahın qüdrətini müşahidə etdi və anladı ki, Allah-təala gözlə görünməz. O yalnız imanlı insanın ürəyi ilə görünər. Musa Allahdan istədi ki, ona insanların yaşayış işlərini tənzim edəcək, onları dünya və axirətdə xoşbəxt edəcək bir şəriət əta etsin. Ona görə də Allah ona müqəddəs sözləri öyrətməyi və`də verdi.
Musa həmin yerdə bir aydan artıq qaldı. İndi isə görək Musa öz qövmü ilə xudahafizləşəndən sonra hansı hadisələr baş verdi.
Dostları ilə paylaş: |